İki fransız və mən

 

Şəhəri qəbiristanlığa çevirməsi bəs deyil, o gün görürəm bir cavan oğlan bizim qapıya tüpürcəkləyib nəsə yapışdırır. İstədim şığıyam üstünə, baxdım ki, bizim qapıya yapışdırdığı kağızdan bütün qapılara yapışdıra-yapışdıra qalxdı yuxarı mərtəbəyə. O dəqiqə bu işin ümumxalq işi olduğunu başa düşdüm və sakitcə gəlib qapıya yapışdırılmış kağızı oxudum.
 
Kağızda aydın və səlis xətlə yazılmışdı ki, “Eurovision” yarışmasına qatılacaq avropalı qonaqlar üçün yüksək qiymətə kirayə ev axtarırıq, əgər istəsəniz, onları sizin evdə qonaq saxlaya bilərik, pulunu ödəmək şərtilə. Əlimdə tüpürcəkli kağız, fikirləşdim ki, əşi, evi verim iki-üç avara fransız gədəyə bir aylığına, mənə çatan kirayə puluna da özümə bir aylıq ucuz kirayə ev tutum; iki fransızın bir ayı üçün nəzərdə tutulmuş kirayə pulunu mən altı ay, yəni ilin yarısını, eşşək kimi işləsəm də, qazana bilmirəm, odur ki evə əl gəzdirməyə başladım.
 
Ancaq heç hamamda geyilmiş corabların aşıb-daşdığı vedrəni boşaltmamışdım ki, fransızların bu evdə ikicə gün qala bəlməyəcəyini, türklər demiş, yemin etdim. Niyə? Kitab-dəftərdən oxuduğuma və Fransada təhsil almış şair Fərhad Amurun dediyinə görə, fransızlar çox çimən xalqdı, suquşu kimi bir şeydilər. Gündə, ən azı, üç-dörd dəfə duş qəbul edirlər.
 
Üstəgəl, o boyda yolu basa-basa “Euravision” şadlıq sarayında toyumuza gəliblərsə, gör nə qədər çiməcəklər? Bizdə isə su saatla verilir, özü də o saatlarda ki, istəsən belə hər dəfə su krantını ağzıdolu yaxalaya bilməzsən.
 
Gərək sehrli almanı oğurlayan divin yolunu gözləyən və yatmamaq üçün barmağını kəsib yarasına duz basan Məlikməmməd kimi hamamda suyun qarovulun çəkəsən. Çünki suyu səhərlər tülküdurmazdan, axşamlar isə qancıq it tayaya çıxandan sonra verirlər.
 
Mənə baxma, vərdiş vermişəm; çox vaxt işə çaydandakı suyla çimib gedirəm, hətta çaydanın dibində çay içmək üçün bir fincan su da saxlayıram axırda. Amma mən avropalı kirayənişinlərimə çaydanla çimməyi öyrədənəcən mənimki mənə gələcək. Təsəvvür et ki, iki fransız səhər bizim evdə “Euorivision”a tər-təmiz getmək üçün bir-birinin başına çaydanla su töküb çimişirlər.
 
Bu cəhənnəm! Hələ gör liftimiz nə gündədir; bir küncü kişi, o biri küncü qadın tualetinə oxşayır. Altıncı mərtəbəyə qalxmaqdan ötrü doqquza qalxıb ordan ayaqla enməlisən. Qonşulardan ən gec evə gələn bilir ki, lifti gecələr yuxarı mərtəbədə saxlamaq lazımdı. Çünki səhər üzüyenişə itələyib “xoda” salmaq üçün dərsə tələsən müəllimələr əziyyət çəkməsinlər. Ağırlıq qaldırmaq məsələsindədə əli yoxdu, bəzən sakinlər əlavə ağırlıq olmasın deyə telefonlarına gələn gərəksiz mesajları həyətdə silib liftə minirlər.
 
O gün iki yekəqarın kişiylə liftdə qalxanda beşlə yeddinci mərtəbənin arasında ilişdik. Lift işarə edirdi ki, artıq çəki var,qaldıra bilmirəm. Vərdiş verdiyimizdən dərhal əlimizi cibimizə atdıq və hər üçümüz gərəksiz bir nömrəni sildik; onlar ailədənkənar gəzdikləri zənənlərdən ən gərəksizinin nömrəsini sildilər, məndə belə nömrə olmadığı üçün, qonşu kişilərin yanında pərt olmayım deyə məcbur olub öz nömrəmi sildim.
 
Nəhayət, lift işə düşdü. Hətta liftdə kişilərdən biri yarızarafat, yarıciddi dedi ki, bizə fikir vermə, sən cavan adamsan, üçünü-dördünü birdən sil. İndi mən bunu fransız kirayənişinlərimə necə başa salım, özü də fransız dilində?
 
Hələ bu fransız ikili sevgili olsalar, lap qırğın-qiyamət qopacaq. Bütün günü evdə boş vaxtlarında sevişəcəklər, mən də ya döşəmə siləcəyəm, ya da qazan yuyacağam. Bu boyda millətin adını batıracağam, iki daşın, daha doğrusu, iki fransızın arasında. Odur ki, tüpürcəkli kağızı bəri başdan cırıb zibil vedrəsinə dürtdüm.
 
 “Cəhənnəm olsun Paris də, onun gözəlləri də...” Gedim görüm caydanda su qalıb, işə getmək vaxtıdı.
 
Aqşin Yenisey
Gündəlik Teleqraf
Kultura.az | Developed by Samir Yahyazade