post-title

ABŞ-dan sevgilərlə

Yetmişinci illərdə mən iddialı, lakin qəzet və jurnallardakı xalturalarımı çıxmaq şərtilə heç bir sətiri belə çap olunmamış nonkonformist yazıçı idim. Mənim iddialarım, edə biləcəklərimlə tərs mütənasib idi, daha doğrusu imkanların olmaması mənə özümü kəşf edilməmiş dahi hiss etməyə haqq verirdi. Dostlarım da haqqımda eyni fikirdə idilər.

 

 
 
 
Bizim xəyallarımız və ümidlərimiz Qərbə can atmaq üzərində qurulmuşdu. Biz əks məntiq prinsipi ilə düşünürdük, əgər bizdə hər şey pis idisə, deməli onlarda yaxşıydı, daha dəqiq desək bizdə əlverişsiz olan şərait onlarda əla olmalıydı. Bircə Qərbdə çap olunmaq bəs edirdi ki, bütün dünya bizim necə dahi, igid oğlanlar olduğumuzdan xəbər tutsunlar.
 
Və budur mən Qərbdəyəm. Məndən heç bir dahi çıxmadı, illuziyalarımın hamısı iflas etdi, əvəzində mən gözlənilmədən amerikanın dəbdə olan ədəbiyyat jurnallarından çap olunan, ən məhşur nəşriyyatlarında kitabını buraxdıran, yüzlərlə  rus mənşəlli yazıçılarından birinə çevrildim. 
 
Təssüf edirəm ki, Rusiyada qalan dostlarımın çoxu hələ də kəşf olunmayan isdedadları, həmçinin qərbdə yazıçıları gözləyən cənnətin xəyalı ilə bağlı illuziyayaların təsiri altındadılar (ona görə ki, orda özlərini ifadə etmək üçün imkanları yoxdur).
 
Çoxdadır istəyirdim, rus mühacirərinin ortaq metodu ilə nazik papiros kağızında Rusiyadakı dostlara bir məktub göndərim. Tanış bir italyan həmin məktubu Rusiyaya çatdırmağı boynuna götürüb. Fikrimcə, bu indi yazmaqda olduğum, hələ də göndərilməmiş mətnə bənzər bir məktub olmalıdır. 
 
Mənim Əzizlərim!
 
Bacardıqca uzunçuluqdan qaçmalıyam ki, məktubu sizə çatdıracaq tanışım, alicənab sinyorun gizlətdiyi yerə sığsın. Onunçün də, ancaq başlıca məsələlər, sizin və mənim ortaq dərdimiz olan ədəbiyyat məsələləri haqda yazıram.  
 
Bilməlisiniz ki, Amerika nə cənnət, nə də cənnətin yer üzündəki filialı deyil və mənə elə gəlir, bu mənim Qərblə bağlı ən böyük kəşfimdir. Mənim fikrimcə mühacir yazıçılar üçün Amerikada, daha doğrusu Qərbdə ədəbiyyat həyatı üç mərhələdən ibarətdir.
 
Əvvəlcə hər şey insana əla görünür : rus nəşriyyatları çox, qəzet, juranlları ürəyin istədiyi qədər, senzura deyilən şey yox.
 
Sonra bir anda hər şeyin bərbad olduğunu anlayırsan : rus jurnalları qonarar vermirlər, nəşriyyatlar hər cür zir-zibili çap edirlər, senzuranın yoxluğu (eyni zamanda ciddi tənqidin də tamamilə aradan qalxması) qrafomanların azad fəaliyyəti üçün münbit şərait yaradır.
 
Sonda hər şey əvvəl-axır sənin üçün normallaşır. Məlum olur ki, Amerikada istədiyin hər şey var, həm pis, həm yaxşı şeylər. Çünki azadlığın dəhşətli olanla, gözəl olanın hər ikisinə münasibəti eynidir. Eynilə, ayın öz işığı ilə, həm yırtıcının həm də qurbanın yolunu işıqlandırması, ya da günəşin öz şüalarını həm alaq otu, həm də çovdar sünbülü arasında eyni dərəcədə paylaması kimi.
 
Əslində biz bura gəldikdən sonra, nə iqtisadi, nə coğrafi mövqeymizi, nə iqlimimizi və xüsusilə də öz mənəvi dəyərlərimizi dəyişməmişik. Buraya gəlməklə insan heç də dəyişmir, həyat tərzi əvvəlki kimi qalır. Burada dəyişdirdiyimizi yeganə şey, başqaları ilə münasibətdə duyduğumuz kədərimizdir. Şəxsən mən əminliklə burdakı kədəri özümə daha yaxın hiss etdiyimi deyə bilərəm.
 
Nə vaxtsa mən bütün qəlbimlə rəsmi sovet ədəbiyyatının içində yer almağa can atırdım. Sonra mən ən doğru yolun qeyri-rəsmi ədəbiyyatdan keçdiyini düşündüm. Daha sonra ölkədən çıxdım və xüsusi bir səy göstərmədən özümü mühacir ədəbiyyatının ortasında tapdım. Daha iki il keçdi və budur mənim hekayələrim partapart, üç-dörd dilə çevrilib, çap edilir və nəhayət ən əsas şeyi anladım.
 
Ədəbiyyatı istər rus ədəbiyyatı, istər sovet ədəbiyyatına, istər metropol istər diaspor, istər rəsmi, istərsə də anderqraunda bölməyin heç bir mənası yoxmuş. Kənardan baxanda bircə ədəbiyyat növü var, o da dünya ədəbiyyatıdır. Və əgər anadangəlmə sənin bəxtin gətiribsə (istedad), bu bəxt hələ də işləyirsə (yaxşı tərcüməçi, fəal ədəbiyyat agenti), deməli müəyyən vaxtdan sonra, sən dünya ədəbiyyatında öz yerini tutmaq haqqını qazanırsan. Qoy, bu yer mikroskopik kiçiklikdə olsun, amma yenə də sən çox nəhəng bir kütlənin içində özünə yer tutmaqla öyünə bilərsən.
 
Okeanın üstündən uçub keçərək siz heç də gəlib cənnətin ortasına düşməyəcəksiniz. (Əlbəttə ki, mən bunu kolbasa ya da cins geyimlər haqqında yox, nəsr ədəbiyyatı haqqında deyirəm.)
 
Senzura həqiqətən də yoxdur, konyuktura (ədəbi mühit) isə var. (Mən xeyli müddətdir anlamışam ki, iyrənc şeylər bir-biri ilə qafiyələnir. Senzura-konyuktura... Mestkom-qorkom-profkom.) Ölkəmizdə biz gecə-gündüz ideoloji ədəbi mühitlə əlləşirdik, burda isə bazarın tələb əsasında yaratdığı ədəbi mühitlə ayaqlaşmaq lazım gəlir. Gəlir gətirməyi hədəfləyərək yazmaq isə, nabələd ədəbiyyatçı üçün olduqca cansıxıcı və mənasız gəlir. 
 
Qərbəki rus naşiri sizə ilk deyəcəyi bu olacaq:
 
- Sən kifayət qədər tanınmırsan. Sən nə Soljinitsin, nə də Brodski deyilsən və sənin kitabın mənə heç bir gəlir gətirməyəcək. Gəlsənə, onu sənin öz hesabına çap edək.
 
Amerikan naşiri isə səninlə daha nəzakətli davranacaq. O deyəcək:
 
- Sənin kitabların gözəldir. Ancaq sovetin əmək düşərgələri haqqında artıq yazıblar, dissidentlər haqqında yazıblar, KQB və valyuta alverçiləri haqqında yazıblar, bir sözlə sovet həyatının ürəkbulandırıcı tərəfləri haqqında oxumaq artıq camaatı bezdirib. Yaxşı olar ki, Amerika haqqında nə isə gülməli bir şey yazasan. Onu da bacarmırsansa Qədim Misir haqqında yaz...
 
Bununla siz hətta uğursuz insana verilən son təsginlik payından də məhrum olacaqsınız. İş orasındadır ki, burada ədəbiyyat dövlətə yox, nəşriyyatlara məxsusdur, nəşriyyatlar isə kitablara öz ciblərindən pul xərcləyirlər, bəs bu halda sən onlara niyə gəlir gətirməməlisən. 
 
Digər yandan, Qərbdə çalışan adamın əziyyəti heç vaxt yerdə qalmaz, əvvəl-axır sizi həm rusca, həm də ingiliscə çap edəcəklər. Rus nəşriyyatları göbələk kimi artmaqda, qiymətlər aşağı düşməkdə olduğu üçün, ilkin mərhələdə öz hesabına çap olunmaq da mümkündür, inandırım sizi ki, bu elə də baha başa gəlmir.
 
Amerikanın ədəbiyyat bazarı isə ucu-qulağı görünməyən, nəhəng bir bazardır. İsdedadlı adam tərəfindən yazılmış, ciddi kitab burda əvvəl-axır öz naşirini tapacaq.
 
Burda nəşriyyatların sayı yüzlərlərdir, bəlkə də minlərlə. Hər il çap olunan kitablar arasından bir neçə mini uğurlu olur, ya gəlir əldə edir, ya da heç olmasa öz xərcini ödəyir. 
 
Lakin, burda ciddi olmayan ədəbiyyat üçün də yer var (içərisində isdedad olanları nəzərdə tuturam.) Yüksək didaktik kitablardan tutmuş, aşağı pornoqrafiyaya qədər, hansı bərbad kitabı yazırsan yaz (mən əminəm ki, gözəl bir “tullantı” yazmaq üçün belə istedad, vərdiş və hətta ustalıq tələb olunur) amerika bazarı onu həzm edəcək. Bəlkə, hətta bu yolla siz Amerikada ən çox qazanan rus ədəbiyyatı təmsilçisi də olarsınız.
 
Əlbəttə, sizi burda xoşagəlməz hadisələr də gözləyə bilər. Rusca kitabların naşirləri sizə deyə bilərlər (ya da susqunluqlarından özünüz anlayacaqsınız):
 
- Sən Sovet İttifaqında yaşamısan indi isə Qərbdə çap olunmağa gəlmisən. Bir halda ki, orda asanlıqla həbsxanaya düşə bilərdin, amma düşməmisən, deməli heç bir səbəb olmadan Qərbə sığınıb, yazıçı olmaq üçün özünü dissident kimi qələmə vermisən. Belə vəziyətdə Qərb qəzetləri hay-küy qaldıracaqlar. Bu sənin kitablarının satışına təsir edəcək. Hələ ki, sən azadlıqdasan və indiki vəziyyətin heç də həbsxanadakına bənzəmir. Buna görə də mən sənin kitabının çapını ara sakitləşənə qədər təxirə salıram...
 
“Ara sakitləşənə qədər” – nə deməkdir? Kitab çap etdirmək üçün mütləq həbs olunmaq lazımdır?!
Siz vəziyyətlə barışıb öz-özünüzə deyəcəksiniz: hamısı mənə qarşı yönəlmiş, çinizim, praqmatizmdir!.. (Yenə də qafiyələnən murdarçılıq!) Mənsə sizə üzümü tutub deyirəm: - “Hə, nə olsun ki?” Nəşriyyatlar öz ciblərindən pul xərcləyirlər. Onların qənaətcil və düşüncəli xərcləmələr etməsi tamamilə normaldır.

Ancaq ümidini itirmək lazım deyil, burda hər şey çap olunur, əgər əsər ruscadırsa onun çapı üçün mütləq imkan tapılacaq. Burda hər şeyi, hətta mənim fikrimcə çapa layiq olmayanları da çap etdirmək mümkündür.
 
Sizi çap edəcəklər və əvvəlcədən buna hazır olmaq lazımdır. Çünki, kitabın yayınlanmasından dərhal sonra dahiliyiniz haqqında hər kəsdən gizlədiyiniz illuziyalar istər-istəməz yerlə-yeskan olacaq. Tezliklə siz tanınmamış dahinin hücrəsindən, dünya ədəbiyyatının sonsuz fəzasına düşəcəksiniz. Burda ilk sırada Tolstoy, Servantes və Coys durur, sizdən arxada heç kimin tanımadığı milyonlarla iks, iqrek, zet düzülüşüb, siz isə ortalarda bir yerdəsiniz.
 
Təssüf ki, sizin çoxunuz ancaq orta sıralarda qala bilərsiniz. (Orta sıradakı yazıçını təsəvvür etmək üçün Cudit Krançın üzərinə Tolstoyu əlavə edib, ikiyə bölün!) Bundan qorxmağa dəyməz. Orta yer heç də qorxulu deyil. Ədəbiyyat aləmində əsas proseslər çox vaxt məhz burda baş verir...
 
Və məndən sizə daha bir xəbərdarlıq. Dünya ədəbiyyatının sırasına düşdükdən dərhal sonra, siz daha konkret auditoriyanızı hiss edə bilməyəcəksiniz. Bəlkə də kimin üçün yazdığınızı sadəcə beyninizdən çıxarıb atacaqsınız. 
 
Nə vaxtsa siz sovet redaktorları xoşuna gəlmək, onları qanunsevər, qabiliyyətli və vicdanlı bir sovet yazarı olduğunuza inandırmaq üçün yazırdınız. Sonra bunun mənasızlığını anlayıb, nonkonformizmin darısqal tabutunda özünə yer eləyib, dost-tanışdan ibarət, dar çevrə üçün yazmağa başlmısınız. Nəhayət, gücdən düşüb, qərbin fərziyyələrə inanan oxucularının gözündən kommunist rejimini salmaq üçün yazmağa başlayırsınız. Belə yol hər bir istedadlı yazıçı üçün tamamilə təbii və təqdirəlayiqdir. Sizin vəziyyətinizdə bir yazıçıdan tələb olunan ən minimum şey, ədalətsiz rejimlə barışmayıb, bir az cəsarət, bir az da soyuqqanlılıq göstərərək, özünə fikirlərini açıqca ifadə edə biləcəyiniz bir mühit tapmaqdır-ləyaqət insanın ən cəlbedici cəhətidir.
 
Beləliklə, siz Qərbdəsiniz. Sizin hekayələriniz rusca və ingiliscə çap edilir. Əvvəl-axır auditoriya hissi yava-yavaş sizi tərk etməyə başlayır. Kim üçün və nə haqda yazırsız fərqi yoxdur. Amerikalılara Rusiya haqqındamı, yoxsa ruslara Amerika haqqındamı? Kitabı əlinə alacaq bütün insanlar və özünüz haqqındamı? Son nəticədə anlaşılır ki, siz ancaq özünüz üçün yazırsınız. Yaxşı tanıdığınız və güzgüdə üzünüzü qırxarkən nifrətlə baxdığınız adam üçün yazırsınız. Qısası, sizin işiniz toru qurmaqdır, ora kimin düşəcəyi isə artıq sizi maraqlandırmamalıdır: bəlkə bu fransız tələbədir, bəlkə amerikalı dantist, bəlkə nüfuzlu Brayton-Biçdə yaşayan rus mühacir-biznesmeni, bəlkə sovet dissidenti ya da KQB mayoru. Önəmli olan iş yerinə yetirilib – tor dənizə atılıb...
 
Bilirəm ki, sizin üçün asan deyil. Mühacirət insanın seçimlərinin keyfiyyətinə təsir edir. Əvvəllər ya sovet entuziazmını ya da tamamilə siyasətdən boyun qaçırmağı seçməliydiniz, ya hökümətlə əməkdaşlıq edib yaxşı yaşamalı ya da monastr hücrəsinə çəkilib, tanınmadan oradaca çürüyüb getməliydiniz. İndi isə hər şey başqa cürdür. Siz köləliklə azadlıq arasında, səssiz etirazla, açıq, qorxusuz  fikrini ifadə etmək arasında seçim etməlisiniz.
 
Doğrudur, heç kimin məhbusu üsyana qaldırmaq, nə də insandan igidlik göstərməyi, vətəndaş borcunu yerinə yetirməyi tələb etmək üçün mənəvi haqqı yoxdur. Heç kim sizin yerinizə seçim edə bilməz. 
 
Ancaq nə olur-olsun kimsə bunu mütləq etməlidir. Bu sizin dərdiniz olduğu qədər də bizim kədərimizdir. Şübhəsiz gec-tez, dəmir pərdələrin o üzü ilə bu üzündəkilər eyni antalogiyada toplaşıb, çap olunacaqlar. 
 
Sizi sevən və hörmət edən Serqey Dovlatov.
 
Çeviri: Namiq Hüseynli
 
Kultura.Az
Yuxarı