Bayrama bəxşiş uman müəllimlər

Гаджи Гаджиев

 

 

Ümumiyyətlə məktəb bir institut kimi çox vacibdir. Qazanılmış təcrübənin gələcək nəslə ötürülməsi cəmiyyətin inkişafını şərtləndirən ən əsas amildir. Lakin inkişafdan söz gedirsə, biz nəzərə almalıyıq ki, hər növbəti nəsil ondan əvvəlkindən daha yaxşı olmalıdır. Bu baxımdan da müəllimin müqəddəsləşdirilməsi gerilikçi təfəkkürdür. Şagird (tələbə) müəllimindən daha yaxşı olmalıdır!

Bu ümumi konsepsiyadır. Bizim halda isə müəllimin müqəddəs elan olunması ümumiyyətlə başa düşülən deyil. Bu insanlar özlərini hər imkanda məzlum, az maaşa işləyən zəhmətkeş, camaata elm verən altruistlər kimi təqdim etməklə özlərinə ehtiram tələb edirlər. Amma bu onlara süpürgə pulu, pərdə pulu, şvabra pulu, bayramlarda isə hədiyyə pulu yığmağa mane olmur. Maaşlarının azlığını onlar tətil və kütləvi aksiyalarla hökümətdən tələblərlə deyil, şagirdlərdən rüşvət almaqla kompensasiya edirlər. Bundan sonra da hələ sırtıq-sırtıq özlərinə hörmət tələb edirlər. Müəllim müqəddəsmiş.

Mən seçkilərdə ölkənin azı 5 illlik gələcəyini 100 manata satan, şagirddən attestat, tələbədən imtahan üçün pul dilənən müqəddəslərə tüpürmək istəyirəm!

Cəmiyyətimizin hazırki rəzil vəziyyətə gəlib çıxmasında, və günü gündən daha da rəzilləşməsində bu "müqəddəslərin" rolu çox böyükdür. Erkən yaşlarından ölkə vətəndaşlarının şəxsiyyətini sındıran, onları itayətkarlığa, yaltaqlığa, rüşvətə öyrədən məhz onlardır. 

Hələ bütün bunları üzlərinə deyəndə, utanmaz-utanmaz adamı borclu da çıxarırlar ki, bəs müəllimlər olmasa, siz bu cümlələri yaza bilməzdiniz. Hərf yazmağı, cümlə qurmağı müəllimlər öyrədibmiş deyə ömürlük onlara borclu olmalıyam.

Mənim danışdığım da əslində elə budur. Onlar bizə bu təfəkkürü aşılayırlar. Böyüyün üzünə ağ olma! Müəllim müqəddəsdir! Sonra isə gəlir Heydər Əliyevin dühası sayəsində asdf...

Bu məntiqlə, çörəkçi də müqəddəsdir - o olmasa ac qalardıq, qaz idarəsinin işçisi müqəddəsdir - o olmasa yemək bişirə bilməzdik, işıqçı ümumiyyətlə Allahdır - o olmasa müasir dövrdə demək olar ki, heç nə olmazdı.

Biz hələ də vətəndaş ola bilmədiyimizdən, vəzifə borcu anlayışını dərk edə bilmirik. Dərk edə bilmirik ki, müəllim dərs deyirsə, bunun müqabilində maaş alır. Əgər maaşı azdırsa, buna görə şagirdi soymalı deyil, maaşının artırılmasını hökümətdən tələb etməlidir.

Eyni məntiqlə mahiyyəti üzrə xalqa məxsus olan maddi dəyərləri (neft, qazdan gələn gəlirlər məsələn) bizə prezidentin uğurlu daxili siyasəti, əslində isə süfrəsindən tula payı kimi təqdim edəndə onu elə belə də qəbul edirik. 

Yadımdadır sonuncu parlament seçkilərində bir deputatlığa namizəd seçicilərinə müraciətlə deyirdi ki, bilirəm gəlib sizə deyirlər ki, siz YAP-ın çörəyini yeyirsiniz, ona görə də YAP-ın namizədinə səs verməlisiniz. Amma onu da bilin ki, YAP çörək zavodu deyil!

Hacı Hacıyev

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade