post-title

Pozusuz yazı

Qələmin bədəni – irili-xırdalı ləkə-ləkədir, sağlam yeri yoxdur,elə bil döyüb yaxşıca əzişdiriblər, zərbələrin izi qalıb. Burnu da – əl-üzünü yuyanda divardan asılmış kiçikcə güzgüdə gördü – şişmanlaşmış, sərxoşlarda olduğu kimi qıpqırmızıdır.

 

Qara ləkələrin bəziləri azca bozarıb bəyazlaşmış, bədən rəngini almışdır. Amma, düzü, yadına sala bilmırdi: onumu döymüşdülər? özünün zərbələrindəndirmi bu izlər? Bəzən təhlükəli yuxunun yuxu olduğunu bilib saktləşdirmək üçün yumruqlayır  özünü, burnunu sıxır-dartır.

Həmən gecə ardarda iki yuxu gördü.

Üç nəfər zırpı kişi əl-qolundan tutub onu yumruqlayır, təhqir edir, söyuşlər yağdırırdılar üstünə.

Qələm tab gətirməyib: - Unutmusunuz yoxsa, - dedi, - mənim kim olduğumu?!

Duruxdular, azacəq kənara çəkildilər:

- De, biz də bilək!

- Allahin seçmə adamıyam mən!

Güldülər.

- Sizin hamınızı elə qarqışlayaram ki, ömrü boyu cəzamdan çıxamazsınız!

Dəstə böyukləri:- Qudurub hədələyirsən hələ bizi?! – hirsləndi. –Nə durmusunuz? – çığırdı tabeliyində olanların üstüna. - Vurun ağzından!  

Yumruqlar başı üstündə oynadı, və elə bu dəm Qələm var gücü ilə elə inamla bağırdı ki, divalar silkələndi, pəncərə şuşələri cingildədı, az qala yerindən qopub daş döşəməyə dəyib çilik-çilik olacaqdı.

- Daş olun! – Əmr etdi Qələm.

Birdən otaqda gulaqbatırıcı sükut yarandı.

Qələmin gözləri iriləşib təəcüb-həyəcanla doldu: dəstə başçısı durduğu yerdə daş kimi quruyub hərəkətsiz qalmışdı, o biriləri isə daşa dönsələr də baxışları canlıydı.

İnamla, qətiyyətlə, amiranə tərzdə: İnsani hisslərindən, - dedi onlara, -nəsə qalmışdır qəlbinizdə, odurki tamam daşa dönmədiniz!..

Bilir: toxunsa – daş tilsimindən qurtarar, amma sonrası yadında deyildi.

Arxasınca başqa bir yuxu: yenə üç nəfər, amma birincilərdən fərqlənirlər, üçünün də əynində pencək-qalstuq, davranışları isə eynidir: təhqir-söyüşlər, birinin əlində hətta tapanca var, tuşlayıb lüləsini Qələmin sinəsinə, indicə (oyuncaqdır yoxsa?) vuracaq. 

Hədələyici tərzdə: - Mənimlə zarafat?! – deyir əlində tapanca tutana. Yox, hədəsi daha sərt, daha kəsərli səslənməlidir, qorxutmalıdır onları, yoxsa vurub öldürərlər: - Avamsınız?! Bilmirsız mənim kim olduğumu?!

Tapancalı gözlərini döyə-döyə baxdı dəstə üzvlərinə, hətta narahat qığılcımlari işıldadı baxışında, hər halda Qələmə elə gəldi ki, hərif duruxub, nə edəcəyini bilmir, odurki söz təzyiqini artırmaq məqsədilə:  - Yer kürrəsini, -  dedi, -dayandırıb sizi elə hala salaram ki!.. 

- Hə? – başçı hələ də şübhə içindəydi. - Onda göstər, - dedi Qələmə, - məharətini!

Qələm birdən var gücünü toplayıb inamla: Dayan, - bağırdı, - ey Yer kürrəsi! Tapancalını qeyri-adi səslənən müdhiş bu çığırtı elə diksindirdi ki, tapanca çıxdı əlindən, daş döşəməyə dəyib Qələmə sarı fırlana-fırlana sürüşdü. O andaca hansı bir qüvvənin təsiri ilə üç nəfərin üçüsü də yerindən qopub divardan divara dəydilər, guppultuyla döşəməyə yıxıldılar. 

Qələm nədənsə yerindən tərpənmədi, amma təşviş-qorxu içində: - Olan işdirmi bu?! – dedi öz-özünə. – Yer kürrəsi dayana bilməz! Fəlakət baş verər onda!.. – Qələm ücün ən böyük fəlakət artıq olmuşdur: peşəsi ləkələnib, qazamatdadır... Çarəsizlikdən... – sonrası yadında deyil: təkcə tapancaya yaxın oturduğu və əlini ona sarı uzatdığı yadındadır...

Qulağına qəribə bir səs dəydi, elə bil kimsə yeri qaşıyırdı. Siçandırmı? Bəlkə, -  halı pisləşdi, - sıçovuldur?.. 

Günün şüarı altında gözə bir parça narıncı-kürən parıltı dəydi – tez də yox oldu!... Tarakanmış!.. Nənəsi bəzən tarakan əvəzinə, onu otaqda görəndə,  qarafatma sözünü işlədərdi, mətbəxdə isə rastlaşanda: Bu mətbəx böcəyi bizdən nə istəyir? Heç olmasa hədiyyədən-zaddan nəsə gətirəydi!..

Budur tarakanın hədiyyəsi: yuxunu yazmağa Qələm üçün əl boyda kağız sürüyüb-kətirib!.. Yox, əməlli-başlı rəsmi vərəqdir, hətta əvvəlcədən möhürlənib-imzalanıb, nə istəyirsən – yaz, təqdim et, çıx qazamatdan:  Azadlığa buraxılsın Qələm Alışanov!..

Hanı qələmi?

Özün Qələm ola-ola neynirsən qələmi?

Dili də şişib qupquru qurumuşdu, ha çalışır – heç cür tərpətə bilmirdi açıq qalmış ağzında, hardansa eşitdiyi dilim-dilim oldu dillim misrası da yapışıb beyninə... Misranı qova-qova hey çalışırdı dilini dişlərilə qıfıllasın, qalın dodaqlarlını yumub sağaltsın (bəlkə sakitləşdirsin?) narahat dilini.

Demə, əzab verən dil deyilmiş, karandaş dediyimiz qələmin içində yerləşən qara daşmış - harda olursa olsun nəsə yazmağa can atırdı, qoy lap qazamat divarı olsun, nə fərqi var?

İti qara daş divara toxunan kimi həm yazan ucu sındı, həm də divar ovulub sökülməyə başladı, demə, ıçi boşmuş!.. Bəs vacib sənəd? Onu yazmağ artıq mənasızdır – rahatca azadlığa çıxa bilər!

Ətraf təmiz hava dolu çöllük-çəmənlik idi, uzaqlarda – silsilə dağlar, başı üstə - buludlu səma və buludları zəncirləyən qırmızı lent yazıları.

Çalışdı girsin qələmin çeçələ barmağı boyda olan qara daşı ilə yazı cərgəsinə - bir şey çıxmadı: yazilar çox sıx idi, halbuki... Yox, deyək ki, sala bildi vacib saydığı yeniliklərini bu lent axınına: onları kim oxuyacaq? Hanı o mələklər ki, lentin o tərəfində tərsinə  oxunan fəryadından baş çıxarsın?

Sonsuz asimanın guya dibi yoxdur... Bəs yoxdursa – onda necə olub ki, dibəcən doludur yalan məlumatlara bizim asimanımız? Qələmin könlündə hallandırma həvəsi oyandı: Vaxt gələr uçaram asimanıma... – hara uçacaqsan, ay zavallı? Boş-boş sözlər, aldadıcı vədlər, uydurmalarla zibillənib asiman.

Ey, varmı məni eşidən?

Çingiz Hüseynov

Yuxarı