post-title

İsa Qəmbər: "Özümü faciəvi fiqur hesab etmirəm" - Müsavat Başqanı ilə müsahibə (II hissə)

"Obyektiv səbəblərdən biri o idi ki, o dövrə qədər bölünmüş millət anlayışı yox idi. Türk etnosu minilliklərlə Asiyanın ən şərqi ucqarlarından Avropanın ən qərb sahillərinə qədər yayılmışdı."

 

 

Əli Əkbər: - Rusdilli təbəqədən söz düşmüşkən, necə düşünürsünüz, bu təbəqə bizim cəmiyyət üçün itirilib yoxsa onların içində bir gün mütləq özünü göstərcək bir potensial gizlənib?

İsa Qəmbər: - Çətin sualdır. Rusdillilər axı yekcinsli fenomen deyillər. Bu anlayışa həm ruslar özləri, həm də bir neçə nəsil ard-arda yalnız rus dilində təhsil alan və nəticədə ruslaşmış və yalnız nominal şəkildə azərbaycanlı sayılan intelligensiya nümayəndələri də daxildirlər.

Digər tərəfdən dillərinin Bakıda çox yayılmaması, Azərbaycan dilini öyrənməyəsə can atmamaları səbəbindən rusdillilərə çevrilən azlıqların nümayəndələri də var.

Azərbaycan sovet imperiyasının bir hissəsi idi və əhalinin rusdilli təbəqəsinin formalaşması qaçılmaz idi. Bunun mənfi və müsbət cəhətləri var idi. Və çox təbiidir ki, əhalinin bu hissəsinin sayı azalmaqdadır.

Əli Əkbər: - Deməzdim ki, onlar yoxa çıxırlar. Cəmiyyətin bu təbəqəsi bu gün də var, baxmayaraq ki, onlar passionar olmasa da, komfortist meyllər göstərsə də, bu təbəqə bu günün özündə də mövcuddur. Sizə elə gəlmirmi ki, teatra, operaya, baletə, qalereyalara gedən, ədəbiyyatla maraqlanan azsaylı insanları məhz rusdilli bakılılar təşkil edir?..

İsa Qəmbər: - Bunu ruslar və ya intelligensiya nümayəndələri haqqında demək olar.

Əli Əkbər: -Yəni klassik “bakılılar” incəsənətin istehlakçıları deyillər və onların yeganə üstünlükləri rus dilini bilmələridir?

İsa Qəmbər: - Rusdilli bakılılar haqqında mövzunun dərinliyinə getmək istəmirəm. Şükür ki, indi bizim ingilisdilli gənclərimiz formalaşır və rusdillilərdən fərqli olaraq onlar doğma dillərini də çox yaxşı bilirlər.

Elmir Mirzəyev: - Bunun konturları artıq görünməkdədir.

Əli Əkbər: - Bəyəm rus dilinin itirilməsi yaxşı haldır?

İsa Qəmbər: - Bu çox pis haldır. Mən rus dilinin məktəblərdə və universitetlərdə keyfiyyətli tədrisinin və bir çox insanın sərbəst şəkildə bu dildə danışa bilməsinin tərəfdarıyam. Birincisi, bu aparıcı dünya dillərindən biridir. İkincisi, hər halda Rusiya bizim qonşumuzdur, obrazlı desək, biz yan-yana yaşamışıq, yaşayırıq və yaşayacağıq. Üçüncüsü, bu dilin nəhəng ədəbiyyatı və incəsənəti var. Ona görə də rus dilinin unudulması bizim üçün böyük bir itki olardı.

Bu gün avropalıların intellektual hissəsi bir neçə dil bilir. Hətta ingilislər fransız, alman, ispan, ərəb dillərini öyrənirlər. Bu gün ingilis dilini bilmək zərurətdir, üstünlük deyil. Və mən istərdim ki, bizim gənclərimiz və ölkənin gələcək nəsilləri öz doğma dilindən başqa, rus, fransız, ingilis və digər dilləri bilsinlər. Bizim üçün müsbət hallardan biri də odur ki, bizim gözəl doğma Azərbaycan dilimiz bizə dünya əhalisinin türk hissəsi ilə ünsiyyət yaratmağa imkan yaradır.

Elmir Mirzəyev: - Siz bizim cəmiyyətin inkişafının sivilizasion refleksiyası məsələsinə toxundunuz. Mən də son vaxtlar bu barədə çox düşünmüşəm və bir vətəndaş kimi, bəzi proseslər məni çox qorxudur. Gənclərin bir hissəsi açıq şəkildə trotskizmə və maoizmə sitayiş edərək, konsentrasion düşərgələrin xiffətini çəkirlər. Başqa bir din xadimi “Azadlıq” radiosunda canlı yayımda çıxış edərək bildirir ki, musiqi haramdır. Açıq şəkildə, canlı efirdə orta əsrlərə aid şeylər danışır və hətta dediklərini əsaslandırmağa çalışır. Əhalinin bir başqa hissəsi, xüsusilə gənclər facebookda böyük bir nifrətlə Avropanı və Avropa dəyərlərini söyürlər. Məni bu qəzəb çox təəccübləndirir və bu hadisənin səbəblərini anlaya bilmirəm. Dördüncülər isə, ümumiyyətlə açıq şəkildə bildirirlər ki, biz Rusiya ilə birləşməliyik, Rusiya İmperiyasının bir hissəsinə çevrilməliyik. Yəni cəmiyyətdə böyük dəyişikliklər baş verib və bu insanlara bəzən minillərlə formalaşan Avropa dəyərlərinin mahiyyətini izah etmək çətin olur. Bu artıq ixtira olunmuş velosiped kimidir. Onu yenidən ixtira etmək lazım deyil. Necə düşünürsünüz, cəmiyyətdə son illərdə nə baş verir?

İsa Qəmbər: - Açığını desəm, sizin qorxularınızı paylaşmıram. Nə qədər paradoksal səslənsə də cəmiyyətdə bu tip fikirlərin olması azadlığın nəticəsidir. Sovet İttifaqının dağılmasından sonra Azərbaycana azadlıq gəldi. Və insanlar, bu gün bu azadlıqdan istifadə edirlər. Vicdan və söz azadlığı kimi fundamental prinsipləri unutmaq olmaz.

Məsələn, elə bizim islamçıları götürək. Onların ritorikası daxili auditoriyaya ünvanlandıqda, dini terminologiyadan bolluca istifadə edirlər. Lakin onlar ölkədəki təqiblərdən, təzyiqlərdən bezəndə, xilas axtardıqları beynəlxalq təşkilatlara və insan haqları üzrə Avropa Məhkəməsinə üz tutduqda, müasir səviyyəyə keçirlər, ritorikaları dəyişir, müxtəlif beynəlxalq konvensiyalara istinadlar edirlər.

Müxtəlif gənclər hərəkatlarına gəldikdə isə hər bir hərəkatın, hətta ən radikalının belə öz tərəfdarları var. Bu baxımdan hər hansı ideya tərəfdarlarının sayını cəmiyyətdə sıfıra endirmək mümkünsüz və qeyri rasionaldır.

Tənqidi yanaşma hətta yanlış belə olsa zəruridir. Tənqidi yanaşma lazımdır ki, insanlar sahib olduqları dəyərləri dərk etsinlər. Dəyərlər müqavimətlə rastlaşmadıqda, müdafiəyə ehtiyacı olmayan banallıqlara çevrilirlər. İnsanlar bu dəyərləri dərk etmədən, adi bir şey kimi qəbul edirlər. Ona görə də hətta yanlış tənqid belə faydalıdır.

Başqa tərəfdən gənclər özlərini göstərməli və kütlədən seçilməlidirlər. Müasir tarix liberal dəyərlərin üstünlüyünü birmənalı şəkildə isbatlayıb. Lakin hər kəsin eyni şeyləri təkrar etməsi... gənclər üçün bu yolverilməzdir. Gənclər də özlərini ifadə etmək üçün öz yollarını axtarmağa başlayırlar. Burada həm epataj, həm özünütəsdiq, həm də kütlədən seçilmə arzusu var. Hesab edirəm ki, fərqli ekzotik istiqamətlərin tərəfdarları Azərbaycanda gərəkdiyindən hətta azdır. Cəmiyyətdə müxtəlifliklər olmalıdır. Öz dəyərlərinə inanan, kütlədən seçilməyə və idealları uğrunda mübarizə aparmağa hazır olan qruplar çox olmalıdır. Bu gün Azərbaycan cəmiyyətində onlar azdırlar. Ona görə də mən sizin qorxularınızı paylaşmıram və məncə, bu istiqamətlərdən hər hansı biri Azərbaycanda ictimai-siyasi fikrin əsas trendinə çevrilə bilməz.

Əli Əkbər: - Mən də Elmirlə razılaşmayacam. Çünki, bu istiqamətlərdən heç biri ictimai həyatda öz əksini tapmayıb. Onlar əsasən facebook-da cəmləşiblər.

İsa Qəmbər: - Facebook müasir çayxanadır. Mən bizim 70-80-ci illərin çayxanalarını xatırlayıram. Bu çayxanalarda həm çox incə məqamlara toxunulan elmi söhbətlər olurdu, həm də adi məişət məsələləri ilə bağlı söhbətlər. Facebook-da da eynən. Facebook - öz ideyalarını ifadə etmək və nəhayət öz inkişaf səviyyəni göstərmək üçün bir vasitədir.

Elmir Mirzəyev: - Şərqdə 1908-ci ildə ilk opera səsləndi. Yazılı musiqinin yaranması - müsəlman aləmində ilk dəfə - bu regionun mədəni inkişafı üçün böyük hadisə, irəli doğru atılan bir addım idi. Və Üzeyir bəyin vətənində yüz il sonra hansısa müsəlman din xadimi, canlı efirdə deyir ki, musiqi haramdır...

İsa Qəmbər: - Bax siz musiqiçilər, bəstəkarlar cəmiyyətə sübut edin ki, o yanılır. Sübut edin ki, akademik musiqi olmadan cəmiyyətin mədəni inkişafı gedə bilməz. Diskussiya üçün meydan həmişə var. Biz öz mövqeyimizin müdafiəsi üçün hər hansı arqumentlər irəli sürməyi buraxdıqda o zaman onlar öz dəyərini itirirlər. Mən məhz bu təhlükədən danışırdım. Bir neçə yüzillik öncə bütün insanlıq inanırdı ki, günəş yer ətrafında fırlanır. Bu gün artıq hamı bilir ki, günəş ətrafında fırlanan yer kürəsidir. Bu elmi faktı şübhə altına alan və sübut tələb edən insanlar da ola bilər. Bəs yerin günəş ətrafında dövr etdiyini elmi cəhətdən isbat edə biləcək neçə insan var? Bu aksiomdur. Buna görə də insanlar bu faktın arqumentasion hissəsini itiriblər. Bu baxımdan hər bir həqiqəti zaman-zaman sübuta yetirmək lazımdır. Onun aktuallığını və lüzumluluğunu isbat etmək lazımdır.

Əli Əkbər: - “Müasir çayxana” anlayışını çox bəyəndim. Belə çıxır ki, hakimiyyət çayxanaları sökməklə, facebookun inkişafına təkan verdi.

İsa Qəmbər: - Bir daha əmin oluruq ki, çayxanaları dağıtmaq mümkün deyil. Almaniyada bu pivəxanalardır, İngiltərədə pablar, Azərbaycanda isə çayxanalar. Bunda pis nə var ki?

Seymur Baycan: - İsa bəy, siz professor ailəsindənsiniz, yəqin ki, uşaqlıqdan ətrafınızda çox zəngin kitabxananız olub. Bu kitabxanada hansı kitablar var idi? Oxumağa hansı kitablardan başlamısınız? Sizin ədəbi tərcihlərinizə kimin təsiri olub?

İsa Qəmbər: - Bəli, bu barədə mənim bəxtim gətirib. Bu mövzuyla əlaqədar Çerçilin dediyi bir fikri xatırladım: “Uşaq atasının kitabxanasındakı kitab üzlükləri ilə tərbiyə olunur”. Bu fikir mənim diqqətimi cəlb etmişdi. Həqiqətən də artıq kitab üzlükləri yeni insan formalaşdırmağa başlayırlar. Mənim atam kimyaçı olmasına baxmayaraq incəsənət, ədəbiyyat və tarixlə çox maraqlanırdı. Evdə yalnız kimya və fizika ilə bağlı elmi ədəbiyyat deyil, həm də müasir və klassik ədəbiyyatın bir çox nümunələri var idi. Atam o zaman həm Bakının, həm də Moskvanın bir çox ədəbi və elmi jurnallarına abunə idi. Təsəvvür edin ki, mənim 7-8 yaşım var idi, amma mən artıq evdə bütün dünyanı öyrənə bilirdim. Soljenistinin “İvan Denisoviçin bir günü” povestini ilk dəfə “Yeni dünya” jurnalında görmüşdüm. Uşaq və belə bir nəhəng əsər! Təbii ki, bizim ailəmiz “Ulduz”, “Azərbaycan”, “Ədəbiyyat və incəsənət” və sevimli “Qobustan” jurnallarının bir sayını belə buraxmırdı. Həmçinin erkən yaşlarda mənə bir çox klassik rəssamları tanıdan Luvr, Prado və digər muzeylərin, tanınmış rəssamların, albomları var idi. Oxumağa qaldıqda isə mən hər şeyi oxuyurdum. Gözümə dəyən hər şeyi. Məni heç kim oxumağa məcbur etməyib.

Əli Əkbər: - Ümumiyyətlə istiqamətləndirmirdilər?

İsa Qəmbər: - Demək olar ki, yox. Kitabxanamız var idi və mən istədiyim kitabı götürüb oxuyurdum.

Əli Əkbər: - Qadağan olunmuş kitablar var idi?

İsa Qəmbər:  - Xeyr, belə kitablar yox idi. Dördüncü sinifdə ikən mən hətta “Dekameron”u azərbaycanca oxuyurdum və onu heç də yastığımın altında gizlətmirdim. Böyüklər də mənalı təbəssümlə yanımdan keçirdilər. Lakin yalnız bir dəfə atam mənə oxumağa rusca bir uşaq kitabı verdi. Dəqiq xatırlamıram, deyəsən, Yevgeniy Şvartsdan bir şey idi. Onda mənim təxminən 8-9 yaşım var idi. Məktəbdə mən azərbaycan bölməsində oxuyurdum və rus dilində cinslərə görə dəyişmə, hallanma ilə bağlı problemlərim var idi. Məsələn, mən anlamırdım ki, niyə pəncərəyə “bolşoye”, stola isə “bolşoy” demək lazımdır. Niyə lövhə “çernaya” dır, karandaş isə “çernıy”dır. Bu kitabın köməyi ilə mən qısa zamanda cinsləri və rus dilinin qrammatikasını daha yaxşı öyrəndim. Bundan sonra artıq Djanni Rodari, Djonatan Svift, Daniel Defo, Servantesi və digərlərini rusca oxumağa başladım.

Hər bir əsər mənə təsir edir və öz izini qoyurdu. Bu çox təbiidir ki, insan kitabların, valideynlərin və onu əhatə edən insanların təsiri ilə formalaşır. Mən ard-arda hər şeyi oxuyurdum. Klassik əsərlərdən tutmuş müasir ədəbiyyata, hətta Cəmşid Əmirovun “Qara Volqası”na qədər çox fərqli əsərləri oxuyurdum. Bir də atama məndə teatra sevgi oyatdığı üçün çox minnətdaram. Mən 1957-ci il doğumluyam və əgər doğru xatırlayıramsa 1965-ci ildə mən 8 yaşında ikən o məni ilk dəfə Azərbaycan Dram Teatrında premyeraya aparmışdı. Hələ o zaman gənc aktyorların: Amaliya Pənahovanın, Həsən Turabovun, Şəfiqə Məmmədovanın, Səməndər Rzayevin, Fuad Poladovun çox yüksək istedadlı oyunlarını xatırlayıram. “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhvolmuş gündəliklər”, “Sənsiz” tamaşaları. Yəqin ki, bu gün bunlar sizin üçün çox quru səslənir, amma, mənə 11 yaşlı uşağa “Unuda bilmirəm” tamaşası inanılmaz təsir etmişdi. Mən artıq onda dərk etməyə başladım ki, Bakıdan başqa Təbriz və Cənubi Azərbaycan da var və bu biliklər məndə tarixə sevgi hissini yaratdı.

Seymur Baycan: - Deyirlər ki, Van Qoq öz qulağını kəsmişdi, çünki psixi cəhətdən anormal idi. Lakin mənim əlimə onun məktubları düşdükdə, xüsusilə də qardaşı Teoya yazdığı məktubları - mən anladım ki, bu fikir yanlışdır. O kifayət qədər inkişaf etmiş insan idi və rəssamlıqdan da çox gözəl başı çıxırdı. Öz məktublarından birində o yazır ki, onun rəssam həmkarları, “rəssamlar ədəbiyyat oxumamalıdır” dedikləri zaman çox yanılırlar. “Məsələn, mən ədəbiyyata qarşı çox həssasam və kitab oxuduğum zaman daxili dünyanı dərketməm və həyatı müşahidə etmə qabiliyyətim yaxşılaşır”.

Soruşmaq istərdim: Sizə bir siyasətçi kimi ədəbiyyat necə təsir edib? Və müasir siyasətçi kitab oxumalıdırmı?

İsa Qəmbər: - Birmənalı şəkildə siyasətçi kitab oxumalıdır. Mən sizin bu gün polemika apardığınız bütün yazarları oxumuşam. Məsələn, Anarın “Ağ liman” və “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni götürək. Yeri gəlmişkən, “Ağ liman”ı da mən 11 yaşında ikən “Azərbaycan” jurnalında oxumuşdum. Bu əsərə qədər mən yalnız klassik Azərbaycan ədəbiyyatını oxuyurdum. Artıq uşaq yaşında ikən mən anlayırdım ki, bu əsər Axundovun, Mirzə İbrahimovun və digərlərinin əsərlərindən seçilir. Anarın, Elçinin, Əkrəm Əylislinin, Maqsud İbrahimbəyovun əsərləri isə oxucuya ədəbiyyatın daha azad olduğunu göstərirdi. Daha azad düşünmək olar və hansısa dəyişməz həqiqətlərə və postulatlara uymamaq da olar. Daha geniş miqyaslı düşünmək və cəmiyyət tərəfindən qoyulmuş çərçivələrin kənarına çıxmaq olar. Bu baxımdan sizin indi 60-cı illərin yazarları ilə olan mübahisəniz çox maraqlıdır, çünki 60, 70-ci illərdə onlar özləri eynilə bu mübarizəni aparırdılar. Mənim müqayisə etmək imkanım var və mən deyərdim ki, sizin aranızda yalnız fərqli cəhətlər deyil, ümumi məqamlar da var. O dövrdə yeniliyi, avanqardı ədəbiyyata onlar gətirirdilər, bugünsə bunu siz və digər həmkarlarınız edirsiniz. 60-cı illərin əvvəllərində Anarın dərc etməyə başladığı “Qobustan” jurnalını xatırladım. Bu bizim gənc nəsil üçün mədəni şok idi, çünki biz Azərbaycan tarixini məktəb dərsliklərindən öyrənirdik, orda isə əsasən Rusiyanın tarixi və bizim tariximizin yöndəmsiz fraqmentləri öz əksini tapmışdı. Bu jurnalda isə Şah İsmayıl, Səfəvilər və digər hökmdarlar, Azərbaycan mədəniyyəti, Qobustan qaya təsvirləri haqqında geniş məqalələr olurdu.

Bir də Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını xatırlamadan keçə bilmərəm. Mən onda beşinci sinifdə oxuyurdum. Bir gün atam bir kasetlə gəldi, onu maqnitofona qoydu və orda səslənən hər şeyi dəftərə köçürməyimi istədi. Bu, Azərbaycanın Şimala və Cənuba bölünməsi haqqında olan “Gülüstan” poeması idi. O zaman o qadağan olunmuşdu və intelligensiya onu gizli şəkildə oxuyurdu. Belə alınmışdı ki, poema olan dəftər atamın əlinə düşmüşdü. Daha doğrusu onu birgünlüyünə atama vermişdilər və səhər o dəftəri qaytarmalı idi. Təbii ki, o poemanın üzünü çıxartmaq istədi, amma o zaman sürətçıxarma aparatları olmadığı üçün belə bir hiyləyə əl atdı: maqnitofona təmiz bobin kaseti qoydu və öz səsi ilə şeiri oxuyaraq yazdı, sonra isə köçürmək üçün kaseti mənə verdi. Daha sonra bu dəftər bizim sinifdə çox məşhurlaşdı. Sinif yoldaşlarım onu məndən alıb köçürürdülər və hətta oxumaq üçün valideynlərinə verirdilər. Bu 60-cı illərdə baş vermişdi.

Təbii ki, bunlar hamısı mənim siyasətçi kimi formalaşmağıma təsir etdi. Bu ədəbiyyat keçən əsrin 80-ci illərində siyasi arenaya çıxan hər kəsə təsir edib.

Elmir Mirzəyev: - Cənubi Azərbaycan mövzusuna ayrıca toxunmaq istərdim. XX əsrin birinci yarısında bizim böyük refrakt hərəkatımız başlayarkən heç kimin bu mövzuya toxunmaması sizi narahat etmir ki? Bu mövzuya nə Axundov, nə də Mirzə Cəlil müraciət etmişdir. Bu barədə 50-ci illərin sonunda Mirzə İbrahimovun “Gələcək gün” əsərinin işıq üzü görməsi ilə danışmağa başladılar. Sizə elə gəlmirmi ki məhz bu mövzuya diqqət süni şəkildə formalaşdırılmışdır? Çünki ona qədər cəmiyyətimizin intellektual təbəqəsini: nə publisistləri, nə tarixçiləri, nə də yazıçıları bu məsələ narahat etmirdi.

İsa Qəmbər: - Çox maraqlı bir məsələyə toxundunuz. Əlbəttə, təsadüfi deyil ki, bu mövzu Azərbaycan ədəbiyyatında məhz keçən əsrin 50, 60-cı illərində əmələ gəldi. Bunun həm obyektiv, həm subyektiv ilkin səbəbləri var idi.

Obyektiv səbəblərdən biri o idi ki, o dövrə qədər bölünmüş millət anlayışı yox idi. Türk etnosu minilliklərlə Asiyanın ən şərqi ucqarlarından Avropanın ən qərb sahillərinə qədər yayılmışdı. Bu ərazidə türk etnosu və onun ayrı-ayrı hissələri dövlətlər yaradırdı, hökmranlıq edirdi və ya asılılıqda mövcudluğunu sürdürürdülər. Və eyni şəhərlər, regionlar ya bu, ya başqa hökmdarın hakimiyyəti altında olurdu. “Vahid vətən var idi, sonradan parçalandı” şəklində olan nəzəriyyə təmiz şəkildə Azərbaycan ictimai şüurunda yox idi. Azərbaycanda ilk demokratik dövlət 1918-ci ildə yaranmış və cəmi iki il mövcud olmuşdur, sonra isə tamamilə hərşeyi unutduran sovet hakimiyyəti bərqərar oldu. Yeri gəlmişkən, bizim respublikamızın banisi M. Rəsulzadə bir neçə il Təbrizdə yaşayıb yaradıb. Keçən əsrin 30-cu illərinin ortalarına qədər azərbaycanlılar sərbəst şəkildə sərhədi keçirdilər, cənublular Bakıya, biz Təbrizə gedə bilirdik. Ona görə də keçən əsrin ortalarına qədər bu fikir əmələ gələ bilməzdi. Bu 50-ci illərə qədər bu mövzuya niyə toxunulmadığının obyektiv səbəbidir.

Subyektiv səbəblərə qaldıqda isə, bu birincisi İranda, Cənubi Azərbaycanda baş verən hadisələr idi. Bu hadisələrdə o zamanın ədəbiyyatçıları Mirzə İbrahimov, Süleyman Rüstəm və digərləri iştirak edirdilər. Başqa tərəfdən isə, Sovet hakimiyyəti artıq sosializmin sonrakı ekspansiyası, öz hakimiyyətinin yayılması üçün müəyyən ideoloji əsaslar formalaşdırmağa başlamışdır. Ona görə də Moskva müxtəlif milli ideyaların istismarında maraqlı idi. Axı Ermənistan və Gürcüstan 40-cı illərin sonlarında bəzi türk ərazilərinə iddialı idilər. Bu cür parçalanmalar ilə bağlı nəzəriyyələr Mərkəzi Asiya xalqlarında da var idi. Onların da Çin, Əfqanıstan və digər dövlətlərin bir hissəsinin onların tarixi vətənlərinə aidiyyatı olmaları ilə bağlı düşüncələri var idi. Orda da bizim cənub mövzumuzu xatırladan ədəbiyyat nümunələri yazılırdı.

Razıyam ki, Moskvanın geopolitik maraqları mərkəzin cənub mövzusunda işlənməsinə icazə verməsinə və hətta bunu stimullaşdırmasına gətirirdi, lakin, bizim yazıçılar, publisistlər, dramaturqlar bu mövzunu ürəkdən işləyirdilər və bəzən icazə olunmuşdan da irəli gedirdilər. Məsələn, “Gülüstan” poemasında Bəxtiyar Vahabzadə yalnız Tehranı deyil, birbaşa Moskvanı da günahlandırır.

Elmir Mirzəyev: - Yəni demək olar ki, ədəbiyyat bütöv bir xalqı yaratdı?

İsa Qəmbər: - Ədəbiyyat millətin formalaşmasında rol oynamalıdır. XX əsrin 20-ci illərindən 50-ci illərinə qədər ədəbiyyat bütünlüklə hakimiyyətin nəzarəti altında idi və belə mövzularda yazmaq təhlükəli idi. XX əsrin ikinci yarısında isə bu artıq mümkün oldu. İstənilən halda həm Arazdan cənubdakı, həm şimaldakı azərbaycanlılar özlərini eyni xalq hiss ediblər və edirlər.

Əli Əkbər: - Bizim yüksək intellektual söhbətimizi bir az pop istiqamətinə, Eurovision-a yönləndirmək istəyirəm. Azərbaycan müsabiqədə iştirak hüququ qazanandan sonra bizim ilk təmsilçilərimiz - iki oğlanın dueti - yerli bəstəkarın yazdığı musiqini ifa etmişdilər. Musiqidə milli motivlər və hətta muğam parçası var idi. Sonrakı iştirakçılar səhnəyə tarla çıxdılar. Üçüncü təmsilçi də kabab iyi verən mahnı ifa etdi. Üç uğursuz çıxışdan sonra deyəsən bizimkilər anladılar ki, millilikdən qurtulmaq lazımdır.

Sonuncu dəfə duetimiz üçün mahnını isveçli bəstəkar yazdı. Aranjmanı da həmçinin isveçli aranjmançı etdi. Sözləri də isveçli yazmışdı. Hətta bekvokaldakı qızlar da isveçli idilər. Nə mahnıda, nə kostyumlarda milli koloritdən heç bir əlamət yox idi. Və qələbə qazanıldı! Demək uğurun formulası – tamamilə avropalılaşmaqda, milli olan hər şeydən imtinadadır. Mən ümid edirdim ki, AzTV-dəki xalalar və əmilər bunu başa düşərlər. Amma yox. Hamı bir ağızdan “milli musiqi”mizin (!) qələbəsindən danışmağa başladı. Avropa görkəmində Avropa mahnısının ifa edilməsi, avropalı bekvokaldan istifadə olunması və Avropa “açıq-saçıqlığı” nədənsə Azərbaycan mədəniyyətinin qələbəsi kimi qələmə verildi.

Sizcə niyə azərbaycanlılar, qələbənin formulunun tamamilə avropalaşmaq olduğunu etiraf etmək cəsarətini göstərə bilmirlər? Niyə biz həyasızcasına hələ də “milli” koloritdən danışırıq? Bu nə kompleksdir?

İsa Qəmbər: - Əgər siz, bu dediklərinizi kağıza köçürsəydniniz, kiçik amma mövzuyla bağlı çox məzmunlu və fikrimcə uğurlu köşə yazısı alınardı.

Dostlar, Eldar və Nigarın müsabiqədəki qələbəsi məni sevindirir. Mahnının isveçli tərəfindən yazılması, bekvokalın isveçlilər olması müsabiqədə azərbaycanlı ifaçıların qələbə qazanması faktını dəyişmir. Məsələn, Azərbaycan komandası hər hansı oyunda qalib gəlir, biz axı onda demirik ki, komandanın məşqçisi alman idi, ya da bizim milli komandamızın tərkibində braziliyalı oynayır. Həm də ümumən futbol ingilis oyunudur. Bu halda isə qələbə bizim qələbəmizdir. Bu kontekstdə, mən belə bir banal deyimin doğruluğunda əminəm: hər bir əsəri yaradıldığı janrda mühakimə etmək lazımdır. Eurovision elə bir yarışmadır ki, burada hər bir Avropa xalqı bəyəndiyi bu və ya digər mahnıya səs verir. Bu onların seçimidir. Əgər bütün qaliblərin Avropada hansısa mərkəz tərəfindən seçilməsi ilə bağlı konspirativ nəzəriyyələrə fikir verməsək, görərik, məhz Avropa ölkələrinin tamaşaçılarının səsləri bu və ya digər ölkə nümayəndəsinin qələbəsini müəyyənləşdirir. Yalnız 80 milyonluq Almaniya tamaşaçısının deyil, həm də danimarkalıların, lüksemburqluların və digər kiçik Avropa xalqlarının da zövqünü oxşamaq lazımdır. Çünki hər ölkənin eyni miqdarda səs hüququ var. Bu planda bizim iştirakçılar avropasayağı çıxış etdilər və qələbə çaldılar. Mən Eurovisiondakı qələbəmizə və gələn il yarışmanın Bakıda keçiriləcəyinə səmimi qəlbdən sevinirəm.

Buna baxmayaraq, mən bizim hüquq müdafiəçilərimizlə razıyam ki, siyasi məhbuslar və vicdan dustaqları olan ölkədə azad musiqi müsabiqəsi keçirilə bilməz. Eurovision yarışması keçirilənə qədər ölkədə ciddi siyasi dəyişikliklər aparılmalıdır.

Əli Əkbər: - Siz hər il bu yarışmanı izləyirsiz?

İsa Qəmbər: - Kompüter arxasında əyləşirəm və gözucu izləyirəm. Əgər kimsə yaxşı oxuyursa və mənim mahnıdan xoşum gəlirsə o zaman ifaçını diqqətlə izləyirəm. Həmçinin səsvermənin nəticələri ilə də maraqlanıram. Müəyyən bir maraq yaranır. Burda siyasətçi intuisiyası da özünü göstərir - əvvəldən hansı ölkənin kimə səs verəcəyini bilmək olur.

Elmir Mirzəyev: - Düşünmürsünüzmü ki, bu Pirr qələbəsidir?

İsa Qəmbər: - Əlbəttə ki, hər şey nisbidir. Amma Eurovisiona bu il keçən ilkinə nisbətən daha az pulun ayrılması məni biraz rahatlatdı.

Seymur Baycan: - Bəs bizim hökumət siyasi və infrastruktur nöqteyi-nəzərdən bu qədər iri miqyaslı bir yarışmanı keçirməyə hazırdırmı? Şayiələr gəzir ki, müsabiqə ləğv oluna bilər.

İsa Qəmbər: - Bu müsabiqəni keçirməzdən əvvəl Azərbaycan bir sıra dəyişikliklər etməli və ən azından söz və sərbəst toplaşmaq azadlığına təminat verməlidir. Həbsxanalarda siyasi məhbuslar qalmamalıdırlar. Biz, əlbəttə ki, öz mövqeyimizi müdafiə edəcəyik. Mənim fikrimcə, Avropa strukturları müsabiqənin Bakıda keçirilməsini ləğv edə bilərlər, əgər hökumətin özbaşınalıqları davam edərsə. Bu çox ciddi təhlükədir. Texniki məsələlərə qaldıqda onlar həll olunandır. Çünki bizim ölkə varlı ölkədir və əgər avropalılar bir məsələni 10 milyon yevroya həll edirlərsə, bizimkilər onu 50 milyona həll edib, yarısını da öz ciblərinə qoyacaqlar. Lakin, şəksiz lazımi nəticəni əldə edəcəklər. Başqa bir tərəfdən bu, Avropanın müsabiqəsidir və Avropa strukturları onun keçirilməsinin keyfiyyətinə özləri nəzarət edəcəklər. Onlar yardım edəcək və dəstək olacaqlar, həmçinin bura yaxşı səslənmə üçün lazımi aparaturanı da gətirə bilərlər, yaxşı nəticə üçün başqa ölkələrdən mütəxəssislər də çağıra bilərlər. Bu mənada problem olmayacaq.

Əli Əkbər: - Hansı düşərgədə olmasından asılı olmayaraq mədəniyyət və incəsənət mövzulu söhbətlərdə sizin üçün maraqlı, uyğun həmsöhbət ola biləcək bir intellektual siyasətçinin adını çəkə bilərsinizmi?

İsa Qəmbər: - Maraqlı sualdır. Etiraf edim ki, heç vaxt bu barədə düşünməmişəm. Düzünü desəm, incəsənətin müxtəlif sferalarından baş çıxaran siyasətçi ağlıma gəlmir... Lakin mənim yaxşı tanıdığım elə insanlar var ki, onların ədəbiyyatı çox yaxşı bilirlər, eyni zamanda musiqi ilə də maraqlanırlar, kimsə rəssamlığa yaxud kinematoqrafiyaya yaxından bələddir. Ayrı-ayrı siyasətçilər var ki, incəsənətin hər hansı sferasından çox məlumatıdırlar.

Əli Əkbər: - İqtidarda yoxsa müxalifətdə?

İsa Qəmbər: Həm iqtidar, həm də müxalifətdə. Lakin incəsənətin bütün sahələrindən başı çıxan siyasətçi xatırlaya bilmirəm. Bunun üçün yəqin ki, düşünüb yadıma salmalıyam. Lakin sözsüz ki, elə insanlar var ki, onlarla yalnız siyasi mövzuları deyil başqa mövzuları da müzakirə etmək maraqlıdır. Halbuki, sırf siyasəti müzakirə edə biləcəyim insanlar da çox azdır.

Əli Əkbər: - Özünü müxalifətçi hesab edən və etməyən bir sıra insanlardan belə bir fikir eşitmişəm ki, İsa Qəmbərin faciəsi onun intellektualizmində və sahib olduğu mənəvi dəyərlərdədir. Onlar hesab edirlər ki, İsa Qəmbər sayəsində Azərbaycan siyasəti çox şey qazanıbsa da, Azərbaycan elmi çox şey itirib. Məhz bu amillər, İsa Qəmbərin hakimiyyətə gəlməsinə mane olur. Uzun sözün qısası, sizin intellektuallığınız – sizin bəlanızdır.

İsa Qəmbər: - Bu mübaliğədir. Birincisi, mən özümü faciəvi fiqur hesab etmirəm.

Əli Əkbər: - Sizin faciəvi fiqur olduğunuzu demədim. Hakimiyyət uğrunda mübarizədə fəaliyyətinizi məhdudlaşdıran mənəvi meyarlar və dəyərlərdən söhbət gedir. Çoxları hesab edir ki, İsa Qəmbər ağlı və intellekti ilə Avropa səviyyəsində siyasətçi olmasına baxmayaraq, populizm bacarığı yox səviyyəsindədir və ona görə də hakimiyyətə gəlmə şansları da böyük deyil.

İsa Qəmbər: - Mən bu gün dəbdə olan İQ testlərlə öz intellektimi yoxlamamışam. Hesab edirəm ki, mənim intellektual göstəricilərim barədə səslənən fikrilər bir az şişirdilib. Lakin burda da bir həqiqət payı var. Mən məqsədin vasitələrə bəraət qazandırdığını düşünən siyasətçilərdən deyiləm. Vasitələr mənim üçün məqsəddən daha az önəmli deyillər. Və mən hər hansı bir məqsədə, yaxud hakimiyyətə hər şeyə rəğmən can ata bilmərəm. Düşünürəm ki, bu normaldır.

Seymur Baycan: - Bilirəm ki, vaxtımız sona çatır, lakin sizə çoxdandır vermək istədiyim bir sualım var. İsa bəy, siz Gürcüstan və Ermənistan mədəniyyətləri haqqında nə deyə bilərsiniz? Yəqin ki, keçmişə dair xatirlələriniz var...

İsa Qəmbər:  - Deyəsən, ən çətin sualı söhbətimizin sonuna saxlamısız. Bir tərəfdən bu ölkələr bizim ən yaxın, özümüz kimi tanıdığımız qonşularımızdır. Digər tərəfdən mənim indi deyəcəyim sözlərin, bu həssas dövrdə Tbilisi, Bakı və İrəvanda necə reaksiya doğurcağını da bilmək çətindir. Əlbəttə ki, mən erməni və gürcü ədəbiyyatı, Q.Matevosyan, N.Dumbadzenin kitabları haqqında, güclü gürcü kinomatoqrafiyası, Paracanovun möhtəşəm filmləri haqqında öz təəssüratlarımı xatırlaya bilərəm. Amma düşünürəm ki, oxucuları bolqar əsilli, görkəmli rus filosofu Georgiy Qaçevin kitablarına yönləndirsəm daha yaxşı olar. O, ermənilərin, gürcülərin və azərbaycanlıların milli xarakterini, mədəniyyətini yüksək səviyyədə təhlil edib.

Bir şeydən əminəm, biz – azərbaycanlılar, gürcülər və ermənilər o qədər fərqliliklərə malikik ki, Krılovun təmsilində olan qu quşu, xərçəng və balığın nailiyyətlərini eyni uğurla təkrarlaya bilərik. Lakin üç Qafqaz xalqı kimi o qədər ümumi cəhətlərimiz var ki, regional üçsütunun əsası da ola bilərik. Bu üç ayaq, dayanıqlılıq üçün kifayət edər.

Seçim etmək isə bizə qalıb.

Kultura.Az

Yuxarı