post-title

Kapital hara köç edir və Azərbaycan bu axının harasındadır?

Əslində yazıda məqsədim mövzunu Azərbaycanın üzərinə gətirməkdir. “Azərbaycan hardadır və hara gedir” sualına cavab tapmaq üçün isə dünyada gedən proseslərə diqqət yetirmək vacibdir.

 

Müasir dünyamızda kapitalın bir ölkədən digərinə köçməsinin bir çox səbəbləri var. Əsas səbəbi isə kapital ilə əməyin əzəli və əbədi didişməsində axtarmaq lazımdır. Belə ki, kapital özünü harada yaxşı hiss edirsə, oraya köç edir. Hazırda Qərbdə özünə uzun müddətdir məskən salan kapital, orada özünü çox narahat hiss edir. Qərbdə kapitala “təzyiq” kimi qəbul ediləcək bir çox səbəblər var:

1. Əmək haqqının yüksək olması;

2. Verginin yüksək olması (bu rəqəmlər Fransa, Almaniya və s. kimi sosial yönümlü kapitalist ölkələrdə daha yüksəkdir)

3. İşçinin hüquqlarını daimi olaraq müdafiə edən həmkarlar ittifaqlarının güclü olması (son 10 ildə Avropada müxtəlif sahədə çalışan işçilərin nə qədər etiraz aksiyası keçirdiyini yada salaq)

4. Nə qədər qəribə səslənsə də, insan haqq və hüquqlarının yüksək səviyyədə müdafiəsi (Qərbdə adi vətəndaşların böyük kapitala sahib şirkətlərdən təzminatla bağlı yüksək dəyərli işləri udduğunu sadalamaqla bitməz – Dünyada əfsanəyə çevrilmiş qoca qarının “Mcdonalds”a qarşı təzminat davasını xatırlayaq.

“İsti cofe işi” adlanan bu məhkəmə işində 79 yaşlı Liebeck “Mcdonald”dan kofe alarkən əlini yandırır. O, üçüncü dərəcəli yanıx xəsarəti ilə xəstəxanaya yerləşdirilir və səkkiz günlük müalicə alır. Verilən kofenin həddən artıq isti olduğunu və xəsarət törətdiyini iddia edən qarı, bu əsasla məhkəmədə “Mcdonalds”a qarşı iddia qaldırır. Qoca qarı, işi birinci instansiya məhkəməsində udaraq, 640 000 $ dolları həcmində kompensasiya alır).

Kapitalın trayektoriyasına diqqət etsək, onun son 30 ildə Şərqə, yəni Çin, Malayziya, Sinqapur, İndoneziya və s. ölkələrə hərəkət ediyini görərik. İndi demək olar ki, dünyada elə bir brend yoxdur ki, fabriklərindən birini Çinə köçürməsin.

Səbəb:

1. Əmək haqqının dəfələrlər aşağı olması. (Çinin XAC – “Xian Aircraft Company” adlı sənaye kompleksində Amerikada ən böyük zavod və işçi qüvvəsinə sahib “Boing” özünə lazım olan bəzi mühüm detalları istehsal etmək üçün zavod açıb. Amerikadakı zavoda işləyən mühəndisin illik gəliri 50, 000 min ABŞ dolları, Çində eyni işi görən mühəndisin illik gəliri isə 1000 ABŞ dollarıdır);

2. Vergi yükünün çox az olması, bəzən heç olmaması. (Bir çox Şərqi Asiya ölkələrində investisiya qoyan şirkətləri bir neçə illiyə vergidən azad edirlər və ya çox cüzi vergi tuturlar);

3. Həmkarlar İtiffaqlarının zəif olması və ya heç olmaması. (Kapitalının böyük bir hissəsini Malayziyaya köçürən “Motorola” şirkətinin, Malayziya hökuməti qarşısında qoyduğu şərtlərdən biri o olmuşdu ki, Həmkarlar İttifaqının yaradılmasına imkan verməyəcək);

Çində həmkarlar itiffaqı olsa da, o, Kommunist Partiyasının tam nəzarəti altındadır. Hər il işçilərin “1 May” bayramında Çin höküməti işini “yaxşı” görməyən və buna görə həbsə atılan insanlardan 10 nəfərini seçib xalqın gözü qarşısında güllələyirmiş. Bu hərəkətdə açıq elan olunan məqsəd işçiləri “intizama” və “əməyə sevgiyə” öyrətməkdirsə, gizli məqsəd işçilərin bir qul olduğunu, onların cüzi etirazının həyatları bahasına başa gələcəyini anlatmaq olub);

4. İnsan haqqlarının, xüsusən də işçilərin əmək hüquqlarının dövlət tərəfindən müdafiəsiz qalması. 

Kapitalı idarə edən insandır, insanın da nə qədər acgöz və xəsis olduğunu nəzərə alsaq, kapitalın heç bir millət və sərhəd tanımadan axınını təbii qarşılamaq lazımdır. İnsan acgözlüyündən başqa, işin içində bir də kapitalizmin əsasını təşkil edən rəqabət mövhumu yatır. Hər kəsə və hamıya məlumdur ki, rəqabətdə uduzan məhvə məhkumdur. Nə “Wolksvagen”, nə “Mercedes”, nə “Nokia” və ümumiyyətlə, dünyada heç bir istehsalçı bu prosesdən kənarda qala bilməz. Eyni markalı və eyni keyfiyyətli məhsul Avropa və Amerikayla müqayisədə Çində və ya Malayziyada qat-qat daha ucuz başa gəlir. “Airbus”ın onu qabaqlayacağından qorxan “Boing”in Çinə kapital qoyması qaçınılmaz idi. İndi hər iki şirkətin Çində filialı fəaliyyətdədir. 

Hazırda Qərbdə kapitalın ölkədən çıxmasının qarşısını almaq üçün hökumətlər müxtəlif proqramlar hazırlayır, vergiləri azaltmağa, sosial hüquqları məhdudlaşdırmağa çalışırlar.

Dünyanın bir nömrəli kapitalist ölkəsi hesab olunan ABŞ-ın Alabama ştatı zavodlardan birini onun ərazisində açması üçün “Mercedes” şirkətinə müraciət etdi. Bunun üçün Alabama ştatı “Mercedes”i 3 illik vergilərdən azad edəcəyini və əlavə olaraq zavoda subsidiya verəcəyini açıqladı. Həmin zavoda 1500 işçi işləyəcəkdi. Alabama ştatının “Mercedes”ə etdiyi güzəştin dəyəri 300 milyon dollar idi. Bir sözlə, ştat hər işçi yeri üçün “Mercedes”ə 200 min dollar pul vermişdi.

Kentucky ştatı “Toyota” üçün 125 millyon dollar, Minesota isə “Northwest Airlines” şirkətini ştatda saxlamaq üçün 828 millyon dollarlıq güzəşt edib. Və ya İtaliyada işçilərin işdən asanlıqla çıxarılmasını təmin edən qanun layihəsini misal göstərmək olar. 

Kapitalın ölkədən çıxmasının nəticələri: 

1. Zavodlar, fabriklər və s. bağlanır və ya yenisi açılmır; 

2. İstehsalın hesabına varlığını qoruyan xidmət sektoru getdikcə kiçilir;

3. İşsizlik sürətlə artır (90-cı illərin əvvələrində Amerikada “Boing” öz işçi personalını 30% azaldıb, GMC – “General Motors”-un ABŞ-da minlərlə işçini işsiz qoyduğu yaxın tarixi yadımıza salaq və ya “Peugeot”-nun 8 min işçini ixtisar etdiyi yaxın günlərin məlumatına baxaq);

4. Zavodlardan, fabriklərdən, xidmət sektorundan tutduğu vergi hesabına büdcəni formalaşdıran hökümət daha bunu edə bilmir və ölkələrdə hökümət böhranları yaşanır. Həkimin, müəllimin, inzibati və icra, məhkəmə və s. strukturların maaşını verə bilməyən hökümətin vəziyyətini təsəvürünüzə gətirin.

Məsələn, Yunanıstan hazırda həmin problemlə üz-üzədir. Dövlətin böhrandan çıxması üçün hakimiyyət büdcədən malliyələşən işçiləri ixtisara salmalı, vergini azaltmalıdır. Daha sonra isə Yunanıstan iqtisadiyyatını stabil duruma gətirmək üçün 80 milyard maliyə yardımına olan ehtiyac qarşılanmalıdır. 

Əks arqumetlər:

Sual yarana bilər ki, axı, dünyada ən prestijli və bahalı işlər insanlardan intellekt tələb edir. İnkişaf etməkdə olan ölkələrdə isə peşəkarlar azdır və ya yoxdur. Əslində, bu kimi düşüncənin də bir stereotip olduğunu Malaziya, Çin, Braziliya və s. kimi ölkələr sübut etməkdədir. Məsələn, dünyada ən çox elektrotexniki məhsullar istehsal edən Malayziyada öz fabrikini açan “Motorolla” şirkətinin işçilərinin 85% -ni kənd yerindən çıxmış qızlar təşkil edir. İkincisi, texnoloji inkişaf artıq insan əməyini maşın əməyi ilə əvəz etdiyindən və maşınların idarəsini kompüterlər gördüyündən artıq insanın intellektinə ehtiyac qalmır. İnsanın intellekti artıq texnologiyanın daha da təkmilləşdirilməsinə yönəldilib. Bu işi isə yüzminlərlə insan yox, onlarla insan görür və patentini əlinə alaraq öz milyonlarının dadını çıxarır. Yüzminlərlə adi işçiyə isə maşınların onların iş yerlərini əlindən necə aldığını müşahidə etmək qalır. 

Yuxarıdakı yazılanları oxuduqca, Qərbdə yerləşən bütün istehsal sahələrinin nədən indiyə kimi oradan çıxmaması sizə ziddiyətli görünə bilər. İstehsalçılar o ölkələri, məhz ona görə tərk etmir ki, onlar Qərbə həm də yüksək xeyir gətirən bir bazar kimi baxır. Nəyin bahasına olur olsun, hər bir istehsalçı Qərbdə ən azından bir fabrikini, zavodunu saxlamaqda maraqlıdır. Çünki istehsalçı keçmiş yüzilliyin tarixini yaxşı yaddında saxlayıb. İyirminci əsrin əvvələri və daha sonrakı dövrlərdə, Avropa və Amerika ölkədaxili istehsalı qorumaq üçün idxala ciddi məhdudiyyətlər qoymuşdu. Bütün istehsalı Çinə köçür və sonra ABŞ bazarı üzünə bağlansın... Buna heç kim razı olmaz. Bunu yaxşı anlayan kapitalistlər məcburən də olsa, kapitallarının bir hissəsini həmin ölkədə saxlamaqla bazara çıxışını əldən vermək istəmir. 

İnsan hüquq və haqqlarından, xüsusən də əmək və sosial hüquqlardan zəndeyi-zəhləsi gedən kapitalist özəl mülkiyyət hüququna çox həssas yanaşır. Kapital xüsusi mülkiyyətin qorunmadığı məmləkətlərə köçməkdən imtina edir. Şərqi Asiya ölkələri bu mənada Qərb kapitalını tam razı sala bilib. Kapital sosial və əmək hüquqlarının məhdudluğu fonunda mülkiyyyət hüquqlarını yüksək səviyyədə mühafizə etməyi bacaran ölkələri çox sevir. 

Azərbaycanın vəziyyəti:

Azərbaycanın xarici kapitalı ölkəyə cəlb edə bilməməsinin səbəbləri (neft və qaz sektoru bura aid edilmir):

Səbəblər sırasında üç mühüm faktor var, (1) monopoliya, (2) korrupsiya və (3) mülkiyyət hüququnun təhlükəsizliyinin təmin edilməməsi. 

İqtisadiyyatda təbii monopoliya anlayışı var və bu, obyektiv səbəblər ucbatından yaranır. Təbii monopoliyalarda ən mühüm olan isə odur ki, monopolist tamamilə biznes adamı olur. Məsələn 19-cu əsrin sonunda ABŞ-da həddən artıq neft istehsalçısı fəaliyyət göstərirdi. Bu sahədə ümumi tənzimləyici qaydaların olmaması neft istehsalçılarının həddən artıq məhsul istehsal etməsinə və nəticədə qiymət dalğalanmasına səbəb olurdu. Hər dəfə qiymət artımı və azalması isə bu sahəyə və ümumilikdə  ölkə iqtisadiyyatına ciddi ziyan vururdu. İstehsalçılar həm istehsal zamanı (neft fontan vurur və onun axıntısının qarşısını ala bilmirdilər),  həm də istehsal elədikləri nefti bazara çıxardarkən (boru kəmərləri çox primitiv üsullarla hazırlanır və məhsul sızıntısına səbəb olurdu) çoxlu məhsul itkisinə yol verirdilər. Həmin dövrdə “Standar Oil”-ın yaradan John Rokefeller qiymətlərdə sabitliyə nail olmaq, neftin uğursuz istehsalı və daşımasına son qoymaq üçün bu sahədə monopoliya yaratmağa başlayır. Standart Oil-ın yaratdığı monopoliya uzun illər ölkə iqtisadiyyatına xeyir verir, çünki o bu sahədə məhsul artıqlığının aradan qalxmasına, qiymətlərin sabitləşməsinə, bu sahədə xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olur.

Amma Azərbaycanda monopoliyanın başında duranlar siyasi hakimiyyətin nümayəndələri və məmurlardır. Bütün güc və məhkəmə strukturları da onların əlindədir. 

Bəs, onda monopoliya ölkəyə gələn və gələ biləcək investisiyanın qarşısını necə və niyə alır?

Misal: SSSR-nin mövcud olan vaxtlarında Azərbaycan iqtisadiyyatında əsas yeri neftdən sonra pambıq tuturdu. Biz ona “ağ qızıl” adını vermişdik, indi isə artıq heç kim onu xatırlamır. Biz uzun illər həmin məhsulu xam formada xaricə ixrac etmişik. Yerli tekstil sənayemizi yaratmağımız isə heç kimin ağlına gəlməyib. Əslində isə hamıya yaxşı məlumdur ki, istehsal olunan hazır məhsul xam formada olandan qat-qat daha çox xeyir gətirir. Biz çox rahatlıqla tekstil sənayesinin yaradılması üçün xaricdən investisiya və texnologiya gətirə bilərdik. Məsələn, qonşu Türkiyə bütün dünyada tekstil sənayesi ilə məşhurdur. Onların iş adamları bizim ölkəyə investisya ilə bərəbar, müasir texnologiyanı da gətirə bilər. Rayonlarda olan ucuz işçi qüvvəsi də investisiya üçün ideal zəmin yaratmaqdadır. Bəs, onda nədən biz tekstil sənayesini və ümumiyyətlə, yüngül sənayeni ölkəmizdə yarada bilmirik?

Səbəblər:

Monopoliya: Azərbaycanda tekstil sənayesinə məxsus bir çox məhsullar bir və ya bir neçə şəxsin yəni monopolistlərin “əlindədir”. Monopolist əsla razı olmaz ki, onun gətirdiyi məhsullara ölkə daxilində alternativ yaransın və onun əldə etdiyi gəlirlər aşağı düşsün. Çünki o, heç bir əziyyətə qatlanmadan, rəqabət olmadan, sadəcə öz vəzifə səlahiyyətlərindən (bu, korrupsiyanın bir növüdür) istifadə edərək, çox asanlıqla pul qazanır. Gömrükdən məhsulları çox cüzi vergi ilə və ya heç vergi vermədən (bu, həmin şəxsin tutduğu vəzifədən və ya onun nüfuzundan asılıdır) keçirdən monopolist ölkədaxili bazarda qiyməti özü müəyyən edərək, məhsulunu da asanlıqla satır. Alıcının da heç bir ikinci yolu qalmadığından həmin məhsulu alır. 

Sual yarana bilər ki, əgər hazır məhsul daha çox gəlir gətirirsə, nədən monopolist öz fabrikini açmır? Halbuki, bunun üçün ölkədə həm xam maddə, həm də ucuz işçi qüvvəsi var. Qeyd etdiyim kimi, birincisi, monopoliya rəqabətsiz və asanlıqla gəlir gətirdiyi üçün o, bunda maraqlı deyil. Yaddan çıxarmayaq ki, kapitalistin məqsədi pul qazanmaqdır və ümumiyyətlə, heç kəs asanı qoyub çətinə qaçmaz. İkincisi, ölkə daxilində sənaye yaratmaq üçün sənin həm də texnologiyan olmalıdır. Kapital hələ texnologiya demək deyil. Azərbaycanda isə texnologiya hazırlayacaq nə elimi baza, nə də sənaye sahəsi yoxdur. Ölkəyə məcburən xaricdən texnologiya gətirilməlidir. Bu isə heç də ucuz və asan başa gəlmir. Yəni bu, monopolistə əsla səfr etmir.

Üçüncüsü, - əslində, bunu ayrıca yarımbaşlıq altında da vermək olardı - ölkədə siyasi hakimiyyətdə olan oliqarx məmurlar da qorxu içərisindədir.

Onların azacıq “cızıqdan” çıxmasının necə fəlakətlə nəticələndiyini keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin timaslında görmək olar. Yerli istehsalı təbliğ etmək istəyən Fərhad Əliyevin “hamı yerli mal alsın, xeyir vətənə qalsın” şüarı idarəçi azlıq tərəfdə qorxu yaratdı. Onlar F.Əliyevin siyasi hakimiyyətə iddialı olduğundan şübhələnərək, xalq arasında nüfuzunun artmasında qorxdular və bunun təbii nəticəsi kimi, onu “yoxa çıxardılar”. Heç düşündünüzmü ki, əsrin əvvələrində bu qədər messanat milyonçularımız olduğu halda, niyə indi onların biri də gözə dəymir?

Çünki indiki Azərbaycan siyasi reallığında xalqın xeyrinə edilən hər bir hərəkət dərhal siyasi hakimiyyəti ələ keçirmək niyyəti ilə izah edilir və bu “mənfi” tendesiya cəzalandırılır.

Korrupsiya: Əslində sadalanan səbəblər bir-biri ilə çox sıx bağlıdır və bu bölgü müəyyən mənada şərtidir. Azərbaycanda monopoliya yaradan şəxslərin hamısı hakimiyyətdə olanlardır. Vəzifə səlahiyyətlərindən sui-istifadənin özü artıq korrupsiyadır. Şəxs isə təbii ki, ancaq vəzifədən sui-istifadə etməklə monopolist ola bilər. 

Korrupsiyaya bir başqa misal: Əksəriyyətimiz yaxşı xatırlayır ki, bir zamanlar “Wolksvagen” Gəncə avtomobil zavodunda öz maşınını istehsal etmək istəyirdi. Həmin məlumatın üzərindən bir neçə ay keçmiş xəbəri yayan TV-lərimiz Azərbaycanın “UAZ” istehsal etməyə başladığını elan etdi. Daha sonra deyəsən, “OKA” avtomobilinə keçid etdik. Əslində, Gəncə avtomobil zavodunda nə baş verdiyini, “Wolksvagen” kimi avtomobil divinin istehsaldan niyə imtina etdiyini bilmirəm. Amma ölkənin hazırki durumunu doğru analiz etdikdə, burada korrupsiya halı olduğunu dərhal anlamaq mümkündür.

Bir təssəvürünüzə gətirin, ABŞ-da yerli idarıçilər məhşur brendləri öz ştatlarına gətirmək üçün yüz millyonluq güzəşt edir, bizimkilər isə uzaq gələcəkdə də heç bir halda maşın istehsal edə bilməyəcəyi halda “Wolksvagen” kimi markanı ölkədən qaçırır.

Bir az araşdırsaq, bu işdə gömrük sisteminə rəhbərlik edənlərin günahkar olduğu anlaşılar. Maşın alveri ilə məşğul olanlar yaxşı bilir ki, onlardan bir maşın üçün nə qədər rüşvət istəyirlər. Korrupisyanın bir piramida olduğunu nəzər alsaq, bu işdən ən yüksək səviyyələrdə külli miqdarda pullar qazanıldığını görərik. 

Mülkiyyət toxunulmazlığı: İnsanın əzəli və əbədi hüquqlarından sayılan mülkiyyət hüququna Azərbaycanda heç bir hörmət qoyulmur. Ölkəmizə milyonlarla investisiya qoyan və sonradan həmin mülkləri əlindən alınan yüzlərlə xarici iş adamları var. Lap yaxın misal kimi, Azərbaycanda elektrik enerjisinin paylanması işini idarə edən “Barmek” şirkətini göstərmək olar. “Baku Steel Company”-nin xırda və orta polad istehsalı ilə məşğul olan sahibkarların başına gətirdiyi oyunları hamımız mətbuatdan oxuyuruq. “Wikileaks”də də özünə yer tapan “Coca-Cola”nın rüşvət qalmaqalı isə hələ yalnız üzə çıxanlardır. İstəsək, minlərlə belə misal çəkmək olar.

Azərbaycan hökümətinin öz vətəndaşlarının mülkiyyətinə hörmət etmədiyini isə heç xatırlatmağa belə dəyməz. Bizə bütün bunlar sadə görünə bilər, ancaq unutmayaq ki, bir ölkəyə investisiya qoyan şirkətin həmin ölkədə ən çox diqqət etdiyi məsələlərdən biri mülkiyyətinin sığorta altında olub-olmadığıdır. Kapitalist buna əmin olmadıqca, əsla həmin ölkəyə investisiya yatırmayacaq. Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər bir-biri ilə yüksək səviyyədə yaxın münasibətdə olurlar. Onların bir ölkə barədə hazırladığı raport digər şirkətlər tərəfindən də diqqətlə izlənilməkdədir.

Bütün bunları nəzərə alsaq, Azərbaycanın yüzlərlə real investor ilə bərabər, minlərlə potensial investoru da ölkədən qaçırdığınının şahidi olarıq. Bir sözlə, Azərbaycanın bu sahədə xaricdə olan imici çox pisdir. Bizə bu pis imici dağıtmaq üçün isə onilliklər lazım olacaq. 

Dünyada gedən prosesləri və Azərbaycanının ümumi vəziyyətini gözlər önünə gətirsək, gələcəyimiz çox qaranlıq görünür. Neftin tənbəlləşdirdiyi ölkəyə çevrildiyimizi artıq hamımız qəbul etməliyik. Azərbaycanın bütün iqtisadiyyatı neftin üzərinə oturdulub. Hələ ki, ölkəyə gələn maliyyənin hesabına vətəndaşları iş yerləri ilə təmin edən xidmət sektoru özünü qorumaqdadır. Neft azalmağa başladıqdan sonra maliyə axını da dayancaq. Ölkəni kütləvi işsizlik dalğası bürüyəcək. Bu, iqtisadiyyatımızın bütün sahələrinin sıradan çaxmasına səbəb olacaq. Vəziyyətin hansı şəkil alacağını bir anlıq təəsəvvür edək:

Büdcənin gəlirləri qəfildən 80% azalır. Büdcədən maliyələşən bütün işçi heyətinin maaşlarını vermək olmur, investisiya xərcləri dayanır. Məhsul (bura kənd təsərüffatından tutmuş, yüngül və ağır sənayeni aid edin) ala bilməyən istehlakçı bazara məhsulunu çıxaran bütün istehsalçıların istehsal üçün çəkdikləri xərclərin itirilməsinə və böhrana düşməsinə səbəb olur. Nəzərə alsaq ki, istehsalçı investisiyanı banklardan aldığı kredit üzərinə oturdub, bu zaman kreditini verə bilməyən istehsalçı bank sektorunu çökdürür. Banklar isə maliyyəni sığortalayan sığorta təşkilatlarının çökməsinə səbəb olur. Bir sözlə ölkənin ürəyi dayanır.

Azərbaycan ABŞ deyil ki, dolları kəsib maaşlı “yalançı” işlər yaradıb böhrandan çıxsın. Ölkə bu zaman sürətli borclanmaya girərək, bu işə maliyyə ayıran qurumların monopoliyasına düşür. Biz isə onların çalacağı müsiqilərə oynayan marionetə çevrilirik. 

Təcili tədbirlər görülməzsə, bu gedişlə biz uzun çəkəcək yoxsulluq və işsizliyə hazırlaşmalıyıq.

Emin Aslan

Kultura.Az

Yuxarı