Bizi qınayanlar

Эмин Аслан

 

 
Bu insanların hansı motivlər əsasında bu sözləri dediyini bilmirəm və onları əsla qınamaq fikrim də yoxdur. Mənim doğurdan da, öz üzərində çalışmayan, öz sahəsinin peşəkarı olmaq istəməyən insanlara acığım tutur. Amma, dostlar, ortada bir “əmma” var. Deyim, bilin. Mən uzun müddət vəkil olmağın xəyalları ilə yaşamış və bu arzuma çatmaq üçün müxtəlif QHT-lərdə hüquqşünas kimi çalışmışam. Bu müddət ərzində onlarla məhkəmə işləri yazmış və həmin işləri məhkəmədə müdafiə etmişəm.
 
Bir dəfə haqlı olduğuma tamamilə inandığım bir işə görə hakimlərin qabağında üç saata yaxın çıxış etmiş, boğazımın suyunu-selini qurutmuşdum. Bu işə on günümü sərf edərək, qanunvericiliyi ələk-vələk etmiş, qarşı tərəfi yerlə bir edəcək arqumentlər hazırlamış, hakimlər qarşısında mükəmməl çıxış üçün saatlarla məşq etmişdim. Prosesin bitməsinə az qalmış, hətta hakimlərdən biri məni təbrik də etdi. Hakimlər qərar qəbul etmək üçün müşavirəyə çıxanda, mən əlimi özündənrazı şəkildə boynumun arxasına qoyaraq, hakimlərin verəcəyi qərarı gözləməyə başladım. Hakimlər gəldi və prosesə rəhbərlik edən hakim Azərbaycan Respublikası adından elan etdi ki, bəs, mən haqsız tərəfəm.
 
Verilən qərarın əsassızlığını və absurdluğunu aydınlaşdırmaq üçün hakim çölə çıxarkən ona yaxınlaşdım. Mantiyasını çıxarmış hakimə sual etdim ki, bəs, hörmətli hakim, haqlı olduğuma sizin də inandığınız işdə niyə haqsız çıxdım?! Hakimin cavabı bu işə ürəyini və beynini qoyan bir gənc üçün doğurdan da dəhşətli idi: “Əzizim, mən heç nə edə bilmərəm, bu əclaflar hər şeyi yuxarıdan tapşırıblar”.
 
Üzümdəki ifadədən nə məna çıxartdığını bilmirəm, amma dediyi sözlərin təsirinin pis olduğunu görüb: “Üzrlü bil, amma sən yaxşı oğlansan”, dedi.
İndi, dostlar, siz deyin, sevdiyim bir işdən əlimi-ürəyimi-beynimi belə soyudacaqlarsa, mən necə öz üzərimdə işləyim?! Mən necə professionallaşım?! Mən necə və hansı formada karyeram haqqında fikirləşim?! Axı, karyera, professionallıq, öz-üzərində işləmək təkcə pul qazanmaq üçün deyil, başa düşürsüz?! Təkrar edirəm, bütün bunları mən, təkcə pul üçün etmirəm axı. Axı onlar mənə işimdən zövq almağa imkan, mənə ədalətin təntənəsinin verdiyi daxili zövqü yaşamağa imkan vermirlər.
 
Hakimiyyət bölgüsünün formal xarakter daşıdığı, məhkəmə və vəkillik institutunun icra hakimiyyətindən tamamilə asılı olduğu, qanunların işləmədiyi və ya baş-ayaq işlədiyi, parlament oturacağı pulla satılan cəmiyyətdə hüquqşünas olmaq və üstəlik hüquqşünasdan professionallıq tələb etmək “həm çətindir, həm qəlizdir” və həm də, bir az absurd.
 
Görünən çox sadədir, biz, gərək xalqın iradəsinə əsaslanan, azad və ədalətli seçkilər keçirək ki, səsimizi etibar etdiyimiz və bizi təmsil edəcək insanlar da bizim üçün müstəqil, azad, qanunlara və ədalətə dayanan məhkəmə sistemi formaşaldırsınlar. Və mən də nəticədə öz-üzərimdə işləyim, professional olum, karyeramı fikirləşim. Bu olmayandan sonra sizlərin məndən tələb etdiyiniz “karyera”, “öz üzərində işləmək”, “professionalıq” kimi termin və sözlərə mən başqa məna və çalar verməyə məcbur oluram və təəssüf ki, məhz bu məqamda bizim yollarımız ayrılır.
 
P.S Bu yazı ilə kimisə təhsil almaqdan, oxumaqdan, öyrənməkdən soyutmaq istəmirəm, əksinə biz daha çox oxumalı, daha çox bilməli və öyrənməliyik. Yazı ictimai mövqe sərgiləyən insanlara “hücum” edənlərə ünvanlanıb. Dediyimiz sözlərə və bildirdiyimiz fikirlərə diqqət edək.
 
Emin Aslan
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade