Hədəf bir olanda...

Zaur QURBANLI

 

O zaman bu videoda diqqətimi bir şey çəkdi: ictimai sektorda etirazçı gənclər kimi tanınanlar hamısı sözü bir yerə qoyub aralarındakı umu-küsüyə baxmayaraq, vahid hədəfə qarşı kökləndilər. Həmin kadrda iştirak edən gənclərin əksəriyyətini tanıyıram və bilirəm ki, onlar bəzən öz aralarında təhqirə qədər gedib çıxan gərginlik yaşayıblar. Lakin vahid düşmənə – oğru və quldurların hakimiyyətinin yaltaq məddahlarına qarşı mübarizə hər birimizi birləşdirmişdi.

Bu günlərdə yenə belə vəziyyət yarandı. Bakının mərkəzində - Fəvvarələr meydanında yerləşən “Araz” kinoteatrının yaxınlığındakı “Araz” kafesi son vaxtlar ictimai sektor nümayəndələri olan azad fikirli gənclərə qarşı ayrıseçkilik edir. Belə ki, müdiriyyət və ofisiantlar bildirirlər ki, “Bizə hakimiyyətdən tapşırıblar ki, sizi bura buraxmayaq. Amma biz sizə güzəşt edirik, gəlib oturursunuz.” Bu minnət azmış kimi ofisiantlar da məhz ictimai sektorun aktiv gənclərinə xidmətin keyfiyyətini aşağı salıblar, bu keyfiyyətsizlik verilən yeməklərə qədər sirayət edib.

Nəhayət son olaraq ictimai sektor yenə “Bloqosfer-2” tədbirində olduğu kimi vahid məqsəd uğrunda birləşib “Araz” kafesini boykot etməyə qərar verdi. Təxmini hesablamalara görə bu boykota görə “Araz” kafesi hər aya 12-15 min manat itirəcək.

Hakimiyyətin ən aşağı səviyyəli siyasi sifarişlər verməsi öz mahiyyətinə uyğundur, zatən günəmuzd işləyən fəhləni mitinqə çıxdığına görə işdən qovanlardan bundan artığını gözləmək olmaz. Bu barədə məni maraqlandıran, hakimiyyətin mövqeyindən daha çox qarşı tərəfin cavabıdır. Bir-biri ilə kəskin münasibəti olan gənclərdən tutmuş yaxın dost olanlara qədər bütün ictimai sektor vahid düşmənə qarşı birləşə bilirlər.

Bu, sübut edir ki, xırda narazılıqlar, birləşmək səylərinin bəzən uğursuzluğa uğraması və s. keçicidir. Nə zaman ki, qarşımızda despotik rejimi, son qəpiyimizə, son azadlığımıza qədər bizi soymağı qarşısına məqsəd qoyan oğru və quldurları görürük, o zaman birləşə bilirik. İndi ictimai sektor xalq hərəkatı deyil, aktivistlər hərəkatıdır, amma “Bloqosfer-2”, “Araz” kafesi hadisələri sübut edir ki, bu aktivistlər xalq hərəkatını formalaşdırmaq üçün kifayət qədər ideoloji bazaya malikdirlər, nəyə qarşı, niyə mübarizə apardıqlarını bilirlər.

Ola bilər ki, bu boykot kampaniyası kafeyə, hakimiyyətə o qədər ziyan vurmasın, amma bu kampaniya bizə gücümüzü bilməyə imkan verir və nümayiş etdirir ki, hakimiyyətin “parçalanmış” kimi təqdim etdiyi qüvvələr əslində vahid gücdürlər və lazımi anda bir hədəfə həlledici zərbə vurmaq iqtidarındadırlar. 

Ruaz Nabruq

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade