post-title

Leyla barədə bir kəlmə də! (Şah İsmayıl dövrünün novellası)

Bakının hakimi, Qazı bəyin hərəmi Leyla əri ilə vidalaşıb, çaşqın halda saraya qaçdı. Amma Şirvanşahlar sarayı onu qeyri-adi bir sükutla qarşıladı. Həm də Şirvan şahlığının hakimləri səfərdə olduqları halda, kiminlə məsləhətləşmək olardı ki?

 

 

Şirvanşah Fərrux Hisar düşünmədən Azərbaycandakı türkmən hakimləri – Teymur varisləri sayılan Ağqoyunlu və Qaraqoyunlular arasındakı daxili çəkişmələrə qarışmışdı. Şirvana qarşı çıxmış Şeyx Sultan Heydər üzərindəki ilk qələbəsi şirvanlıları ruhlandırmışdı. Amma bu döyüşdə Sultan Heydər öldürüldükdən sonra yeddiminlik qoşuna onun oğlu, 15 yaşlı İsmayıl başçılıq etdi.

Çox keçmədən bu istedadlı gənc oğlan yenidən öz qızılbaşları ilə Şirvan üzərinə getdi. Fərrux Hisar uğursuzluğa düçar oldu: keçmiş paytaxt Şamaxını təslim edərək məğlubiyyətə uğrayan şah, sonra da Gülüstan yaxınlığındakı döyüşü uduzdu. Fərrux Hisarın əsir götürülərək, İsmayılın əmri ilə boynunun vurulması xəbərini qasid yenicə gətirmişdi. Qələbəyə işarə olaraq bu qəddar növcavan kəsilmiş başlardan qüllə ucaltmağı əmr edir. Təqibdən yaxa qurtarmaq üçün, Fərruxun oğlu və varisi II Şeyx İbrahim Gilata qaçır.

İsmayıl Xətainin ön dəstələri, Şirvanın paytaxtı Bakıya yaxınlaşırdılar. Ona görə də Qazı Bəy paytaxtın müdafiəsinə görə təcili olaraq əlavə qoşun toplamaq üçün Şirvan əyalətinə tələsirdi. Hələ yarım əsr əvvəl Şirvanşah I Xəlilullah coğrafi mövqeyi, siyasi və iqtisadi baxımdan nüfuzuna görə, ölkənin paytaxtını Şamaxıdan Bakıya köçürmüşdü. XII əsrin əvvəllərində şirvanşah I Mənuçöhr (1120-1160) tərəfindən inşa edilmiş, möhkəm qala divarları və dərin xəndəklərlə əhatəyə alınmış bu tikili alınmaz qala təsəvvürünü yaradırdı. Amma azsaylı qarnizon yaxşı təlim keçmiş İsmayılın qoşununun təzyiqinə davam gətirə bilməzdi. Qazı Bəy qısa müddət ərzində köməklə qayıtmalı idi. Öz qəmgin baxışları və bezdirici diqqəti ilə Leylanı qıcıqlandıran qarnizon rəisi Zakir Bəyi hesaba almasaq, Leyla indi şəhəri tək idarə edirdi. Uşaq yaşlarından Leyla onun göbəkkəsməsi sayılırdı. Lakin onun atası, qızının cəsur və ciddi Qaziyə olan qarşılıqlı hisslərini nəzərə alıb, onu pərişan etməmişdi. Beləcə o, Qazı Bəyə ərə getmişdi.

On beş il keçməsinə baxmayaraq, Zakir Bəy hələ də Leylanı bağışlaya bilmirdi və onun hər baxışı, aralarında baş verən ixtilafı yada salırdı.

Leyla vidaqabağı ərinin gözlərini xatırladı. Onun baxışları tezliklə qovuşacaqlarına ümid edən qəmgin bir nəvaziş ifadə edirdi.

«İlahi! Görəsən nə vaxt qayıdacaq?!» – deyə bir neçə saat əvvəl ərini yola salan bu gənc qadın həsrətlə düşünürdü.

Sarayın qarşısında dayanan at ayağının səsləri onu qəmli fikirlərdən ayırdı. Zakir Bəy içəri girdi və həyəcanla dərhal Leylaya yaxınlaşdı:

– İsmayılın elçiləri gəlib Qazı Bəylə görüşməyi tələb edirlər! – deyə, köhnə incikliyi bəlkə də ilk dəfə idi ki, unudan qarnizon rəisi həyəcanlı surətdə söyləyəndə, Leyla fikrə getdi. Mənsəbindən asılı olmayaraq, Qafqazda qadınların səfirləri qəbul etməsi məqsədəuyğun sayılmırdı. Amma başqa çıxış yolu yox idi, ölkə amansız qəsbkarlarla müharibə şəraitində idi. Bütün təklifləri dinləmək lazım idi. Kim bilir, bəlkə də sülh əldə etmək mümkün oldu. Amma bu variant bir o qədər də inandırıcı deyildi.

– Çağır onları bura! – şəhərin hakimi qətiyyətlə əmr etdi. Onun fikrindən razı qalan Zakir Bəy əmri yerinə yetirməyə tələsdi.

– Belə tələsmək lazım deyil, – deyə Leyla onu saxladı. – Qoy bir az gözləsinlər!

Ölmüş şahənşahın yoxluğunu nəzərə alan Leyla elçiləri mötəbərlik naminə səfirlərin rəsmi qəbul otağında – Divanxanada qəbul etməyi qərara aldı.

Üç nəfərdən ibarət elçilər etik normalara zidd olaraq silahlarını çıxarmadan, ədəbsizliklə Leylanın qarşısında dayandılar. Qarşılarında qadın görən elçilər əvvəlcə heyrətdən donub qaldılar. Tezliklə özlərinə gələrək daha da sırtıqlaşdılar. Leyla ultimatumu böyük səbrlə dinlədi: böyük təzminat ödəməklə Bakının təslim olunması və Şirvanşahlar dövlətinin müstəqilliynə son qoyulması iddiası irəli sürülürdü.

Bütün qəbul boyu səfirlər tamahla gözlərini Leylaya dikib, ona müştəri gözüylə baxırdılar. Sonda isə onlar tezliklə şam yeməyi və qadınla təmin olunmalarını tələb etdilər. Səfirlərə cavab vermədən Leyla nifrət dolu baxışlarla onları süzərək qapıya qədər yola saldı və dərhal Zakir Bəyi çağırtdırdı:

– Dərhal həbs edib, boş başlarını kəsin! – deyə hökmdar soyuqqanlılıqla əmr etdi.

Zakir bu əmri eşidib heyrətləndi:

– Siz anlayırsınızmı ki, elçini edam etmək qəbulolunmazdır!? – deyə o, Leylanı yola gətirməyə çalışdı.

– Onlar əsir düşmüş şahənşahın boynunu vurublar. Onlar bizim həmvətənlərin başlarından dağ düzəldiblər. Onlar bizim din qardaşlarımız sayıldıqları halda, bizi köləliyə sövq edirlər. Deməli, biz bunları qəbul etməliyik və gələcək nəsillər də bizim yerimizə utanmalıdırlar? Yox, yox və yenə də yox! – deyə Leyla qışqırdı.

Onun vətənpərvər ruhunda tüğyan edən qəzəb vulkanı nəhayət ki, püskürdü. Zakir, zərif çiçək incəliyi ilə yanaşı, Vətənə sadiqlik və coşqun xarakterə malik olan bu qıza layiq olmadığını yalnız indi anladı.

Xalqın uzaqdan eşidilən razılıq ifadə edən səslərindən Leyla anladı ki, onun hökmü icra olundu. O, düşündü ki, döyüşü uduzsa belə, onun hesabında artıq məhv edilmiş üç düşmən var. Təklikdə sükuta qərq olmuş sarayı dolaşaraq o, beynində İçərişəhərin müdafiə vasitələrini bir-bir sadalayırdı.

Möhkəm divarlar mühasirəyə uzun müddət davam gətirə bilərdi. Bundan başqa Şərq tərəfi dənizlə əhatə olunurdu. Hündür divarlar isə düşmənin başına qaynar neft və yanar oxlar yağdırmağa imkan verirdi. Bu, bakılıların kifayət qədər bol olan əsas qorxunc silahları idi.

«Mənim cəsur ərciyəzim isə arxadan zərbə endirəcək», – deyə bu zehnli cəngavər qadın məmnun halda döyüşün planını yekunlaşdırdı.

Ertəsi gün səfəvilərin ön dəstələri qalaya hücum edərkən, hər şey Leylanın planı üzrə gedirdi.

Heç kim salnamələrdə xatırlanan 1230-cu ildə Bakının monqol hücumundan müdafiəsi zamanı baş verən hadisələrin təkrarlanmasını istəmirdi.

O zaman uzunmüddətli müdafiə dəf edilmiş, şəhər amansız dağıntıya məruz qalmışdı. Əhalinin bir çoxu öldürülmüş, yaxud kölə edilmişdi. Leyla müdafiə bəndini dolaşır, kimini məsləhət, kimini isə öz rəğbəti ilə ruhlandırırdı. Onu daim müşayiət edən isə, təbii ki, qarnizon rəisi Zakir bəy idi. Onun uşaqlıq dostuna qarşı münasibəti gündən-günə dəyişilirdi. Onu rədd edən qıza qarşı olan ehtiras isə get-gedə heyranlıq və məftunolma kimi hisslərlə əvəz olunurdu. Artıq onun hər bir sözü Zakir üçün dərhal yerinə yetirilməli olan bir ilahi əmrə çevrilmişdi.

Müdafiəçilər inadla müqavimət göstərirdilər. Səfəvilərin (Səfəvi Dərviş ordeninin əsası ərdəbildə, Şeyx Səfiəddin (1252-1334) tərəfindən qoyulmuşdu. Onlar şiə təriqətinə qulluq edirdilər) başçısı Şah İsmayıl Xətai gələnə qədər, bu belə də davam edirdi. Qətiyyətli və tədbirli şah, ilk olaraq qala divarları altından lağım atdırmağa başladı.

Müşahidəyə əsasən Ağsaqqallar şurasında belə qənaətə gəldilər ki, əgər divarların altını boşaltmaq üçün lağım qazılarsa, bu xam xəyaldır. Çünki belə qalın divarları dağıtmaq mümkün deyil. Yox, əgər qalanın içinə soxulmaq istəyirlərsə, lağım onların özləri üçün tələ olacaq: ora töküləcək qaynar neft onları külə döndərəcək.

Qazı Bəyin müşayiətçilərindən birinin gözlənilməz gəlişi müzakirəni dayandırdı. Onun paltarı cırılmış, özü isə qan içində idi. Həmişə şux görkəmdə olan bu saray əyanı utanaraq kəsilmiş burnunu gizlədib, dişsiz ağzı ilə fışıldayaraq bəd xəbəri saraya çatdırdı ki, onların 500 nəfərlik dəstəsi Bakıya yaxınlaşarkən qəflətən qızılbaşların süvari dəstəsi onlara hücum etdi. Kəndlilər fədakarlıqla müdafiə olunsalar da, möhkəm yaraq və əsləhələri olmadığından hamısı qırıldılar. Qazı Bəy qəhrəmanlıqla həlak oldu. Onun bədəninə 30 ox sancılmışdı. Həmin bu əyan isə, yaralanaraq əsir götürüldü. Onu yalnız bu bəd xəbəri bura çatdırmaqçün sağ qoyublar.

Bu sözlərdən sonra o, qanlı boğçanı açaraq, Qazı Bəyin eybəcər hala salınmış başını ehmalca xalçanın üstünə qoydu. Şuranın üzvləri bir müddət başı kəsilmiş hakimin arvadının üzünə baxa bilmədilər. Nəhayət, ona nəzər yetirdikdə isə onu huşunu itirmiş halda gördülər. Lakin Zakir tezliklə onu hansısa burunotunun köməyi ilə özünə gətirdi. Leyla özünə gəldikdə isə tanınmaz bir görkəm almışdı: sönük baxışı, qeyri-iradi aşağı sallanmış çiyinləri və qarışıq nitqi onun ətrafa qarşı biganəliyini bildirirdi. Tutulub qalmış ağsaqqallar Leylanı öz dərdi ilə baş-başa buraxmağı lazım bildilər. Sevdiyi qadının halından pərişan olan Zakir isə gözünü ondan çəkməyərək qapının kandarında oturdu. Bu acı xəbər şəhər əsilzadələrinin canına dəhşətli vəlvələ salmışdı. Onlar ağır cəzadan, ən əsası isə var-dövlətlərini itirəcəklərindən qorxurdular. Ona görə də onlar Şah İsmayıldan aman diləmək qərarına gəldilər. Yoxsul təbəqə isə əksinə, işğalçılara qarşı mübarizəni axıra qədər davam etdirmək fikrindəydilər.

Leyla aramla sarayı dolaşırdı. Bir az aralıda isə onu vəfalı Zakir bəy müşayiət edirdi. O, dolğun baxışlarla, Azərbaycan memarlığının incisi sayılan İçərişəhərə gedirdi. Sarayın yüksəkliyində yerləşən düzgün qurulmuş portallar və minarə hər tərəfdən görünür və bununla da qalanı daha da əzəmətli göstərirdi.

Şirvanşah I Xəlilullah (1417-1462) bu gözəl kompleksi yaradaraq, özündən sonra dərin iz buraxmışdı.

Leyla memar Məhəmməd Əlinin şah əsəri – zəngin, mürəkkəb ornamentlə bəzədilmiş Şirvanşahlar türbəsinin (1435-1436), incə ərəb hörmə yazılarıyla bəzənmiş məscidin (1441), saray alimi Seyid Yəhya Bakuvinin səkkizüzlü məqbərəsinin yanından keçib, nəhayət möhtəşəm piştağısı olan, pəncərələri milli şəbəkə şəklində işlənmiş saraya yaxınlaşdı. Eşitdiyi xəbərdən ruhi sarsıntı keçirmiş Leyla bir az özünə gəldi. Amma bu onun əzabını daha da ağırlaşdırdı. Çünki artıq o, taleyinin faciə ilə bitəcəyini tam aydınlığı ilə dərk edirdi. Ərinin ölümü, sonra isə «şəhər ağsaqqallarının» qalanı təslim etmək planı, onun qaçılmaz olan qərarını daha da qətiləşdirdi.

Ayaqları onu qeyri-iradi olaraq, lazımi istiqamətə doğru aparırdı. Onun başında ərinin xəyalı dolaşırdı: «Leylanın ayağı büdrədi və o, su səhəngini qaldırmağa ona kömək elədi. Gülməli bir səhnə idi, onlar xeyli gülüşdülər. Bu onların ilk görüşü idi. Sonra xalça rəsmlərinə baxmaq bəhanəsi ilə onun atasıyla birgə Leylagilə gəlməsi. Əslində isə onlar gizlicə bir-birləri ilə baxışdılar. Baxışları qarşılaşdığı zaman Leylanın utanaraq qaçması. Sonra Şirvanşahın iştirakı ilə Bakıya səs salan toy məclisi, Şamaxıya səyahət… sonra… Eh, sonra nələr olub! Yox… O, Qazını tək qoymayacaq!.. O, tələsir… İndicə… Əzizim, indicə biz yenidən qovuşacağıq. Bu da qədim qala, mənim sonuncu dayanacağım».

Leyla Qız qalasının girişində azacıq dayandı, sonra isə iti addımlarla yuxarı qalxmağa başladı. Zakir cəld onun dalınca cumdu. Onun bədbinlik hiss edən ürəyi şiddətlə döyünürdü. Eyni zamanda o başa düşürdü ki,.. bu… labüddür. Odur ki, ona mane olmadı.

«Deməli «bu» baş veribmiş», – deyə o, şah qızı barəsindəki qədim əfsanəni xatırladı. Dəfələrlə burada olmasına baxmayaraq, qədim faciəni o, yalnız indi xatırladı.

O, hansısa bir uşaq marağı ilə hasarın kənarına yaxınlaşıb, aşağı baxdı. Leylanın gördüyü mənzərə, verdiyi qərarın yekun nöqtəsini qoydu: arxalarında kəfən, boyunlarında qılınc və əllərində Quran tutmuş 70 Bakı zadəganı, Şah İsmayıldan aman diləmək üçün darvazadan çölə çıxırdılar.

Leyla səssizcə çevrilərək, dəniz görünən tərəfə keçdi: «Nə yaxşı ki, nə mən, nə də Qazı Bəy düşmənin şəhərimizə girməsinin şahidi olmayacaq. Nə yaxşı ki, bu rüsvayçılığı görməyəcəyik!» – gənc qadın belə düşündü. Yubanmaq olmaz. «İndicə gəlirəm! Artıq səninləyəm, əzizim…» – deyə Leyla sakitcə söylədi və əbədiyyətə qovuşdu.

«Ox!..» – sanki bunu qərinələrdən izləyən O qədim şahid nalə çəkdi.

«Artıq sıra mənə gəldi… sevgiliim!..» deyə Zakir onu səslədi və xəncəri çoxdan parçalanmış ürəyinə sancdı.

1501-ci il idi.

Mark Verxovski

Kultura.Az

NM

 

Yuxarı