post-title

Həmid Herisçinin doğum gününə gecikmiş təbrik

Sayğıdəyər Həmid bəy! İlbəil, aybaay nurdan-işıqdan məhrum qəzetlər, qırxı çıxmamış dil açan gündəlik saytlar çoxalır və bu qəzetlərin, saytların xam torpağına hansısa sirli əl gündə bir nadan əkir. Bir balaca qonorar yağışı yağan kimi baxıb görürsən ki, bu xam torpaqda nadanlıq bar verməyə başlayıb.

 

Statusu bir cümləlik facebook statusu qədər olmayan, oxuduqlarını qəlbi ilə, beyni ilə yox, aşsüzənləriylə başa düşən bəni-avam (adəm yox !) övladları içində özünü və sözünü qorumaq üçün çox az yol var. Ya topuğundakı daşı, gözündəki yaşı və yaratmaq eşq ilə şamü-səhər düşünən bu başı götürüb getmək, ya da sükutundan adamların qulağı tutulanacan susmaq – Budda kimi...

Həmid bəy, bizim ədəbiyyatda oxuduqlarının yalnız ağ-qara surətini çıxaran, başı kseroks kimi işləyən adamlar çoxalıb. Bu da yeni növ surətpərəstlikdir.

Şeyx Nizamidən ödünc alınmış bir dillə danışsaq : söz bağçasında məna çiçəklərini alın tərindən, göz yaşından başqa hər şeylə sulayan, nəfsinin gözlərini kor etmək yerinə ona eynək düzəltdirənlərin ölkəsində yalnız özünü unudanlar mükafata layiqdir. Əfsus ki, indi kər kəs özünü əzbərləməklə məşğuldur.

Həmid bəy, sizə bunları yazmamaq da olardı. Zatən ziyadəsi ilə bunları bilirsiniz və əlbəttə daha çoxunu. Nədənsə sizə bu təbriki yaza-yaza mənə elə gəldi ki, doğum günü təbriklərində dərdləşmək çatışmır. 

Çünki bir halda ki, məsələnin kökündə dünyaya gəlmək var, doğulmaq var, bu zaman bəlkə də təbriklər yalnız səbəbkarın iztirabına əlbisə ola bilər.

Hamımızın alnına bir tale yazılıb : ölənəcən yaşamaq. Təqvimlər bizi məcbur edir ki, hər il eyni gündə yenidən doğulaq. Bu fani xanəyə xoş gəldin, Həmid bəy!

Qismət

Kulis.Az

 

Yuxarı