post-title

Əli “Quran”lı solmazlar

Azərbaycan qadını hələ heç vaxt bu ölkənin kişisini işıqla, elmlə, mədəniyyətlə dolu yola çəkməyib. Buna görə də ədəbiyyatımızda hər hansı bir kişiyə uğura, elmə, işığa aparan yolda dəstək olan, arxasında dayanan, ilham verən qadın obrazları tutmur. Əksinə, namusla, vicdanla işləyən ərini rüşvətə, yetim haqqı yeməyə, qanunsuzluq, cinayət eleməyə vadar edən qadın obrazları isə istər ədəbiyyatımızda, istər kinomuzda çox yaxşı tutur və rahatlıqla qəbul olunur.

 

Yazının istiqamətini “bunu qoyum, ona keçim”  janrında bir balaca dəyişərək, keçək dindarların son hicab davasına. Bu İslam qaragüruhunun məhz hicab davası, məhz hicaba görə müharibəyə qalxması əbəs deyil. Yoxsa ki, İslamın hicabdan başqa problemi yoxdumu? Özlərini biabır eləyən dindarlar, əyalətlərdə dua-cadu yazmaq adı ilə qızların, qadınların məməsini əlləyən, sonra da ifşa olunan seyidlər, nəzir üstündə bir-birinə tapança çəkən mollalar, hicab taxıb, silikon dodaq, tatuaj qaşla yas məclisi yola verən həcixanımlar, Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə getdikləri Məşhəd, Kərbəla, Həcc ziyarətlərini yaxşı halda mal, axırıncı halda isə bədən alverçiliyinə vasitə edənlər…  və s.

Amma onlar məhz hicab məsələsinə, özü də məhz məktəblərdə hicab məsələsinə olduqca həssas yanaşırlar. Səbəbi var.

Başı azərbaycanlı xislətindən babat çıxan hər dindar bilir ki, istənilən azərbaycanlı İslama orta məktəb vaxtlarından uymayıbsa, hətta ibtidai siniflərdən, gözü hərf tanıyandan fanat olmayıbsa, bu yolun yolçusu olmayıbsa, bir az ağlı kəsəndən sonra din-zad hərləməyəcək. Uşaq vaxtından gözü axirət, bu dünyanın faniliyi, cənnət-cəhənnəm söhbətləri ilə qırılmayıbsa, ondan gələcəkdə İslam mücahidi hazırlamaq mümkün deyil. Belə azərbaycanlı üçün ona bir kilo kartof, bir tay un qədər xeyir gətirməyən, bir sözlə onun məişətinə sərf eləməyən dini elə-belə, yasda-zadda peyğəmbər camalına bir salavat gətirməklə yola vermək olar.

Onun beyninə gərək məktəb yaşlarından, beyninin, ürəyinin təmiz vaxtlarından təsir eləyəsən, ona gərək sevgilini hicabda göstərəsən.  Axı, mütaliəsi, dünyagörüşü formalaşmamış qızlara daha tez təsir eləmək, məktəbdəki hicablı rəfiqəsini maraqlı, ekzotik göstərmək, Cəfər Cabbarlı demiş, bu əli "Quran"lı solmazların vasitəsi ilə gələcəkdə  daha çox gənci, daha çox bədbəxt eləmək olar. 
Onlar gələcəkdə kişilərimizi ədalət, həqiqət uğrunda mübarizəyə yox, dinə, cəhalətə, qaramata, bozbaşa, elmlə düşmənçiliyə çağıracaq «Əli "Quran"lı solmazlar» hazırlamaq istəyirlər.

Hər kəs bunun nə qədər təhlükəli olduğunu bilməlidir. O, başı bağlı solmazları məktəblərə buraxmamaq üçün hamı mübarizə aparmalıdır.  Bu elə məsələdir ki, heç bir halda, heç bir şərtlə onlara güzəştə getmək olmaz. Hələ dünyanın heç bir üzünü görməmiş, həyatın ona hələ nələri təklif edəcəyindən xəbərsiz olan məktəblilərimizin başlarını dərs, elm əvəzinə xürafatla, cəhalətlə, qaramatla  qatmaqlarına göz yummaq olmaz. Bu içində bir zərrə işıq, insanpərvərlik olan hər insanın borcudu.

Günel Mövlud
 
Kultura.az

Yuxarı