Almansayağı dəfn mərasimi

Др. Резо АЛИЕВ

 

Həftə sonu onunla şəhərdə görüşdük. Şəhərdə keçirilən bayramda qızı ilə gəzir, əylənirdi. Mən onunla görüşəndə başsağlığı verdim, o da bir anlıq ciddi görkəm alıb təşəkkürünü bildirdi. Onun kefinə soğan doğramağım sözün düzü məni sıxdı. Biləsydim başsağlığı verməzdim. O da gülərüzlə həmişə olduğu kimi ordan-burdan danışıb, ayrılardıq.

Sonra eşitdim ki, Kristian atasının dəfninə dəvət alıb, bir həftə sonra filan vaxtda dəfnetmə institutuna (ölüləri pulla dəfn edən firma belə adlanır) atası ilə vidalaşmağa dəvət olunub. Onun anası dəfn mərasimini firmaya sifariş edib, onlar da kişini elə xəstəxanadan götürüb aparıblar. Növbəsi çatanda onu verilən pula uyğun geydirb, tabutda bir saatlığıa qohumları ilə vidalaşmaya çıxaracaqlar. Kristian da bu vidalaşmaya dəvət alıb.

Vidalaşma bitdikdən sonra ya meyit tam, yəni yandırılmadan,  ya da yandırılıb dəmir qabda yerə tapşırılır. Bunun üçün də adətən ikinci vaxt təyin olunur və ailənin istəyindən asılı olaraq oraya bütün qohumlar, ya da yalnız ailə üzvləri dəvət olunurlar. Yəni dəfn mərasimi ilə ailə üzvləri məşğul olmurlar. Məncə buna icazə də yoxdur.

Onu da deyim ki, ən ucuz ölü dəfni təxminən 3 min avrodur. Bu halda meyit elə yandırılıb birdəfəyə dəfn olunur. Yaxınları onun külü ilə vidalaşmağa gedirlər. Özüm bir dəfə belə bir mərasimdə iştirak etmişəm. Qonaqları firmanın işçisi, bizim molları xatırlayan birisi qarşıladı. Hamının qarşında o, ölünün yaxşı cəhətlərini özündə təcəssüm etdirən 15 dəqiqəlik, standart bir çıxış yapdı. Hamı dəmir qabın başına yığılıb, həzin musiqi altında sakitcə durur, ürəklərində ona ya rəhmət, ya lənət oxuyurdular.

Bu dəfn mərasiminin mənim xoşuma gəlib-gəlməməsindən asılı olmayaraq, onun - rəhmətə gedənin yaxınlarına başağrısı verməməsi məncə təqdirlayiqidir. Aldığım təssürata əsasən onu deyə bilərəm ki, almanları o dünya maraqlandırmır. Ona görə də, insan öldü, qurtardı getdi, onun üçün ah-zar məsələsini də qısa zamanda unutmağa çalışırlar.

Azərbaycanlıların dəfn mərasimi həm ağlmalı, həm də gülməlidir. Biz tərəflərdə ölüləri ellikcə dəfn edirlər, böyük, kiçik hamı əldən ayaqdan düşür. Ölünün dalınca daş atırlar. Uşaqlıqda neçə dəfə mənə də belə şərəfli işi görmək nəsib olub. Ağlayan kim, özündən gedən kim, saçını yolan kim, ölü ilə vidalaşmaq üçün qəbirə girən kim, qəbrin üstü örtüldükdən sonra onun üstündə çabalayıb torpağı eşən kim…və s.

Bu xatirələr uşaqlıqda aldığım, indiyə kimi məni müşaiyət edən psixoloji travmalardandır.

Allah bütün ölülərə rəhmət eləsin!

Dr. Rezo Əliyev (Almaniya)

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade