post-title

“Killdozer”

Qış Bulvarı üçün nəzərdə tutulan “Füzuli” və “Şəmsi Bədəlbəyli” küçələrində insanların evlərinin qanunsuz şəkildə sökülməsini hamı xatırlayır. Bir gün həmin ərazidən keçərkən, maraqlı bir reklam lövhəsinə rast gəldim.

 

Lövhədə qiyməti 72 min manat olan buldozerin reklamı yerləşirdi. Bu reklam dostlarımdan birinin 2004-cü ildə Amerikada baş vermiş hadisə ilə bağlı mənə göndərdiyi xəbəri xatırlatdı. Həmin hadisəni sizlərlə bölüşmək istəyirəm.

Kolorado ştatının kiçik şəhərciyi olan “Grenby”də maşın ustası işləyən Marvin John Heemeyer mağaza və maşınların təmiri üçün torpaq sahəsi alır. 
 
Əlli iki yaşlı Marvinin həmin ərazidə tikdiyi maşın sexi “Mountain Park” adlı sement zavodunun binasına bitişik olur. Zavodun rəhbərliyi yaxınlıqda olan ərazilərin alınması üçün insanlarla danışığa gedir və hamı narazı olsa da, onların torpaq sahələrini satın alır. Ancaq “Mountain Park” Marvini heç bir şəkildə razı sala bilmir. Marvin qanuni sahib olduğu ərazini zavoda satmaq istəmir. Zavodun rəhbərliyi ərazinin onun əlindən alınması üçün hər cür yola baş vurur. Marvinə məxsus sexin yerləşdiyi ərazinin ətrafı zavoda məxsus olduğu üçün “Mountain Park” bütün kommunikasiya xətlərini kəsir və sexə aparan yolu bağlayır. Sexinə gedişi asanlaşdırmaq üçün yeni yol açmaq istəyən Marvin “Komatsu D355A-3” buldozeri alır. Lakin şəhər adminstrasiyası yeni yolun çəkilməsinə icazə vermir. Digər tərəfdən isə Marvinə kredit verən bank, ödəməni vaxtında apara bilmədiyi üçün Marvinin evini əlindən alacağı ilə hədələyir. 
 
Ədalətin təmin olunmasına çalışan Marvin “Mountain Park”ı şəhər məhkəməsinə verir, ancaq məhkəmə işini uduzur. 
 
Başına gələnlər azmış kimi, onun sexini yoxlamaq üçün vergidən, sanitar işlərinə baxan orqandan bir neçə dəfə yoxlama gəlir. Sexdə yerləşən su anbarını təmiz saxlamadığı üçün sanitar orqan Marvini 2.500$ miqdarında cərimələyir. 
 
Xatırladım ki, kanalizasiya xəttinə qoşulmaq üçün Marvin əlavə xətt çəkməli idi, ancaq xəttin keçdiyi torpaq sahəsi zavoda məxsus olduğundan zavod rəhbərliyi buna icazə vermir. Cəriməni ödəyən Marvin çekin üzərinə bu sözləri yazır - “qorxaqlar”. 
 
Bir müddət keçdikdən sonra atasının ölüm xəbərini eşidən Marvin şəhəri bir neçə günlüyə tərk etməli olur. Şəhərdə olmadığı müddətdə sexə verilən işıq və suyu kəsirlər. Həmçinin, sexə möhür vururlar. 
 
Şəhərə qayıdan Marvin uzun müddət öz sexinə çəkilir. Qonşuluqda yaşayanların bildirdiyinə görə, o, uzun müddət oradan çıxmır. 
 
Nəhayət, 4 iyul 2004-cü ildə Marvin onun başına oyun gətirənlərdən qisas almaq üçün sexindən bayıra çıxır. 
 
Sexdə olduğu müddətdə Marvin buldozeri üçün zireh hazırlayırdı. İyirmi santimetrlik dəmir layı ilə örtülmüş buldozerin içində, Marvin hər tərəfi müşahidə etmək üçün telekameralar quraşdırır. O, kabinadan monitorlar vasitəsi ilə hər tərəfi görə bilirdi. Ağıllı Marvin kameraların ekranlarını tozdan qorumaq üçün təmizləyici mexanizm də hazırlayır. Hər ehtimalı nəzərə alan Marvin özü ilə su, qida və qazdan zəhərlənməmək üçün əleyhqaz da götürür. Zirehli buldozerinin yan tərəfləri və önündən açdığı deşiklərdə isə yarıavtomatik silahlar yerləşdirir. 
 
Ancaq bəzi ekspertlərin fikirinə görə, Marvin bu silahları polislərin onun işinə mane olmasının qarşısını almaq üçün yerləşdirmişdi. Onun kimisə öldürmək niyyəti olmayıb. O, silahlardan ancaq göyə doğru atəş açıb. Buna görə polislərdən heç kim kiçicik xəsarət belə almayıb. 
 
Qisas almağı lazımlı bildiyi insanların əvvəlcədən siyahısını hazırlayan Marvin qeydlərinin birində yazırdı: “Bəzən ağılı insanlar da ağılsız işlər görməlidir”. 
 
Buldozerin içərisinə özünü hazırladığı kran vasitəsi ilə düşən Marvin polis ekspertinin fikrincə, oradan çıxa bilməyəcəyini də əvvəlcədən bilib. Beləliklə, saat 14:30-da qarajından çıxan Marvin işə başlayır. 
 
İlk olaraq, “Mountain Park”ı yerlə bir edən Marvin zirehli buldozeri ilə şəhər adminstrasiyasına doğru hərəkət edir. Binanın fasadını dağıdan Marvin ipoteka kreditini vaxtında ödəyə bilmədiyi üçün evini əlindən alacağı ilə hədələyən banka doğru yol alır. Bankın bir ucundan girib, o biri ucundan çıxan Marvin cərimə olunduğu üçün onun qaz balonlarını doldurmaqdan imtina edən qaz şirkətinin binasını dağıdır. Sonra isə ardıcıl olaraq, meriyanın binasını, yanğın söndürmə məntəqəsini, yeyinti məhsullarının saxlanıldığı anbarı, bələdiyyəyə məxsus kitabxananı, onun əleyhinə yazılar yazan yerli qəzetin redaksiyasını, şəhər merinə məxsus bir neçə evi dağıdır.
 
Marvin ümumilikdə, yerli hakimiyyətə məxsus 13 binanı dağıdır. Bütün bunları edərkən o, nəyin kimə məxsus olduğu ilə bağlı tam məlumata sahib idi. Marvin onun mübahisəsinə qarışmış bütün insanlardan qisasını alırdı. 
 
Marvini saxlamaq üçün ayağa qalxan hüquq-mühafizə orqanları buldozeri güllə-borana tutsalar da, bu, heç bir nəticə vermir. 
 
Müdafiə olunan Marvin buldozerə yerləşdirdiyi silahlardan atəş açır, ancaq bunu edərkən heç kimin xəsarət almaması üçün gülləni yuxarı atır. Yerli polislə əsl döyüş aparan zirehli buldozerə 200 yüzdən çox güllə və M-16 qranatları atırlar. Nəticə əldə edə bilməyən polislər buldozerin qarşısını bomba yüklü maşınla saxlamağa çalışırlar. Partlayışda buldozerin radiatorunu zədələyə bilirlər, ancaq dözümlü buldozer hələ də işləməyə davam edir. Nəticə əldə edə bilməyən polis məcburən 1.5 min insanı evakuasiya edir. 
 
Yeyinti məhsullarının satıldığı kiçik mağazaya tərəf yön alan buldozerin radiatorundan qəfil par çıxır və dayanır. 
 
Polislər qorxularından uzun müddət buldozerə yaxınlaşmağa cəsarət edə bilmirlər. 
 
Nəhayət, buldozerə yaxınlaşan polislər onun zirehini sökdükdən sonra sürücünün on iki saat bundan əvvəl öldüyünü müəyyən edirlər. Deyilənlərə görə Marvin silahındakı sonuncu gülləni özü üçün saxlayıbmış. 
 
O, intihar edir. 
 
Xatırladım ki, bu hadisə nəticəsində Marvindən başqa heç kim həlak olmayıb. 
 
Hesablamalara görə, Marvin şəhərə 5. 000 000$, zavoda isə 2 000 000$ zərər vurur. Zavod ona vurulan bu zərərdən bir daha özünə gələ bilmir və ərazini sataraq oradan uzaqlaşır. 
 
Marvinin hazırladığı zirehli buldozerin parçalarının insanların əlinə düşməsini istəməyən hakimiyyət orqanları onun hissələrə parçalanaraq, metal əridən zavodlara verilməsi barədə göstəriş verir. Marvinin buldozeri xalq arasında “Killdozer” (“Ölümdozeri”) adı ilə məşhurlaşır. 
 
Hadisəni biz xatırlatdıq, nəticəni isə evləri qanunsuz olaraq sökənlər çıxartsın. 
 
P.S. Buldozeri reklam edərkən ehtiyatlı olun bəylər:
 

 
Emin Aslan
Kultura.Az
Yuxarı