İctimai sektorun mövzuları

Zaur QURBANLI

 

Onsuz da müxalifətin geniş əhali kütləsinə çıxışı demək olar ki, bağlanıb və müxalifət özü də hələ ki, bu qeyri-rəsmi qadağanı yarmağa səy göstərmir və ictimai sektorda özləri deyib özləri, uzaqbaşı rejimdəkilər eşidirlər. Geniş əhali kütləsində mövzular dəyişməzdir onsuz da – ailə dolanışığı, iş problemi, bir qarın çörək, bir hovur dincəlmək...
 
Ona görə də ictimai sektorun xüsusən facebook-dakı mövzuları rejimin və müxalifətin müxtəlif qrupları tərəfindən təsirdə saxlanılır. Əli Kərimli mövzusu açılana qədər ortada əsas mövzu var idi – 48 milyard.
 
Hakimiyyət Əli Kərimli söhbətini ortaya atıb 48 milyardı gündəmdən sıxışdırdı. Hələ buna qədər də aktivistlər Erkin Qədirli ilə mübahisələrində 48 milyardı “unutmuşdular”. Ardınca Emin Milli gəldi səhnəyə. İsa Qəmbər bu mövzu qarışıqlığını əsl siyasətçi kimi hakimiyyətin əleyhinə yönəltdi – həm bir müddət əvvəl hakimiyyət “sözçü”lərinə vahid namizədlərinin İlham Əliyev olmasını dedirtdi, həm də özü namizəd olacağını açıqlamaqla mövzular məsələsini hakimiyyətə sərf etməyən yerə gətirdi.
 
Bu qarmaqarışıqlıqda spontan səslər gəlirdi ki, 48 milyardı gündəmdən düşməyə qoymaq olmaz. Mən məhz bu fikirlə razıyam. 48 milyard daim gündəmdə olmalıdır, ta o vaxta kimi ki, İlham Əliyev daxil olmaqla bu məsələdə ittiham olunanlar ədalət mühakiməsi qabağında cavab versinlər. Erkin Qədirli mübahisəsində də, Emin Milli məsələsində də, Əli Kərimli mövzusunda da söhbəti hər dəfə 48 milyardın üstünə gətirmək lazım idi. Hələ də gec deyil.
 
Rejim İsa Qəmbərin uğurlu manevrinə elə cavab verdi ki, vicdanlı insanlar əlacsızlıqdan yox, əclaflığın dərəcəsinə mat qalaraq susdular. Ramil Səfərov barədə şəxsi fikirlərimi bölüşməyəcəyəm, ən azından şəxsi fikirlərim peşəmə uyğun gəlmir. Amma Ramil cinayətkar da olsa, Azərbaycanın adına uzun müddət mənfi reklam da olsa, onun da ailəsi, sevənləri, yolunu gözləyənləri var və ən əsası xalqın gözündə qəhrəman kimi təqdim olunub, təbliğat bu istiqamətdə gedib.
 
Əvvəldən də gözlənilirdi və indi də şahidi olduq ki, niyə təbliğat bu istiqamətdə qurulurdu, niyə Ramilin hökmündən şikayət verilmədi, niyə ona ən ağır cəza verilməsi də bu hakimiyyəti tərpətmədi. Bəli, aydın oldu ki, bunlar ilan soyuqqanlılığı ilə bu anı gözləyirdilər. Elə burdan həm də o aydın olur ki, biz bilmədiyimiz proseslər gedir və rejimin xalqdan qorxusu var. Xalq dəyişməyib. 2004-də Ramil tutulanda da 1 aşağı, 5 yuxarı bu əhval-ruhiyyədə idilər. Ola bilər ki, hakimiyyətin beynəlxalq dəstəyi azalıb. Xalq arasında həmişə hörmətsiz olan rejim beynəlxalq dəstəyin də azaldığını görüb seçkiyə 1 il qalmış ən güclü kartlarından birini açdı – Ramili azad etdirdi.
 
Bəli, Ramil onlar üçün kartdır. Milyonlarla insanı onun qəhrəman olmasına inandırandan, yaxınlarını həsrətdə qoyandan, anasının dərddən ölməsini sakitcə seyr edəndən sonra rejim Ramili azad edir. Məqsəd aydındır – Ramil onlar üçün sadəcə kartdır və onlar başçılarının xobbisinə uyğun azart oynayırlar. Kiminlə oynamaqları başqa söhbətin mövzusudur, bu oyunda uduşa nə qoyulduğu və kozrların nədən ibarət olmasıdır əsas sual. Uduşa bütün sərvətləri, insanları ilə birgə Azərbaycan Respublikası qoyulub. Kozrlar – vasitələr isə bizik, Azərbaycan vətəndaşları – öz hisslərimizlə, var-dövlətimizlə, canımızla, mübarizəmizlə. Tipik klassik quldar dövlətlərin qulları kimi biz rejimin azart oyunlarının kozrlarıyıq. İlham Əliyev lazım biləndə 9 milyon yarımdan birini atır masanın üstünə və bığlarının altından qımışır. İndi Ramili kozr kimi atdı ortaya. Milyonlarla insanın qəhrəmanı olan (səhv və ya düz – bu, başqa söhbətin mövzusudur, fakt odur ki, Ramili qəhrəman kimi qəbul edirlər) Ramil, yəni bu milyonların hissləri İlhamın bir imzası ilə atıldı azart stoluna. Yəni “di, didişin”.
 
Seçkidə səs yığmağın əclaf yollarını çox görmüşdük, amma bu dəfə bir az orijinal alındı. Çünki bununla İlham Əliyev müxalifətə gözəl və faydalı mesaj verdi. Cənab diktator bizə çatdırdı ki, “ictimai sektorun 500-600 nəfərlik dairəsində eşələnməklə deyil, fikrini bir sərəncamla dəyişə bildiyim və əslində mənə nifrət edən xalq ki, mənə dua oxuyur. Gedin, xalqla işləyin, yoxsa 3 cəbhəçinin 5 müsavatçını Əli Kərimliyə, yaxud 3 müsavatçının 5 cəbhəçini İsa Qəmbərə inandırmaqla nəyəsə nail ola bilməyəcəksiniz.”
 
Razıyam ki, müxalifətin belə sərəncam vermək şansı, ümumiyyətlə bu qədər ixtiyarı yoxdur, amma İlham Əliyev bu opportunistliyi ilə müxalifətə doğru istiqamət göstərdi – birlikdə işləməli kütlə nə Emin Millini tanıyır, nə də Erkin Qədirlini. Dünyaya olmasa da, Azərbaycana açılmaq lazımdır. Bizim facebook-da apardığmız mübahisələrdə, müzakirələrdə bir inqilabın enerjisi xərcləndi. Amma İlham Əliyev adi bir gedişlə nifrətini qazanmış xalqı canına dua oxutdurmaqla məşğul edə bildi. Rejim həm bu qədər güclüdür, həm bu qədər şərəfsizdir, həm də biz özümüz onun istədiyi yerdəyik – ictimai sektorun qapanmış dairəsində.
 
Yuxarıda da dediyim kimi, gec deyil. İnsanlar tezliklə Ramil mövzusundan da doyacaqlar, ictimai sektor daxilində yeni lokal mövzu açılana qədər insanlara 48 milyard problemini çatdırmaqla məşğul olmaq lazımdır. Heç olmasa, bir hissə vətəndaşımız düşünə bilər ki, 48 milyardımızı talayanlar heç də bizi və ya Ramili düşünüb hərəkət etməz. 48 milyarddan 9 milyon yarım insanın hər birinə təxm inən 5052 dollar düşür. Rejim Ramilin də 5052 dollarını yeyib, apellasiya şikayəti vermədən 8 ilinin həbsdə keçməsinə göz yumub və indi Mübarizin meyiti kimi Ramilin azadlığından sui-istifadə edir. 48 milyard mövzusunu qabartmaq həm də buna görə lazımdır – diktatorun özünün bizə göstərdiyi kütlə ilə işləmək üçün.
 
Ruaz Nabruq
Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade