SSRI olmasa, doğrudanmı, biz indi yazıb-oxuya bilmirdik?

 

Sosial şəbəkələrdəki bu mübahisələrdə SSRI-ni təqdir edənlərlə tənqid edənlərin çəkişməsində birincilərin əli arqument sarıdan kifayət qədər kasaddır, onların ən populist tezisi isə yenə də ən məntiqsiz, absurd olanıdır: “Sovetlər azərbaycanlılara yazıb-oxumaq öyrətdi, SSRI olmasaydı, hamınız hələ də Novruzəli idiniz”.

Kökündən yanlışdır. Xalq Cümhuriyyəti haqqında bilgisizliyin nəticəsidir.

Baxın, sevgili dostlar...

Xalq Cümhuriyyəti qurulandan cəmi bir ay sonra Xalq Maarifi Nazirliyi yaradıldı. Çox keçmədi, Bakı Dövlət Universitetinin yaradılmasına qərar verildi. Amma çoxumuz bilmirik ki, Bakı Dövlət Universiteti ilə bərabər daha iki ali məktəb - Əkinçilik Institutu ilə Dövlət Konservatoriyası da açılmalı idi, sadəcə, Cümhuriyyətin ömrü çatmadı.

Cümhuriyyət elan olunmasından cəmi 6 ay sonra təhsildə artıq inanılmaz məsafə qət edilmişdi - 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına (həm də məhz dövlət hesabına!) 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi. 

1919-20-ci tədris ilində dünyanın, ən əsası da Avropanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında qərar qəbul edildi, bunun üçün hər tələbəyə 400 frank təqaüd təyin olundu və 1000 frank yol xərci ayrıldı.

Pulu bir kənara qoyaq. Məni duyğulandıran ən çox bilirsinizmi nədir? O tələbələrin xərclərini üzərinə götürməklə kifayətlənməyən Cümhuriyyət böyükləri hər tələbəyə 40 arşın parça, 2 cüt döşəkağı, 2 ədəd əl-üz dəsmalı, 6 ədəd yaylıq... verilməsini də qərara bağlamışdılar.

Həmin tələbələr ali məktəbi bitirdikdən sonra dörd il icbari qaydada Azərbaycan hökumətinin təyinatına əsasən göndərildiyi yerdə işləməli idilər. Amma olmadı. Məlum səbəbdən - işğal üzündən.

Bunlar cəmi 23 aya sığışdırılmış addımların sadəcə, bir qismi idi. Hamısını sadalamaq üçün yerimiz azdır.

Elə isə indi çıxıb nəyə əsasən demək olar ki, Cümhuriyyət devrilib yerinə sovet hakimiyyəti qurulmasaydı, Azərbaycan bu gün savadsızlıq bataqlığında boğulurdu? Falçılıq nəyə lazım, faktlar ortada deyilmi? Cümhuriyyətin haqqını yemək bu qədər asandırmı?

Yeri gəlsə, Sovetlərin azərbaycanlılara və başqa xalqlara yazıb-oxumaq öyrətməsi haqqında deyilənlər də çox şişirdilir, mifləşdirilir. Bu tezisdən yapışanlar unutmasın: bəli, Sovetlər yazıb-oxumaq öyrədirdi, amma nəzərə alın ki, nəyi yazıb-oxumağı da öyrədirdi. 

Ümumiyyətlə, biz niyə onu da dartışmırıq ki, fikir, ifadə, söz azadlığının olmadığı bir mühitdə insanlara yazıb-oxumaq öyrədilməsi hara qədər əhəmiyyətli, nə qədər funksional ola bilərdi?

Mən Cümhuriyyətin haqqını yeyənlərdən fərqli olaraq, Sovetlərin haqqını yemək istəməzdim, amma bir az da insaflı olmaq lazımdır. Əgər kimlərsə təxminlərlə, ehtimallarla danışır və “SSRI olmasaydı, biz indi yazıb-oxumağı bilmirdik” deyir, dediklərində də iki ayağını bir başmağa dirəyib, israr edirsə, etsin.

O zaman mən də öz təxminimi, ehtimalımı deyirəm: “Cümhuriyyət qalsaydı, biz indi təhsildə, elmdə qat-qat irəlidə idik, Avropa, Qərb standartlarını çoxdan yaxalamışdıq, bəlkə bir Nobel ödülümüz belə, vardı!”.

Di hı!

Elnur Astanbəyli

"Azadlıq"

Kultura.az | Developed by Samir Yahyazade