Bayraq üçün ölmək, öldürmək və bayraq altında rüşvət yığmaq

Шахвелед ЧОБАНОГЛУ

 

Siz nə etmisiniz bayraq üçün bu illərdə? O illərdə ki, bayrağımıza böyük xəyanət illəri də adlana bilər. Siz bu haqda fikirləşin və mən bəzilərinin nə etdiyini xatırladım...
 
Ölkə prezidenti Ilham Əliyev o bayrağı bu ölkəyə qazandıran istiqlal qurucularımızdan heç birinə abidə qoymadı, amma atasına hər yerdə heykəl ucaltdı, park, mərkəz tikdirdi. Normal ölkələrin heç birinin özünə yaxın buraxmadığı yüksək bayraq dirəyi layihəsini həyata keçirsə də, bəlli oldu ki, burada onun ailə üzvlərinin şirkəti pul qazanır. Bu illərdə hamı bildi ki, hakim ailə Azərbaycan bayrağı altında çox sayda böyük şirkətlərə, banklara, villalara, qızıl mədəninə, müxtəlif mülk və sərvətlərə sahib olub. Bayraq sevgisi budurmu?
 
Ramilin bayrağımıza görə insan öldürdüyünü deyirsiniz, amma bu bayrağın altında illərdir rüşvət alanları, ölkəni talayanları, xalq pullarını kefinə səpələyənləri demirsiniz...
 
Onlar bayrağın altında işçilərə paketdə pul paylayırlar. Rüşvətin toplanmasında iştirak etdikləri üçün. Adını da qoyublar “paket maaşı” - sanki paketlərdən pul qaynayır.
 
Bayrağın altında hakimlərimiz evlər yıxan qərarlar verib, qanunu, andı, bayrağı satmadılarmı?
 
Bayraq kimi dövlət atributları ilə bəzənmiş paltarlar geyən polislər nə qədər adamı şərlədi bu illərdə? Nə qədər insanın haqqının tapdanmasına səbəb oldular? 
 
O müəllimlər ki, bizim uşaqlara bayrağımızın dəyərini, mənası öyrədirlər, bəs onlar nə etdi? O müəllimlər ki, məktəbin məhvinə layla oxudular, təhsili bayram günlərində hədiyyə, qiymət günlərində pul yığmaq işinə çevirdilər, onlar bayrağa sadiq qaldılarmı? Seçkinin saxtalaşdırmasında iştirak edərkən onlar bayrağı yada saldılarmı? 
 
Məddah alimlər, yazıçılar, jurnalistlər, siyasi hava ilə rəqs edən müğənnilər, rəhbərə baş əyən kəndlilər və şəhərlilər bayrağa xəyanət siyasətinə alət olduqlarını yəqin gözəl anlayırlar...
 
O bayraq nəyi ifadə edir? Azadlığımızı, ləyaqətimizi, hüququmuzu, ədalətimizi... Hanı bunlar?
 
O bayraq hər azərbaycanlının azadlığını və qürurunu ifadə edir. Bəs niyə oğrular doğruları əzir bu ölkədə?
 
Hanı bayraq? Niyə yoxdur hər ürəkdə? Niyə o bayraq birinə ağalıq gətirir, digərini zülmdən qurtarmır?
 
Bu ölkədə hər nazir bir pul qalasıdır, azərbaycanlılar isə fars rejiminin xəstəliyinə əlac axtarır...
 
Hər məmur bir sərvət yuvasıdır bizim ölkədə, azərbaycanlılar isə Qarabağı erməniyə verən rusun bazarlarına sığınıb...
 
Bayraq nədir əslində? Onu ləyaqət sayıb, altında qanunsuz işlər gördünsə, onun nəyi bayraq odlu? Bayraq nədir əslində? Onu azadlığın simvolu sayıb, ona and içib, sonra da bu ölkənin azadlığına qəsd etdinsə, ona niyə bayraq deyirsən?
 
Bayraq nədir? Yaltaqlanıb onun kölgəsində yaşamaqmı?
 
Bayraq nədir əslində? Həqiqətin yox olduğu ölkədə, yalanın təntənəsi ilə dalğalanmaqmı?
 
Şahvələd Çobanoğlu
 
Azadlıq qəzeti

 

Kultura.az | Developed by Samir Yahyazade