post-title

İtirilmiş həqiqət (sonu)

III Lakeylərin hökmranlığı.

 

Əvvəli

İnsan təbiəti etibariylə - Yaradıcıdır.  Yaradıcılıq üçün ən əsas şərt – Azadlıqdır. Ancaq azad insan həyata yaradıcı yanaşa bilər. Ancaq azad insan həyatı gözəlləşdirmək, xeyrə yönəltmək, bununla da  insanın mənlik və ləyaqətini ucaltmaq iqtidarındadır. 

Azadlıq deyəndə ilk olaraq Vicdan azadlığı başa düşülür. Yalnız vicdan azadlığı olan yerdə başqa azadlıqlar da ola bilər. Vicdansızlıq hökm sürən yerdə heç bir azadlıq ola bilməz. Orda ancaq yalançılıq, saxtakarlıq, qanunsuzluq, zorakarlıq inkişaf edə bilər. Vicdan azadlığı, elədiyin hər  iş və əmələ görə məsuliyyətdir, cavabdehlikdir. Birinci növbədə öz vicdanın qarşısinda məsuliyyət. Mənlik, ləyaqət hissi də məhz bundan sonra yaranır. Bəziləri yekəbaşlığı, mənəm-mənəmliyi, yekəxanalığı  mənlik və ləyaqətlə qarışdırırlar. Ancaq onlar çox böyük səhv edirlər. Günlərin bir günü onlar bunu dərk etmək məcburiyyətində olacaqlar.

Bəli, vicdansızlıq hökm sürən yerdə çörək, çörəkçidə olmur və ona görə də o məmləkətdə çörəyin dadı da olmur. Özü də o çörəyi yeyən kimi dönüb olursan üç nöqtə. Dərd orasındadır ki, bu saman dadı verən çörəyi, daha doğrusu, süfrə artığını, -  sənə zorla yedirtmək istəyirlər. Sən də müqavimət göstərəndə, səndən inciyirlər, işlər olur fırığ, necə deyərlər xiyar əyri bitir. Deyirlər ki, “yesən də budu, yeməsən də! Takşto gəl sən, ye!”

Ən böyük dərd orasındadır ki, bu yemləmə - yedizdirmə işinə sənət adamları qoşulur. Bu mikrafonugöyçəklər,  ucdantutma müqtədir-korifeylər... Nə isə!

Qətiyyətlə deyə bilərəm ki, bu zorla xiyar yemləmə-yedizdirmə əməliyyatında iştirak edən sənət adamları çoxdan ölüblər heç özlərinin də xəbəri yoxdur. Ölüblər deyəndə ki, xiyarlaşıblar. Onu da deyim ki, istedadsız insan yoxdur, yerində olmayan insan var. Bütün insanlar nədəsə istedadlıdırlar və onlar öz istedadlarına uyğun yerdə olanda həm özləri xoşbəxt olurlar, həm ətrafdakıları xoşbəxt edirlər. Cəmiyyətin quruluşu ədalətli olanda bu cür insanların sayı artır və cəmiyyət də gözəlləşir. 

Problem onda başlayır ki, vicdanın, haqqın səsi boğulur. Sənətkar haqqın səsinə xəyanət edə-edə, haqqın səsini çatdıran simasında görünmək istəyr. Bu,  misi qızıl yerinə dürtüşdürmək istəyidir. Yəni, adicə fırıldaqçılıqdır. Və bu andan mənəviyyatda çevrilmə başlayır. Sənət yoluyla avtoritet qazana bilməyən sənətkar  mənsəb, vəzifə, səlahiyyət sahibi omağa can atır. Özü də vəhşi bir ehtirasla. O hamını və hər şeyi satmağa hazır olur, təki nüfuzu olsun. Bu prosesin çox maraqlı mərhələləri var: mənsəb, vəzifə, səlahiyyət artdıqca, ləyaqət, mənlik azalır, yox olur və bunula da paralel olan-qalan istedad da boğulur, ölür. Əvvəldə qeyd etdiyim kimi xiyarlaşma başlayır. 

Artıq xiyarlaşmış sənət adamının geriyə yolu qalmır. Dəhşət bundan sonra başlayır. Bu yaradıcılıqdan qısır qalanlar ilk növbədə istedadlı və azad adamların qəniminə çevrilirlər. Bulqakovun “İt ürəyi” romanında çox dahiyanə bir epizod var :  Tibbi ekperiment nəticəsində adi itdən insana çevrilmiş Şarikov yerli bolşevik komitəsinin üzvləri ilə ərazini pişiklərdən təmizləmə əməliyyatında iştirak edir. Pişikləri axtarmaq üçün onun göstərdiyi istiqamət komitə üzvlərinin təəccübünə səbəb olur. Ondan soruşurlar ki, hardan bilirsən orda pişik var? O, bir azdan baş verəcək  divantutma aktının ləzzətini yaşaya-yaşaya cavab verir: - Mən onları ürəyimlə duyuram!  

Azadlığı yaşadanlara lakeylərin patoloji nifrətini əks etdirən bu dahiyanə təsvir bütün zaman və məkanlara aiddir.

Azərbaycan cəmiyyətində maraqlı bir mənzərə var. Incəsənət aləmində məmulaşmağa kütləvi bir meyl müşahidə olunur. Incəsənət adamları məmur səlahiyyətləri qazanmağa, hakim dairələrdə təmsil olunmağa can atırlar. Bunun ən əsas səbəbi odur ki,  istənilən sənət əsərinin qiyməti və istənilən sənətkarın nüfuzu hakim dairələrə yaxınlığı ilə ölçülür. Bu, xiyarı zorla yedirtməyin bir metodudur. Bu Motsartların yox, onu zəhərləyib öldürən Salyerilərin təntənəsidir. Bu, lakeylərin hökmranlığıdır.

Ancaq əsl həqiqət dahi Füzuli dediyi kimidir:

“Ol pərivəş kim məlahət mülkünün sultanıdır,

Hökm onun hökmüdürür, fərman onun fərmanıdır!”

IV

Torpağın sahibi.

Yaradıcılıq prossesi nə qədər ağrılı mərhələlərdən keçsə də, yaradıcı insan üçün ondan böyük zövq ola bilməz. Özü də vacib deyil ki, bu nümunə dünya şedevrləri sırasına daxil olsun. Yetər ki, haqqa zidd olmasın, professional olsun.

Bu gün haqqın yox, zorun tərəfində olmaq adi haldır. Bu mənəvi aşınma bütün sahələrdə professionallıq baxımından yarımçıqlıq, səviyyəsizliklə paralel gedir. Bu prosseslər bir-birindən ayrılmazdır.  Ən böyük haqsızlıq elə qeyri-professionalların iş başında olmasıdır. Zorakılıq elə burdan başlayır. Mənlık, ləyaqət də burdan tapdanmağa başlayır.

Bəzi şeylər mənə çox qəribə görsənir. Bax, XIX əsrin axırları XX əsrin əvvəlləri Bakı, Abşeron yarmadası neft bumu yaşayırdı və Rusiya imperiyasının ucqar bir əyaləti sayılırdı. Azərbaycanda professional teatrın və kinonun yaranması bu dövrlə bağlıdır. Çox qəribədir ölkəmiz müstəmləkə şəraitində yaşayanda teatr binaları tikilirdi, yeni truppalar yaranırdı, kino sürətlə inkişaf edirdi. Bu gün teatrlar birləşdirilmək adıyla bağlanır, yeni binalar tikilmir, köhnələri isə fasiləsiz olaraq təmir olunur, teatr truppalarının bu üzdən normal iş şəraiti pozulur və onlar tədricən deqradasiyaya uğrayır. Kinostudiyanin vəziyyəti isə dəhşətli dərəcədə acınacaqlıdır. Sovet dövründə “Azərbaycanfilm” kinostudiyası üçün ayrılmış çox geniş bir sahə bu gün sektorlara bölünüb göydələnlər tikilir, ancaq kinostudiyanın öz binası bərbad vəziyyətdədir, adam binaya daxil olmağa iyrənir. Əcəba, prosses tərsinəmi gedir?!

Elə bircə teatrların inkişafında Bakı milyonçularının gördüyü işə görə onlara möhtəşəm bir heykəl ucaldılmalıdır.  Xırdalığa varmadan böyük bir məsələni nəzərə çatdırmaq istəyirəm. O dövrdəki milyonçular üzdə idi, qanunla tanınmışdılar. Yəni, rüşvət və korrupsiya hesabına milyonlar mənimsəyib gizlənmirdilər. Ona görə mənlik və ləyaqətlə bağlı problemləri indiki qədər acınacaqlı deyildi.  Bir təsəvvür edin, həyətindən neft fontanı vuran adam dönüb olurdu bu sərvətin sahibkarı!!! Amma indi əhalinin böyük bir hissəsi, heç öz evinin sahibkarı deyil, necə deyərlər, “qanunsuz tikilidə” oturub buldozeri gözləyir. Indi özünüz müqayisə edin: o - müstəmləkə dövrü, bü- müstəqillik dövrü!

Indi siz bir milyonçu göstərə bilərsinizmi ki, xalq tərəfindən rəğbətlə qarşılansın?! Axı, bazar iqtisadiyyatı milyonçuların olmasını, rəsmi tanınmasını, cəmiyyətdə hörmətlə qarşılanmasını zəruri edir. Hamı kölgədədir, xəlvətdədir. Milyonlarla pulu, digər vəsaiti olan var, ancaq milyonçu olan yoxdur. Ölkənin varlı olması onun vətəndaşlarının varlı olması deməkdir. Məsələ heç də varın az-çoxluğunda deyil. Məsələ hər işin şəffaf olmasındadır, mənlik və ləyaqətin tapdanmamasında, təmiz, sağlam rəqabətin bərqərar olmasındadır.

Bu günkü dəbdəbə görməmişlıyi, harınlıq təbii sərvətimiz olan neft və qazın hesabınadır. Burda iqtisadiyyatın düzgün və rasional qurulmağı haqda söhbətin yeri yoxdur. Yaşadığımız ərazidə neft, qaz və sair sərvətin olmasında heç birimizin nə rolu var, nə də əməyi! Bununla fəxr etmək gülüncdür. Millət vəkilinin “30 milyon Almaniya üçün böyük puldur, bizim üçün böyük pul deyil” deməsi tərbiyəsizlikdir. Imkansızlıqdan həkimə getməyən, dərman pulu tapmayanların yüz minlərlə olduğu bir zamanda buna başqa nə ad verəsən?

Bütün bunlar ona görə baş verir ki, çörək çörəkçidə deyil.

Evi başına uçurdulanların faciəsi, cəbhə bölgəsindən hər gün əsgər və zabitlərin düşmən gülləsindən, ordudakı nizam-intizamsızlıqda ölməsi və bunun adi hala çevrilməsi, jurnalistlərin qətlə yetirilməsi, azad fikir sahiblərinin işkəncə və zorakiliğa məruz qalması, saysız digər faciələr bütün obyektivliyi ilə aşkarlanmasa inkişaf əvəzinə tənəzzülə uğrayacağıq. Özü də bu mövzular kitaba, ekrana, səhnəyə köçməyənə qədər, incəsənətin inkişafı mümkünsüzdür. Bilirsiz Üzeyir Mehdizadə adlı fenomenin əsl səbəbi nədir? Rəsmi sənət nümunələrinin əttökən mövzusuna kortəbii etiraz. Xalq səmimiliyi girdirməçilikdən çox gözəl ayrır!

Birdəfəlik anlamaq lazımdır ki, bu günümüzün ən böyük problemi - ərazi bütövlüyümüzun bərpası - Azərbaycan vətəndaşının mənlik və ləyaqətinin bütövlüyündən keçir! Bu yolda siyasi, iqtisadi amillər nə qədər böyük rol oynayırsa, incəsənət də o qədər, bəlkə bir az da artıq  rol oynayır. Azərbaycan vətəndaşının mənliyini, ləyaqətini alçaldan, haqqını, hüququnu tapdayan istənilən əməl düşmən əməlidir, ərazi bütövlüyünün əleyhinə yonəlmiş xidmətdir. Hər bir Azərbaycan vətəndaşı o vaxt Azərbaycanlı olmağı ilə fəxr edəcək ki, özünü bu torpağın, dövlətin sahibi kimi hiss etsin!

Vaqif Azəryar

Kultura.Az

Yuxarı