Rəsulzadənin heykəlinin qoyulması üçün imzalar toplanılır

Медиа

 

Aprelin ortalarından bu məqsədlə imza kampaniyası aparan gənclər cümə axşamı və ya cümə günü Gürcüstan prezidenti Mixeil Saakaşviliyə məktub göndərməyi planlaşdırır.

Kampaniyanı başlayan Azad Gənclik Təşkilatının rəhbəri Ülvi Həsənli BBC Azərbaycancaya deyir ki, indiyə qədər 500 nəfər adını qeyd etdirib və daha da artması gözlənilir:

“İnsanlar hətta ailələri ilə kampaniyaya qoşulur”.

Hələ kampaniyanın əvvəlindən Saakaşvilinin rəsmi saytına elektron məktub göndərdiklərini deyən Həsənli gözləntilərdən söz açır:

“Saakaşvilinin Milli Məclisdəki çıxışında onun Rəsulzadəyə münasibəti tam aydın oldu. Gözləyirik ki, cavab müsbət olacaq”.

Həsənli deyir ki, gənclər həm də simvolik olaraq bir manatdan ianə də toplayıb Gürcüstan hökümətinə göndərə bilər:

“Bilirik ki, Gürcüstanın maaliyyəsi çox deyil və onlara maaliyyə sərfi yaratmaq istəmərik”.

Təşkilatçılar Bakıda Rəsulzadəyə heykəl qoyulması ilə bağlı müraciət etmədiklərini bildirir:

“Bunun üçün Azərbaycan hökümətinə müraciət etmək belə lazım deyil. Vaxtilə Kukla teatrı ilə üzbəüz parkda Rəsulzadənin heykəli olacaq deyə elan asılmışdı, sonra isə yerində fəvvarə tikdilər. Onsuz da onların cavabı neqativ olacaq”.

Tbilisidə Rəsulzadəyə heykəl qoyulması adlanan kampaniyanın mətnin də qeyd edilir ki, “hazırda Bakıda heç bir heykəli olmasa da, M. Ə. Rəsulzadə təkcə Azərbaycana yox, həm də bütövlükdə Qafqaza sülh, azadlıq, demokratiya gətirən liderlərdən biridir”.

...Rəsulzadənin heykəlinin bu gün regionun azadlıq və demokratiya mərkəzinə çevrilən Tbilisi şəhərində qoyulması Qafqazın tarixinə, xalqların azadlıq və demokratiya arzularına, əbədi dostluğumuza böyük bir töhfə olardı”.

Məmməd Əmin Rəsulzadə 20-ci əsrin əvvəllərində 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin başçısı olub.

BBC

Kultura.az | Developed by Samir Yahyazade