post-title

Çörəklə vetçina

Əslən alman olan amerikan yazıçısı Henri Karl Bukovskinin (Heinrich Karl Bukowskinin) “Çörəklə vetçina” (“Ham on Rye”) əsəri onun yazdığı altı novelladan dördüncüsüdür. Yarı avtobioqrafik bu novellada Bukovski birinci şəxsin - Henri Çinaskinin adından yazır. Əsərin cərəyan etdiyi dövr isə Amerikada “Böyük depressiya” illərinə təsadüf edir.

 

 
Əsəri şərti olaraq üç hissəyə bölmək olar. Uşaqlıq, yeniyetməlik və yeniyetməlikdən sonrakı dövr.
 
Uşaqlıq – hər bir hadisə insanı dəyişir
 
Əsərdə insan xarakterinin və ən nəhayət şəxsiyyətinin formalaşmasında ailənin, cəmiyyətin, təbiətin nə qədər rol oynadığını aydın görmək olur. Bəlkə də yazıçının məqsədi heç də bunu göstərmək deyil; o, sadəcə təsvir edir. Amma əsəri oxuduqca istəmədən bu haqda düşünürsən. Uşaqlıq dövründə onun şahidi olduğu bu hadisə onlarla sadalanan misallardan yalnız biridir:
 
Bir gün dostları Çinaskini balaca ağ pişiyin böyük və vahiməli buldoq tərəfindən parçalanmasına tamaşa etməyə çağırırlar. Çinaski bunun uşaqlar tərəfindən qəsdən təşkil edildiyini yazır:
 
“Bu onların nəyinə lazımdır? Bütün bu olanlarda nə bir zərrə cəsarət, nə də qəhrəmanlıq var idi. Bunlar hamısı rəzil əyləncə xətrinə təşkil edilmişdi. Bəs böyüklər harada itib batıb? Ağıllılar və böyüklər hardadı bəs? Soruşuram, bizləri utandırmağa və danlamağa həmişə hazır olan böyüklər hardadır?!
 
Mən çox istəyirdim ki, pişiyi götürüb qaçım, ancaq cəsarətim çatmırdı. Qorxurdum ki, buldoq mənə hücum edər. Pişiyi ölümdən qurtarmaq üçün cəsarətimin çatmadığını dərk etmək isə məni daha da məhv edirdi. Mən ağrını bədənimdə hiss edirdim. Mən zəif idim. Mən ölümün baş verməsini istəmirdim, amma onun qarşısını necə alacağımı da bilmirdim.
 
- Çak, xahiş edirəm pişiyi burax getsin. İtini də geri çək.
 
Xahişimə fikir verməyən Çak itinə əmr verməkdə davam edirdi.
 
- Barni, qap onu! Qap!
Barni yenidən hücuma keçdi. Arxadan səs gəldi, çevrildikdə qoca Gibsonun bizə tərəf gəldiyini gördüm. O da bu ağlını itirmiş uşaqlar kimi pişiyin ölüm səhnəsinə baxmaq üçün gəlirdi. Axı niyə?
Qoca Gibson bizim kvartalda iş yeri olan az-maz insanlardan biri idi, ancaq o da ölümə susamışdı. O, ölümə tamaşa edən uşaqlardan - Çakdan, Edidən və Cindən heç nə ilə fərqlənmirdi.
 
Baş verənləri anlaya bilmirdim
 
Buldoq axır ki, pişiyə hücum etdi. Daha bu səhnəyə baxmağa taqətim qalmamışdı. Pişiyin parçalanmasına imkan verdiyim üçün özümü iyrənc hiss edirdim. Onu qurtarmaq üçün cəhd etmək olardı, ancaq bilirdim ki, insanlar mənə mane olacaq. Məsələ bundadır ki, bu balaca pişik təkcə buldoqa qarşı yox, bütün İnsanlığa qarşı mübarizə aparırdı”.
 
Bukovskinin qəribəlikləri, həyata, insanlara, içkiyə, qadına münasibətindən təəccüblənsəm də, bu romandan sonra başqa cür olmaq mümkün deyil qənaətinə gəldim.
 
Sevimsiz ata
 
Əsərin ən yadda qalan obrazlarından biri həyatdan daim şikayət edən, yekəxana, özündən razı, sadist ata obrazıdır.
 
Atasının uşaq vaxtı onu tez–tez döyməsini təsvir edən Çinaski yazırdı:
 
- Hə, Henri tez hamama.
Mən hamama daxil oldum. Ağ divarlar, güzgü, balaca pəncərə, qara pərdə, vanna və unitaz... Atam ülgücü itiləmək üçün asılqandan kəməri çıxartdı. Mən ilk dəfə idi ki, döyülürdüm. Sonralar bu tez-tez təkrarlanacaqdı. Amma həmişə düşünürdüm ki, atam məni heç bir ciddi səbəb olmadan döyüb.
 
- Tumanını.
 
Mən tumanımı aşağı çəkdim.
 
O, kəməri mənim götümdə ölçdü və ilk zərbəni endirdi. İlk zərbə məni şoka saldı, ağrı hiss etmədim. İkinci ağrılıydı. Zərbələrin sayı çoxaldıqca ağrı da artırdı. Şallaqlama təzə başlayarkən mən divarları, unitazı, vannanı seçə bilirdim. Amma axıra yaxın heç nə görmürdüm. O, məni döyərkən söyür, qışqırırdı, amma mən heç bir söz anlamırdım. Mən atamın bağçada becərdiyi qızıl güllər, qarajdakı avtomobili haqqında düşünürdüm. Mən qışqırmamaq üçün diqqətimi baş verənlərdən yayındırmaq istəyirdim. Mən bilirdim ki, əgər mən qışqırsam, o dayanacaq. Mən hiss edirdim ki, o mənim qışqırmağımı istəyir və elə buna görə də mən susurdum. Mən susqunluğumu qoruduqca yaş üzümdən süzülürdü. Sonra bütün hər şey gözlərim qarşısında axmağa və bir-birinə qarışmağa başladı. Artıq bu işgəncənin bitməyəcəyini düşünürdüm. Sonda içimdə nəyinsə qırıldığını hiss etdim və hıçqırmağa başladım, hıçqırdıqca boğazımda düyünlənmiş duzlu selikdən boğulurdum. Atam dayandı”.
 
Çinaskinin atası günün birində varlanacağına ürəkdən inanırdı. Məhz bu səbəbdən oğlunu yaxşı əlaqələr yarada biləcəyinə ümid etdiyi üçün varlıların təhsil aldığı Çelsi məktəbinə oxumağa göndərir:
- Sən mənə həftədə əlli sent pul verirsən. Belə məktəb üçün bu çox azdır. Bir dollar verə bilmərsən?
 
- Dollar?
 
- Aha
 
Böyük-Henri ət tikəsini ağzına qoyub çeynəməyə başladı. Udduqdan sonra qıvrım saçlarının altından mənə baxaraq dedi:
 
- Əgər mən sənə həftədə bir dollar versəm, bu ilə əlli iki dollar edəcək, yəni ilin bir həftəsini gərək mən sənin yalnız cib xərcliyini qarşılamaq üçün işləyim.
 
Mən susaraq fikirləşdim: “Allahım, əgər bu cür mühakimə yürütsək, yəni hər bir şeyi punktlara bölsək, onda gərək heç nə almayasan: nə çörək, nə qəzet, nə ət, nə süd, nə üzqırxan. Ona deyəcəyim heç bir sözüm qalmamışdı, mən ona nifrət edirdim...”
 
Sakit ana
 
Atanın bu dəhşətli obrazı fonunda ana demək olar ki, ortalıqda görünmür. Çinaskinin anası daim atasının kölgəsində sürünür. O, səssiz ev xanımıdır. Uşağını sevsə də onu atasından qoruya bilmir. O da atanın qurbanıdır. Karl Bukovskini bu obrazı bir o qədər də maraqlandırmır.
 
Yeniyetməlik – sızanaqlı oğlan
 
Uşaqlıqdan özünə qapalı olan Çinaski, insanları sevmir, onlara şübhə ilə yanaşır. Həm daxili meyllənməsi, həm də xarici təsirlərin, xüsusən də atasının təsiri ilə təkliyə çəkilən Çinaskinin ən sevdiyi məşğuliyyətlərindən biri yataqda boş-boş uzanmaqdır. Çinaskinin assosiallığı özünü məktəb həyatında da göstərir. O, məktəbə ürəkdən nifrət edir, məktəb yoldaşlarından isə xoşu gəlmirdi. Bədbəxtçilikdən yeniyetməlik dövründə Çinaskinin yaxalandığı xəstəlik (onun bütün bədəni və üzü sızanaqlarla dolu idi) onun tənhalığa olan meyllənməsini daha da gücləndirir. Bukovski o vaxtdan ta həyatının axırına kimi təkdir.
 
Təklikdə xəyallara dalan və fantaziyalar quran Çinaski özündən qəhrəmanlar düzəldir və ya qəhrəmanlarla bağlı hadisələr uydurmağı sevir.
 
“Yanında birinin olması insan üçün önəmlidir. Əgər kimsə yoxdursa, onu yaratmaq lazımdır. Bu nə fantaziyadır, nə də aldatma. Fantaziya və aldatma belə birinin olmamasıdır”.
 
İnsanlardan bir o qədər də xoşu gəlməyən Çinaski yazır: “İbtidai sinifdə baş verənlər, yenə də təkrarlanırdı. Mənim ətrafımda güclülərin yerinə zəiflər, gözəllərin yerinə eybəcərlər, qaliblərin yerinə uğursuzlar toplaşırdı. Belə görünürdü ki, onlar həyatımın sonuna kimi mənə yoldaşlıq edəcəklər...
 
Gül ətrafına yalnız kəpənək və arıları toplayır, mən isə bir lopa pox topası kimi ətrafıma yalnız milçəkləri yığırdım. Mən tək yaşamaq istəyirdim, tənhalıqda özümü əla və təmiz hiss edirdim, ancaq mən onlardan qurtula bilmirdim, buna gücüm çatmırdı. Tamamilə mümkündür ki, onlar məni idarə edirdilər, sahibi olduqları bir şey kimi baxırdılar. İstənilən halda onların mövcudluğu ilə barışa bilmirdim”.
 
Arzular
 
Çinaskinin ən böyük arzularından biri beysbolçu olmaqdır. Ancaq fiziki cəhətdən nə qədər güclüdürsə, bir o qədər də yöndəmsiz olan Çinaski heç vaxt bu arzusuna çata bilmir. O, topa sərt vurur, amma heç vaxt düz vura bilmir. Eybəcərliyi və idman bacarığının olmaması onun komanda da oynamasına imkan vermir.
 
Seks və qadın
 
İlk mastrubasiyasından sonra qadınlar haqqında düşünməyə başlayan Çinaski üçün onlar həmişə əlçatmazdır. Görünüşcə eybəcər, yeniyetməlik dövründə isə bu eybəcərliyinin üstünə sızanaqlar da əlavə olunan Çinaski güzgüdə özünə baxaraq deyir:
 
“Bu qədər dəhşətli eybəcərlik inanılmazdır, görünür bu da mənim bəxtimə düşüb”.
 
Yaraşıqlı dostunun təkidi ilə çimərliyə gedən Çinaski, dostunun qəşəng qızlarla birgə əyləndiyinə baxır və dünya haqqında o unudulmaz sözləri deyir:
 
“Mən gözlərimi yumub dalğaların səsinə qulaq asmağa başladım. Okeanın dərinliklərində minlərlə növ balıq bir-birini yeməklə məşğul idi. Sonsuz sayda qarınqulu ağızlar və pox üyüdən anuslar dünyaya yayılmışdı. Bütün yer kürəsi götlər və ağızlar tərəfindən işğal olunmuşdu. Çeynəyən, sıçan və sikişən Planet”.
 
Məktəbdə buraxılış günü qatıldığı gecə partisində onun qızlara baxaraq dediyi sözlər yeniyetməliyini hansı hisslərlə keçirdiyini təsəvvür etməyə bəs edir:
“Mən qəfildən aynada əksimi gördüm – qırışmış və köhnə köynək, sızanaqlar və şırımlar nəticəsində eybəcərləşmiş bir üz. Mən meşənin dərinliklərindən indicə çıxmış heyvana bənzəyirdim. Mən bura niyə gəldim axı? Mən özümü göt kimi hiss edir, ancaq ora bura vurnuxurdum. Musiqi susmuş, rəqs isə dayanmışdı. Sevgililər bir-biri ilə sakitcə söhbət edirdilər. Onların hamısı təbii, təhsilli və tərbiyəli görünürdü. Görəsən onlar bu mədəni danışığı və rəqs etməyi nə vaxt öyrənmişdilər? Mən nə əllərimi, nə də ayaqlarımı idarə edə bilirdim. Biz səviyyəcə bərabər deyildik. Onlar yaraşıqlı oğlanlar və gözəl qızlar idilər. Mənim kimi eybəcər birinə bu qızlardan birinin yaxınlaşması nədir, baxması belə böyük bir xoşbəxtlik idi. Bəli...bu rəqs mənim üçün əlçatmaz idi...”
 
Sığınacaq – içki və kitablar
 
Los Ancelesdə kitabxanalardan birinə üzv yazılan Çinaski burada özünü həyatdan qoruyacaq dostlarını tapır. Atası işə səhər tezdən getdiyi üçün evdə işıqları saat səkkizdən keçirir. Günə bir kitab oxuyan Çinaski lampanı yorğanın altında tutub kitabları su kimi içir. O, Heminqueyin pərəstişkarı idi...
 
İçki ilə ilk tanışlığında yaşadığı hissləri belə ifadə edir: “Sərxoş olmaq mənim xoşuma gəldi. Mən başa düşdüm ki, sərxoşluğu həyatımın sonuna kimi sevəcəyəm. O məni reallıqdan uzaqlaşdırırdı və əgər mən bu gerçəklikdən tez-tez uzaqlaşa bilsəm, bəlkə də ondan qurtula biləcəyəm, onun mənə yaxın durmasına imkan verməyəcəm”.
 
Sonda demək istəyirəm ki, bu romanı oxumağa dəyər. Əlinizə aldınızmı, bir də qurtaranda ayağa duracağınız romanlardan biridir.
Təəssüf hissi ilə bildirirəm ki, kitab azərbaycan dilində yoxdur. Ümid edirəm nə vaxtsa tərcümə edilər...
 
Emin Aslan
 
Kultura.Az
Yuxarı