Məhəbbətin öz dili var (Müasir romantika)

Марк ВЕРХОВСКИЙ

 

 

Əlbəttə ki, yerli KİV-dən olan bakılı həmkarları bu cazibədar moskvalının bələdçisi olmaq üçün çox inadla çalışırdılar. Lakin Nataşanın yeni obyektlərlə tanışlıq üsulu yerli bələdçinin iştirakını qəbul etmirdi,çünki onun üsulunun əsas marağı məhz bunda idi.Əsas odur ki,zəhlətökən müşayətçinin iştirakı olmadan,lakin əlində şəhərin görməli yerlərinin xəritəsilə sıfırdan başlamaq.Adətən,bələdçilər təlimatlandırılmış həqiqətləri çatdırmağa çalışırlar,bu məlumatları isə həmin mövzu ətrafında istənilən internet saytının səhifəsindən tapmaq mümkündür.Ona görə də həm özü üçün,həm də oxucu üçün verilmiş obyekt haqqında mülahizələrin ilkin mənbəyi yalnız öz şəxsi rəyi olacaqdır.Tarixi faktları və ehtimalları daha sonra əlavə etmək olar.Bu müstəqil nəticələr çıxarmaq bacarığı dəfələrlə Nataşaya ümidsiz görünən məlumat mənbələrində bir yenilik tapmaqda kömək etmişdir.Beləliklə,həm redaksiya rəhbərliyinin ,həm də oxucuların dərin hörmətini qazanmışdır.Bundan əlavə,həmkarının iştirakı(xüsusilə də bir kişinin), onun daimi qulluğu və bu,nə qədər gözəl cərəyan etsə belə,son məqsədləri onu yatağa çəkmək olduğu üçün əsəbiləşdirir.Bu oyunlar jurnalistika fəaliyyətinin son altı ilində qızı lazımınca bezdirmişdi və ona görə də o,hər hansı bir bələdçidən məqsədyönlü şəkildə canını qurtarmağa çalışırdı.

Nataşa belə qənaətə gəldi ki,bu cənub şəhərində nəyin ona bu cür rahatlıq verdiyini ,nəhayət anlamışdır.Hər bir şəhərdə əsas diqqəti cəlb edən oranın sakinləridir və onlarla ünsiyyətdə qeyri-ixtiyari həmin şəhərin xüsusiyyətləri duyulur.Gözəl baxımlı Avropa şəhərləri,xüsusilə paytaxtlar,öz laqeydliyi və təkəbbürü ilə gözəldilər.Qədim Şərq paytaxtları küylü dilli-dilavərliyi,qızğın əl-qol atmaları və satıcıların vurnuxması ilə yadda qalır.Bakı,jurnalistika nöqteyi-nəzərindən qardaş şəhərlərdən öz təmkini,hörmətcilliyi və xeyirxahlığı ilə seçilirdi.Kişilər,yaşından asılı olmayaraq,ona yol və nəqliyyatda yer verməyə çalışırdılar.Belə bir ənənə bu ölkədə,yəqin ki,matriarxat dövründən qorunub saxlanılırdı.İlk dəfə Nataşa özünü bir qadın deyil,həm də cazibədar qadın kimi hiss edirdi.O,bunu hələ məktəb illərindən, dəyərləndirici baxışlarına öyrəşmiş kişilərin gözündə görürdü,bu,həm də bütün ölkələrin(hətta papuasların belə) hər tərəfində eyni olan qadınların ötəri sancılarında var idi.Amma burada onlar daha rəqabətli və görkəmlidirlər.

Beləliklə,bütün mərkəzdən keçərək,Nataşa,əlindəki xəritənin marşrutunu izləyərək,bu günkü turun başlıca məqsədinə - qədim qalaya çatırdı.Müəllif şəhərin görməli yerlərini sadalamır,çünki inanır ki,prinsipcə,Bakı sakinləri onlarla tanışdır və,təbii ki,yüksək dərəcəli təriflər gözləyirlər.Qala divarları da əyri-üyrü küçələr kimi müxbiri heyran etmədi,çünki səfər etdiyi Avropa və Asiya ölkələrinin bir çox orta əsr şəhərlərində istənilən qədər buna bənzər əmanətlər qorunur.Jurnalist qızın tənqidi nəzərlərindən möhtəşəm və zərif Qız Qalasının bacarıqsız bərpasında yeni yonulmuş saxta qədimiliyə bənzədilən daşlar qaçmadı.Ətrafdakı ev əşyalarının yapılması da ona, həmçinin, son zamanların istehsalı təəssüratını bağışlayırdı.Xəritə-bələdçiyə görə bu günlük Şirvanşahlar sarayına və yaxınlıqdakı hansısa bir muzeyə baş çəkmək qalırdı.

"Aha,bu da muzey!"-deyə Nataşa qalanın sonsuz labirintlərində azmadığına görə sevindi."Miniatür kitablar muzeyi" turist qız anladı,daha doğrusu təxmin etdi.Muzeyə girişin pulsuz olması içində xoş bir duyğu yaratdı.Şübhə ilə muzeyin işçisinə baxaraq və hər-hansı bir qadağan sürprizini gözləyərək,Nataşa muzeyin astanasından içəri adladı.Heç bir məzəmmət eşitmədən o,xırdaca kitablarla dolu tavana qədər düzülmüş iri stendlər olan böyük zala keçdi.Jurnalist qız ilk dəfə idi ki, belə çox miqdarda ,növbəti ziyarətçisini diqqətlə nəzərdən keçirən mini kitablar görürdü.Bu diqqət onu,nədənsə, şənləndirdi və o, qeyri-ixtiyari sakitcə,sanki özü-özünə güldü.Gülüşün cingiltisi xırda dalğalarla muzeyin holluna yayıldı və,bununla,sükutun sehrini pozaraq,muzeyin həmin saata olan ikinci,daha doğrusu birinci ziyarətçisi Elçini dönməyə məcbur etdi.Zira,bu gözəl muzeydə,yəqin ki,bələdçilik edən muzey məmurunu saymasan,onlar iki nəfərdilər.Çoxdan hər hansı bir romantik hissləri gözləyən Nataşaya muzey - orta əsrlər zalı,eksponatlar- əfsanəvi cəvahirat,bələdçi bir pəri,oğlan isə,əlbəttə ki,şahzadə kimi göründü.Həqiqətən,kitabların adları,daha qəribəsi,onların ölçüləri onların mövcudluğu faktının qeyri-reallığına səbəb olurdu. "Pəri", yüngül bir sərbəstliklə, kiçicik ölçülərinə görə bir-birilə işvəli rəqabət aparan miniatürlər haqqında qiymətli məlumatlar "səpirdi". Bu,stellajların vitrini altında yerləşənlər onların ən-ən modabazlarıdır.Onlar Tokioda nəşr olunan 2x2 mm ölçüdə üç unikal mikrokitabı təmsil edirlər: "Rənglərin əlifbası", "Qiymətli daşların simvolikası", "Bürclərin əlamətləri".Onlarla 1964-cü ildə Münxendə nəşr olunmuş 3,5x3,5mm öıçülü 4 mikrokitab rəqabət aparır:"Olimpiya andı", "Bizim atamız" ,"Sevirəm" və "Azadlığın zəngi".Marağın eyforiyasında olan Nataşanın jurnalist təfəkkürü asta-asta öz müstəqil peşəkar araşdırmasına başlayır.Qeyri-ixtiyari yaranmış "müxtəlif əşyaları toplamaqda insanları cəlb edən nədir?" sualı artıq onun fikrindən çıxmırdı.

(Kolleksiya toplama görkəmli psixiatr-alim Ziqmund Freydin ilk təsvirlərinə görə psixoloji funksiyanın kompensasiyasını daşıyır(sublimasiya).Sublimasiya-psixikanın bir müdafiə mexanizmidir ki,yaradıcılıqda sosial qəbul olunmuş məqsədlərə çatmaq üçün yönəldirilmiş enerji vasitəsilə daxili gərginliyi aradan qaldırmaq üsuludur.

Bununla bərabər,kolleksiya toplamanın müsbət tərəfləri olduğu kimi,yüksək əsəb vəziyyətinə keçdikdə,mənfi psixoloji nəticələri də ola bilər.

Kitab həvəskarları arasında nadir miniatür kitablar,xüsusilə populyardır.Miniatür nəşr ölçüsü 76millimerdən çox olmayan kitab hesab olunur.Qədim Romada bir çox kolleksiya toplayanlar var idi. "Kolleksiya"termininin özünü məişətə məşhur natiq,senator Mark Tuliy Siseron daxil etmişdir.Öz çıxışlarının birində o,eyni əşyaların toplanmasını bu sözlə ifadə etmişdir.Bir çox romalı mücavhər daşların toplanması ilə maraqlanırdılar.Ən iri mücavhər kolleksiyası görkəmli sərkərdə Qney Pompeydə idi.Neronun müəllimi,yazıçı və filosof Seneka o dövrə görə böyük kitabxana toplamışdır.

I Pyotoru ilk rus imperator-bibliofili hesab etmək olar).

Nataşanı düşüncələrdən qarşısında peyda olan,hələ muzeyə daxil olarkən,başqa bir adam olmadığından,onun nəzərini cəlb edən qarayanız,uzunsaç oğlan ayırdı.Uzaqdan təbii sarışının saçlarının qeyri adi rəngini seyr edən Elçin,qeyri-ixtiyar "başqa planetlinin" yumçaq səs tembrini dinləyirdi.Bu,alışmadığı uzaq rus dilində danışan qeri-adi suyuşirin qızı daha necə adlandırmaq olardı ki.Onun əsrarəngiz hüsnü ilə cəzb edilən Elçin,sezdirmədən,aralarındakı məsafəni azaldırdı.Yanaşmanı qızın qədd-qamətinin maqnetizmi daha da şiddətləndirirdi və gənc oğlan,hansısa özünə də məlum olmaya şəkildə,getdikcə qıza daha çox yaxınlaşırdı.Nəhayət, Elçin Nataşanın qarşısında dayananda,hər ikisi çəkinmədən biri-birinə dostcasına gülümsədilər.

- Xoşuna gəlir?(Tibe nravisa?)-Oğlan əli ilə ətrafdakı vitrinləri göstərdi.

-Əlbəttə,çox...-oğlanın ərkyana müraciətindən bir az çaşan qız şövqlə cavab verdi.Onun güclü yerli ləhcəsi qızın nəzərindən qaçmadı.

-Mənim də xoşuma gəlir!(Minya toje nravisa!)-Elçin səmimi gülümsəyərək turist qızı söhbətə dəvət etdi.

-Sizin xoşunuza gələn nədir ki?-həmsöhbətinin rus dilinin çox zəif olduğunu görən qız özünü itirdi.

-Tərtibat çox gözəldir!(Oçen dizayn karoşi!)-Oğlan,adəti üzrə uzun saçlarını dala ataraq,heyranlıqla cavab verdi.-Mən Elçinəm!-əlini uzatdı.

-Nataşa,-qız,tərəddüd etmədən özünü təqdim etdi,-Moskvadanam,jurnalistəm.

-Hə...ə,mən isə Gəncədənəm,Bakıda tərtibatçılığı öyrənirəm.İlk dəfədir bu muzeydəyəm.(A...a,ya iz Qyandji,uçus na dizaynera v Baku.Perviy raz zdes muzey)-Elçin rusca bütün söz ehtiyatını yağdırdı.Uzun bir sükut yarandı.Qız,sadəcə ona görə ki,nədən danışacağını və oğlanın onu anlayıb anlamayacağını bilmirdi.Elçin ona görə ki,azərbaycan dilində söyləmək istədiyini ifadə edə bilmirdi.Nəhayət,Nataşa bu suyuşirin tərtibatçıyla uğursuz tanışlığına təəssüflənərək,dönüb ekspozisiyalara tamaşa etməyi davam etdirdi.Elçin özünü itirərək,fikrində növbəti cümləni düşünürdü,lakin çox gec idi-sarışın artıq muzeyin əks tərəfində idi."Eh,axı niyə mən rus dilini öyrənmədim!"-baxmayaraq ki,bu nöqsanda onun günahı yox idi,amma romantik gənc yenə də özünü tənbeh etdi.Artıq uzun müddətdir ki,Gəncədə heç kim rus dilində danışmırdı,və hətta məktəblərdən də o tədricən yox olurdu.Artıq Bakıda Rəssamlıq Akademiyasında oxuyarkən o,rus dilli tələbələrdən bəzi gündəlik ifadələri öyrənmişdi.Milliyətçilərin daim rus dilinin sıxışdırılıb çıxarılması haqqındakı çağırışları,onun bu dilin öyrənilməsinin yararsız olduğu haqqında fikirlərini bir daha təsdiqləyirdi.Bundan əlavə,rus klassik ədəbiyyatının əksəriyyətinin Azərbaycan dilinə yaxşı tərcümələri var idi,incəsənət isə tərcümə tələb etmir.Lakin,bu məlahətli moskvalı qızdan ayrılmaq istəməyən Elçin,artıq nə XVII əsrin nadir Quranını,nə də Nyu Yorkdan gətirilən katolik dua kitabını görmürdü.O,hətta tanınmış rəssama həsr olunmuş kitaba baxmağı belə unutdu,baxmayaraq ki,məhz ona görə o,bu muzeyə gəlmişdi.Onun bütün fikirləri Nataşa ilə yaxından tanış olmaq imkanları ətrafında dolaşırdı."Bəli,sadəcə bir daha onun cingiltili gülüşünü eşitmək".

Amma ağlına bəsit "sən mənim xoşuma gəlirsən,Nataşa" (tı mine nravisa,Nataşa)dan başqa heç nə gəlmirdi.O,əsəbi həyəcanla artıq bu səfeh,lakin həlledici cümləni demək üçün qıza tərəf üz tutanda,onun incə "Qudbay,boy!" kəlməsini eşitdi.Artıq qapıda qız ona əl edib gözdən itdi.Nə isə hələ anlaya bilmədiyi bir şey anidən tərtibatçının başında dolaşdı.Hələ formalaşmamış bir fikir sürətlə zahirə çıxmağı tələb edirdi.Lakin,tezliklə bu "nə isə"dən onun qəlbi atmağa başladı və ağlına gələn ideyadan səbirsizlənərək sıçrayıb,artıq yox olan şahzadənin dalınca cumdu.İki sıçrayışda o,heyrətlənmiş jurnalistə çatdı və birnəfəsə sevinclə qışqırdı:"Du yu spik inqliş?"(siz ingiliscə danışırsınız?)

-"Of kors!"(Əlbəttə!)-bu dillə dünyanın bir çox ölkələrini səyahət etmiş müxbir,düşünmədən cavab verdi.Yalnız indi Elçinin fikri ona aydın oldu-ümumi beynəlxalq ingilis dilinə keçmək.Düzdür,Elçinin ingilis dili daha çox məişət səviyyəsində idi,Nataşa isə istənilən mövzu ətrafında fikrini rahat başa sala bilirdi.Amma,yenə də bu ünsiyyət qurmaq üçün bir dil idi və Elçin,öz tapıntısından sevinərək,Nataşaya dərhal suallar yağdırdı.Tezliklə onlar bir-biri haqqında bir çox təfərrüatları öyrəndilər və onların arasında ən əsası heç birinin nigah bağlarının olmaması idi.Oğlan,sarışından heyran baxışlarını çəkmədən,qızın mavi,Xəzərin rəngində gözlərinin dərinliyinə nüfuz edərək,ona Azərbaycan memarlıq məktəbi və təsviri sənəti haqqında bildiklərini danışmağa başladı.Yalnız indi,yaxından Nataşa onun diqqətli,sevdiyi mövzunun coşqusundan alışan badamı gözlərini gördü."Bax,ünsiyyət dili budur!Mən onu sadəcə yaraşıqlı bir oğlan hesab edirdim,o isə həm də sənətkardır"-məmnunluqla fikrindən keçirdi.Qız bu fikrə gəldi ki,ona oğlanın yalnız canlı və isti ünsiyyəti deyil,həm də yumşaq təbəssümü və,hətta,onun şərhlərini müşayət edən əl-qol hərəkətləri də xoş gəlir.Maraqla dinləyərkən,o,ekskursiyanı Şirvanşahlar sarayına səfərlə davam etdirmək təklifini ancaq duydu.

Razılıq alan kimi,tələbə bilet kassasına cumdu.Burada da,şəhərin başqa muzeylərindəki kimi turist axını yox idi.Bütün pulunu,qiyməti açıq-aşkar şişirdilmiş biletlərə xərcləyən oğlan,qızı təvazökarlıqla saraya keçirtdi."Bəs sonra mən nə ilə ödəyəcəyəm?"-tələbənin fikrindən acı bir həqiqət keçdi.

LAkin,düşünmək üçün vaxt yox idi,Elçin mərhəmətli "şirvanşah" rolunu həyata keçirməli idi,ona görə də o,uzaqdan gəlmiş şahzadəyə əlini uzadaraq,Divanxananın girəcəyindəki pillələri qət edib,saraya tamaşa etməyə başladılar.

Xoşbəxtlikdən Elçin bələdçi rolu üçün hazırlıqlı idi-onun,nəinki saray binalarının tarixi,eyni zamanda,o əsrdə cərəyan edən hadisələr haqqında da məlumatı var idi.Lazımi sözləri tapmaqda çətinlik çəkən məzun tələbə qızın diqqətini ölkəsinin qədim tarixindən maraqlı faktlarla cəlb etməyə çalışırdı.Nataşa yüksək ixtisaslı bələdçinin onun,sən demə,orijinal sipər və gözəl bərpa işlərinin yerinə yetirildiyi qalanın memarlığı haqqındakı təəsüratının dəyişməsinə necə təsir göstərməyinə heyran oldu.Amma o,getdikcə onun qız düşüncələrini daha çox məşqul edən gənc oğlanın lətafətli cazibə amilini nəzərə almamışdı.Gənclər artıq dərk edirdilər ki,mövzuya həvəs,sadəcə olaraq,ünsiyyətləri üçün bir bəhanə idi.Bundan başqa onlar sarayı necə tərk edib bulvara tərəf endiklərini belə hiss etmədilər.Axşam düşmüşdü və şəhəri avqust sonunun sərini bürümüşdü."Venesiya kanallari"nın yanından keçərkən mehin gətirdiyi kababın iyini hiss etdilər.Vəziyyət Elçin üçün təhlükəli olmağa başlamışdı -onun pulu yox idi və bu,oğlanın qürurunu alçaldırdı.Əslində daimi pulsuzluq onun həyat norması idi.Cüzi təqaüd,əlbəttə ona kifayət etmirdi,ona görə də tələbə reklam sifariş etməklə ,və bəxti gətirərsə,kitablara illlyustrasiya verməklə əlavə qazanc əldə edirdi.Tezliklə dərs ili başlayacaqdır və Elçin sentyabr təqaüdünü və,hələ mayda nəşr olunmuə kitabın qonorarını alacağına ümid edirdi.Lakin,hal-hazırda onun cibi boş idi və o,yalnız indi pulsuzluğun dəhşətini hiss etdi.Nə etdiyini dərk etmədən,sanki dumanlı bir halda Nataşanın əlini nəvazişlə tutub,və bundan da onun ürəyi dəhşətlə sinəsindən qopub çıxmağa çalışırdı,onu körpünün üstü ilə kafeteriyaya tərəf apardı.Nataşa vəziyyətin təmtərağına bir az təəccüblənsə də,kasıb tələbənin ardınca getdi.

"Səni kimsə çağırır",-qız ikinci dəfə təkrar etdi və yalnız bu vaxt Elçin "Salam,qardaş! Bizim yanımıza gəl!"-eşitdi. "Batan" cəld səs gələn tərəfə döndü.

Əmioğlu Arif qardaşının qayğı ilə əlindən tutub gətirdiyi bu möcüzəyə heyrətlə baxırdı."Maraqlıdır,o bunu hardan tapib,görəsən?"-Arif həsədlə düşündü.

"Bu da qurtuluş!"-Elçin bir o qədər də sevmədiyi,lakin çox şeyə nail olmuş qardaşına tərəf cumdu.

Artıq beşgündən sonra Nataşanı hava limanında Bakı-Moskva reysinə yola salarkən və onun qıvraq vücudunu özünə sıxarkən Elçin ona,daha çox isə özünə söz verdi ki,nə olursa olsun o,bu qızla yenə də görüşməlidir.Çünki bu qızı yanında görmək indi onun həyatdakı məqsədi idi.

Təyyarədə Nataşa anladı ki,bu alovlu utancaq gənc ona nə qədər əzizdir və təəssüf ki,ayrılarkən söylənilən bu odlu andlar sonradan həyata keçməyən xoş xatirəyə dönür.O,daimi ingilis dilində gərgin ünsiyyətdən özünü bir az yorğun hiss edirdi.Bakıdakı görüşün bir qədər gözlənilməz danışıq vəziyyəti alması məzəli və təəccüblü idi.Bir jurnalist kimi o,artıq bu cür gözəl qeyri-adi tanışlıq faktını hansı nöqteyi-nəzərdən istifadə edə biləcəyini düşünürdü.

Axşamın gec bir saatında Nataşanın kiçik kommunal otağında,yalnız içkili dostların,daha çox isə, onsuz da işi çox olan müxbirlərini əlavə yükləməyi unutmayan ,heç usanmaq bilməyən baş redaktorların rəva gördüyü adi,əsəbi telefon zəngi çaldı.

Lakin xoş bariton ehtiyatlanmış jurnalisti sakitləşdirdi.

-Bu Natalidir?-səs əmin olmağa tələsdi.

-Ola bilər!-Nataşa nazlanaraq etiraf etməyə tələsmədi,eyni zamanda baritonun müəllifini təyin etməyə çalışdı,-bəs belə gec zəng edən kimdir?

-Gözləyin!-abunəçi həyəcanlandı,-Bağışlayın ki,belə gecdir,ancaq mən elə indicə gəlmişəm və hava limanından zəng edirəm!Mən-Elçinəm!

-Elçin?-qız həmin an bakılının tanış utancaq üzünü yadına salıb təəccübləndi.- Amma...axı niyə?...Axı...necə?-Nataşa hələ tam dərk etmədiyi yeni səs intonasiyalarını eşidib çaşdı.

-Bəli-bəli,bu mənəm...Elçin! Salam,Natali! xatırlayırsınızmı,biz keçən yay Bakıda görüşmüşdük.Mən Rəssamlıq Akademiyasını bitirdim və...gəldim-uzaqdan gələn qonaq öz salamlaşmasını bir az tərəddüdlə bitirdi.

-Bəli...Bəli,əlbəttə...xatırlayıram,-Nataşa bu çox tanış adla uyuşmayan yad danışıq intonasiyasını qavramağa nəyin mane olduğunu dərk edə bilmirdi.Səs də,sanki eyni idi,amma orada nə isə yad bir notlar vardı.

-Xatirladınızmı?-rəssam sevindi və Nataşa telefonda onun rahatlıqla dərindən nəfəs aldığını hiss etdi.

"Əlbəttə,bu onun Elçini idi!Axı o,yazmışdı ki,tezliklə gələcək...Bəs burada qəribə olan nədir?-yenə də qızın fikrindən keçdi,nədir axı...nə?"

-Sən hardasan?Tez gəl!-Nataşa təsəvvür edən kimi ki,redaksiyadakı işinin çoxluğuna baxmayaraq,Bakıdan gələndən sonrakı son aylarda daim haqqında düşündüyü adamı görəcək,həyəcanla əmr etdi.

-Good night!-otağa girər-girməz Elçin sanki onların Bakıdakı ayrılıq anlarını xatırlayaraq gülümsündü.

-Nəhayət! Mən bu anı elə gözləyirdim ki!-Və Elçin nəvazişlə qızın çiyinlərindən tutub,yuxuda və gerçəkdə gördüyü bu sevimli simanı öpməyə başladı.O,inana bilmirdi ki,bu bitmək bilməyən səkkiz ayda xəyal etdikləri nəhayət baş verdi.

"Deməli,məsələ bu imiş!-bu fikir ildırım sürətilə ağlından keçdi,-o ki,rusca danışır!Necə mən bunu həmin dəqiqə anlamadım!Nəhayət Elçinin tanınmazlıq effekti aşkar oldu!"

-Bəs sən belə tez bir zamanda rus dilini necə öyrəndin?-Nataşa öz fikrini söylədi.

-Sevənin dili sevgilisinin dili olmalıdır!-Elçin səmimi və pafossuz gülümsəyərək sevgilisini qucaqladı.-Mən yatmırdım və yemirdim,yalnız içirdim və rus dilini öyrənirdim,-Elçin zarafatla dedi.-Mən rus tələbələri və müəllimləri ilə məşqul olurdum.Mən sənin dilində danışmaq istəyirdim və səninlə ingilis dilində ünsiyyət qurduğumuza görə çox utanırdım.Sən təsəvvür edə bilməzsən,mən rus dilini öyrənəndən sonra bütün aləm qarşımda açıldı.Sanki mən yenidən doğuldum,bizi əhatə edən aləmin mədəniyyətinin,incəsənətinin və fəlsəfəsinin bütün gözəlliyini və müxtəlifliyini duydum.Bu çox yaxşıdır ki,azərbaycanlı mentalitetimə yeni anlayış əlavə edildi.

-Ah!Mən isə azərbaycan dilini və onun vasitəsilə,şərq dünyasını öyrənmək istərdim.Yəqin ki,bu çox maraqlıdır!

-Onu da sən mənim köməkliyimlə öyrənərsən.Sən təsəvvür edə bilməzsən ki,o,necə rəngarəng və valehedicidir!

-Sən Moskvada nə edəcəksən?-birdən moskvalı qız maraqlandı.

-Necə,sən həqiqətən bilmirsən ki,rəssam Moskvada nə edə bilər?-azərbaycanlı gənc təəccübləndi.-Mən Surikov adına Rəssamlıq Akademiyasına qəbul olacam və Arbatta işləyib qazanacam.Və,ümumiyyətlə,rəssam kimsəsiz adada da yarada bilər,amma mənimçün bir şərtlə ki,orada yalnız bir jurnalist-Natali yaşasın.

-Mən razıyam,-qız gülümsədi və Elçin o dəqiqə ürəyində rahatlıq və yüngüllük hiss etdi.

İrəlidə bu sevgili cütlüyü,ola bilsin ki,bir çox sınaqlar gözləyir,amma başlıca dil əngəlini onlar artıq dəf etmişdilər.Kim bilir,neçə gənc insan başqa dilləri öyrənərək qarşılarında çox gözəl,bəzən qeyri-adi bir dünya açırlar və bu dünya böyük məmuniyyətlə onlara öz dost qucağını açır.

İndi,kainatda yaşayış olan planetlərin kəşfi ərəfəsində,öncə öz dünyamızın xüsusiyyətləriniöyrənməyin vaxtı deyilmi?!

Mark Vexovski

(Rus dilindən tərcümə : Təngiz Mirmahmudova)

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade