post-title

Araz Bayramov: "Azərbaycanda şantaj və digər çirkin üsullarla iş görən bir hakimiyyət var"

Bir neçə gün əvvəl bloqçu Əli Novruzov bloqunda gənc yazar Araz Bayramovun “Azad” romanını kəskin tənqid edən bir yazı yazıb. Arazın roman yazmağa tələsdiyini vurğulayan Əli Novruzov Azad romanını tipik qrafomaniya nümunəsi olduğunu qeyd edib. Yazını tam olaraq buradan oxuya bilərsiniz - http://alinovruzov.com/2012/05/17/17book/. Biz isə öz növbəmizdə yazı haqqında Araz Bayramovun fikrini öyrənmək qərarına gəldik.

 

 

Yazıda qeyd edilir ki, siz qəhrəman kimi Cabbar Savalanlını seçməniz və romanı Rafiq Tağıya həsr etməniz ədəbiyyata dəxli olmayan əsərə populyarlıq qazandırmaq məqsədi güdür..

Bəli, bu kitab Rafiq Tağıya həsr olunub, əsərdə Cabbarr Savalanlı obrazı var və mən bunda ayıb sayılası nəsə görmürəm. Çünkü hər iki şəxsin adı kitaba bir populyarlıq qazandırmaq üçün nəzərdə tutulmayıb. 

Mən “Azad”ı yazmağa başlayanda orda C.Savalanlı obrazı yox idi. Onunla Cabbar arasında oxşarlıq var idi, amma Cabbar adı yazılmamışdı. Mən əsəri ilk olaraq oxuyub dəyərləndirmək üçün Rasim Qaracaya vermişdim və o mənə məsləhət gördü ki, Cabbarın adını romana daxil edim. Bununla bir siyasi məhbusa dəstək olacağımı düşünürdüm. Buna görə peşman deyiləm, çünki bu siyasi motivlərə görə təxminən ömrünün bir ilini həbsxanada qalmış bir gəncə dəstək məqsədilə edilib. Ölkədə belə bir fədakarlıq edən gənclərin sayı nə qədərdir? Niyə onlara aid heç nə yazılmasın?

Rafiq Tağıya gəlincə mən bu haqda pafoslu cümlələr demək fikrində deyiləm, amma Rafiq Tağının ölümünü Azərbaycan ədəbiyyatı üçün ciddi itki hesab etdiyimdən bu addımı atmışam. 

Məsələ burasındadır ki, bir qrup insan var ki, onlar yazarların real şəxslər və hadisələr haqda yazmaqdan çəkindiklərini, qorxduqlarını deyirlər, bu baş verdikdə isə həmin şəxslərin adından istifadə edib əsərlərini reklam etməkdə günahlandırırlar.

Orxanın portretinin ziddiyətli olması, Azərbaycanda belə tipajlara rast gəlinməməsi fikrinə nə deyə bilərsiniz?

Bu haqda bir neçə dəfə demişəm , başqaları da deyib. Bir dəfə də yazar Əli Əkbər bu iradla bağlı danışanda dedi ki, bu cür – atası məmur olduğu halda müxalif olub var dövlətdən imtina edən bir nəfər tanıyır. Mən də bənzər taleni yaşayan bir insan tanıyıram. Həyatdakı hadisələr hər zaman məntiqlə yaxud gözlənti ilə əlaqəli olaraq baş vermir. Mən yazarkən yazdıqlarımın kimə inandırıcı gəlib gəlməyəcəyini düşünmürəm, reallığı təsvir edirəm.

Mən azərbaycanlı bir tələbənin düşündüklərini yazmışam.

Əli yazıb ki, əsər kəmsəvad vətəndaşların fani dünya haqqındakı fikirləri ilə doludur. Bəli əsərdə bu cür yarımçıq, sual dolu, hətta lap deyək qəhrəmanın kəmsavad olduğunu düşündürəcək fikirlər var. Bunun isə çox sadə bir səbəbi var. Əsər qəhrəmanın dili ilə yazılıb, müəllifin deyil. Məsələn, siz bir sıra Avropa müəlliflərinin gənclərin gündəlikləri üzərində yazılmış əsərlərinə baxsanız orda tamamilə mənasız, hətta yeniyetmələrə aid fikirləri görə bilərsiniz. Mən isə azərbaycanlı bir tələbənin düşündüklərini yazmışam. Məgər bizim tələbələr çoxmu intellektualdır? Məgər reallığı təsvir etmək daha düzgün deyilmi? Mənim bu haqda çox gözəl bir misalım var və bu misal elə Əli Novruzova aiddir. Əli Novruzov təxminən həm mənimlə, həm də əsərin qəhrəmanı ilə eyni yaşda olarkən H.Əliyevə aid mərsiyə, ağı xarakterli bir şeir yazıb. Mən deyirəm ki, Əli, sən eyni yaşda diktatorun mahiyyətini anlamağa qadir olmayan təfəkkürə malik olmusansa, o zaman əsərin qəhrəmanının lap elə sənin dediyin kimi deyək, kəmsavad olmasına normal baxmalısan. Mən bu misalı çəkəndə hər kəs düşünə bilər ki, mən Əlinin şəxsinə hücum edib deyirəm ki, “Əli sən danışa bilməzsən, çünki sən belə bir şeir yazmısan.” Xeyr! Sadəcə bu məsələdə ən gözəl nümunə elə Əli Novruzovun özüdür. 

Əli Novruzovun qeyd etdiyi daha bir məsələ: qəhrəman atasının pornogörüntülərini əldə edib, onu şantaj etməklə qalib gəlmək istəyir. Şantaja haqq qazandırırsınız?

Əsərin qəhrəmanının bu gün şantaj edənlərə qarşı eyni cür, yəni şantajla cavab verməsinə haqq qazandırdığımı göstərmək istəməmişəm. Hətta Əlinin dediyi kimi, qəhrəman buna görə ən ağır cəzanı alır. Lakin biz reallığı dərk etməli və ona uyğun davranışlar haqda bu cür etinasız düşünməməliyik. 

Azərbaycanda şantaj və digər çirkin üsullarla iş görən bir hakimiyyət var. Buna məruz qalanların nə reaksiya verəcəyinə qiymət vermək, sən yaxşı yaxud pis etdin demək, bu yollardan hansı daha düzgündür demək çox mübahisəli məsələdir. Məsələn əgər bir insanın həyatı alt-üst olubsa, sən ona “Gəl qanuni yollarla mübarizə aparaq”, “Şiddətə yol vermək olmaz” və s deyə bilməzsən. Çünki bu ölkədə qanun işləmir. Bəli daha yaxşı olar ki, hər zülmə məruz qalmış insanın hüququ elə hüquqi yollarla təmin olunsun. Amma əgər bu baş vermirsə nə etməli? O zaman həmin insanın haqlı hiddətindən doğan reaksiyasına saxta, şən maarifçi gözü ilə baxmalıyıq?

Bu ona bənzəyir ki, insanlar mitinq etmək istəyir, hakimiyyət isə bu vacib hüququ onlara vermir və nəticədə onlar məcbur olurlar öz hüquqlarını təmin etmək üçün polislə qarşıdurmaya gedirlər. Polislə qarşıdurma pisdir, lakin hüquqların tapdalanması daha pisdir. Polis qanuni ölkələrdə ən güvənilir insan, qanun keşikçisi sayılır. Polisə hücum isə cinayətdir. Şantaj mahiyyət etibarilə çirkin hərəkətdir, amma heç kimin ədalətin təmin olunmasının mümkün olmadığı bir

ölkədə insanların buna cavabını yanlış adlandırmaq hüququ yoxdur.

Və sonda hesab edirsinizmi ki, yazmağa tələsmisiniz?

Əsərin qrafomaniya nümunəsi adlandırılmasının özü bir yana, tarixi gülməlidir. Mən romanı dostum Əli Novruzova göstərməmişdən öncə ona roman yazdığımı demişdim, o isə hələ romanı oxumamış dedi ki, sən qrafomansan çünki kimsə 21 yaşında roman yaza bilməz. Bir insan oxumadığı bir kitabı necə tənqid edə bilər? Əgər sən kitabı oxumamısansa deyə bilməzsən ki, bu qrafamaniyadır yoxsa yox. Digər tərəfdən, özünü intellektual, adlandıran bir şəxs yaş məsələsində bu qədər mənasız, cəfəng fikirlər səsləndirərmi? Yesenin, Viktor Hüqo və başqaları məndən də əvvəl yazmağa başlayıblar. Yəqin ki, onların dövründə də bu cür yaş məsələsini qabardan köhnə düşüncəli insanlar olub. 

Söhbətləşdi Emil Bağırov

Yuxarı