Yəhudi virtuallığında Qopma ilə İtirilmişlik arasındakı gərginliklərdən

Проф. Ниязи МЕХТИ

 

Mədəniyyət öz daşıyıcılarını (adamlarını, institutlarını) çətinliklərə salır ki, sonra da çətinliklərdən çıxmaq üçün onlara yol sunsun.

Bu modeldən biz çətinlik və mürəkkəblik anlayışını götürüb modelin verdiyi koordinatlarda həmin anlayışların içinə yola düşüb oralarda gəzintiyə çıxsaq, nələri görə bilərik? Bir az bundan danışaq. «Çətin» sözü insanlığın lap əzəldən tez-tez işlətdiyi sözdür, çünki çətinlik insanlığın lap əskidən tez-tez üzləşdiyi durumdur. Ancaq nədənsə bu anlayış və ona yaxın olan mürəkkəblik, dolaşıqlıq tam şəkildə kulturoloji araşdırma alətinə çevrilməyib (hərçənd son zamanlarda sinerqetika nəzəriyyəsinin etgisi altında formalaşmış Xaos nəzəriyyəsi kanallarından mədəniyyətşünaslığa da keçməyə başlayıb).

İndi, biz «çətinlik» sözünü kulturoloji analiz instrumentinə çevirsək, bəzi ilginc problemlərə çıxa bilirik. Məsələn, biz mədəniyyətləri çətinliklərin səbəbini, günahlarını harada axtarmasına görə tutuşdurub ayıra bilərik.

Götürək Piterim Sorokinin orijinal ad verdiyi mədəniyyət tipini: onun söylədiyi Qəhrəmanlıq, Ərənlik mədəniyyətlərində çətinliklər və mürəkkəbliklər, əsasən, qorxaqlıq, adilik qütbi ilə igidlik qütbinin törətdiyi gərginlik sahəsində bulunur və ya rasta çıxır. Ərənlik mədəniyyətində çətinlik və mürəkkəbliyin çevrimi (transformasiyası) fiziki gücün törətdiyi müqavimətlər, fiziki güclərin cürbəcürlüyü, ayrı-ayrı tərəflərdən dirənən güclərin arasında uzlaşmış, koordinasiyalı hərəkətin problemliyi olur.

Piterim Sorokinin «Peyğəmbərlik mədəniyyəti» adlandırdığı kültürdə isə çətinlik və mürəkkəblik yoldan azmışlıq, düz yolu tapmaq kimi məsələlər müstəvisinə keçir və buranın özündən də dediyimiz müstəvi fiziki məkandan çox, qut məkanı, yəni ruhani məkan olur. Peyğəmbərlik mədəniyyəti tipində, yəni Tanrı və dünya problemini ana problemə çevirmiş kültürlərdə fiziki səyahətin də yerini həzrət Məhəmmədin Meracı kimi ruhani səyahət tutur.

Əgər mədəniyyətlərin tarixinə baxsaq, görərik ki, çətinliklərin, mürəkkəbliklərin spontanlığı, qaçılmaz olaraq sistemin içindən törəməsi öncə az başa düşülür. Əvəzində çətinliklərin qıraqdan içəri atılması ideyası çox geniş yayılmış olur. İblis ilk öncə beləcə insanların həyatını dişarıdan çətinliklərə salan agent kimi qavranılırdı. Üçüncü əl ideyası, başqasında düşmən görmək pisixalogiyası və s., hamısı bu dediyimiz konstruksiyadan doğur. Konstruksiyanın effektli estetikası onu sirayətedici edərək şüurlarda stereotipə çevirir, ona görə də stereotiplərlə savaşa çıxan intellektuallar həm də bu konstruksiyanı hədəf götürürlər: məsələn, əksi yunan fəlsəfəsində Heraklitin dialektikası aramsız dəyişmələri varlığın spontanlığı edəndə mürəkkəbliklərin qaynağını varlığın immanentliyindən, Kabbala İblisi Tanrı Məhkəməsinin  təcəllisi kimi yozanda çətinliklərin, sınaqların əsasını təmiz transendentlikdən çıxarır (eləcə də Azərbaycanda Hüseyn Cavidin «İblis» faciəsində İblisin ünlü monoloqu İblisi qıraqdan fitnə törədən agent kimi yox, insanlar dünyasında immanentlik kimi tanıdır). Xristianlıqda insanın iç dünyasına xas olan tamah ideyası da bu immanentləşdirmə işini görür (xristian ədəbiyyatının yüz illərdən bəri əl çəkə bilmədiyi peşmançılıq, tövbə günahlar törədən çətinliklər və mürəkkəbliklər qıraqdan yox, «Mən»dən gələndə məna qazanır).

Bütünlükdə, İnsanlığın düşüncə tarixini çətinliklərin və mürəkkəbliklərin qaynağını axtarma xəttində izləsək, deyə bilərik ki, bu xətt çətinliklərin və mürəkkəbliklərin qaynağının dişarıda görünməsindən, içəridə (öz içimizdə) görünməsinə doğru uzanıb.

İlkində mədəniyyət çətinliklilərin və mürəkkəbliklərin əsl qaynağının özündə olmasını çox uğurla gizlətmişdi. O, «Təbiət / Mədəniyyət» qarşıdurmunda bütün çətinlikləri, xaotiklikləri uğurlu fəndgirliklə Təbiətin üstünə yıxmışdı. Ancaq fəlsəfə və ədəbiyyat gəlişdikcə Mədəniyyətin bu «yalanına» qarşı qiyam da genişlənir.Buddist psixologiya çətinliklərin insan psixikasına immanentliyini açır. Ədəbiyyatda psixologizm xətt, Əxlaqi borc və gerçəklik arasındakı dramatiklik üzərində qurulmuş dolaşıqlı süjetlər çətinliklərə baxışın optikasını dəyişdirir. XX yüzildə Ziqmund Froydin sayəsində nevroz problemi kəskincə önə çıxır. Bu yüzildə sənaye toplumlarında insanlar arasında nevroz geniş yayılmış bəlaya çevrilir. Uyqarlıq (sivilize) insanı bilincaltının (təhtəlşüurun) nevrozlayıcı həmlələri qarşısında fağır və yazıq görünür. Nevroz nəzəriyyəsi obyektiv, insandan dışarıda duran çətinlikləri daha azman, daha ağır iç çətinliklərlə əvəz edir.

Beləliklə, çağımızacan həm düşüncələrdə, həm də gerçəkliyin özündə çətinliklərin immanentliyi önə çıxır. Modernizm ümumiyyətlə insanın iç dünyasını bürümüş mürəkkəbliklərin, çətinliklərin içində qalıb oralarda nekrofil, dekadentsayağı bir ləzzətlə intellektual axtarışdan, eşələnmədən, girlənmədən özünə sifət qazanır (sonradan post-modernizm mürəkkəblikləri, çətinlikləri ironiya ilə yüngülləşdirmək yolunu tutub modernizmdən qopa bilir). XIX yüzildən XX yüzilin erkəninəcən çəkən bir dönəmdə Qərbin intellektual ədasına çevrilmiş Böhran ideyasından (Qobinyon, Şopenhauer və başqaları) törəyən pessimizm də çətinlik, mürəkkəblik ideyasının transformasiyası olur və Modernizmə doğma bir fon verir.

Bu kontekstdə ortaya yeni bir məsələ çıxır: mədəniyyətdə nələrə çətinlik və mürəkkəblik ideyalarının transformasiyası kimi baxmaq olar? Bax, bu suallara yəhudi mentaliteti, yəhudi tarixi, taleyi çox maraqlı bir cavab verir. Əgər biz yəhudi taleyinə baxsaq, burada az qala arxetip təsiri bağışlayan «qopmaq qopmuşluqda itməmək» konstruktunu invariant, anavariant kimi izləyə bilərik. Ona görə də İudaizmdə və yəhudi tarixində qopmaqopmuşluqda itib yox olmamağın çoxlu örnəkləri var.

Qopma olayını ilkində Tövratda Adəmlə Həvvanın Cənnətdən qopmasında görürdük - beləliklə, insanlığın əzablı tarixi qopmuşluqdan başlayır. Başqa bir qopmanı biz İbrahimin həyatında görürük. O, elində- obasında olan dinlə, sitayişlə barışmayıb inandığı tək Tanrının yolunda dədə-baba yurdundan qopub köç edir. İsrail oğullarının Misirdən qopması, Babil ordusunun İsrail «qaymaqlarını» qoparıb aparması, yəhudilərin İsraildən qopub Ellin, Roma imperiyalarına səpələnməsi qopma arxetipinin davamlı təkrarı kimi qavranıla bilər. Yəhudilərin öz dillərindən (ibranicədən) qopub idişdə danışmaları, Talmud ənənəsindən qopmuşluqda bulunan yəhudilərin sayca artması və s. həmin arxetipin ruhani müstəvidə təkrarlarını verir.

Dünyada çox adamlar, çox uluslar nələrdənsə, kimlərdənsə, haralardansa qopub uzaq düşürlər, itmişlik, azmışlıq məkanında yolçu olurlar. Azərbaycan türklərinin taleyində də bunu yetərincə izləyə bilərik. Güney Azərbaycandan yüz minlərlə adamlar qopub Avropada, Birləşmiş Ştatlarda dolaşırlar. Göyçə mahalından, İrəvandan qaçqın düşmüş Azəri türkləri yad yerdə olmasalar da hər halda məskənlərindən qopublar.

Dədə Qorqudda «qopma» sözü özündə yetərli dərinliyi gizlədir. Ancaq dünyada heç bir xalq din, faciə materialında, həsrət, sevgi duyğularında, mistik intensivlik planında qopmuşluğu yəhudilər qədər arxetiləşdirməyib, invariantlaşdırmayıb. Yəhudi ideyası qopmuşluqda itib yox olmamaq pafosuna söykənir. Yəhudilik itirilmişlikdə, itmişlikdə azmamaq, tapılmaq, qopmuşluqda geri dönmək axtarışlarında özünə dərinlikdən gələn enerji qazanmışdır.

Türklərdə Tanrıya sitayiş etməyə «tapınmaq» deyilrlər. Tapınmaq Tanrıdan uzaq düşmüşlükdən qayıdıb itirilmişlikdən çıxmaqdır, Tanrı üçün və əslində, elə özün üçün tapılmaqdır. Türkün «tapınmaq» sözündə belə anlamlar var. Ancaq tapınmağın dini zənginliyini biz türklər yox, yəhudilər, İudaizm mənimsəmiş pardaxlayıb açmışdı.

İudaizm dindarlığında sitayiş ideyası qopmuşluqda azmamaq, itməmək və tapılmaq uğrunda edilənlərin gərginliyində özünə dramatizm, fəlsəfə, teosofiya və s. qazanıb. Siona qayıdış (Aliyə) əslində qopmuşluqdan qayıdışı ucalığı çıxmaq vektorunda modelləşdirir. Yəhudi messianizmi isə itmişlik təhlükəsinin xofuna qarşı yəhudini dayanıqlı edən vasitələrdən biri və ən əsası olur (ona görə də islahatçı İudaistlər messianizm ideyasına qarşı çıxanda cavab olaraq deyilmişdi: messianizmsiz yəhudilik yoxdur).

Xristianlıq və İslam bir çox ulusları özünə qatır, ona görə də «biri olmaz, o biri olar» prinsipi ilə itirilmişlik böyük qrupun problemi kimi qabağa çıxmır. İtirilmişlik daha çox fərdi məsələ kimi gündəmdə durur. İudaizmdə isə bu fərdi planla yanaşı böyük qrupun itirilmişliyi heç bir başqa dində olmayan qədər tarixin başlıca olayına çevrilir (İsrailin 12 boyundan Beniyəmin qolunun itmişliyi haqqında inamın Yəhudi şüurunda kök salması buna bir örnəkdir).

Bütün Bibliya, yəhudilərin bütün tarixi düşüncəsi yəhudiliyə heyranlıqdan daha çox yəhudiliyi həmişə itirilmişliyin sərhədinə düşdüyü üçün qınamaq üstündə qurulub. Ancaq itirilmişliyə görə yəhudi özünüdanlağına baxmayaraq məhz yəhudilər itirilmişliyə qələbə çalmaqda ən böyük uğurlar əldə ediblər .

Qopmuşluqda itirilmişlik qorxusunda olan biz azərbaycanlılar üçün yəhudilərdən almalı dərslərdən biri belə bir sualla bağlıdır: bəni İsrail nələri necə qura bilib ki azmaq və itmək yollarını qıfıllayıb?

Çətin sualdır və ona cavab vermək üçün yüzlərlə kitab yazılıb, onlarla nəzəriyyələr qurulub. Biz isə, yazımızda, sadəcə, bir neçə məqama toxunmaq istərdik. Qopmuşduqda azıb itməmək üçün qopduğun yeri, dünyanı özündə saxlamağı bacarmalısan. Onları özündə saxlamaq üçün fiziki şey kimi, nəsnə kimi özündə daşıya bilməzsən. Avropada dolaşan, məskunlaşan yəhudilər İsraili fiziki obyekt kimi necə özlərində saxlaya bilirdilər?!

Belə olanda özündə daşımağın, saxlamağın bir yolu qalır, fiziki olanı virtal olana, simvolik olana çevirib özündə yerləşdirmək. Yəhudilər qürbətdə İsraili beləcə virtuallaşdırıb könül məkanına keçirə bildilər. Bu, adicə xatirə məsələsi deyil. Bir şeyi virtuallaşdırıb könül məkanına salanda, burada onun öləzimək, zəif xatirəyə çevrilmək qorxusu var. Onun üçün də virtuallaşdırılmış nəyisə elə bir energetik simvola çevirmək gərəkdir ki, o, diri olsun, yan yörəyə nə gəldi, ondan enerji alsın, ona enerji versin. Yəhudilər, məsələn, Misirdən qopmanı belə bir simvola çevirə bilmişdirlər. Misirdən qopma yəhudi dünyasının ən güclü metaforalarındandır. Yəhudi azadlıq uğrunda yola çıxmağı, qurtuluşa can atmağı, Misirdən qopma metaforasında daha təsirli anlayır və bildirir. Və ya götürək İsraili. İudaizmin Şxinya ideyası Qeyb Aləmində (tranasendentdə olan Tanrını dünyanın içində bulunmuşluqda anladır. Yəhudi teosofiyası İsraili Şxinya adlandırmaqla, artıq, millət üçün uzaqda qalmış torpağı virtuallaşdırdı. Şxinya ideyası əl çatmaz Yurdu «torpaq+Tanrı+müqəddəslik» simvollarının çulğalaşmasına çevirməklə onu yəhudi ürəyində və düşüncəsində hər an enerji yığan və enerji verən başlanğıca çevirirdi.

Tutuşdurma üçün deyək ki, biz azərbaycanlılar itirilmiş torpaqlarımızı hələ virtuallaşdıra bilməmişik. Virtuallaşdırma torpağı yada salıb ah-of etmək deyil. Hərçənd «ah of» bu prosesin bir pilləsi ola bilər (necə ki, yəhudilərdə olub).

Virtuallaşdırma Nəsirəddin Tusinin mənəvi və maddi dəyərləri fərqləndirməsində yaxşı açılır. Tusi yazırdı ki, maddi dəyərlər işləndikcə azalır, mənəvi dəyərlər isə işləndikcə artır, zənginləşir. Yəhudilər itmişlik təhlükəsində onları bir-birinə bağlayası ortaq şeyləri (İsrail ideyasını, şabbatı və s.,  beləcə, virtuallaşdırmaqla uzaqda qalmış İsrailin «ipini» itirməmişdilər,  «ipdən yapışıb» Amerika qitəsindən Şərqi Avropaya və Azərbaycana qədər əl-ələ tutmuşdular.

(Biz, sözsüz, idillik mənada əl-ələ tutmaq demirik. Bir kitabda deyildiyinə görə, yəhudilər ənənəvi millət anlayışına adekvat deyillər, çünki Amerikalı yəhudilər heç cürə özlərini Şərqi Avropa yəhudiləri ilə bir milli birlikdə duya bilmirlər. Ancaq belə olsa da bir məsələ var axı. Sürəkli böhran halında oluşmağa öyrəşmiş, böhrana adekvatlaşmış yəhudilər nə qədər pərakəndə, dağınıq görünsələr də sonda ortaq bağa bağlanmışlığı nümayiş etdirirlər). 

Prof. Niyazi Mehdi 

Kultura.az | Developed by Samir Yahyazade