Narahat idarələr

Фирудин АЛЛАХВЕРДИ

 

Demək, əvvəl getdik JEKə. Necə ki, kompüterdə iki eyni işi görən mexanizm; iki səs, ya iki görüntü kartı, nə bilim iki antivirus eyni zamanda işləyəndə konflikt yaradır, JEKlərlə bələdiyyələr də bax, beləcə konflikt verir. Bu məsələ, nə cürsə həllini tapmalıdır ki, vətəndaş əziyyət çəkməsin.

Nəsə getdik əcaib bir iş yerinə. Dünyada iş yeri anlayışı çoxdan dəyişib. Əgər bir qurum, ya şirkət hansısa bir canlını; atı, adamı, meymunu işlədirsə, onun üçün maksimum rahatlıq yaratmağa çalışır ki, o canlı cəmiyyətə daha çox xeyir versin. Bir müasir ofislərə baxın. Onlar necə öz işçilərinə münasibət göstərirlər..

O JEK adlanan iş yerinə girərkən mənim gözüm qaraldı, başım fırlandı, dizlərim taqətdən düşdü.

Nəsə, bizim tanışımız qəbul otağına bənzər bir yerdə oturan işçiyə yaxınlaşdı: xanım, mən filan ünvanda yaşayıram, bu barədə arayış lazımdı. Xanım onların küçəsinə baxan işçinin çıxıb evə getdiyini bildirdi. Sonra əlavə etdi ki, istəyirsən cib telefonunun nömrəsini verim, özün zəng et icazə al, icazə versə mən sənə arayış verim. Tanışım telefonunu çıxarıb zəng edənə qədər düşündüm ki, yəqin bunların küçəsinə JEK müdiri özü baxır, yoxsa niyə sıravi işçilər bir-birlərinə icazə versinlərʔ

- Alo, Filankəs xanımdıʔ ..Filankəs xanım, mən filan küçə, filan ünvanda yaşayıram, icazə verirsiz bu xanım arayış yazsınʔ ..Bəli, Behmankəsin oğluyam.. Hə-hə, onların qonşusyuq.. Nəyiʔ Kimin toyuʔ Nə bilim ay xanım, ha-ha-ha.. ..Hə, oldu, təşəkkür edirəm..

Nəsə, JEKdəki xanım arayışı yazıb buna verdi ki, get, müdir qol çəksin. Bu yerdə lap çaş-baş qaldım, demək bayaq danışdığı müdir deyilmiş, başa düşdüm ki, bu idarənin ümumi qayda-qanunu yoxdur, hər işçinin öz qayda-qanunu var.

Dostum kağızı alıb bir az aralıdakı açıq qapıdan içəri girdi. İçəridən bədheybət bir səs gəldi.

- Ə sən idin orda gülənʔ

- Bəli.

- O nətəri gülməkdi elə, ayıb deyil, bu nə deməkdiʔ

- Bəs niyə sizin işçinizə mən zəng vurmalıyam, bəs bu nə deməkdiʔ.

- Çıxıb gedib evinə də, mən neynimʔ

- Bəs mən neynim.

Nəsə, tanışımız kağızı alıb çıxdı, getdik Rayon Polis İdarəsinə. Getdik, divardakı sənədlərlə tanış olduq, özümüzdəkiləri yoxladıq, hamısı düz idi, qalmışdı bir neçə blank doldurmaq, bir də rüsum ödəmək.

- Salam, mən vəsiqəmi itirmişəm, blank verin, doldurum.

- Sənədlərin yerindədiʔ Göstər görək.

- Buyurun.

- Hm.. Bəs rüsum ödədiyin barədə sənəd haradadıʔ

- Burada ödəməli deyiləm kiʔ

- Yox, get banka.

Əcaibdir, niyə burada "bir pəncərə" sistemi yoxdurʔ Niyə vətəndaşı ora-bura çox qaçırırlarʔ

Getdik KapitalBanka, müştəri xidmətinə dedik ki, şəxsiyyət vəsiqəsini itirdiyimizə görə cərimə və yenidən almaq üçün rüsum ödəməyə gəlmişik. Onu da əlavə etdik ki, qanunvericiliyə uyğun olaraq üç gün müddətinə almaq istəyirik, həmin rüsumu yazın. Bank işçisi dedi ki, üç günlük rüsum alınması üçün Polis İdarəsindən xüsusi icazə olmalıdır. İcazəsiz verə bilmərik.

Razılaşdıq, standart rüsum ödədik, amma bir manat çox aldılar. Səbəbi də bank xidmətləri imiş. Tanışım bunun üçün də xüsusi çek tələb etdi. Belə anladım ki, müştəri xidməti göstərdiyi iddia olunan xanım nədənsə bunu verməyi lazım bilməyibmiş.

Qayıtdıq Polis İdarəsinə. Artıq bütün sənədlər hazır idi. Polis blankları verərək dedi ki, gedin o biri otaqdakı xanımlar doldursun. Tanışım dirəşdi və dedi ki, özüm doldurmalı olduğum sənədləri elə özüm də dolduracam. Doldurdu, apardı xanımların otağlna, xanımlar mat-mat buna baxaraq dedilər ki, polis blankları sənin doldurmana icazə veribsə, get indi o polis də yoxlasın. Yenidən qayıtdı polis oturan otağa, sənədləri təqdim etdi. Amma polis başını buladı, çox xırda səhv tutaraq onu təzədən xanımların yanına göndərdi.

Tanışım girdi xanımların yanına.

- Salam, mən blanklarımı doldurdum, amma polis səhv tutaraq israr edir ki, bunu siz doldurmalısınız, mənlik deyil.

- Axı sən niyə özün doldurmaq istəyirsən kiʔ

- Mən on beş ildən çox təhsil almışam bu həyatda, yazıb-oxumağı öyrənmişəm, indi istəyirəm öyrəndiyim bir işə yarasın. Yoxsa niyə oxuyurdum kiʔ

- İndi nə edək, mən niyə camaatın hamballığını etməliyəmʔ

- Onda verin özüm öz hambalçılığımı edim.

- Yaxşı.. Ver bura.

Tanışım doldurdu, getdi polisin yanına. Polis də dedi ki, bir aydan çox çəkir itirilmiş şəxsiyyət vəsiqəsinin əvəzinə yenisi verilməsi. Halbuki qanunvericilikdə bu barədə heç nə oxumamışıq.

Uzun sözün qısası, bizim dövlət idarələrində adam özünü köhnə Sovet avtomobillərində, Moskviçdə, 011-də olduğu kimi narahat hiss edir. Əgər bir işin adı dövlət qulluğudursa, insanlar oradan maaş alırsa, deməli vətəndaşlara rahat, konfortlu xidmət göstərməlidir.

Artıq yeni nəsil yetişir, onlar dünyanın müxtəlif ölkələrinə gedib-gəlirlər, getməyənlər də TV-də, internetdə dünyadakı yüksək standartlarla, insana, vətəndaşa qoyulan hörmətlə əyani və qiyabi şəkildə tanış olur. Lap heç tanış olmurlar, xəbərləri yoxdur. Bu bəyəm əsas verir ki, vətəndaşa belə əziyyət verilsinʔ

P.S. Başqa ölkələrdə şəxsiyyət vəsiqəsini bir neçə dəqiqəyə alırlar.

Firudin Allahverdi

Kultura.az | Developed by Samir Yahyazade