post-title

Gürcüstanlıların azərbaycançılığı

Çoxdandır Tbilisi demokratik düşüncəli azərbaycanlıların məbədinə çevrilib. Nə vaxt saytlara baş çəkirsən, onların Tbilisyə həm gəzməyə, həm də müəyyən azad tədbirlərdə iştirak etməyə getdiklərinin şahidi olursan. Bəlkə də azərbaycanlıları bu şəhərə sürükləyən orada, Botanika bağında uyuyan azərbaycan xalqının formalaşmasında əvəzsiz rolları olmuş ədiblərin ruhudur. Bilmirəm, mən Azərbycanda yaşamadığımdan bu hissi dəyərləndirə bilmirəm.

 

Bu ziyarətlərdə gürcülərin kasıb bir dövlətdə əldə etdikləri inkişaf azərbaycanlıları nə qədər həvəsləndirsə də, orada yaşayan etnik azərbaycanlıların durumu bir o qədər kədərləndirir. Nədən oradakı azərbaycanlıların gürcü cəmiyyətinin bir sütunü yox, öz problemləri ilə bu cəmiyyəti geri sürükləyən bir kütlə olduqları hamıda sual doğruldur. Gürcüstanlı azərbaycanlılar da gürcülərə qoşulub ölkədə demokratik reformaların həyata keçirilməsində öndə getmək əvəzinə özlərini onlardan təcrid edən alt şüurla hərəkət edirlər.
 
Bütün bunların kökündə dil problemin durduğunu desəm məncə yanılmaram. Neçə il qəribçilikdə yaşadığımı da nəzərə alaraq deyə bilərəm ki, insanın yad cəmiyyətə inteqrasiya olmaq həvəsindən öncə, onun uyğunlaşmaq istədiyi cəmiyyətdə istifadə olunan dil əhəmiyyətli rol oynayır.
 
Gürcüstanda yaşayan azərbaycanlıların təkcə son 100 ildəki tarixinə nəzər salsaq görərik ki, onların "maariflənməsi" üçün əsas bilgilər yalnız azərbaycan dili vasitəsilə əldə olunub. Keçən əsrdə Gürcüstanda azərbycanlıların sıx yaşadıqları yerlərdə onların öz "ana dillərində" təhsil almaları üçün bütün imkanlar yaradılmışdır. Məktəblərdə bütün (!) dərslərin azərbaycan dilində keçilməsi özü ilə gətirdiyi pedaqoq və dəsrlik problemlərinin də xüsusi həllini tələb etmişdir. Belə ki, hər il Tbilisidə APİ-nin keçirdiyi qəbul marafonunda ali məktəbə qəbul olunan gənclərin köməyi ilə müəllim problemini həll etməyə çalışırdılar. Bu şəxslər Bakıda "yüksək səviyyədə" ali təhsil aldıqdan sonra qayıdıb Gürcüstanda yaşayan azərbaycanlılara Azərbaycan milli dəyərlərini aşılayan kitablardan savad verməyə çalışırdılar. Bu minvalla keçən əsrin sonunda Gürcüstanda formalaşmış azərbaycanlıların mədəniyyət, təhsil, dünyagörnüşü baxımından azərbyacanda yaşayanlardan elə də böyük fərqi olmamışdır. Dillə ötürülən milli mentalitet öz sərhədini itirmişdir. Fərq yalnız onda idi ki, onlar azərbaycanda Bakılı, rayonlu, çuşka, Gürcüstanda isə "tatrebi" kimi ümumi kateqoriyaya daxil idilər.
 
Bu arada onu da qeyd edim ki, gürcülərin sıx əhatəsində yaşayan azlıqlar, məsələn Tiflisdə, gürcü dilini öyrənməyə məcbur olublar, bu da onların davranışında və düşüncəsində öz izini buraxmışdır.
 
Son illər Gürcüstanda gedən reformlar oranın təhsil sistemindən də yan keçməyib. Yuxarıda qeyd olunan problem hökümət tərəfindən üzə çıxarılıb. Onun həlli ilə bağlı aparılan tədbirlərdən əsası kimi azərbaycan məktəblərində tədrisin tədricən gürcü dilinə keçirilməsinə cəhd edilir. Əlbəttə bu cəhd öz dilini, dinini qorumaq istəyən, bisavad gürcüstanlıların müqavimətinə rast gəlir.
 
Yaranmış narazılıqlar isə onlara dil adlanan kəndirlə bağlı olan Azərbaycanda da geniş müzakirə mövzusuna çevrilməkdədir.
 
Çoxları "dədə baba yurdlarında yaşayan insanlar nədən gürcü dilini öyrənməlidirlər" kimi yenə də öz arxaik tələbləri ilə XXI əsrin reallığını qəbul etmək istəmirlər. Başa düşmürlər ki, o dədə-baba yurdu artıq çoxdandır ki, Gürcüstanın ərazisidir və bu ölkədə gürcülərin yaratdıqları qayda-qanunlar hökm sürür. Əgər gürcüstanlı azərbaycanlıları ölkədə aktiv olsaydılar, onlar da bu qanunların tərtibində iştirak edər, müəyən səlahiyyətlər əldə edərdilər. 
 
Gürcüstandakı azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiya olunmasındakı mövcud problemlərindən gürcülərin qənimi olan ruslar da yararlanmağa cəhd göstərirlər. Çünki, Qafqazda azadlıq ocağına çevrilmiş bu balaca ölkə onların cənub istiqamətində yürütdükləri siyasəti alt üst edir.
 
Bir müddət öncə mətbuatda Rusiya xarici işlər nazirliyi tərəfindən Gürcüstanda yaşayan azərbaycanlıların durumu ilə bağlı məlumat yayılmışdır. Onu oxuyub kədərləndim ki, gör biz gürcüstanlıların halına kim acıyır. Gürcüstan azərbaycanlıları haqqında hesabatda yer alan problemlərinin çoxu elə Sovet dövründə də var idi, bəs onda bu ruslar hara baxırdılar.
 
Məsələn, yer adlarının çoxunun gürcüləşdirilməsi hələ keçən əsrin 70-ci illərinə təsadüf edir. Əhalinin vəzifələrə buraxılmamasına gəlincə isə bunun cəfəngiyyət olduğunu deyə bilərəm. Sovet vaxtı bizim camaatın ağıllı və savadlılarından nazir vəzifəsinə qədər gedib çıxanlar da olmuşdu.
 
Yəni mal-qoyun otaranı, gününü bostanlarda keçirən insanı axı kim vəzifəyə qoyur. Belə hallar Azərbaycanda yer alsa da, Gürcüstanda mümkün deyildi.
 
Gürcüstan azərbaycanlılarının öz ana dillərində orta təhsil almaları onları ali təhsil üçün mütləq Bakıya üz tutmağa məcbur etmişdir. Orda verilən təhsilin, elmin səviyyəsi haqqında isə danışmağın yeri deyil. Bu haqqda çox deyilib. Bakıda ali təhsil alanlar qalıb Bakı cəmiyyətinə inteqrasiya olunmağa cəhd etməkdə, yerdə qalanlar isə günlərini bostanlarda keçirib gürcüstanı tərəvəzlə təmin etməkdə idilər. Kəndçilər əldə etdikləri pulu uşaqlarının APİ və azərbaycanın digər ali məktəblərində təhsilinə, o cümlədən imtahanların yazılmasına göndərirdilər və bununla fəxr edirdilər.
 
SSRİ kəndçilərinin malik olduqları həyat səviyyəsi hamıya məlumdur. Bu bisavad, avam və yazıq məxluqların kölə halına düşməkdən başqa bir çarələri yox idi. Kəndli nədir qanunveriçilik nədir, belə olan halda onların durumuna kim yanmalıdır. Bakıdakı uşaqları? Yox, onlar heç vaxt birdə bu “yekəbaş” gürcülərin yanına qayıtmazdılar. Kəndlərdə isə cəhalət elə o vaxtlarda olduğu kimi hələ də hökm sürməkdədir. SSRi dağıldıqdan sonra yaşlı nəsl öz qədim adət ənənələrini daha da cəsarətlə həyata keçirməyə başladlar. Kiçik yaşlı uşaqların evləndirilməsi sürətləndi, nəticədə təhsilə nankor yeni nəsl yetişdi. Yeni nəsil, hansı ki, molallara daha çox inanırlar, nəinki alimə.
 
Gürcüstanda Novruz şənliyi (2010)Hal-hazırda Borçalıda oturub AzTV-yə baxan yazıq insanların qəlbinə aşıq musiqisi, xalq mahnıları bir məlhəmdir. Azərbaycandan kənarda qalmış bu cılız insanlar heç olmasa bu yolla mənəvi boşluqlarını doldurmağa cəhd edir və haçansa Qənirə Paşayevanın Marneuliyə gəlib "Novruz" şənliyində onlara Azərbaycandan ürək dolusu salamlar gətirdiyini söyləyəciyini həsrətlə gözləyirlər.
 
O Azərbaycandan, hansındakı onlara "QRAZ" adı verilib. QRAZ adının tarixçəsi yəqin ki, çoxuna məlumdur. Qamsaxurduyanın at oynatdığı dövrdə Borçalıdan kütləvi şəkildə qaçıb Azərbaycana pənah aparanlara Bakıda göstərilən hörmətin əlaməti idi bu. Bakılılarda günah yoxdur, çünki Azərbaycanda yaşayan insanların hamsının bir damğası olduğu kimi, Gürcüstanlılara da birini vurmaq lazım idi. Yaxşı ki, bu damğa nəlayiq bir söz olmadı. Yoxsa biabırçılıq olardı, Bakıya getməyə heç həvəs qalmazdı.
 
DİL İÇİNDƏ DİL BƏSLƏYƏNLƏR, yox bir qəhrəmanlar. Azərbaycanın ziyalıları öz dillərində danışmağa untandığı halda, nəyə görə yazıq gürcüstanlılar hələ bir böyük əzab əziyyətlə öz kəndlərində azərbaycan məktəblərinin qalmasına çalışmalıdırlar. İndiyə qədər bu dil onlara yalnız problem yaradıb. Bu dilin onlara aşıladığı dəyərlər gürcülərin malik olduqlarından kəskin fərqlənir. İndi də savadsızlığın son dərəcəsi kimi dindarlar, mollalar meydana çıxıb. Bir sözlə gürcüstanlıların azərbaycanla bağlı şəkildə inkişaf etmələri və günlərin birində yüksək maddi rifahla yaşamaları, şad-xürrəm ömür sürmələri planı puça çıxmışdır.
 
Problemin yeganə həlli orta məktəblərin tədricən grücü dilinə keçilməsindədir. Bunu gürcülər anlayıb və həyata keçirməyə çalışsalar da, bu gürcüstanlılara hələ də tam gəlib çatmayıb. Amma düşünürəm ki, Gürcütsanın analoqu olmayan inkişafı onları buna daha həvəsləndirəcək və yaxın 10 ildə tamam başqa bir mənzərənin şahidi olacağıq.
 
Dr. Rezo Əliyev (Almaniya)
 
Kultura.Az

 

Yuxarı