İşləməyən qanunların fonunda Azərbaycan müxalifəti

Zaur QURBANLI

 

Məsələn, Belarusda əcnəbilərin təşkil etdiyi seminarda, təlimdə, toplantıda yerli hüquqşünas iştirak edə bilməz bu, qanunla qadağandır. Azərbaycanda isə belə qadağa yoxdur, lakin hansısa seminarda hüquq müdafiəçisi söz deyərkən, özünə təhlükə yarana biləcəyini göz önünə alır.

“Amnesty İnternational”-ın nümayəndəsindən isə vaxtilə öyrənmişdim ki, Avropada insan hüquqları baxımından ən ağır vəziyyətdə olan dövlətlər Belarus və Azərbaycandır. Haşiyə çıxaraq, qeyd edim ki, sual verəndə, “Bəs Ermənistan?”, deyirlər, heç müqayisə olunası deyil, onlar bu sahədə xeyli qabaqdadılar. Məsələn, Ermənistanda bir nəfər də olsun, siyasi məhbus yoxdur, kimin adı Avropa Şurasının siyahısına düşür, hökumət onu azad edir.

Avropanın ən biabırçı vəziyyəti olan bu 2 ölkənin müqayisəsi barədə xeyli yazmaq olar. Məni maraqlandıran isə qanunların işləməsi kontekstində bir neçə nüansdır. Qanunun işləməsinin əsas üstünlüyünü onda görürəm ki, bu zaman səmimiyyət yaranır.

II Nikolay itinə rütbə verdiyi kimi, Lukaşenko da azyaşlı oğluna general rütbəsi verib, paradda bığlı-saqqallı generalları ona hərbi salam verməyə məcbur edir. Bizdə isə prezident azyaşlı oğluna Dubayda rütbədən dəfələrlə bahalı olan 45 milyonluq villalar alır. Lukaşenko Almaniyanın nazirinə deyir ki, “Diktator olmaq gay olmaqdan yaxşıdır”. Bizdə isə Almaniyaya rəsmi səviyyədə böhtan atırlar. Lukaşenko konkret mövqe qoyur ortaya – “mən buyam, istəyirsən, əməkdaşlıq elə, istəmirsən, xoş gəldin.” Əliyev isə özünü demokrat adlandırır, demokratiyanın imitasiyasının da imitasiyasını yaradır və Qərb dövlətlərini, öz demokratlarını qınayır, təhqir edir, böhtan atır.

Nəticədə Belarusda qanunlara hörmət yaranır. Bilirlər ki, qanun pis də olsa, işləyir, qanunu dəyişməklə əsl dəyişikliyə nail olmaq olar. Bizdə isə korrupsiyanın qarşısının alınması istiqamətində hansısa qanunun qəbulu, fərmanın verilməsi insanlarda yalnız istehzalı təbəssüm doğurur, nəticədə qanun, qanun qəbul edən orqan, dövlət hörmətdən düşür, insanlar rüşvəti yeganə çıxış yolu kimi görməyə məcbur olurlar, insanların bir-birlərinə də hörməti azalır, qanunçuluğu, hüquqi dövləti təbliğ edən müxalifət də nüfuz qazana bilmir.

Müxalifət demişkən, bu 2 ölkə arasında bu barədə də fərq var. Belarus müxalifəti darmadağındır, bir seçkidə müxalif liderlərin yarısından çoxu həbs edildi, sonra bəziləri ölkədən qaçmağa məcbur oldu. Pis qanunun işləməsi səmimiyyətinə, kobud desək, sırtıqcasına etirafına baxaraq, deyə bilərik ki, Lukaşenko istəsə, ölkədə bütün müxalifəti yerlə-yeksan edər. İtirəcəyi bir şey yoxdur, Qərblə körpülərini çoxdan yandırıb.

Bizdə də müxalifət darmadağındır. Partiyalara parçalanıb, müxalifət adına hərə bir cür iddia edir. Ortada qalan 2 partiya var ki, bunlar da bir-biri ilə yola getmirlər. Lakin Əliyev istəsə də, bu partiyaları yerlə-yeksan edə bilməyəcək. Səbəb isə partiyaların gücü deyil, yaradılmış imitasiyadır. Əliyev Lukaşenko kimi səmimi deyil, Qərblə bütün körpüləri yandırmayıb, yaxşı alverlər edir, ölkəni talayıb Qərbə satır, Qərb də alveri hər bir dəyərdən üstün tutan prezidenti olduğuna görə bu ölkəni çapır. Ona görə də müxalifətin sıxışdırılması bu alverin intensivliyinin katalizatoru rolunu oynayır. Qiymət danışılmasında müxalifət özü də hiss etmədən böyük rol oynayır. Əliyev şəhərin kənarında mitinqə yer göstərir, müxalifət isə mitinq eləmir, normal yer istəyir, Qərbli alverçilər bəhanə gətirirlər: “Sizdə sərbəst toplaşmaq azadlığı təmin edilmir”. Müxalifət Bayıla gedir, o cümlədən müxalifətin ardıcıl mübarizə aparacağına ümid edən minlərlə gənc də Bayıla gedir. Qərb avtomatik alverdə güzəştə gedir, çünki müxalifət onun Əliyev qarşısında bəhanəsinin qüvvəsini öldürüb. Əliyev alverini edir, ölkəni daha yaxşı talamaq üçün dividendlərini qazanır və maraqlıdır ki, müxalifət də paralael olaraq, Bayıldan imtina edir, 10 min nəfər yığmasına baxmayaraq, bu 10 mini şəhərin mərkəzinə yönəltmir, passivləşdirir.

Bu məntiqlə mən müxalifətin Qərbin sifarişi ilə işləməsini deyənləri heç cür anlamıram. Onlar Qərbin Əliyevlə alverində Əliyevin maraqlarını xeyli möhkəmləndirirlər, Qərbi ziyana salırlar, bu, Qərbin yox, Əliyevlərin maraqlarına oynamaqdır. Təəssüf ki, bütün bunları müxalifət istəməyərək edir, bir sözlə o boyda kişilər sanki məsələni anlamamış kimi, kimin əlinə oynadıqlarının fərqinə varmırlar. Səbəb isə müxalifətin içindədir. Qocaların idarə etdiyi, gənclərin həmişə II dərəcəli sayıldığı müxalifət partiyalarında sədrlər peyğəmbər sayılır, onlara deyilən söz az qala Əfqanıstanda peyğəmbərlə edilən zarafatdan daha çox qınanır. Fərq bundadır ki, Əfqanıstanda qınayanların əlində imkan var, peyğəmbərə söz atanları cəzlandıra bilirlər, bizdə isə “əshabələr” “peyğəmbər”lərini başqa cür qoruyurlar – tənqid edəni şərləyirlər, böhtan atırlar, təhqir edirlər, qurşaqdan aşağı vururlar, özlərindən başqa bütün müxalif gənclər təşkilatlarını aşağılayırlar; bir sözlə sanki talibançılar günahkarı daşa basır.

Yenə qayıdırıq pis qanunun işləməsi səmimiyyətinə. Əliyev konkret mövqe ortaya qoyub bu partiyaları ləğv etsə, yəni Hikmət Hacızadənin illər öncə təklif etdiyi dissident mübarizəsinə keçsək, nə olacaq? O zaman hansısa “peyğəmbər”in hədisləri, əmrləri olmadan rahat şəkildə insanlar ələnəcək, kimlərin bu mübarizədə olduğu, kimlərin qaragüruh kimi küyə düşüb prosesə qoşulduğu aydın olacaq. O zaman müstəqil gənclər təşkilatını aşağılayan qarakurtkalı kütlə arxasında müxalifət partiyasını görməyəcək və səmimi mübarizə aparanlar da rahat nəfəs alacaqlar. O zaman hansısa kabinetdə 30 nəfərlik iclasda “pey-ğəm-bər bəy” deyə qışqırışan adamlar gedib iş-gücləri ilə məşğul olacaqlar, demokratik proses isə daha layiqli adamların əlində qalacaq. O zaman 10 min nəfər meydana yığılacağı təqdirdə ya axıra qədər mübarizə gedəcək, ya da bu hökumət Qərblə körpülərini yandırmağa məcbur olacaq, yoxsa Əliyevin alverində vasitəçiyə dönməyəcəklər. O zaman meydana adam yığa biləndə hərəkatçılar hələ əlləri çatmayan nazir vəzifəsini bölüşdürmək uğrunda qanlı-bıçaq olmayacaq, daha real işlərlə məşğul olacaqlar. O zaman kitabdan uzaq saf gəncləri daha savadlı etmək uğrunda çalışan, mübarizə ilə savadı vəhdətdə tətbiq edən gənclər təşkilatları bu saf gənclərin beyinlərini daha da qaraltmaqla məşğul olan qapqara partiyalarla mübarizə aparmayacaqlar, birbaşa rejimlə mübarizə aparacaqlar. O zaman müxalifət təşkilatları arasında səmimi və vicdanlı rəqabət gedəcək, 20 ilin rüsvayçı didişməsi kimi qurşaqdan aşağı zərbələr davasına enerjimiz getməyəcək. O zaman hakimiyyətin şilləvuranları kimi müxalifətin də söyüşsöyənləri olmayacaq. Çox şey ola bilər o zaman. Amma təəssüf ki, indi mümkün deyil. Çünki peyğəmbərlərin hədisləri var, əmrləri var, hərəsinə bir sürü ayə gəlib. Biz isə tarixdən və müasir dövrdən görürük ki, 2 peyğəmbər eyni zamanda bir ölkədə mövcud olanda o ölkə Fələstinin gününə düşür. Necə ki, bizim müxalifət indi Fələstin xarabalığına oxşayır.

Bəlkə də işləməyən yaxşı qanun işləyən pis qanundan daha yaxşıdır. Amma hər durum özünəməxsusdur. Azərbaycan müxalifətinin indiki durumu isə belədir: bizə işləyən pis qanun lazımdır ki, kimin kim olduğu aşkar görünsün.

Ruaz Nabruq

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade