post-title

Volter. Pamfletlər.

Qanunlar, bu quduzluq tutmasına qarşı nəsə eləməkdə büsbütün gücsüzdürlər; burada qanunun araya girmək istəməsi, sizin—acıqdan azğınlaşıb başını itirmiş birisinə, onun qanunla davranmadığını anlatmaq istəyinizə bənzəyərdi. Bu adamların inamına görə, onların ürəyinə dolmuş müqəddəs ruh, bütün qanunlardan üstündür, bundan doğan çılğınlıq—onların boyun əyməli olduqları, tək qanundur.

 

1. FANATİZM         

Qızdırmadan törəyən çılğınlıq, hikkədən doğan quduzluq nə deməkdirsə, dini mövhumatdan yaranan fanatizm də, elə o deməkdir. Kimsə, nəyə görəsə, coşub özündən çıxırsa, qarabasmaların gerçəkliyinə, yuxunun çin çıxacağına inanırsa, fantazaiyasını öncəgörmə kimi qavrayırsa, belələri entuziastdır—yalançı vurğunluğun çaşdırdığı kimsələrdir; kimlərsə, özünün bu sayağı anlaq pozğunluqlarını, başqalarını öldürməklə gerçəkləşdirməyə çalışırsa—fanatikdir. Romadam çıxıb Nürnberqə gedən Jan Dias, Roma papasının Qiyamət günündən öncə ortaya çıxacaq antixrist olduğuna ürəkdən inanırdı, onun antixristdə olası bütün yırtıcı özəlliklərin daşıyıcısı olduğunu düşünürdü: o, bu qavramı ilə entuziast idi. Romadan onun ardınca yollanan doğma qardaşı, doğrudan da Tanrıya olan sevgisinə görə onu öldürən  Bartolemeo Dias isə, mövhumatçılığın bütün tarixi boyunca yaratdığı ən iyrənc bir fanatik idi.

Polivekt, böyük bir dini bayram günü, məbədə gəlib oradakı bütün bəzəkləri qoparıb atmış, heykəlləri sındırmışdı, o, Dias təki qorxunc olmasa da, ancaq qanmazlıqda ondan geridə qalmayan bir fanatik idi. Hersoq Fransua de Gezi, Vilhelmi, Oran prinsini, krallar: III Henrixlə IV Henrixi, bir sözlə bu kimi çoxlu kimsələri öldürənlər—ruhunu iblisə satmış, Diasın yoluxduğu quduzluğa tutulmuş yaramazlardır.

Ən iyrənc fanatizm örnəyini isə, onların sıralarına qoşulmaq istəməyən yurddaşlarını öldürən, doğrayan, evlərinin pəncərələrindən aşağı tullayan, parça-parça eləyən, paris burjuaları göstərmişdilər.

Soyuqqanlı fanatiklər də olur: bunlar isə, suçları yalnızca onlar kimi düşünməmək olan kimsələrə ölüm kəsən hakimlərdir; bu hakimlər, insanlıq qarşısında, o biri fanatiklərdən qat-qat artıq suçludurlar, yer üzündə onlardan da alçaq kimsələr yoxdur, onlar: Klement, Şatel, Ravalyak, Jerar, Damen kimi fanatiklər sayağı, başlarını itirəcək bir quduzluğa qapılmadıqlarından, sağlam düşüncələrinin səsinə qulaq asıb, düzgün hökmlər verə bilərdilər.

Beyin, fanatizm qanqrenasına yoluxubsa, bu artıq sağalmaz bir xəstəlikdir. Mən keçmişlərdə, çox böyük çılğınlıqla Müqəddəs Parisin möcüzələrindən danışan kimsələri görmüşdüm, onlar danışdıqca qızışıb özlərindən çıxır, gözləri alışıb yanmağa başlayır, bədənlərini əsməcə tutur, üzlərində ağıl itirməyin əlamətləti görünməyə başlayırdı: bu anda kimsə onların dediklərini dansaydı, onu yerindəcə öldürərdilər.  

Bu yoluxucu xəstəlikdən qurtulmağın tək yolu, insanlar arasında birindən o birinə keçib yayılan fəlsəfi ruh ola bilər, bu arac,–xəstəliyi yüngülləşdirir, insanları sağaldır, xəstəliyin gücləndiyi durumları aydınlaşdırır: bu xəstəlik gücləndimi, gərək oradan baş götürüb qaçasan, haradasa bir uzaq yerdə, havanın arınıb saflaşmasını gözləyəsən. Qanunlarla dinlər bu, ruhun taunu adlana biləcək düşkünlüyü aradan qaldırmaqda gücsüzdürlər; din onsuz da ruhun aclığını doyuracaq sağlam yeyəcəkləri ortaya çıxara bilmir, fanatizm taununa yoluxmuş ruhlara gəlincə, din onlar üçün ağuya çevrilir. Bu qaragünlü fanatiklər: kral Eqlonu öldürmüş Aodu; onunla bir yasdığa baş qoyan Olofernin başını kəsən Yudifi; kral Aqaqanı parça-parça doğpamış Samuili, bir örnək olaraq, sayqı ilə anmaqdadırlar. Onlar, keçmişlərdə sayqı ilə anılan bu örnəklərin, bu gün necə də iyrənc göründüyünü anlamaq istəmirlər; beləliklə də, onları yanlışa qapılmaqda suçlayan dinin özündən güc alıb, bir az da qızışırlar.

Qanunlar, bu quduzluq tutmasına qarşı nəsə eləməkdə büsbütün gücsüzdürlər; burada qanunun araya girmək istəməsi, sizin—acıqdan azğınlaşıb başını itirmiş birisinə, onun  qanunla davranmadığını anlatmaq istəyinizə bənzəyərdi. Bu adamların inamına görə, onların ürəyinə dolmuş müqəddəs ruh, bütün qanunlardan üstündür,  bundan doğan çılğınlıq—onların boyun əyməli olduqları, tək qanundur. Birdən kimsə qayıdıb sizə desəydi: o, insanların yox, ancaq Tanrının sözünə qulaq asır, sizi öldürməklə də Tanrının buyuruğunu yerinə yetirir,–sizin ona deməyə bir sözünüz qalardımı?

Fanatiklərinin cilovu, çox vaxt, fırıldaqçı adamların əlində olur, onların əlinə xəncəri də bunlar verirlər; deyilənə görə, dağlarda yaşayan bir Qoca, bu sayaq fanatiklərə cənnəti bu dünyada dadızdırarmış, sonra da bu, dadı damaqdan getməyən yaşamda sonsuzlara kimi ömür sürə bilməyin tək yolunun, onun dediyi adamı öldürmək olduğunu onlara aşılayarmış, elə bu dediyimiz fırıldaqçılar da, o Qocanın tayıdırlar. Dünyadakı dinlərdən ancaq biri, fanatizmə bulaşmamışdır. Bu, Çin bilgələrinin dinidir. Fəlsəfi baxışlara gəlincə, onlar bu tauna yoluxmamaqla yanaşı, onu sağaltmaq üçün dərmanlar da düzəldirlər, bu fəlsəfi baxışlar, insanların ruhunda bir toxdaqlıq yarada bilirlər, fanatizm isə ruhun toxdaqlığı ilə uyuşmayan bir durumdur. Bu, ibliscəsinə quduzluğun, sürəkli olaraq bizim müqəddəs dinimizə korluq verməsi isə, insanların ağılsızlığı ucbatından baş verir, ona görə də, bu işdə biz ancaq onları qınamalıyıq.       

 

2. KİTAB OXUMAĞIN QORXUNC ZİYANLARI

Biz, Yusuf Heribi, Tanrı yardımı ilə müqəddəs Osmanlı imperiyasının müftisi, işıqlarların işığı, seçilmişlərin seçgini olaraq—bu sətirləri oxuyan bütün möminlərə, çoxlu qanmazlıqlar, bol-bol xeyir-bərəkətlər diləyirik.

İş belə gətiribdir, Böyük Limanın1 Frank-Poma adlanan kiçik bir ölkədə elçisi olan Səid Əfəndi2, oradan bizim ölkəmizə, kitab yayınlamaq üçün, çox ziyanlı bir qurğu gətirmişdir, ən acınacaqlısı isə budur: o, bu yeniliyi ölkəmizə gətirəndə, bizim qardaşlarımız olan qazılarla, imperiyanın başkəndi İstanbulun imamıyla gənəşməmişdir, bu azmış kimi o, bu işi tutmazdan qabaq, işi-gücü ağlabatan sözləri danmaq olan fağır-füqaradan da, bu işə necə yanaşacaqlarını soruşmamışdır,–biz peyğəmbərimizin hədislərinə arxalanaraq, bu cəhənnəm qurğusuna qarğış eləyirik, işlədilməsini yasaqlayırıq, lənətlər yağdırırıq, bu sayaq davranışımızın nədənləri isə aşağıdakılardır.

1. Düşüncələrin asanlıqla yayılması, toplumda oturuşmuş olan anlamazlığı büsbütün aradan qaldırır, biz isə anlamazlığı—bütün sivilizasiyalı dövlətlərin başlıca dayağı, qurucusu, qorucusu sayırıq.

2. Avropadan gətiriləcək kitabların arasında, kənd təsərrüfatını necə yaxşı qurmağı, sənayeni necə mexanikləşdirməyi öyrədən kitabların olması qorxusu da vardır, belə kitablar, tanrı bizdən iraq eləsin, kəndlilərin, fabrikantların gözünü aça bilər, sənaye istehsalını artıra, onları varlandıra bilər, haçansa, gələcəkdə, onların mənəvi durumlarını yüksəldə bilər, onlara ümumi mənafeləri sevmək, bunlar üçün çalışmaq duyğusu aşılaya bilər, bu isə bizim düzgün saydığımız elmi baxışlarla uyuşmazdır.

3. Çox ola bilər, neçə illərdir  xalqımızın qulağını gözəl nağıllarla doldurub, onu bu, qanmazlıq ağgünlüyünə çatdıran tarix kitablarının yerinə, Avropadan gerçək tarixi anladan kitablar gəlsin. Bu kitablar xalqımıza, yaxşını pisdən ayırd eləməyi, düzgünlüyü, vətən sevgisini öyrədə bilər, bu isə bizim ölkənin hüquq sistemi ilə büsbütün uyuşmazdır.

4. Bu sayaq kitablar yayıldıqca, insanların Tanrıya olan sevgisi elə arta bilər, birdən onlar, elə bütün dünyanın Tanrı Evi olduğunu anlayarlar, bu isə Məkkə ilə Mədinəyə gedən ziyarətçilərin sayını azaldar, ruhlarını xilas eləmək istəyənlərin işlərini korlayar.

5. Yurddaşlarımız, yad ölkələrdən gələn kitabları oxuya bilsələr, birdən bu yoluxucu xəstəlikləri sağaltmağı, onlardan qorunmağı öyrənsələr, iraq olsun, tutalım birdən lap, taundan necə qorunmağı bacarsalar, onda bu, möminlərin öyrəşdikləri alın yazısı qanunu pozmaq demək olardı.

Bunlara, bir çox ayrı nədənlərə görə də, möminlərin düzgün yoldan azmaması üçün, eləcə də onların ruhlarının qayğısına qaldığımız üçün, biz, kitab oxumağı bütünlüklə yasaqlayır, buna qarşı çıxanlara isə, ən ağır qarğışlar göndəririk. Bu şeytan əyləncəsinə uyaraq, adamların oxumaq istəyinin coşa biləcəyindən qorxduğumuz üçün, indən belə, atalara, analara, öz uşaqlarına oxuyub yazmağı öyrətməyi də yasaqlayırıq. Bizim buyuruqlarımızı poza bilməmələri üçün, biz onların hamısına, düşünməyi də yasaq eləyirik; qoy bütün möminlər  buyuruğumuzu eşitsinlər: birdən kiminsə, üç sözü biri-birinə qoşub aydın bir cümlə qura bildiyini görsələr, dayanmadan, onları çuğullayıb, kim olduqlarını bizə çatdırsınlar. Yurddaşlarımıza, bundan sonra da, bizim Böyük Liman səltənətinin ənənələrinə uyğun olaraq, bütün danışıqlarında heç bir anlamı olmayan sözlərdən yararlanmağı buyururuq.

Bizim imperiyanın baş kəndinə, qaçaqmalçılıq yolu ilə, hansısa yad düşüncənin gətirilə bilməməsi üçün, ölkəmizin günbatanındakı bataqlıqların birində doğulmuş sarayın baş həkimini, bu işlərin üstündə keşikçi qoyuruq: indiyə kimi, sultanın ailəsindən dörd adam bu baş həkimin əlində öldüyündən, bizim ölkəmizdə biliklərin yayılmaması üçün onun hamıdan artıq can yandıracağını düşünürük. Biz, bu buyuruğumuzla ona bərk-bərk tapşırırıq: qoy o, şəhərimizin qapısından içəri keçmək istəyən istənilən yazılı, ya da sözlə deyilən düşüncəni tutub, əlini-ayağını sarıyaraq bizim yanımıza gətirsin, biz də gərəkli saydığımız ən ağır cəzanı ona verə bilək.

Hicri 1143-cü ildə3, Məhərrəm ayının 7-də, bizim qanmazlıq sarayımızda buyurulmuşdur.

1 Böyük Liman— Osmanlı imperiyasının İstanbuldakı  sultan  sarayına  avropalıların  verdiyi  ad idi.

2 Səid Əfəndi—Türkiyənin Avropada elçisi olmuş, 1721-ci ildə, İstanbulda  ilk avropa tipli mətbəə açmışdır.

3 1143-cü  hicri ili, Avropa təqvimi ilə 1730-cu ilə uyğundur.

Rus dilindən Araz Gündüz çevirib

Kultura.Az

Yuxarı