post-title

İran şallağı və yaxud lotulitarizm

İki gənc Azərbaycan şairinin İran islam ölkəsində göz görə-görə, küçənin ortasındaca oğurlanıb ilim-ilim itirildiyi gün saytlarda bir xəbər yayılmışdı; kor xəlifənin vətəni olan Bağdadda, sən demə, bağrı Ginnesin rekordlar kitabına düşməkdən ötrü çatlayan Hüseyn əl ibn nə bilim, nə adlı bir iraqlı dizinin üstündə, qamışla altı kilometr uzunluğunda Quran yazmağa başlayıb.

 

Bu xəbərin dalınca daha bir xəbər də vardı: Tehranda bir gündə yeddi-səkkiz adamı meydanın ortasında edam ediblər – narkotik qaçaqmalçılığı ilə məşğul olduqlarına görə. Daha bir müsəlman ölkəsi olan Türkiyədə isə həmişəki kimi yenə bir “daşfırın erkək” içib rakıdan, alıb əlinə qəməni, arvad-uşağı qanına qəltan edib. 

Sözüm onda yox. 

İş yerində oturub bu əttökən xəbərləri oxuya-oxuya gənc şairlərimizin “bacı-qardaş” olduğumuz qonşu ölkədə hansı suç üstündə oğurlanması barədə düşünürdüm; beynimin ortasına şahmat fiqurları sayaq versiyanın birini qoyub o birini götürürdüm. İlk versiya: yəqin, bu gənc şairlər qatıldıqları və qatıqladıqları şeir şölənində qıcqırmış vətənpərvərlik duyğularından cuşə gələrək, otaylı-butaylı Azərbaycan haqqında beş-altı rükət şeirdən-zaddan guppuldadıblar. Baxma, vətən həmişə vətəndən qıraqda daha çox yada düşür, özü də şair olasan.

Bu versiya inandırıcı alınmadı. Çünki bu gənc şairlərin yaradıcılığına bələd olduğum üçün bilirdim ki, vətən – istər o tayı olsun, istərsə bu tayı – onların şeirlərində özünü həmişə ögey ana kimi qələmə verib. Necə ki Sovet İttifaqının qılıncının nəinki dalı-qabağı, hətta sapının da kəsib-doğradığı zamanlarda birdən-birə heç bir ictimai-siyasi önəm daşımayan sadə kənd nəsri yazmağa başlayan, imperiyaya hoqqalarına münasibətdə özünü “yox kimi” aparan rus yazıçıları, konkret olaraq Rasputin haqqında, bütün həyat və yaradıcılığını bu imperiyanın siyasi eybəcərliyinə, cinayətkar əməllərinə həsr etmiş Soljenitsın deyirdi: “Müəyyən bir yazıçı qrupu ədəbiyyata gəldi və onlar heç nəyi devirmədən elə yazmağa başladılar ki, elə bil, onlara sosrealizm diktə olunmamışdı”.

Bizim bu iki şair də, türklər demiş, aynan öylə. Vətən onlar üçün toyuq hininə bənzəyən kirayə otaqdan, gündəlik yedikləri alaçiy kartof qızartmasından, hər gün basabasla işə gəlib-getdikləri metro vaqonundan, bir qutu acı siqaretdən, bir-iki şüşə ucuz araqdan başqa bir şey deyildir ki, onlar ali vətən məqsədləri naminə çığır-bağır salıb, ucuz səs-küyün güdazına getsinlər. Deməli, vətən söhbətinə bir quş. 

İkinci versiyam isə bir az ağlabatan oldu: içki! Şair, yazıçı tayfası elədir ki, butulka görməmiş gözünə yuxu getməz və içki üstündə canından keçən söz adamı ədəbiyyat tarixində az olmayıb, özünüz məndən yaxşı bilirsiniz. Yaxşı, tutalım, bizim bu şairləri içki içdiklərinə görə oğurlayıblar. İndi onları hansı cəza gözləyir? Əlbəttə, şallaq! İranın əlində şaqqıldatdığı at quyruğundan Janna Darkın saçı kimi hörülmüş islam şallağı. Bunun da heç bir qorxusu yoxdur. El bilir ki, oğurlanan hər iki şair kənd uşağıdır və universitetə qəbul olunana qədər Misir qulları təki şallaq altında böyüyüblər. 

Hələ Şəhriyar del Gerani deyrdi ki, - imanım Allah amanatı - kənddə hər il Məhərrəmlik ayında imam yolunda zəncir də vurub, yəni kürəkləri bərkiyib. Dəymə, qoy şallaqlasınlar. Adama deyən gərək, başınıza at təpib, nə itiniz azıb Kəlheybərdə. Millət Kəlheybərdən qaçır, bizimkilər atıla-atıla ora şeir oxumağa gedirlər. Toba, onları şallaqlayan fərraşlardan birinin telefon nömrəsi məndə olsaydı, zəng edib xalis fars dilində deyərdim: “Şo gəri gər ko bəxeş mi səda sə ko ərşinəm”. yəni xahiş edərdim ki, beş-altı şallaq da bizim AYB-nin adından onlara elə zollasınlar, sədaları ərşə yüksəlsin.

İrana getmək təkcə məkan yerdəyişməsi deyil, həm də zaman yerdəyişməsidir. Yəni XXI əsrdən XIV əsrə səfər etmək kimi bir şeydir. 

Ağlımda siğə-filan versiyasının mövcudluğunu da inkar etmirəm, amma Yaxın Şərq üzrə ekspertlər and içib, ağu yalayırlar ki, siğə qonşu ölkədə günah yox, savabdır. Əgər sən dul bir qadının könlünü könüllülük prinsipi əsasında alırsansa, o da sənə könüllülük prinsipi əsasında verirsə - söhbət könüldən gedir, ağlınıza dərhal “dartma, yaxam cırıldı” anlamı gəlməsin – deməli, bu, halal məhəbbətdir.

Nəsə, əlimizdən o gəlir ki, iki gənc şairə zindanda taybatay açılmış bələt (Bələt – bəzi bölgələrdə qapıya deyirlər), altı kilometr uzunluğunda Quran yazan iraqlı Hüseyinin qamışına qüvvət, Tehranda qol-bud edilib asılanların ruhuna rəhmət, türkiyəli arvad-uşaq qatilinin qəlbinə isə mərhəmət arzulayaq.

Aqşin Yenisey

Gündəlik Teleqraf

Yuxarı