post-title

Röyalar nə vaxt çin olur?

(Qonşuya ötəri baxış)

İndi hamı «o»ndan danışır!
«Gürcü röyası»ndan!
«Amerikan röyası» «Gürcü röyası» ilə əvəzləndi.
Röyalar nə vaxt çin olur?!

Bəs «Azərbaycan röyası»?
Bunun üçün bizlər nə etmişik, nə etməliyik?
Gürcülərə baxaq.
Etiraf edək ki, uzun illərdir qonşudan gələn səslər bizi diksindirirdi.
Lap «Molla Nəsrəddin» jurnalındakı o məşhur karikaturadakı kimi bəzilərimiz yuxulayır, bəzilərimiz əsnəyir, hərdən gərnəşirdik də...
Əvvəlcə onların çox yoxsul olduğunu söyləyirdilər.
Sonra paytaxtlarının heç bizimkinə bənzəmədiyini iddia etməyə başladılar.
Guya bizimki kimi müasir deyilmiş. Bizdə Avropa yelləri əsirmiş.
Daha sonra gedib-gələnlər başqa mətləblərdən danışmağa başladılar.
O mətləblərdən hamınız halisiniz:

Korrupsiya yoxdur!
Yol polisi rüşvətsiz çalışır!
Heç yerdə polis görmürsən!
Tiflisdə abidə--binaları yıxmırlar!
Şəffaf şüşəli idarələr, süründürməsiz sərhədlər, ucuz maşınlar, hətta balıqlar...

Elə rəhbərlərinin imici də heç postsovet ölkələrininkinə bənzəmirdi...
Bir yandan da, şəhərlərində  maraqlı heykəllər görünməyə başladı. Məsələn, «Əli və Nino», «Mimino» kimi...

İçimizdə hətta onları qınayanlar da tapılırdı. «O cür idarəçiliyi bəyənmirlər, bizim yerimizə olsanız neylərdiniz?»
Ayn moment, cənablar!

Onlar sizin yerinizə olmaq istəmirlər!!!

Sizin neft qoxan şəhərinizə də heyran deyillər!
Dünya ulduzlarının biri gedib—o biri gələn şəhərinizə...
Dünyanın ən bahalı maşınlarının şütüdüyü şəhərinizə...
Abidə binaların göz qırpımında söküldüyü şəhərinizə...
Onlar özləri olmaq istəyirlər!

Demokratik, hüquqi dövlət qurmaq fikrindədirlər!

Onların nəinki siyasətçisi, adi sənət adamı da bu arzudadır.
Bax, ötən həftə bir cavan gürcü müğənnisi--xalq artisti Bakur Burduli prezidentin ona verdiyi addan «Şərəf» ordenindən imtina elədi.
Çünki həbsxanada məhkumlarla kobud davranma faktı üzə çıxmışdı. Bakurun etirazına Gürcüstan Milli Baletinin 5 rəqqası da qoşuldu...
​​Heç Azərbaycanda belə bir faktın ola biləcəyini göz önünə gətirə bilərsinizmi?
Xalq artistimiz ona verilən «Şərəf», «Şöhrət», ya «İstiqlal» ordenindən imtina eləsin?!

Desin ki, məsələn, «Vicdan məhbuslarına azadlıq!»

Mümkündürmü?!
Sizdən soruşuram?!
Şanlı Opera və Balet Teatrımızın bircə rəqqası belə tələblə çıxış edə bilərmi?!
Sualı belə qoymaq daha düzgün olardı: Şanlı teatrımızın rəqqaslarının ölkədə vicdan məhbusları olduğundan xəbərləri varmı?..

Dünən Polşanın «Solidarnost» təşkilatının əfsanəvi isimlərindən olan, hazırda «Qazeta Vıborça»nın baş redaktoru Adam Mixnik Bakıda görüşlər keçirib.
O, çox şeylər söyləyib. İndi başqasından eşitdiyim bir fikri deyəcəyəm: «Mən öz ölkəmi çox sevirəm»--deyib Pan Adam. «Düzdür, onun nefti-qazı yoxdur, amma Azadlığı var!»—söyləyib Adam Mixnik.

Odur ki, Xanımlar və Cənablar, ölkənin neft-qazı ilə, var-dövləti ilə yox, onun bizə verdiyi Azadlıqlarla fəxr edək!

Sevda İsmayıllı

azadliq.org

Yuxarı