post-title

Uğurlu məğlub əsər – “Pal küçəsinin oğlanları”

Ramil Səfərovun tərcüməsində Ferens Molnarın “Pal küçəsinin oğlanları” əsərini yenicə bitirdim. Təsirləndim – həm əsərdən, həm də tərcüməçidən.

 

Əsərə başlayanda bunun bir uşaq ədəbiyyatı olduğunu, yalnız tərcüməçinin xətrinə oxuduğumu düşündüm. Amma əsərin sonuna gəldikcə yanıldığımı anladım və tərcüməçinin seçimini yanlış anladığım qərarına gəldim.

Əsərdə zahirən baxdıqda 2 məhlənin azyaşlı uşaqları arasında oyun meydançası üstündə düşən davadan bəhs edilir. Amma bunun üzərində elə dərin mətləblər izah olunur ki, mən “Pal küçəsinin oğlanları”nı sevimli əsərlərim sırasına daxil etdim. Əsər 1907-ci ildə yazılmaqla dövrünün beynəlxalq siyasi vəziyyətinə cavab verir. 2 dünya müharibəsi öncəsi Avropada vəziyyət savaş əhval-ruhiyyəsində idi. Qitənin mərkəzi olan Macarıstan o vaxt Avstriya-Macarıstan imperiyasının tərkibində olmaqla baş verəcək istənilən müharibədə əsas iştirakçılardan olacaqdı. F.Molnar hələ dünya müharibələri olmamış uzaqgörənliklə müharibənin ağır nəticələrini obrazlı şəkildə göstərmişdir.

Əsərdə bəhs olunan uşaqların yaratdığı dəstələr hərbi qaydada idarə olunur və sonda “müharibə” düşür. Bir dəstə - Qırmızıköynəklilər digər dəstənin – Pal küçəsinin oğlanlarının ərazisinə hücum edir. Maraqlıdır ki, Pal küçəsinin oğlanlarının dəstəsində 1 nəfərdən başqa hər kəsin zabit rütbəsi var. Ernö Nemeçek ordunun yeganə sıravisidir. Fədakarlıqları, qəhrəmanlıqları da Nemeçek edir və bu fədakarlığına görə sonda xəstələnib ölür. Bu ölümlə əsərə çox böyük məna yüklənib.

Müharibə nəticəsində sıravi ölür və yalnız zabitlər sağ qalır. Bir sıravinin fədakarlığı ilə düşmən dəstənin başçısı da mərd davranır, satqın öz səhvini başa düşür. Yəni xalqı təmsil edən Nemeçek öz sadəliyi, saflığı ilə cəmiyyətdəki eybəcərliklərin öhdəsindən gələ bilir, hətta uğrunda mübarizə apardığı dəyərlərdən kənar olan şəxslərin sayı ondan qat-qat çox olsa da. Nemeçekin ölümü ilə müharibənin nə qədər mənasız bir şey olduğu, qorunan vətənin də sıravi adlandırılan xalqdan – insandan daha dəyərsiz olduğu ön plana çəkilir.

Əsərin sonunda Nemeçekin can vermə səhnəsi kulminasiyadır. Dərzi atasının kasıb evinə gələn zəngin məmur pencəyinin tikilməsini sifariş verir. Bu zaman dialoqların qarşılaşdırılması möhtəşəm alınıb və sıravi, kasıb, zəhmətkeş xalqın harınlamış yuxarı təbəqələr qarşısında necə rəzil durumda olduğu göstərilir.

“Müharibə”dən sonra uşaq dəstələrindən biri tutduqları ərazidən qovulurlar, Nemeçekin ölümündən sonra isə cəsrətlə qorunmuş ərazi uşaqların əlindən alınır və oxucu müharibənin nə uğrunda aparılmasından asılı olmayaraq ən adi bir əsgərin həyatının daha qiymətli olması fikrinə inandırılır.

F.Molnar Avropada müharibə təhlükəsini görərək, əsərində müharibənin mənasız olduğunu, insanların hamısının bir-biri ilə yola gedə biləcəklərini göstərir. Müharibəni təsvir edərkən də, ədalətli müharibə kimi görür bunu – düşmənlər bir-birinin nümayəndələrinə hörmət edirlər, adətən döyüş qaydalarını pozmurlar, qəhrəman, düşmən olduqda belə ona hörmət olunur. F.Molnar hətta belə ədalətli qaydalarla oynanılan müharibənin də əleyhinə çıxıb və insanları savaşdan çəkindirmək istəyib.

Lakin 1907-ci ildə əsəri oxuyan uşaqların bir az sonra böyüyüb I Dünya Müharibəsində iştirak edən, II Dünya Müharibəsini isə törədən nəsil olduqlarını gördükdə, F.Molnarın öz əsəri ilə hədəflədiyi məqsədlərə çatmamasını görə bilərik. Bu əsər satılmasında, məşhurluğunda müvəffəqiyyət qazana bilər və qazanıb da, amma qarşısına qoyduğu məqsədlərdə uğursuzluğa uğrayıb. Bu əsəri oxuyan uşaqlar əsərdə təsvir olunan ədalətli müharibə qaydalarından uzaq vəhşi və dəhşətli 2 müharibə törətdilər, bu əsərdən və oradakı dəyərlərdən xəbəri olan insanlar 100 milyonlarla Nemeçeki məhv etdilər. “Pal küçəsinin oğlanları” cəmiyyətə məğlub olub.

Sabirin, Mirzə Cəlilin hələ də Azərbaycanda, Ömər Xəyyamın islam şərqində aktual olması kimi bu əsər də Avropa başda olmaqla bütün dünyada aktualdır və bu aktuallıq insanlığın rüsvayçılığıdır. Hələ də boş, mənasız ideallar uğrunda “zabitlər” planlar qurur, saf, səmimi Nemeçeklər isə daha yüksək ideallar uğrunda mübarizə aparmaq istəyərək, bu mənasız maraqlara qurban gedirlər. Əsərdə müharibəni törədənlər Nemeçek faciəsinə görə utanırlar, amma reallıqda belə deyil, müharibə parazitləri utanmadan, çəkinmədən yenə savaş xəstəliyi yayırlar.

Nemeçek faciələri hələ də davam edir, BMT-də Bokalar, Feri Atslar müzakirələr aparır, Sudanda, Suriyada, Əfqanıstanda isə Nemeçeklər qarışqa kimi qırılırlar.

Bir az da tərcüməçi haqqında. Əsəri Macarıstanda ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan zabiti Ramil Səfərov tərcümə edib. Elə “Ön söz”ü oxuyanda anladım ki, Ramil təsəvvür etdiyimizdən daha dərin adamdır. Etiraf edim ki, mən hərbçinin, cinayətkarın belə “Ön söz” yazacağını gözləmirdim. Əsəri oxuduqdan sonra onun tərcüməsində Ramilin məqsədlərini düşündüm və bu adama hörmətim qat-qat artdı. 30 illik əfv qadağası olaraq ömürlük məhbəsə məhkum edilmiş bir adam orda da Azərbaycanı düşünür, bu dildə danışan uşaqlara müharibənin nə olduğunu başa salmaq istəyir, bu uşaqları saf, təmiz, səmimi, cəsur, mübariz olmağa səsləyir, çalışır ki, həmvətənləri, o cümlədən Azərbaycan uşaqları anlasınlar ki, vətən uğrunda necə böyük qurbanlar vermək olar, amma tək bir insanın dəyəri bütün bunlardan yuxarıda durur.

Mən Ramilin əsər seçiminə, onun ideallarına, dözümünə, maarifçiliyinə, vətənpərvərliyinə, humanizminə heyranam. Mən indi əminəm ki, o, cinayəti törədərkən affektdə olub. İnsana bu qədər yüksək dəyər verən biri belə cinayəti öz ağlı ilə törədə bilməz.

Əsəri oxuyanda oxucu adətən müəlliflə danışır, amma mən bu əsəri oxuduqca Ramillə danışdığımı hiss edirdim. Müəllifin dəyərliliyi bir tərəfdən, tərcüməçinin müharibə adamı, hərbçi ola-ola bu qədər humanist olması da bir tərəfdən əsəri mənə sevdirdi. Hazırkı vəziyyətdə Azərbaycan və Ermənistan vətəndaşlarının oxumağa borclu olduğu əsərdir.

Ruaz Nabruq

Kultura.Az

Yuxarı