Bir qədər Mircəfər Bağırov haqqında

Марк ВЕРХОВСКИЙ

 

 
Kareliya-Fin və Abxaziya respublikaları isə ümumiyyətlə müstəqilliklərini itirmişdilər. «İttifaq respublikası» statusuna malik olmaq və «Muxtar» sırasında olmamaq üçün hökmən ölkənin nüfuzunu və qanuni olmasını sübut etmək lazım idi. Gəlin Azərbaycan respublikasının təşəkkül tapdığı ilkin dövrlərdəki idarəçiliyi izləyək. 1920-33-cü illər ərzində Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi vəzifəsində 9 rəhbər dəyişmişdi. Tez-tez baş verən bu dəyişikliklər və həmçinin o zaman Azərb. SSR-in ZSFSRin tərkibində olması respublika üçün pis nəticələr verə bilərdi. Özü də artıq Q.K.Orconikidze, L.Mirzəyan, A.Mikoyan, A.Qarayev, M.D.Hüseynov və digər görkəmli xadimlərin əsaslandıqları belə bir məntiq mövcud idi: Azərbaycana müstəqillik lazım deyil, o muxtariyyət hüququ ilə RSFS RO-in tərkibinə daxil olmalıdır.
 
Respublika rəhbərliyinin beynəlmiləl tərkibi maraqlı faktdır: 3 erməni, 2 azərbaycanlı və yəhudi, 1 rus və ukraynalı. Ruhulla Axundovdan (1925-26) başqa, onlar hamısı öz karyeralarını Azərbaycan hüdudlarından kənarda davam etdirdilər. Və A.I.Mikoyandan savayı, 1937-39-cu illərdə baş vermiş cəza tədbirləri və güllələnmə onların heç birindən yan keçmədi.
 
Yeni rəhbərin gəlişi ilə bütün idarə işçilərinin yeniləri ilə əvəz edilməsini yəqin ki, heç kimə sübut etməyə ehtiyac yoxdur. Bürokratlar qanuna müvafiqlik imtahanından qohumluq, yerlibazlıq, keçmişdəki sədaqəti, rüşvət şəklində gəlir vermək imkanı və nəhayət, sonda bilik, bacarığına görə keçirlər. Bütün hökumət qurumlarında, ən əsası isə cəmiyyətin bütün formasiyalarında kadr seçərkən bu praktika tətbiq olunmuşdur. Fərq yalnız keçmiş aparata qarşı tətbiq edlilən cəza tədbirlərinin dərəcəsindən ibarətdir.
 
Mir Cəfər Abbas oğlu Bağırov 1933-cü il 15 dekabr tarixində Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi seçilir.
 
Müəllif oçerkin qəhrəmanının tərcümeyi-halındakı məlum tarixlərə xüsusi yer ayırmağı istəməzdi. Ona görə də yalnız onu qeyd etməklə kifayətlənmək olar ki, Bağırov əslən Bakı quberniyasının Quba şəhərindəndir (17 sentyabr 1895-ci il). Mənə məlumdur ki, o, Pedaqoji kursları bitirib, kənd məktəbində aşağı siniflərə Azhərbaycan tarixindən dərs deyirdi. İndi «müəllim babanın» necə respublikaya rəhbərlik etməsinə istehza edilməsi bir faktdır. Lakin keçmiş müəllim Heydər Əliyevin respublikaya rəhbərlik etməsi kimi başqa bir örnək də məlumdur. Bəs iki həkim («həkim baba») – N.Nərimanov və V.Axundov necə? Axı, kim universitetləri, yaxud «Kembric»i bitirərək, mükəmməl rəhbərə çevrilmişdi? O zamanlar belə tədris ocaqları dövlət xadimlərinin tərcümeyi-halında, ümumiyyətlə mövcud olmamışdı. Buna baxmayaraq, M.C.Bağırovun respublikaya rəhbərlik etdiyi iyirmi il ərzində nələrin yarandığını sadalamaq, Azərbaycan dövlətinin yaranma tarixi prosesinin çoxsaylı səhifələrini vərəqləməyə bərabərdir. Əfsuslar olsun ki, bu səhifədə məmləkətin ləyaqətli oğullarının qanına bulaşıb və heç bir şey buna bəraət qazandıra bilməz. Yaşamaq uğrunda amansız mübarizə gedirdi. Əgər bu cəbhədə Bağırov məhv olsaydı, onun yerini qəddarlıqda heç də ondan geri qalmayan, amma səfeh, başqa bir zülmkar «Bağırov», bəlkə də bir neçəsi tuta bilərdi. Yaddan çıxarmaq lazım deyil ki, «donos»lar vermək və «xalq düşmənləri»ni ictimaiyyətdə damğalamaqla, Azərbaycan ziyalılarının böyük bir qrupu cəza tədbirlərinə cəlb edilmişdilər. Belə tendensiyaların bu gün də davam etdiyini etiraf etmək böyük günah deyil.
 
Artıq 70-ci illərdə Dəmir-beton Trestinin şöbə müdiri işləyərkən, mən ilk dəfə həmin dövrün bütün əzablarını görmüş bir şəxslə görüşdüm. Bu müdir müavini Asya Qriqoryevna Qriqoryan idi. Azərbaycan Baş Təchizat İdarəsinin rəhbərlik işçisi olduğu üçün o, həbs olunub və «etiraf» məqsədilə su içində olan zirzəmiyə salınmışdı.
 
Ayaqlarının şişməsi və ağır-ağır yeriməsindən, biz bu cəzanın nəticələrini görürdük. Çox qəribə idi ki, bu xəstə və sarsılmış qadın dövlət orqanlarının bürokratizmindən nifrətlə danışarkən, həmişə «Bağırov sistemi»ni misal çəkib, respublikada «yeganə kişi» oldluğunu deyərək, ona rəğbət bəsləyirdi. Belə ki, bu qadının güclü səsi sayəsində, həmin xatirələr ətrafdakılar üçün sirr olaraq qalmırdı.
 
Bağırovun qüdrətli Beriya ilə əlaqələrinə görə ittihamı – nə qədər paradoksal olsa da, bu əlaqə Azərbaycanın pozitiv inkişafına öz səmərəsini göstərmişdir. Moskvada öz «adamı»nın olmasını, bütün respublikaların rəhbərləri arzulayırdılar. Hər şey respublikanın möhkəmlənməsi nöqteyi-nəzərindən bu qarışıq illərə ədalətli məntiqlə yanaşmaqdan asılıdır. Axı, imperator böyük Pyotra Rusiyanın feodalizmdən çıxması naminə, rus xalqının bütün qurbanlarını bağışlayırlar. Həmçinin dövləti başları kəsilmiş Azərbaycan xalqının sümükləri üzərində quran ilk Azərbaycan şahı İsmayılın əməllərini göylərə qaldırırlar. Sonrakı dövrlərdə dövlət pulunu oğurlayan rəhbərlərdən fərqli olaraq, Stalin kadrları varlanmağa cəhd etmirdilər. Bu həmin dövrün ən mühüm fərqi idi. Yalnız o dövrləri şərhsiz xatırlada bilən adlar mövcuddur: «Bağırov bağı», «Bağırov körpüsü», «Bağırov məktəbi», «Bağırov evi» və s. Bunların heç biri Bağırovlar ailəsinə mənsub olmayıb.
 
Gürcüstana məzuniyyətə getmiş İosif Stalinə, Nadejda Alliluyevanın yazdığı məktub yada düşür. 1929-cu il. Arvadı yazır ki, institutda imtahana gecikib, çünki taksiyə pulu çatmadığından, tramvaydan istifadə edib. Ona görə də gündəlik xərc üçün ərindən bir az pul götürməsini xahiş edir! Bu gün bu nə qədər inanılmaz səslənsə də bu faktın öz yeri var.
Həmçinin müasirinin «respublika ağası»nın oğlunun çiynində çanta, 6 nömrəli məktəbə necə farağat addımlamasının şahidi olması da qeyri-adi bir xatirədir. Söhbət Bağırovun kiçik oğlu Djendən gedir (ata ilə ananın adlarının birləşməsi – Cəfər və Jenya).
 
Mənə Bağırovun ətrafındakı yaxınları ilə görüşmək müyəssər olub. Müşayiətçi motosikletçilərdən olan sabiq şəxsi mühafizəçi «dəmir Andronik», bizim evdə yaşayırdı. O, əhali arasında «ağa»nın hörməti və ədalətli nüfuzundan danışırdı. Hər hansısa bir müdirin bürokratizmini görərkən tək elə Bağırova şikayət ediləcəyini demək kifayət idi ki, məsələ dərhal həllini tapsın. Mən texnikumda Bağırovun şəxsi sürücüsünün oğluyla birlikdə oxumuşam (yalnız bu səbəbə görə «ədalətli» tribunal ona iş kəsmişdi). Lovğalıqdan uzaq bu sadə rus oğlanı, bizim bütün tələbəlik hoqqalarımızda iştirak edirdi. Bağırov dövründə Nazirlər Sovetinin sədri olmuş Teymur Quliyevin oğlu Sultan da, həmçinin orada oxuyurdu. Həmişə səliqəli və nəzakətli olan bu oğlan, hev vaxt ədabazlıq etməz və heç kimlə münaqişəyə girməzdi.
 
Əlbəttə, bunlar Bağırovun öz xarakteri barədə heç nə demir, amma hər halda onun ətrafındakıların qanuna müvafiq olmalarını xarakterizə edir.
 
İşdə kadr sahəsində beynəlmiləlçilik, Mir Cəfər Bağırovun ailə xronikasında tamamlanır. Azsaylı mənbələrdən məlumdur ki, ilk həyat yoldaşı 1918(?) olaraq o, Şuşanın, yaxud Gəncənin tanınmış nəslindən deyil, Mariya adlı sadə bir rus qızı seçmişdi. Hansı ki, həmin vaxt o, artıq Azərbaycan FK-nın sədri işləyirdi. Onun yoldaşı adi bir tibb bacısı olsa da, həyat üçün zəruri peşə sahibiydi. 1919-cu ildə onun bu nikahdan Vladimir – Cahangir adlı oğlu dünyaya gəldi.
 
O illərdə vaxtaşırı çoxsaylı infeksion xəstəliklər meydana çıxırdı. Güman etmək olar ki, Mariyanın ölümcül xəstələnməsinə hər gün keçici xəstələrlə ünsiyyətdə olması səbəb olmuşdur. Tezliklə o, dünyasını dəyişdi. Onların oğullarının taleyi maraqlıdır. Böyük Vətən müharibəsi ərəfəsində Vladimir yenə də MDU-nu yox (MDBƏİ hələ mövcud deyildi), Daşkənd hərbi məktəbi və Yeysk hərbi aviasiya təyyarəçilik məktəbini bitirmişdi. Qırıcı təyyarəçi kimi, Vladimir müharibənin ilk günlərindən Moskva ətrafındakı hava döyüşlərində iştirak edir. 1942-ci ildə Serpuxov rayonundakı döyüşlərin birində Vladimir yaralanır. Hospitaldan sonra o, təyinatını 40-cı qvardiya alayına alır. 1943-cü il 5 iyunda Oboya şəhəri yaxınlığında aerodroma hücumu dəf edərkən Vladimir YU-88 alman bombardmançı təyyarəsini vurur. Bütün döyüş komplektini sərf edib qurtaran qorxmaz Vladimir, alman qırıcısını taranla vurmaq qərarına gəlir. Hər iki təyyarə havada partlayır. Şücaətinə görə qvardiya baş leytenantı Vladimir-Cahangir Bağırov ölümündən sonra Lenin ordeni ilə təltif olunur. 
 
Vladimir Bağırovun atası Mir Cəfər Bağırova məktubu:
 
«Əziz ata! Artıq iki ay yarımdır ki, mən öz yerimdə deyiləm, indi çox baha olan çörəyi havayı yeyirəm. Vətən təhlükədə olduğu bir vaxtda, minlərlə oğullar öz həyatlarını, qanlarını əsirgəmədən müharibə cəbhəsində vuruşduqları bir məqamda mən oturmuşam.
 
Mənsə harada qızğın döyüş gedirsə, hökmən orada olmalıyam. Çünki mən sənin, oğlunam, Vətənin oğluyam, partiyamızın oğluyam.
 
Bir bilsəydin ki, cavan, sağlam olduğum halda arxa cəbhədə oturduğum üçün insanların gözünün içinə baxmaqdan necə utanıram.
 
Xahiş edirəm, mənim cəbhəyə yola düşməyimi tezləşdir, nəylə olsa vuruşmağa razıyam. Mənə bunların iki ay yarım gözlədiyim məşhur təyyarələri lazım deyil. Hətta U-2-də uçmağa da razıyam, təki vuruşum, bekar qalmayım.
 
Yalnız bir həftə səbr edə bilərəm. Sonra isə rastıma çıxan ilk hissəyə gedib, oradan da cəbhəyə yola düşəcəyəm.
 
Səbirsizliklə cəbhəyə getməyimi gözləyirəm. Mən sənə və vətənimə layiq oğul olduğumu sübut edəcəyəm. Bər-bərk öpürəm.
 
Sənin Vladimirin. 4.2.43»
 
(«Savaş Qarabağ» sənədlərindən)
 
Müəllif yenidən sonrakı və müasir rəhbərlərin öz övladlarını tərbiyə etmək praktikasına qayıdır. Əfqansıtan, Çeçenistan, Azərbaycan və Gürcüstanda siyasətçilərin başladığı müharibələrdə, onların övladları əsla iştirak etməyiblər. Bu qınaq deyil, amma müqayisədir.
 
Bağırov sonrakı taleyindəki ailə tellərini yəhudi qadın Yevgeniya Mixaylovna Gelman ilə bağlayır. Burada digər birinci katiblərin də yəhudi qadınlarla evlənmələrini hökmən qeyd etmək lazımdır: Ruhulla Axundov, Kamran Bağırov, Əbdülrəhman Vəzirov.
 
Bu tendensiya yəhudilərin xaricə getmələri ilə əlaqədar itməyə başladı və görünür, əbədi olaraq itəcək. Qeyd etmək istərdim ki, Azərbaycan milli elitasının möhkəmlənməsinə, həm də onun bir çox üzvlərinin rus dilində təhsil alaraq, Rusiya, sonra isə sovet elit administrasiyasında xidmət etmələrinə səbəb olmuşdur.
 
1917-ci ilədək rus təhsil ocaqlarını bitirmiş 2000 azərbaycanlıdan yalnız bir neçə onluq sovet hökumətində qalıb xidmət etmişdir.
 
İndi 1932-ci ildə bu nikahdan doğulmuş və inadla çiynində çanta məktəbə addımlayan (!) Djeni xatırlamaq yerinə düşər.
 
Oxucular müəllifdən Bağırovlar ailəsinə meylliliyə görə şübhələnməsinlər deyə, Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar artisti, məşhur pianoçu Tamilla Mahmudovanın xatirələrini qələmə almaq istəyirəm:
 
«Mən Djenlə Moskvada, demək olar ki, eyni vaxtda oxumağa başlamışam. O, əvvəlcə MAI, sonra isə məşhur MANI-də, mən isə konservatoriyada. Biz dostluq edirdik, bir-birimizin evində olurduq. Mən tam əminliklə deyə bilərəm ki heç vaxt, heç bir otaqda Bağırovun portretini görməmişəm. Hansı ki, əgər portret olsaydı belə, bu təbii bir hal olardı. Axı Djen üçün o, respublikanın «ağa»sı yox, sadəcə doğma ata idi. Amma təkrar edirəm, portret hətta Yevgeniya Mixaylovnanın otağında da yox idi. Bizim dostluğumuz yarım əsrdən çox davam edib və mən bununla fəxr edirəm: Djen Bağırov olduqca təmiz, kübar insan, şərəfli və sözübütöv, əsil kişiydi. …Djen Moskva avtonəqliyyat institutunu, aspiranturasını bitirib, namizədlik dissertasiyasını müdafiə etmişdi. Doktorluq dərəcəsinə 39 yaşında çatmışdı. Tədqiqatlarının nəticəsi onun dərslikləridir. Bu dərsliklər üç dilə - ingilis, ispan və ərəb dillərinə tərcümə olunub. O, 1994-cü ildə dünyasını dəyişdi. Əsil vətənpərvər idi. Tez-tez Bakıda və respublikanın rayonlarında olardı. Vətənpərvərcəsinə cənazəsinin külünü doğma torpağa dağıtmağı vəsiyyət etmişdi. Arvadı onun arzusunu yerinə yetirdi: külünün bir hissəsi Azərbaycan torpağına qovuşdu, qalan hissəsi isə Moskvada, Vostryakovsk qəbiristanlığında dəfn olundu.
 
Anası Yevgeniya Mixaylovna oğlunun dərdinə üç il dözə bildi. 2005-ci ildə isə Djenin yeganə oğlu Hindistanda avtoqəzada həlak oldu».
 
27 yaşlı Mircəfər Bağırov Moskvada əczaçılıq firmasında işləyirdi. Kommersiya fəaliyyəti ilə əlaqədar Hindistana getmişdi. Moskvada atasının qəbri ilə yanaşı dəfn olunmuşdur.
 
Bir qədər mənfi xarakteristika ilə səciyyələndirilən Mir Cəfər Bağırovun iki belə qeyri-adi oğul tərbiyə etməsinin məntiqcə ağlasığmaz olması təəccüblü deyil. «Respublikanın ağası» Mir Cəfər Bağırovun İran Azərbaycanının Azərbaycan SSR-ə birləşdirilməsi ideyasını məharətlə yayması, onun nüfuz və siyasi ambisiyasını zirvəyə qaldırdı. Bu ideyanın əsası 1941-ci ildə, 47-ci sovet ordusunun İranı işğal etməsi zamanı qoyuldu. Bu andan etibarən Bağırovun Bakıdan göndərdiyi agentura cidd-cəhdlə pan-Azərbaycan təxribatı aparırdı. Milli Azərbaycan lideri kimi, onun rolu doğrudan da unikaldır. Azərbaycan xalqının marağı naminə, bu cür təhlükəli problemin həllində nəinki iştirakçı, həm də rəhbər rolunu oynamaq üçün böyük cəsarət tələb olunurdu.
 
Əlbəttə, «oyun» titula bərabər idi. Xüsusən də Qafqaz tarixinin səhnəsində Şimali və Cənubi Azərbaycanın birləşməsi üçün ilk dəfəydi ki, əlverişli şərait yaranmışdı.
 
Bağırov oyunda həyatını ortaya qoyaraq risk eləmişdi. Bir özünüz baxın, Böyük Vətən müharibəsinin olduqca ağır vaxtında, hansı ki, Qırmızı Ordu hər bir patrona, hər kanistr dizelə ehtiyac duyduğu bir zamanda, o, silah vaqonlarını və yanacaq sisternlərini «qaparaq» Cənubi Azərbaycana göndərirdi. Ölkə, respublika aclıq içindədir, amma ərzaq vaqonları Təbrizə tələsir. Şübhə yoxdur ki, Stalini hərəkətə gətirən, neft verən strateji rayonu ələ keçirmək cəhdi idi. Bağırov Stalinin bu strategiyasında oynayaraq, öz avtoritar maraqlarını da inadla həyata keçirməyə çalışırdı.
 
Onun şəxsi hamiliyi ilə 1945-ci ildə keçmiş kommunist iranlı Mir Cəfər Pişəvərinin başçılığı altında Azərbaycan Demokratik Partiyası (ADP) yaranır. Yeni partiyanın şüarı belə idi: «Vahid Azərbaycanın atası Mir Cəfər Bağırova eşq olsun!» 26 noyabr 1945-ci ildə sovet qoşunlarının nəzarəti altında Cənubi Azərbaycanın Milli Məclisinə seçkilər keçirildi. Təbii ki, qələbə ADP-na məxsus oldu. Artıq 12 dekabrda «Azərbaycan Demokratik respublikası» elan edildi. Bağırovun tərtib etdiyi siyahıya 12 nəfər daxil idi, hökumətə onun adamı Pişəvəri başçılıq edirdi.
 
Şübhəsiz ki, Bağırov siyasətinə, baş katib Stalin xeyir-dua verməliydi. Bu dövr iki liderin aktiv məktublaşdığı dövr idi. Bağırov yorulmaq bilmədən yeni region - Cənubi Azərbaycanın müdafiə edilməsinin zəruriliyini sübuta yetirməyə çalışırdı. Bu səylərin nəticəsində 5 fevral 1946-cı ildə sovet silahları ilə təchiz olunmuş respublika ordusu yaradıldı (77-ci Azərbaycan atıcı diviziyasının hissələri bazasında).
 
İranın tərkibində tamamilə muxtariyyət əldə edən ADR, metropoliyaya məhəl qoymayıb, Azərbaycan dilini dövlət dili elan etdi və öz valyutasını buraxdı (əlbəttə ki, SSRI ərazisində). Ticarət və banklar üzərində tam dövlət nəzarəti tətbiq olundu.
 
Bu aksiyalar yaxın gələcəkdə Azərbaycan SSR-in himayəsi və «vahid Azərbaycanın atasının» başçılığı altında birləşmək üçün zəmin yaradırdı. Təhlükə böyük idi, odur ki, bu plana qarşı müqaviməti nəinki İran şahı Rza Pəhləvi, həm də ona dəstək olan Böyük Britaniya və ABŞ da artırırdı.
 
Yeni qurulmuş BMT-nin köməyilə onların birgə göstərdikləri səy öz bəhrəsini verdi. 1946-cı ilin aprelində Sovet Ittifaqı, ABŞ, Böyük Britaniya həmrəylininin sonuncu ölkəsi Bağırovun arzusuna baxmayaraq, öz işğalçı qoşununu Cənubi Azərbaycandan çıxarmağa məcbur oldu. Sonrası isə çox sadə idi – İran hökuməti muxtariyyəti tanımaqla, Stalin və Bağırovun sayıqlığını zəiflədərək, Məclisə seçki azadlığını təmin etmək bəhanəsilə, Cənubi Azərbaycana 20 diviziya yeritdi. İran eləcə də sovet hökumətinin bu addıma qarşı etirazlarına da əhəmiyyət vermirdi. Sözsüz ki, Bağırov sovet qoşunlarının yenidən İrana qayıtmasına dair Stalinə dalbadal məktublar göndərirdi. Lakin Stalin artıq müdaxilə etməyəcəyinə qərar vermişdi və hətta Cənubi Azərbaycan qoşunlarına, hökumət ordusuna müqavimət göstərməməyi məsləhət görürdü. Əlbəttə ki, Sovet Ittifaqı və Böyük Britaniya konstitusiya aksiyası həyata keçirərkən, İran hökumətinin öz xalqına qarşı loyal münasibətdə olacağına inandılar. Amma Asiyaya məxsus müəmmalılıq öz qeyri-adekvatlılığını bir daha sübut etdi. 15 dekabr 1946-cı ildə İran qoşunu tam müqavimətsiz Təbrizə daxil oldu. Demokratik Muxtariyyətin yaratdığı bütün institutlar dağıdıldı. Cənubi Azərbaycan ADP üzvlərinə isə qanlı divan tutuldu. Düzdür, başda Pişəvəri olmaqla, partiya rəhbərləri sərhəddən SSRI-yə buraxıldılar. Fikir verin, amma vəziyyətin dəyişməsində Bağırov günahkar deyildi və avantüra oyuncaq evi kimi dağılırdı. Bəli, məhz avantyura! Gəlin Milli emosiyaları kənara qoyub… İran xalqının gözünə düz baxaq. Bağırovun ambisiyaları bu regiona hansı bəlaları gətirmişdi? Necə də olmasa, ADP və ADR-in yaranması Qırmızı Ordu süngülərinin köməyi ilə həyata keçirilmişdi: eynən 1920-ci ildə, XI Ordunun Bakıya gəlişi tək. Hər şey fars variantıyla təkrar olunmuşdu - lider və seçkilər Bağırov oyuncaqları idi. Bəs kim isə İran azərbycanlılarından bu demokratik yeniliyi istəyib-istəmədiklərini soruşmuşdumu? Azərbaycanlıların məhvinə səbəb olan qanlı faciə törədilərkən onların liderləri sakitcə Sovet İttifaqına qaçırdılar. Bütün bu keçmiş hadisələr məgər indiki separatizmi (yalnız indi başqa variantda) xatırlatmırmı?
 
Ona görə də bunlar yenidən qiymətləndirməyə, həmçinin o dövrün lideri – Bağırova qarşı münasibətdə reformasiya dəyişikliyinə ehtiyac var.
 
Demək olar ki, bütün Azərbaycan mənbələri Azərbaycan Demokratik Respublikasının faciəli süqutunu şərh edərkən, eyni məxrəcə gəlirlər: «Sovet Ittifaqı, daha doğrusu Stalin, ADR qarşısındakı öhdəçiliyinə, xəyanətlə yanaşdı».
 
Bu faktiki olaraq, bütün milli müsibətlərdə şəxsən Stalini günahkar görülərək, artıq nəzəri bir ittihama çevrilmiş birtərəfl yanaşmadır. Həmin dövrün tarixinə qısa bir nəzər salsaq, bu ittihamın cəfəngiyat olduğunu görmüş olarıq. Qanlı ikinci dünya müharibəsi yenicə qurtarmışdır. Qalib ölkələr kim nə qədər bacardısa, öz həmvətənlərinin qanı bahasına məğlub olmuş düşmən torpaqlarına bitişik əraziləri ələ keçirdilər. SSRI üçün bu – Kalininqrad (Kenniqsberq), Pribaltika, Lvov, Qərbi Ukrayna əraziləri, Belorusiya, Moldaviya, Saxalin və Kuril adaları idi. Bütün dünyanın gözündə bu hamıdan çox faşistlərin təcavüzünə məruz qalmış dövlətin layiq olduğu bir sərvət idi.
 
Sovet İttifaqı müharibədən, aclıqdan, nifrətdən yorulmuşdu. Ölkənin bütün Avropa ərazisindəki şəhərləri, sənaye və kənd təsərrüfatını yenidən bərpa etmək lazım idi. Dünya xalqları və yaranmış BMT SSRI-ni (Stalini) xilaskar və qabaqcıl kapitalist ölkələrinin dünyanı bölüşdürməyinə qarşı bir maneə kimi görürdülər. Neytral ölkə ilə bu cür sülh şəraitində yaşadığı halda, territorial (işğalçı) iddiası ilə təcavüzə əl atmağa «xalqların atasının» sadəcə ixtiyarı yox idi. Bundan əlavə BMT-nin təhlükəsizlik Şurası, ABŞ və Böyük Britaniyanın dəstəyi ilə onu İranın işlərinə müdaxilə etməməyə çağırmışdılar. ABŞ-da atom bombasının olması az əhəmiyyət kəsb etmirdi. Hər şey adi alqı-satqı üsulu ilə həll olundu: İran Sovet Ittifaqı ilə özü üçün sərfəli olmayan saziş bağladı. Şimali İrandakı neft hasilatı aksiyalarının 51%-i SSRI-yə verildi, hansı ki, yeri gəlmişkən İran Məclisi tərəfindən elə beləcə də təsdiq olunmamış qaldı. Mən oxucu kütləsinin müəyyən hissəsinin bir qədər məyus olmasını başa düşürəm: Bağırovun eynəyi üstündən baxdığı ağır, zəhmli baxışlar onun cır, qəzəbli səsi təsvir olunmayıb, növbəti cinayətlərdən, həmçinin ədalətli qərarlardan (belə də olurdu) misal gətirməmişdir. Amma bütün bunlar barədə kifayət qədər məlumat verilib. Bundan belə nəticəyə gəlmək olar: «Bağırov» qələmə verildiyi kimi o qədər də qorxunc deyil!
 
Məlumdur ki, Beriyanın tərəfkeşi kimi ittiham olunan Bağırov buna baxmayaraq başqa, daha «yüngül» formulla mühakimə olunmuşdur. Onu «kadr seçimində yararsız prinsiplər, partiya rəhbərliyini kobud inzibatçılıqla dəyişik salmaq, büro və MK üzvlərinin hüquqlarını kobudcasına pozmaq, öz ünvanına kiçik tənqidi belə qəbul etməmək, mühüm məsələləri təkbaşına həll etməkdə» təqsirləndirirdilər. Amma ittihamda casusluğun, xainliyin dövlət əmlakını mənimsəmə və oğurlama və s. kimi cinayətlərin olmadığına diqqət yetirin.
 
Mir Cəfər Bağırov 10-15 il həbs cəzası alsaydı, cəzasını çəkdikdən sonra, o, bununla təmiz adını bərpa edə bilərdi. Lakin o, güllələnməyə məhkum olundu. 
 
Mark Verxovski
 
Kultura.Az
 
Kultura.az | Developed by Samir Yahyazade