ANS-in hədəsi və zövcəsi

Dinimiz hələ də özünü qılıncla, ən azı, şillə-təpiklə qorumağa iddialı. Adi bir nümunə: Bu günlərdə məni ANS telekanalında hansısa amerikalı başdanxarabın çəkdiyi və yayımlanandan sonra müsəlmanların qəzəblənərək bir-birini qətliam etməsinə rəvac verən “Müsəlmanların günahsızlığı” filminin müzakirəsinə dəvət etmişdilər.

Telekanalın qapısının ağzındaca gör nə oldu.

Çəkiliş başlamamışdan öncə yekəpər bir mühafizəçi yaxınlaşıb səsinin yoğun yeriylə məndən soruşdu: “Sən hansı mövqedən danışacaqsan?” Cavab verdim ki, bu, sizin nəyinizə lazımdı? Gedin işinizlə məşğul olun. Adam bədəninin bütün əzələlərini gərib belə bir hədə-qorxu gəldi: “Onsuz da, burdayıq, izləyəcəyik, bax da!” və studiya ilə qonşu olan otağa günorta namazını qılmağa getdi. Sözün açığı, istədim elə oradaca dabanıma tüpürüb aradan çıxam, çünki mən hər hansı dini inanca görə nəinki hansısa cangüdən tərəfindən döyülmək, heç hər hansı it tərəfindən qapılmaq belə istəmirəm. Cangüdənin əlindən canımı qurtarandan sonra başıbağlı bir qadına urcah oldum. O da hələ hansı mövqedən danışacağımı bilmədən üstümə xoruzlandı: “Peyğəmbərimizin həyatı hamımız üçün nümunə olmalıdır!” Onu da başımdan eləmək üçün yenə soruşdum: “Siz hansısa kişinin on altıncı, on səkkizinci, iyirminci, iyirmi ikinci arvadı olmağa razısınızmı?” Dindar bacı az qaldı Kərbəla çölündə qətlə yetrilmiş yetmiş iki şəhidin qisasını elə oradaca məndən alsın. Başladı, nə başladı. Sən demə, bütün islam dünyasında olan islam həqiqi islam deyilmiş, həqiqi islam hardasa naməlum bir yerdədir. Sən demə, dünyada ən möhkəm ailəni müsəlmanlar qururmuş, buddistlər, sintoistlər, iudaistlər, anarxistlər, faşistlər  - hamı, hamı avara, səfeh imiş. Guya, biz həqiqi islamı bilmədiyimizə görə ailələrimiz Babil qülləsi kimi təpəsindən dağılır.

Gəl indi bu insana izah et ki, vaxtilə qəbilələr də belə dağılırdı; əlinizəli kişilər qəbilə daxilində ürəklərinə yatan yarıçılpaq qadını götürüb qəbilədən uzaqlaşır və ilk ailələrin təməlini qoyurdular. Qəbilələrin dağılması ilk sevginin, sevgililərin yaranması idi. Kişi artıq qadına hamınınkı kimi yox, özününki kimi yanaşırdı. Qəbilə modelində “ana-bacı” söhbəti yox idi. yetənə yetirdilər, yetməyənə bir daş atırdılar. Deməli, o zamanlar qəbilənin başına gələnlər, bu gün ailənin başına gəlir.
Gəl indi bu insana izah et ki, bu gün ailə modelinin dağılmasının əsas səbəblərindən biri texnoloji inkişaf nəticəsində ünsiyyətin asanlaşmasıdır. Artıq yeni ər, yaxud yeni arvad tapmaq üçün evdən çölə çıxmağa ehtiyac yoxdu. Ər evdən gedib? Lap belə dədəmin ayaqlarının altına ki, gedib. Yandırırsan kompyüteri, girirsən Facebook-a, başlayırsan ərlərin kataloquna baxmağa: bu bir, bu iki, bu üç, bu qırx üç... və s. Axırda, bir növ, sürünü ürküdüb axsağından yapışırsan..

Gəl indi bu insana izah et ki, ünsiyyətin asanlaşması insanlarda daxili bir arxayınlıq yaradıb, ailə dağılarkən hər iki tərəfin ümid yeri var: qadın fikirləşir ki, əşi, internetdə o qədər kişi dostum var, “ne ujeli” birini bişirə bilməyəcəyəm. Nə fərqi var: Həsən keçəl, ya keçəl Həsən. Kişi fikirləşib eləmir, arvad gedən kimi Facebook-da “zapas”da saxladığı iyirmi-otuz zənənlə erotik danışıqlara başlayır. Ehtimallar nəzəriyyəsinə görə, ola bilməz ki, bu iyirmi-otuz zənəndən, ən azı, beş-altısı “xeyriyyəçi” olmasın, yəni darda olan virtual aşiqinə əl uzatmasın.

Qayıdaq ailələrin möhkəm olduğu Nuh əyyamına. O dövrdə ailələr sevgidən, ürəkdən daha çox yumruq gücünə möhkəmliyini qoruyurdu. Kişilər döyə-döyə, qadınlar döyülə-döyülə bir-birini “sevirdilər”, doğub-törəyirdilər. Niyə? Kişi bilirdi ki, arvadı döyməsə, ailə dağılacaq və onun bir də özünə yeni arvad tapmağı “görünməz aylara, illərə” qalacaq. Odur ki nağdı qoyub, nisyənin dalınca qaçmamaqdan ötrü yumruqlarını düyünləyib kəsdirirdi arvadın başının üstünü. Arvad da fikirləşirdi ki, ərindən boşansa, Allah bilir, bir də nə vaxt kişi üzü görəcək. Özü də indi olduğuna baxmayın, o vaxt boşanmış qadınları hər kişi almırdı. İndi millət boşanmış qadın axtarır, qız xeylağına yaxın gedən yoxdu. O vaxt hamı qız uşağı axtarırdı. Ona görə də qadın kişinin yumruqları altında ailə həyatının “möhkəmliyi” naminə canından keçməyə hazır idi.

İndiki qadına nəinki bir yumruq, bir çırtma vur, gör axşam sən işdən qayıdanacan Facebook-da nə hoqqa çıxaracaq.

Gəl indi bu insana başa sal ki... əşi, “gəl sənə təsəlli verim, darıxma, düzəlməyəcək!”

Publika.az

Kultura.az | Developed by Samir Yahyazade