Zombi

 

İşıq məllim, bu gün ölkədə iqtidar və müxalifət var. Siz, bir ziyalı, gözəl professor, müdrik alim, xalq ağsaqqalı kimi bu işləri necə qiymətləndirirsiniz?

- Axşamınız xeyir, əziz və hörmətli tamaşaçılar! Bay-bay-bay, gör necə çaşmışam, axşam deyil ki, hahaha, sabahdı bu saat! Nə fərqi var, axşam da elə sabahdı, sabah da axşamdı! Sabahınız xeyir olsun, hörmətli, əziz, gözəl televiziya tamaşaçıları! Əvvəla, məni bir ziyalı, bir professor kimi studiyaya dəvət elədiyinizə görə televiziyanızın hörmətli, cənab sədrinə dərin təşəkkürümü bildirirəm! Sonra onun hər bir müavininə, şöbə müdirlərininə, ümumiyyətlə, bütün yaradıcı kollektivinizə öz dərin minnətdarlığımı bildirirəm! Bu gün, səhərin bu vaxtında öz qızıl vaxtlarını bizə baxmağa sərf elədiklərinə görə  bütün televiziya tamaşaçılarını salamlayıram. Doğurdan da televiziya tamaşaçıları olmasaydı belə gözəl, mənalı verilişlər nəyə lazım olardı, televizora kim baxardı? Odur ki, mən burdan hər bir televiziya tamaşaçısını bir-bir bağrıma basıram, onlara öz salamımı yetirirəm. Arzu eləyirəm, hər bir televiziya tamaşaçısının evində, ailəsində sülh və atəşkəs olsun, xoşbəxt yaşasınlar, amin! Çünki, hər bir televiziya tamaşaçısı bizim vətəndaşımızdı. Vətəndaş isə vətənin daşı deməkdi. Ona görə mənim üçün bu gün ən qiymətli, ən əziz olan televiziya tamaşaçılarıdı! Özü də bizi təkcə ölkəmizdə yox, qürbətdə olan soydaşlarımız,  əzizlərimiz, gözümüzün işığı olan vətəndaşlarımız da izləyir. Mən fürsətdən istifadə edib  qürbətdə olan hər bir soydaşımızı, əzizimizi burdan salamlayıram! Qoy onlar, harda olmaqlıarından asılı olmayaraq, öz vətənini, xalqını, millətini, ölkəsini, dövlətini, milli adət-ənənəsini sevsin, hörmət eləsin, daima xatırlasın!

Mən baxıram, bu gün, bu xoş səhər günü bizi bir neçə operator televiziyaya çəkir. Hamını çəkib ekranlarda göstərsələr də özləri heç vaxt televizor ekranlarında görünmürlər. Gəlin, televiziyanızın bu gənc, gözəl, alicənab  insanlarını tamaşaçılarla bir yerdə alqışlayaq! Çünki onlar səhər tezdən oyanıb əl-üzlərini yuyur, yeməklərini yeyərək qaça-qaça studiyaya tələsirlər. Onlar hamımızdan tez oyanıb bu gözəl, mənalı, son dərəcə maraqlı çəkilişə gəlirlər. Düzdü, mən də bu gün sabah tezdən oyanmışam, ancaq onlar daha zəhmətkeş və daha fədakardılar. Yadıma düşmüşkən, fürsətdən istifadə edib, bu gün məni səhər-səhər yuxudan oyadan öz həyat yoldaşımı, 53 ildi mənimlə bir yastığa baş qoyan ömür-gün yoldaşımı, uşaqlarımın anasını burdan, bu studiyadan, bu ekrandan, bu məkandan salamlayıram! İnsana ömür-gün yoldaşı, həyat yoldaşı hər zaman, hər yaşda lazımdı! Sevimli həyat yoldaşımı salamladım, qorxuram, balalarım məndən inciyə ki, o boyda televizora çıxmışdın, bizi niyə salamlamadın, hahaha! Ona görə, fürsətdən istifadə edərək, oğlumu və qızımı, onların hər birinin ailəsini dərindən salamlayıram! Mənim altı nəvəm var, allah sizə də nəvə qismət eləsin! Mən burdan şirin-şəkər nəvələrimin hər birini salamlayıram!  Mənim nəvələrim çox şirindi! Elmi işlərimdən yorulanda həmişə nəvələrimlə  bulvarda gəzirəm. O gün ən balaca nəvəm nə desə yaxşıdı? 5 yaşlı uşağın dərrakəsinə baxın! Əlini dənizə uzadıb dedi ki, baba, ay baba! Dedim, can baba! Nəyi soruşsa yaxşıdı? Suala bax ee! Dənizi göstərib dedi ki, bu nədi? Gördüm, uşaq nə qədər körpə olsa da ətraf mühiti öyrənmək istəyir. Dedim, dənizdi, baba qurban! Qayıdıb nə desə yaxşıdı? Fikir verin! Baba, ay baba, dəniz yeməlidi? Bilirəm, operatorlar mənə işarə eləyir, başa düşürəm, artıq verilişimiz qurtarmaq üzrədi, ancaq üzr istəyirəm, qoyun, söhbətimi tamamlayım! Bu söhbət televiziya tamaşaçıları üçün də maraqlı olacaq. Hə, dedi, baba, dəniz yeməlidi? Dedim, yox, baba qurban, dənizi yemək olmaz!..

Əziz televiziya tamaşaçıları, bununla da verilişimiz sona yetdi, salamat qalın! Bizdən ayrılmayın!!!

Murad Köhnəqala

 

Kultura.az | Developed by Samir Yahyazade