Əli Əkbərə və Seymur Baycana nifrət

Zaur QURBANLI

 

Sonra Əli Əkbərin yazıları ilə məni tanış etdilər. Provakativ adı olan “Mən əclafam” şeirlər kitabını oxudum və anladım ki, bu adamlar camaata, ölkəyə söyüşü yandıqlarından, sevdiklərindən söyürlər. Artıq onların oxucusuna çevrildim. “Alma” qəzetinin doğulması ilə Azərbaycan gənclərinin bir hissəsinin beynində olduğu kimi mənimkində də inqilab oldu.

Məni mentalitet adlı gerizəkalılıqdan qurtaran, daha azad və tənqidi düşünməyə öyrədən Əli Əkbər və Seymur Baycan haqqında bu gün yazmaq zərurəti hiss etdim. Onların Anar Rzayevlə söz atışmalarına qarışmaq fikrim yoxdur. Ədib deyiləm, mənlik deyil. Amma bu atışmalarda neytral mövqe tutan azad, heç olmasa müxalif fikirli sayılan yoldaşlar var. Onlar Əli Əkbərə və Seymur Baycana nifrət edirlər, ən azından zəhlələri gedir, ona görə də Anar Rzayev kimi ədəbiyyatın partiyalaşdırılmasının, beyinlərin yuyulmasının canlı nümunəsinin əleyhinə çıxmırlar.

Ola bilər ki, Əli Əkbər və Seymur Baycana nifrətində səmimi və haqlı olan olsun. Mən heç də onları ideallaşdırmıram, etdiklərində tənqidə layiq nüanslar görürəm. Amma gəncliyimizin əhəmiyyətli hissəsini gerizəkalılıqdan xilas etmiş adamların qocalar tərəfindən təhqiri məsələsində neytrallıq özü elə qoca olmaq deməkdir.

Əli Əkbəri və Seymur Baycanı zəif yazmaqda, lazımsız şəkildə bayağı, söyüşlü ifadələri ədəbiyyata gətirməkdə qınayırlar. Zəif yazmaq məsələsində adətən 2004-2005-in əsərlərini misal çəkirlər. O əsərlərin zəif olması bu 2 yazıçını mənim gözümdə daha da ucaldır. İndi mən hövsələmi bassam, bəlkə “Götenin röyası”ndan daha güclü roman yaza bilərəm, amma yazmıram. Səbəb isə hər kəsin zəif əsərin altına qol qoymaq cəsarətində olmamasıdır. Onlar ölmüş ədəbiyyatımızı əsrin əvvəllərində dirçəltmək, gənc nəsli ədəbiyyata qoşmaq, alternativ ədəbiyyat yaratmaq uğrunda işə başladılar. Daha güclü əsər yaratmaq üçün gözləməli idilər, amma zaman gözləmirdi, proses başlanmalı idi. Onda onlar zəif əsərlərlə prosesi başlatmaq qərarına gəldilər, bununla da hələ də davam edən tənqid, təhqir, istehza hədəfinə çevrilməyi gözə aldılar. Onların cəsarəti məhz prosesi başlatmaq naminə şəxsi maraqlarından – daha güclü əsər yaratmaq üçün gözləməkdən – vaz keçmələrindədir.

Bu adamlar vaxtilə prosesi başlatdılar, proses artıq uğurla davam edir. Bir çox yazar var, Əli Əkbər və Seymur Baycandan təsirlənmiş gənc yazarlar meydana çıxıb, amma Əli Əkbər və Seymur Baycan dayanmırlar – sayt işlədirlər, gənclərlə söhbətləşirlər, mühazirə deyirlər, bacardıqca daha çox gənci oyatmağa çalışırlar, qocalarla döyüşürlər və yazırlar, yazırlar, yazırlar...

Nəyi pisdir? Yazmasınlar? Leksiyalardan vaz keçsinlər? AYB-ə üzv olsunlar? YAP-a keçsinlər? Variant nədir axı? Özlərini reklam eləmələrini irad tuturlar. Anlaşılmaz mövqedir. Altruizm o qədər təbii şeydir ki, bunu hər kəsdən gözləyəsən?! Əsərlərinin, yazılarının, oxucularının hesabına pul qazanırlar və xərcləyirlər, yeyib-içirlər. Bu da qınanır. Niyə axı? Minlərlə, milyonlarla qrant yeyən qrantamyotlardan daha alçaq iş tuturlar? Əziyyət çəkib, əsər yazıblar, indi də bəhrəsini yeyirlər də.

Kimsəyə “sən onlar edənin yarısını elə, sonra danışarsan” deməyəcəyəm. Sadəcə bir az vicdanla yanaşın. Seymur Baycan qadınları tənqid edir deyə onun hər şeyini söymək ədalətli deyil. Əli Əkbər əsərində pornoqrafik səhnəyə yer verdiyindən kiminsə bacısı normal adam olub deyə onu yerdən yerə vurmaq ədalətli deyil.

Sadəcə onlar etdiyini kim edir, onu göstərin mənə. Yoxdur axı belə adam. Onların ədəbiyyatda, ictimai sektorda, siyasi səhnədə mövqeyi, çəkisi var. Və bu mövqelərindən, çəkilərindən istifadə edərək, yenə də nələrsə etməyə cəhd göstərirlər – hansısa partiyaya qoşulmaqla siyasi məhbuslara dəstək verirlər, hansısa təşkilata qoşulmaqla gəncləri ruhlandırırlar, bəyənat verib qaragüruha qarşı çıxırlar və ən əsası – satılmırlar. Onları tənqid edənlərin “like” etməyə qorxduqları facebook statuslarından 100 dəfə daha təhlükəli çıxışlar edirlər, icazəli və icazəsiz mitinqlərə gəlirlər... bir sözlə hər vasitə ilə bu ölkə üçün çalışırlar, bir mövqe qoyurlar ortaya.

Məgər bu ölkədə mövqesiz, şərəfsiz, satılmış bircə adam tapılmır ki, üstünə gedəsiniz? Mütləq gəlib nə isə etməyə çalışanlara hücum etməlisiniz?

P.S. Mən heç də tənqidə qarşı çıxmıram. Böhtansız tənqid edirsinizsə, qoşulum sizə, səs-səsə verib, ağ yuyub qara sərək onları. Amma burada məsələ nifrətdədir – onların layiq olmadıqları nifrətdə.

Zaur Qurbanlı

Kultura.az | Developed by Samir Yahyazade