Şəriətə və diktaturaya qarşı silah: modernist türk millətçiliyi

Dilqəm Əhməd

 

Bu fikir Azərbaycan gerçəkliyinə də aiddir. Diqqət etsəniz, ölkədə müxalifət liderləri haqqında azad söz deyildiyində kütləvi şəkildə hücuma məruz qalırsan və ardınca əndərabadi iddialar ortalığa atılır. Çünki o insanlar üçün partiyanın daşıdığı dəyərlər deyil, liderin özü önəmlidir. Məhz buna görə də, həmin liderləri partiyadan ayırsaq, partiyadan, partiyanın ideologiyasından heç nə qalmayacağı aşkardır. İsa Qəmbərsiz Müsavatı, Əli Kərimlisiz AXCP-ni kim təsəvvür edə bilir? Hakim partiya da İlham Əliyevdən başqa hansısa lider çıxara bilmir. Bütün bunların kökündə yatan bir səbəb var: yarımçıqlıq. 

Diqqət edin, Hillari Klintonun sonuncu səfərindən sonra müxalifətlə görüşməməsi nəticəsində müxalif cameədə antiamerikançı düşüncələr peyda oldu. 

Amerikaya olan sədaqət, Qərb dəyərlərinə olan inam bir səfərlə sarsılacaq qədər qeyri-səmimidirmi? 

Mövzuya girişimiz uzun oldu, amma bunları yazmadan türk millətçiliyinin bu gün hansı mərhələdə köməyimizə çata biləcəyini anlamağımız çətin olacaqdır. Tehranın Təbrizin yumruğu ilə deyil, ABŞ-ın raketləri ilə dağılacağı gerçəkliyini qəbul etmədiyimiz təqdirdə eyforik həyat tərzi sürməməyimiz üçün türk millətçiliyinin hansı formada köməyimizə gələ biləcəyini düşünməyimiz lazımdır. Həmçinin müxalifətin mühafizəkar-şəriətçi qüvvələrdən azad olunmasında millətçiliyin hansı rol oynayacağına diqqət etməmiz gərəklidir. 

Bu baxımdan öncə anlayışlara diqqət etməyimiz lazımdır. 

 

Millətçilik nədir və sosioloji dayaqları necədir?

 

Hans Kohn- Amerikan filosofu və tarixçisidir. 1891-ci ildə Praqada doğulub. “The idea of  natonalism” və digər millətçilik üzərinə yazılmış əsərlərin müəllifidir, bu mövzuda araşdırma aparan ilk şəxslərdəndir. Kohna görə, millətçilik qərbli (iradi) və şərqli (bioloji) olaraq iki yerə ayrılır. 

Bioloji millətçilik (primordializm)- primordialistlərə görə millət anlayışı əzəlidir, tarixin ilkin dövrlərinə bağlıdır, genetik amillərə və mədəni dəyərlərə söykənir. İnsanların eyni qanı daşımayan, eyni ərazini bölüşməyən, eyni dildə, dində olmayanları özündən kənarlaşdırmasını təbiətdən qaynaqlanan hal hesab edirlər, hətta müasir dövrdə millətlər arasında olan fərqliliklərin kökündə də təbiətdən gələn “biz” və “özgələr” anlayışlarının dayandığını qeyd edirlər. Primordializm terminini ilk dəfə Eduard Şils işlədib.

Perennializm- bu görüşü dəstəkləyənlərə görə millətlər həm qədim, həm də daimidirlər. Yəni millətlər insan cəmiyyəti mövcud olduqca olacaqlar, bəzən itəcəklər, yox olacaqlar və yenidən var olacaqlar. Yəhudilər kimi.

Modernist millətçilik- Modernistlərə görə, millət anlayışı, millətçilik fransız inqilabından başlayaraq sənayeləşmə dönəminin məhsuludur və əslində millət millətçiliyi deyil, millətçilik milləti yaradıb. Azərbaycan tarixinə müraciət etsək çarizmin işğalına qədər Azərbaycanda hansısa vahid millətdən danışmaq mümkünsüzdür. Orta əsrlərin ən böyük feodal dövlətlərindən olan Səfəvilər müxtəlif tayfaların birləşməsindən yaranan tipik şərq dövləti idi. Səfəvilərin ardınca Əfşarların süqutundan sonra 30-dan çox xanlığın yaranması millət anlayışının formalaşmadığını göstərdi. Azərbaycanın çar Rusiyası tərəfindən işğalının yalnız bir müsbət tərəfi oldu ki, artıq çarizm süqut etdiyində vahid Azərbaycan milləti var idi. Hacıbəyli və digər aydınlarımız haqlı olaraq Azərbaycanda yaşayan toplumun özünü türk deyil, müsəlman adlandırmasını qınayırdı. Yəni Azərbaycan ərazisində indi bizim anladığımız şəkildə millət anlayışı məhz XIX  əsrdən başlayan 1918-də tamamlanan anlayışdır. Azərbaycan millətinin formalaşmasında maarifçilik hərəkatı, aydınlanma sürəci və bunun sonucunda cumhuriyyətin qurulması önəmli rol oynadı. Bu gerçəkliyi qəbul etmək tarixi keçmişdən imtina deyildir. Etnik kök ilə bu gün bir milləti var edən dəyərlər fərqli olduğuna görə Azərbaycan türkü anlayışı çox qədim, Azərbaycan milləti anlayışı isə xeyli cavandır. 

Etno-simvolik yanaşma- millətçiliyə bu yanaşma tərəfdarları primordialist dəyərləri inkar etməklə millətçiliyi açıqlamanın mümkünsüz olduğunu düşünürlər. Yəni millət anlayışının yalnız sənaye inqilabının, aydınlanmanın məhsulu ola biləcəyini inkar edirlər, hər iki görüş arasında orta bir yol tuturlar. Bu gün millətçiliyə bu cür yanaşma tərzi Güney Azərbayan üçün gərəklidir. Yəni Güney üçün assimilyasiyanın qarşısını almaq üçün etnik kökün vacibliyi düşüncəsi hakim olmalıdır: sadə desək Güney Azərbaycan türkü fars və ya iranlı olmadığını anlamalıdır. Bunun üçün isə haqlı tələbləri olan ana dili, ana dilində televiziya kimi hüquqlarının bərpası yönümündə çalışmalıdır. Həmçinin eyni zamanda modernist millətçilikdə olduğu kimi millətləşməni kapitalizmin və inkişafın doğurduğu, gericiliyə qarşı dirənişin simvolu (fransız inqilabında olduğu kimi) olduğunu anlayaraq Avropamərkəzçi düşüncəyə sahiblənməsi gərəkdir. Məhz etno-simvolik yanaşma həm millətin tarixə kökə bağlılığını gücləndirəcək, həmçinin qərbliləşmə sürəcinə gətirəcəkdir.

 

XXI əsrin əvvəlində millətçilik

 

Hər bir fərd doğularkən müəyyən cinsə aid olduğu kimi öz iradəsi xaricində hər hansı bir topluma aid olur. Bakıda doğulan bir uşaq fransız millətinə məxsus olmadığına görə, Parisdə doğan uşaq da türk millətinə məxsus olmayacaqdır. Qısacası, millətimizi özümüz seçmirik. Buna görə də mədəniyyəti az inkişaf etmiş toplumlarda yetişən intellektual insanlar inkişaf etmiş, yüksək dəyərlərə malik millətlərdən nələrisə öz milləti üçün əxz etməyi daim vacib hesab ediblər. Osmanlı kimi müxtəlif xalqların nümayəndələrinin olduğu imperiya dağılandan sonra Türkiyəni yaradan Atatürkün ikinci işi türk millətini yaratmaq oldu. Atatürkün model olaraq götürdüyü dövlət forması Avropadan gəlirdi, ona görə də Atatürk hər Avropa ölkəsindən bir nümunə götürərək modern bir dövlət yaratdı. Atatürkün Avropadan nəyisə əxz etməsi ilə Atillanın Roma papasını qarşısında diz çökdürməsi arasındakı fərq ancaq tarixin maraqlanacağı bir şeydir. Yəni zamanında türklər Avropada at oynatdı deyə bu gün Avropanın bəşəri dəyərlərindən imtina etmək sadəcə kompleksli düşüncəyə məxsus olan bir haldır. Keçmişi tarixi kimi bilmək, tarix kimi öyrənmək doğrudur, nəinki keçmişi bu günlə qarşılaşdırmaq. 

Millətçilik heç bir zaman məhv olmayacaq. Bu sosioloji bir gerçəklikdir, fəqət anlayışa baxmaq tərzi dəyişməlidir. Azərbaycanda bu gün millətçilik varmı? BİRMƏNALI OLARAQ YOXDUR. Əksini sübut etməyə kimsə çalışmasın. Olmaması doğru bir şeydirmi? Solçular “bəli” cavabını verməyə tələsməsinlər. MÜMKÜNSÜZDÜR.

Artıq əsas mövzuya gələ bilərik. 

 

XXI əsr Azərbaycanda yaşayan türk millətinin dünyada tutduğu yer.

 

Bu gün dünyanı təkcə dövlətlər idarə etmir. İri təşkilatlar, qurumlar dövlət qədər təsirə malikdir. Dünya fərqli axara gedir. Bəşəriyyətin gələcəyi üçün yeni enerji resursları axtarışı davam edir, Avropada yerin altında CERN tədqiqat mərkəzində dünyanın keçmişi və gələcəyi üçün dünyanın bir sıra ölkələrindən seçilmiş alimlər tədqiqat aparır. Mondializm güclənməyə doğru gedir, bunun qarşısında isə kiçik dövlətlər təsir altında qalaraq yox olmağa doğru sürüklənir. Artıq dünyanı Afrikanın ucqarlarında savaşan qəbilələr maraqlandırmır, yeni düzəndə hər bir toplum öz mövcudluğunu qorumağa məcbur hiss buraxılır.

Dünya millətlərin mövcudluğu uğrunda savaşdır. 

Amma bu silahla deyil, yalnız MƏDƏNİYYƏTLƏ mümkün ola biləcək bir şeydir. 

Bu gün Azərbaycanda yaşayan türk milləti bəşəriyyətə nəyi ərməğan edə bilir?

Əsas sual budur. Dünyaya keçmiş tarix ərməğan etmək gülüncdür. Avropanın Roma və Yunan mədəniyyəti kimi əvəzsiz irsi var. Türk millətinin keçmişi, keçmiş zəfərləri bu gün nə Orta Asiyanı, nə də Türkiyəni, nə də Azərbaycanı dəyişdirəcəkdir. XXI əsr Türkiyənin təhsil naziri Ömər Dinçər nə deyir: “Uşaq ərəb hərfləri ilə oxumağı öyrənəcək, amma oxuduğu Quran olacaq. Oxuyacaq, amma anlamayacaq. Zatən Quran oxuyanların böyük bölümü anlamazlar, onu müqəddəs kitab kimi oxuyarlar”. Halbuki Atatürk nə deyirdi: “Bir insanın anlamadığı və bilmədiyi bir şeyə tam ürəkdən inanması imkansızdır”. Ərdoğan açıq şəkildə dindar nəsil yetişdirəcəyini söylədi. Halbuki din fərdi məsələdir, bu nəinki hökumətin, insanın atasının belə qarışmaması gərəkən bir duyğudur. 

 

Modernist türk millətçiliyində din

 

XIX əsrin sonu XX əsrin əvvəllərində türk aydınlarının maraqlı bir tezisi oldu. Hansı ki, bu gün bayrağımızda o tezis əks olunub: Türklük, çağdaşlıq, islamlaşma. Həmin dönəm üçün çox önəmli bir tezis idi. Birinci və sonuncu fikir toplumu birləşdirməyə xidmət edirdisə, ortadakı fikir toplumun gələcəyini şərtləndirirdi. XXI sərdə bu tezisin önəmi nə dərəcədədir? Fikirlər arasında  bir-birini itələyən tərəflər yoxdurmu?

Elə isə bir neçə gün bundan öncə İranın dini lideri Xamneyinin fikrinə diqqət edək: “200 illik dövrdə alçaldıcı Türkmənçay müqaviləsinin, ondan bir qədər əvvəl isə Gülüstan müqaviləsinin bağlanması ilə Qafqazın 17 vilayətini İrandan ayırmışdılar”. 

Gördünüzmü? Və bəla da ondadır ki, “Molla Əli Kərimli” adlı yazımda kimi və o “kim”nin arxasında duran kimlərisə yazdığıma görə hücuma məruz qalırdım.

Əsl bəla ondadır ki, müxalifət liderlərinin ətrafında intellektual, aydın təbəqə olmalı halda qaragüruhçu, şəriətçi qüvvələr mövcuddur. 

Tarix üçün bir həqiqət var: Din hər zaman hakimiyyətlərin vasitəsi olub. Bu gün bu vasitədən ən güclü istifadə edən İrandır. Saf insanlar, əslində isə kor və cahillər bunu anlamayaraq İranı müdafiə edirlər. Bu gün İrandan gələn təhlükənin qarşısını yalnız Avropa dəyərlərinə söykənən modernist türk millətçiliyi ala bilər. O, millətçilik ki mədəniyyətə əsaslansın. Bir millətin ki, modern ədəbiyyatı, musiqisi, operası, baleti, kinosu, teatrı olmadısa, o millətin qafasına orta çağın hakim kəsiləcəyi şübhəsizdir. 

Modernist türk millətçiliyində din fərdi məsələ olmalı, dinin dəyərlərinin dövlətə müdaxiləsi yolverilməzdir. 

 

Modernist türk millətçiliyi üçün bunlar əsasdır.

 

Türk millətinin maarifçilik yolu ilə Avropa fikir arealında özünəməxsus yer tutmasına, bəşər irsinə töhfələr verməsinə nail olmaq.

Türk millətinin yaşadığı dövlətdə millətin inkişafına mane olan hökumətlərə qarşı müxalif olaraq, iqtidarların deyil fərdlərin yanında olmaq

Şəriətçi-mühafizəkar düşüncəyə qarşı mübarizə apararaq yalnız yeniliyin mövcudluq üçün əsas olduğu anlayışını toplumda yer tutmasının önəmini göstərmək.

Türk millətinin bəşəriyətdə sülh tərəfdarı olan millətlərlə dostluq, ərazisinə və dəyərlərinə hücum edənlərlə düşmən münasibətdə qalması düşüncəsinin hakimliyi.

Azərbaycan siyasi və iqtisadi baxımından hökumətin, ideoloji baxımdan isə İranın istilası altındadır. Eynilə bir zamanlar Avropada hökumətin və kilsənin hakimiyyəti kimi. Avropa hər iki bəladan millətləşmə və aydınlanma yolu ilə xilas oldu. Bu baxımdan aydınlanmanı və millətləşməni özündə ehtiva edən modernist türk millətçiliyi görüşü öncə insanlara, sonra siyasətə gətirilməlidir. 

Davamı olacaq...

 

Dilqəm Əhməd ([email protected])

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade