post-title

Mən Georgi Vanyanı dəstəkləyirəm

Tendensiya budur ki, Ermənistanda türkə, Azərbaycana nifrət etməyəni, Azərbaycanda isə kökündə “erməni” sözü olan istənilən nəsnəyə nifrət etməyəni dışlayırlar. Bu, 2 rejimin bəlkə də yeganə təbliğatdır ki, əhalinin inanmasına nail olublar.

 

Rejimlər müharibə təbliğatından necə istifadə edir, bunu uzun-uzadı bu yazıda anlatmayacağam. Əsas məsələ budur ki, nifrəti saxlamaqla hakimiyyətlərinin ömrünü uzadırlar. Kimsə bu nifrətin əleyhinə çıxsa, hakimiyyət tərəfindən qınanır, gözdən salınır, böhtanlar atılır, bəzən isə cinayət işi açılır və sair təzyiqlərlə üzləşir. Əhali də ona pis baxır, “erməni” və ya “türk” deyib təhqir edir, ona qız vermirlər və ya evdə qalır, onu təhqir etmək caiz sayılır və s..

 

Bu səbəblərdən kimsə humanizmini, sivil düşüncəsini nümayiş etdirmək istəsə, özü özünə senzura qoyur, xüsusən də bu adamın hansısa toplumda bir az nüfuzu varsa. Hər 2 rejimin yetkililəri müxalif, müstəqil fikirli adamların ağzından türklər və ya ermənilər əleyhinə nə isə çıxmasını gözləyirlər. Dərhal hücum edir, çıxışlarından sözləri kəsib-doğrayıb “sitatlar” təqdim edir, onsuz da geniş əhali kütləsinin az tanıdığı normal düşüncəli bir neçə nəfəri də nüfuzdan salmaqla məşğul olurlar.

İndi də Georgi Vanyan adlı vətəndaş cəmiyyəti üzvü gündəmə gəlib. Erməniləri bədbəxt edən tarixi təxribatçı ideologiyalarından azad azsaylı ermənidən biri olan cənab Vanyan Gümrüdə Azərbaycan filmləri festivalı keçirmək istəyib. Həmişəki kimi dərhal hücumlar başlanıb, Ermənistan hakimiyyəti onu xain, 1000 illərdir tökülən erməni qanlarını tapdalayan, düşmən türklərin dəyirmanına su tökən kimi təqdim edir, əhali isə sadəcə söyür. Artıq öldürməklə də hədələyirlər.

Amma Vanyan sadəcə humanistdir, sülhpərvərdir, o, müharibə istəmir. İstəyir ki, adam kimi, adamlar kimi yaşayaq. Və Azərbaycan hakimiyyəti marıqdadır, ölkədə nüfuzdan salmağa çalışdığı adamların ağzını güdür ki, Vanyan lehinə nəsə eşitsin, başlasın hücuma – xain, 1000 illərdir tökülən türk, azərbaycanlı qanlarını tapdalayan, erməni dəyirmanına su tökən... Ermənistan hakimiyyəti də Azərbaycanda Vanyana dəstək olan axtarır ki, “türklərin dəstəklədiyi” epitetini yapışdıra bilsin.

Bir təşkilatın İdarə Heyətinin üzvüyəm, hərdən köşə-filan yazıram, az-maz oxucum var, dediyim sözlər məni olan-qalan nüfuzumdan salmaq məqsədilə istifadə oluna bilər və yəqin effekt də verər. Amma yenə deyəcəyəm. Mən Georgi Vanyanı dəstəkləyirəm, onun sülh uğrunda işlərini, müharibəyə nifrətini, əsl qonşu xalqlar kimi yaşamağımız uğrunda çalışmalarını, mədəniyyət sahəsində xidmətlərini dəstəkləyirəm. Bəli, mən soyadında “-yan” olan adamı dəstəkləyirəm, düşmən ölkənin vətəndaşını.

İndicə Azərbaycan saytlarında “Georgi Vanyan” yazıb axtarışa verdim, bir nəticə tapmadım son olanlarla bağlı. Amerikadan maliyyələşənindən tutmuş, müstəqilinə qədər, QHT-sindən tutmuş müxalifətinə qədər kimsə cəsarət etmir bunu yazmağa. Adicə bir xəbəri, sırf jurnalist bitərəfliyi ilə təqdim etməyə cəsarət etmirlər. Nüfuz itirəcəklərmiş. Cəhənnəm olsun o nüfuz ki, məni humanizmimdən məhrum edəcək.

Bəli, mən Azərbaycanın ehtiyatda olan döyüşçüsüyəm və müharibə qızışsa, gedib döyüşəcəyəm, Georgi Vanyan da qabağıma çıxsa, atıb onu öldürəcəyəm. Baxın, mən məhz buna görə indi Vanyanı müdafiə edirəm. Müharibənin insan iradəsinin ziddinə, humanizmə düşmən, istisnasız hər kəsə zərərli olduğunu göstərmək üçün.

Nə 3 milyon erməni qırılıb qurtarandı, nə də 9 milyon azərbaycanlı. Buna heç ehtiyac da yoxdur. Biz əvvəl-axır bir yerdə, insan kimi, adam balası kimi yaşayacağıq. Bu rejimlər devriləcək, yerində xalqların zombilikdən uzaq iradəsini ifadə edən hakimiyyətlər qurulacaq, iyrənc təbliğat bitəcək, DNT quruluşlarına görə dünyada bir-birinə ən yaxın 2 xalq tarixi düşmənlər olan Fransa-Almaniya, İngiltərə-Fransa kimi normal şəkildə yaşayacaqlar.

Bu iyrənc müharibə təbliğatı, beyinlərə yeridilən nifrət propoqandası bitməyincə nə buralarda bir demokratik ölkə qurulacaq, nə də Qarabağ problemi həll olunacaq.

Bu rejimlər, bu təbliğatlar müvəqqətidir, bizə qalan nifrət yox, sevgidir – Vanyanın humanizm, sülh sevgisi.

Zaur Qurbanlı

Kultura.Az

Yuxarı