post-title

Stockhausen`in operası helikopterlərlə tamaşaya qoyulacaq

BBC-nin verdiyi xəbərə görə bu ilin yayında London 2012 festivalı çərçivəsində Birmingham Opera Company tərəfindən məşhur alman kompozitoru Karlheinz Stockhausenin (1928-2007) Çərşənbə operası tamaşaya qoyulacaq. Çərşənbə bəstəkarın 7 operadan ibarət İşıq (Licht) silsiləsinin bir hissəsidir. Hər biri həftənin bir günü ilə adlandırılan bu silsiləni Stockhausen 1977-2003-cü illərdə yazmışdır.

 

1998-də bitirilən Çərşənbə, septologiyadan müəllifin səhnədə görmədiyi yeganə opera idi. Operanın indiyədək tamaşaya qoyulmasına əngəl törədən səbəblərdən biri onun tamaşasında helikopterlərdən istifadə olunması hesab olunurdu. Belə ki, operaya simli kvartetin helikopterlərdə ifa etməli olduğu bir parça - Helikopter-Streichquartett də daxildir. Qeyd edək ki, məhz bu parça əvvəllər müstəqil şəkildə ifa olunub.

Avqust ayının 22-25-də tamaşaya qoyulması nəzərdə tutulan 6 hissəli, 5 saat sürəcək operanın səhnələşdirilməsində 150-dən çox adam iştirak edəcək. Operanın partiturasında canlı-elektron və akustik alətlər, həmçinin xordan istifadə olunub. Tamaşanın musiqi quruluşçusu və Stockhausen`lə uzun illər birlikdə işləmiş Kathinka Pasveer`in dediyinə görə “bəstəkar vəfat edənə qədər bu operanın tamaşaya qoyulmasını arzulayırdı”.

London 2012 festivalının direktoru Ruth Mackenize da bu layihə barədə fikirlərini bildirib: “Bu əsərin premyerası həm lokal, həm milli, həm də beynəlxalq publika tərəfindən festivalın əsas hissəsi kimi yadda qalacaq.”

Opera Birmingham şəhərindəki keçmiş Argyll Works zavodunun həyətində, açıq havada səhnələşdiriləcək.

Tamaşa internetdə - BBC tərəfindən də canlı yayınlanacaq.

Kultura.az

Yuxarı