Şah İsmayıl - Ana qatili?

Фирудин АЛЛАХВЕРДИ

 

Əslində Səfəvi dövlətini müasir İrandakı dini dövlətin sələfi kimi qəbul edə bilərik. Səfəvilərdən əvvəl Azərbaycana, İrana və şərqi Anadoluya hakimlik edənlər sünni Ağqoyunlular idi. Ağqoyunlu dövləti şəriətlə deyil, Uzun Həsənin türkcə yazdığı Qanunnamə ilə idarə olunurdu. Ondan əvvəl bir başqa tayfa birliyi Qaraqoyunlu da sünni türklər idi. İsmayılın şiə dövlətinin paytaxtı Təbriz də sünni dövlətlərdən əvvəl bütpərəst monqollar –  Elxanilərin paytaxtı idi. Səfəvilərdən sonra isə siyasi şiəlik regionda hakim status aldı, indiyədək də elədir.

I İsmayılın ədəbi obrazı da kifayət qədər məşhurdur. Əzizə Cəfərzadənin Bakı 1501, Fərman Kərimzadənin Xudafərin Körpüsü və Çaldıran döyüşü adlı romanları öz dövrlərində indiki anlamda desək bestsellərlər olub. Bu yəqin ki, bir əlində qələm, bir əlində qılınc olan İsmayılın şəxsiyyətinə maraqdan irəli gəlib. İsmayılın kontrastlı şəxsiyyətinə maraq tək Azərbaycanda deyilmiş; Türkiyəli yazar İskender Pala tərəfindən yazılan Şah və Sultanın 2010-cu ildə ən çox satılan roman olması da buna sübutdur. İndiyədək yüzminlərlə nüsxədə çap olunan, yayılan, oxulan romandakı İsmayıl obrazı isə bizim öyrəşdiyimizdən çox fərqlidir.

Uşaqlıqda Fərman Kərimzadənin romanları ilə mənim qəhrəmanlarımdan birinə çevrilən İsmayılın gördüyü işləri sonralar araşdırarkən, ona qarşı tənqidi fikirlərim çoxalmağa başlamışdı. İskəndər Pala`nın romanındakı İsmayıl obrazı isə o qədər mənfidir ki, insan ona sadəcə nifrət etməyə bilmir. Bu məsələni diqqətəlayiq hesab etdiyimdən romandakı İsmayıl obrazı barədə oxuduğum mübahisəli məqamları kultura.az portalının oxucuları ilə bölüşmək qərarına gəldim.

Aşağıda Şah ve Sultan romanında oxuduğum bəzi faktları sadalayacağam, açığı əsas fikrim bu barədə mütəxəssislərin rəyidir. Görəsən bu faktlardan hansılar uzaqdan-yaxından həqiqətə yaxındır?

Romanda Şah İsmayıl barədə yazılan dəhşətli faktlardan biri onun öz anası Aləmşahbəyimi öldürməsidir. Hadisə belə baş verir; bir şair şaha yazdığı mədhiyyədə onun həm də Ağqoyunlu Uzun Həsən soyundan olduğunu qeyd edir. Şahın anası həqiqətən də Uzun Həsənin yunan əsilli xanımından olan qızı idi. Şah buna əsəbləşir. O, şiə dini dövlətinin qurucusu idi. Onun ata tərəfdən soyunun İmam Əliyə çatdığını hamı bilirdi. Uzun Həsən isə sünni idi. Şah şairin boynunu vurdurur. Elə o ərəfələrdə Təbriz sünnilərinin evləri qızılbaş qoşunları tərəfindən yağmalanır, şah isə buna göz yumurmuş. Bu məsələ ilə bağlı orduya göstəriş verməsini xahiş edən anasına şah sərt cavab qaytarır. Anası şah oğlunun üzünə tüpürür. Bütün bunlara dözə bilməyən şaha anasının edam hökmünü verir.

Şahın başqa bir yaramaz hərəkəti isə Əbih Sultan tərəfindən öldürülən böyük qardaşı Sultan Əlinin kiçik yaşlı oğlu Qəmbəri xədim edərək hərəmxanasında saxlamasıdır. Sultan Əli Şah İsmayılın böyük qardaşı idi və əslində ataları Şeyx Heydərin varisi sayılırdı. Bağdadı tutan şah, xədim etdiyi qardaşı oğlunu xanımı Taclı xatuna „İmam Hüseyn eşqinə“ xidmətçi verir.. Çaldıran döyüşündə qızılbaşlar məğlub olanda şahın hərəmxanasının içində Qəmbər də əsir düşür və şahın xanımı Taclı ilə İstanbulda yaşayır.

Əsir düşən xanımın isə uşaqlıda Ömər adlı sünni sevgilisi varmış, zorla Şaha ərə verilməsinə baxmayaraq sona qədər Ömərə sədaqət göstərərək şahı yatağına buraxmır. Əsirlikdən sonra isə onun qəlbində yavaş-yavaş Sultan Səlimə məhəbbət yarandığını görürük. Sultan özü də Taclını bəyənir, amma ona ˝şahın artığı˝kimi baxdığına görə onunla yaxınlaşmanı qüruruna sığışdırmır.

Sultan Səlim o qədər cəsarətli imiş ki, Trabzonda şahzadə olduğu zaman dərviş qiyafəsində Təbrizə gəlir, saraya qədər gedib çıxaraq Şah İsmayılla şahmat oynayır. Hətta onu oyunda udur - mat edir!

İskender Pala Şah ve Sultan romanında Şah İsmayılın öz müridlərinə möcüzələr göstərdiyindən də söz edilir. Ərzincana səfərə çıxan şah, orada öz müridlərinə kəramətini (?) göstərmək üçün iti Kıtmircanı yanına çağıraraq, ona ordudakı bütün itləri toplayaraq düşmən Dulqədiroğlu bəyliyinə getməsini, oradakı bütün köpəkləri yığıb gətirməsini əmr edir. İt qulağını sallayıb çadırdan çıxır. Romanda qeyd olunur ki, itlər ən son elə qızılbaşların özlərinin zəhərlədiyi gölməçələr ətrafında görünür. Əsgərlər onların zəhərləndiyini düşünür, sonra isə ümumiyyətlə unudurlar. Bir müddət sonra şah Bağdadı tutur, oranı yağmalayır, elə bu sıralarda şahın iti Kıtmircan öz sürüsü ilə on iki nəfər Dulqədiroğlu bəyini qabağına qatıb ordugaha gətirib çıxarır.. Bu arada, Bağdadda qızılbaşlar tərəfindən dağıdılan məşhur tikililərdən İmam Əzəmin, Əbdülqədir Geylaninin, Həllac Mənsurun türbələrinin adı çəkilir. Ümumiyyətlə isə saysız hesabsız türbələr, mədrəsələr yıxılır, sünni alimlərin qəbirlərini qazıb, sümüklərini çıxarıb ˝sünni köpəyi˝deyərək üzərlərinə tüpürülür, qırılır..

Şah İsmayılın Sultan Səlimə məktublarının türkcə, Səlimin məktublarının isə farsca yazılmasına isə qəribə açıqlama verib müəllif – sən demə onların hər biri qarşı dövlətin rəsmi dilində yazıbmış. Dolayısı ilə Osmanlının dövlət dili türkcə, Səfəvilərin isə farsca imiş..

„Qızılbaşlıq ruhu“ barədə də müəllifin fikirlərini mübahisəli hesab edirəm: „İşte kızılbaşlık ruhu bu idi. Savaşmak, ganimet edinmek ve eğlenmek“.. İskender Palanın fikrincə qızılbaşlar yaxşı yaşayış üçün savaşır, güclü savaşmaq üçün isə yaxşı yaşayırdılar..

Sultan da, şah da döyüş öncəsi bir-birilərinin elçilərini öldürürmüşlər. Sadəcə fərq ondan ibarət imiş ki, Şah İsmayıl öldürdüyü Osmanlı elçilərinin qafa tasında şərab içirmiş, „o kadar“..

Çaldıran sözü də Çahar deyran – Dörd Kilsə demək imiş. Guya türklər bura gələndə orada kilsələr varmış.. Amma maraqlıdır, türklər niyə farsca ad qoysun ki?

Çaldıran döyüşündən əvvəl qarşı tərəfə gecə basqını etmək də Osmanlı generalitetinin yığıncağında səslənibmiş, Sultanın reaksiyası isə belə olub: „Zəfərimə oğurluq və qapdıqaçdı havası vermək istəyirsiniz?“

Savaş meydanında hərəmxanasını buraxaraq toz-duman içində meydandan qaçan şahın bu hərəkətini isə Sultan Səlim belə qiymətləndirir: „Hangi alçaklıktır ki böyle bir güzelliğe kıyar da savaş meydanında düşmanına terk edib gider? İsmayıl denen bu Rafizi köpeği bilmez mi ki, Türk kadınının namusu devletin namusuna denkdir? Hangi zalimliktir ki bir Türk kızını düşman elinde koyarak hakimiyyetimizi zedeler?“

Sultanın Təbrizi tutması zamanı da qəribə bir müqayisə müzakirə olunur. Sən demə Şah İsmayıl Təbrizi tutanda ordusu „Kurban oliiim yüce Şah!“ nidaları ünvanlayırdısa, Sultanın ordusu sultana „Kururlanma padişahım senden büyük Allah var!“ deyə alqış oxuyublar. Bu arada Təbrizin məşhur Göy Məscidi də Şah İsmayıl tərəfindən silah anbarına çevrilibmiş, Osmanlılar isə məscidin əvvəlki statusunu bərpa ediblər.

Nəsə, oxucuları yormaq fikrim yoxdur. Kim istəyirsə Türkiyədən romanı - İskender Pala`nın Şah ve Sultan əsərini sifariş etdirə, alıb oxuya bilər. Əlbəttə, söylənilə bilər ki, bu ədəbiyyatdır, yaradıcı təxəyyül mövzusudur. Amma od olmayan yerdən də tüstü çıxmaz. Elə buna görə də yuxarıda yazdığım kimi mütəxəssislərin, tarixçilərin fikrini bilmək hamımıza maraqlı olardı.

 

Firudin Allahverdi

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade