post-title

Əyri musiqi industriyası

Bu yaxınlarda bir musiqiçi - kolleqam mənə qəribə əhvalat danışdı. Demək, onun bir tanışı, gənc skripka müəllimi musiqi məktəbindəki şagirdlərindən birinin barmaqlarının qalın olduğunu sezir, onun valideynlərinə məsləhət görür ki, uşaqlarını violonçel sinfinə qoysunlar.

 

Valideynlər uşağın skripkasını satır, əvəzinə violonçel alırlar. Bir müddət sonra nə olur, nə olmur, valideynləri nə eşidir-nə eşitmir, gəlirlər təzədən bu skripka müəlliminin yanına. Deyirlər ki, qaytar uşağımızın skripkasını, biz istəmirik oğlumuz violonçel çalsın.

Nəsə, çox başınızı ağrıtmayım, bundan sonra da xeyli qanqaraldıcı hadisələr baş verir.

Əslində tərəflərin hər ikisi haqlıdır: müəllim şagirdinin bu barmaqla skripka çala biləcəyinin çətin olduğunu bilir və onun gələcəyini düşünür. Elə valideyn də övladının gələcəyini düşünür: skripkaçalana orkestrdə, məktəb iş olmasa da bədəbəddə toyda iş tapılır (artıq uzun illərdir ki, skripka aləti toy musiqi dəstəsində öz yerini tutub). Nəinki bədəbəddə. Toy ifaçısı orkestr ifaçısından və yaxud musiqi müəllimindən çox qazanır.

Bəs problem haradadırʔ Məncə musiqi infrastrukturunun düz olmamasında. Yəni ki, əyriliyində.

Bu qədər yeni iş yerlərinin açılmasından danışırlar, onların arasında musiqiçilər varmı görəsənʔ Son illərdə yeni orkestr yarandığı xəbəri eşitmisinizmiʔ Mən eşitməmişəm.

Xatırlayıram ki, Bakı Musiqi Akademiyasında oxuduğum illərdə də (5-10 il əvvəl) arada bir neçə il violonçel sinfinə heç kim sənət vermədi. Demək Rostropoviçin bakılı olması, onun şərəfinə bu qədər konsert-festivalların təşkili də xalqımızda violonçelə bir simpatiya yaratmayıb. İşsiz, ac-susuz violonçel çalanın nə vecinə Rostropoviç harada doğulub..

Təsəvvür edin, bu boyda ölkənin cəmi bir dənə dişə dəyiləsi orketri var (Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri), onun da musiqiçiləri həmişə maaşdan şikayətçidir.

Bir neçə dənə də başqa orkestr var (Teleradionun, Opera və Balet teatrının və s.), amma onların heç birinin nə konsert ardıcıllığı, nə də proqram səviyyəsi heç Dövlət Simfonik orkestrinə çatmır, o da qala dünyadakı simfonik orkestrlərə.

Mən demirəm bu vəziyyət ən pisdi, əlbəttə Afrikada, Asiyada elə dövlətlər var ki, heç bir dənə də olsun orkestrləri yoxdur. Amma özümüzü geridəqalmış ölkələrlə müqayisə etsək, onda gərək gələcək inkişafımız barədə heç düşünməyək.

İndi gərək seçim edək: bizi bu vəziyyət qane edirsə, onda gərək musiqi məktəblərinin sayında və şagird qəbulunda ixtisarlar edək ki, təklif tələbə cavab versin. Yoxsa belə çıxacaq ki, insanlara təhsil (o da hələ aşağı keyfiyyətli) verib, sonra allahın ümidinə göndəririk, gedirlər.

Yox, əgər vəziyyət bizi qane etmir deyiriksə, onda gərək yeni-yeni orkestrlər açaq, orada işləyən musiqiçilərin də maaşını qaldıraq.

Gəncədə, Şəkidə və başqa şəhərlərdə də orkestrlər olmalıdır. Lap qoy dinləyicisi bir müddət az olsun, amma sonralar nisbətən də olsa çoxalacaq.

Aydındır, bu heç gəlirli sahə deyil, mən eşitdiyimə görə Filarmoniyanın bir konsertdə işığa sərf etdiyi vəsait bütün ilboyu satılan biletlərdən gələn vəsaitdən çoxdur.

Amma bu iş, incəsənətin bu sahəsi demək olar dünyanın hər yerində dotasiya ilə saxlanılır. Hər bir ölkədə fəliyyət göstərən simfonik orkestrlərin sayı o ölkənin mədəni halının göstəricilərindən biridir. (Yox, əgər illah ki, "mədəni olmayacağıq, indiki halımız bəs edər" deyirsinizsə, bu ayrı məsələ.)

Hətta dünyadakı (şərq ölkəsi sayılan Türkiyədə belə) bir çox bankların, şirkətlərin simfonik orkestrləri var: onlar bununla mədəniyyətə qayğı göstərmiş, mədəni insanlara iş tapılmasına kömək etmiş olurlar.

Çox qəribədir, bütün dünyada özünü elitar, yüksək cəmiyyət hesab edən adamlar, hətta mafiozlar-filanlar simfonik, uzağı caz musiqisi pərəstişkarı olur, amma bizimkilərin musiqi zövqü toyda çalınan sadə zəhmətkeşlərin musiqisindən o tərəfə getmir ki, getmir.

Firudin Allahverdi

Gündəlik Teleqraf

Yuxarı