post-title

İvan Denisoviç peşəsini dəyişir

Rus kinosunun canlı klassiki, "Mövzu", "Başlanğıc" və "Söz istəyirəm" filmlərinin rejissoru, Kann, Venesiya və Berlin festivallarının laureatı Qleb Panfilov Aleksandr Soljenitsının "İvan Denisoviçin bir günü" povestini ekranlaşdırmışdır. Onun "İvan Denisoviç" filmi prokata çıxır.

1941-ci ildə topçu İvan Şuxov (Filipp Yankovski) Qırmızı Meydanda 7 noyabra həsr olunmuş paradda iştirak edir. Mavzoleydə Stalini Budyonnı ilə birlikdə görür. Onu birbaşa Moskvanın mərkəzindən cəbhə bölgəsinə göndərirlər. Dalbadal iki tankı məhv edir. Kontuziya alır. Almanlara əsir düşür. Qarla örtülmüş mina sahəsindən möcüzəvi şəkildə keçərək öz adamlarının yanına qayıdır. Almanlar Şuxovun dalınca baxaraq, rus əsgərinə həsəd aparmadıqlarını deyirlər. Boşuna demirlərmiş. Onu əvvəl-əvvəl özününkülər sevinclə qarşılayır, amma sonra yüksək rütbəlilər gəlib Şuxovu gözlənilən bir casus kimi on illiyə düşərgəyə göndərirlər. Almanlarla müharibə bitir, yaponlar ilə müharibə qurtarır, 1951-ci il gəlir. İvan Denisoviçin başı ağarmış, dişləri çürümüşdür, lakin məhbus Ş-854-ü diri insan kimi saxlayan barəsində düşündüyü iki qızıdır. Qızlarından biri son məktubunda etiraf edir ki, evli adamdan ayrılıb. Bu arada azadlığa çıxmağa bir şey qalmayıb – vur-tut bir həftə yarım. Beləcə, Şuxov sadə və "az qala xoşbəxt" bir gününü yaşayır. Əvvəlkilərdən fərqlənməyən, lakin İvanda ən yaxşı keyfiyyətləri ortaya çıxaran və demək olar ki, fərqində olmadığı möcüzələrlə dolu bir gün.

Soljenitsının "İvan Denisoviçin bir günü" povesti 1962-ci ildə nəşr olunmuşdur. Bu əsər Sovet İttifaqında dominant olan sosialist realizminin sütunlarını zədələyən "düşərgə nəsri"nin ilk nümunəsi oldu. Axmatova ziyalılardan “İvan Denisoviçin bir günü”nü əzbərləməyi tələb edirdi. Mətnin özü də həqiqətən digərlərindən seçilirdi. Bu cəhət onda nümayişkaranə şəkildə maraqlı fabulanın yoxluğunda, qeyri-insani, sanki varlığın özü ilə uyğun gəlməyən, düşərgə məişətini təşkil edən detal bolluğunda idi. Belə bir mətni sözbəsöz ekranlaşdırmaq zahirən qeyri-mümkün bir iş kimi görünür. Heyrətamizdir ki, film artıq yarım əsr bundan qabaq çəkilib – Norveçdə, baş rolda Tom Kortni oynayır. Soljenitsın filmin yaradıcılarını candonlarının kifayət qədər yırtıq olmamasına görə məzəmmət etsə də, digər tərəfdən ümumən nəticədən razı qalmışdı.

Rus kinosunun klassiki, əməkdar rejissoru Qleb Panfilov, ssenarasini yazıçının öz əli ilə yazdığı "Birinci çevrədə" serialı ilə Soljenitsının nəsrinə maraq göstərmişdi. "İvan Denisoviçin bir günü"nü ekranlaşdırmağa Soljenitsının dul arvadı xeyir-dua vermiş, eyni zamanda rejissora süjetdə əhəmiyyətli dəyişikliklər etməyə icazə vermişdi. Beləliklə, Şuxov, kəndlidən mühəndisə çevrilərək, qəhrəmancasına keçirdiyi hərbi keçmiş qazanaraq, Filipp Yankovskinin nəcib görünüşünə sahib oldu. Və əgər povestin mərkəzində insan deyil, dəhşətli düşərgə mexanizmi idisə, filmdə əsas ağrılı nöqtə, punktir şəklində olsa da, hər halda insan taleyi idi.

Panfilov mətnə ciddi şəkildə ​​sadiq qalsa idi, filmin necə çıxacağını təsəvvür etmək olardı.  Adamın təsəvvürdə realiti şou ruhunda nəsə bir şey canlanır – statik kameraların soyuq müşahidəsinin izlədiyi, ölüm-dirimin astanasında olan insanlar.  Belə film, şübhəsiz ki, heyrət doğuran bir effekt verər və prokat problemlərinə məhkum olardı. Lakin Panfilov özünə güzəşt etməyən adamdır – o, hələ də ustalıqla yaratdığı "böyük üslub"un rejissorudur.

Film, düşərgənin yupyumşaq qarla örtülmüş, sanki nağılvari bir kəndin göz oxşayan mənzərə təsviri ilə başlayır. "Müəllifin sözlərini" oxuyan Leonid Yarmolnikin kadrarxası səsi bildirir ki, bu qəsəbə olduqca gözəldir və bir firavan yerdən digərinə uçan insana çox gözəl görünür. Filmdə gərginlik filmin uvertüra hissəsində yerləşdirilmiş bu təzada söykənir. Panfilov düşərgə rəhbərliyinin ələ salma, pozğunluq və çarəsizlik səhnələrini bir-birinin ardınca verir. Bu səhnələrdə məhbusları sanki ali qüvvələr qoruyaraq yönləndirir. Din haqqında söhbətlər burada birbaşa aparılır, "allah" sözü bir neçə dəfə təkrarlanır və həqiqətən də nə qəhrəmanlar, nə də müəllif üçün boş söz deməkdir. Rəvayətvari ton burada paradoksal olaraq nəinki dəhşətin dərəcəsini azaldır, həm də sənədli-sübutlu reallığa əsaslanan, ekranda görünən hadisələrin gerçəkliklə uzlaşmadığını, insanlıqdan kənar olduğunu vurğulayır.

Burada, paradoksal olsa da, başlıca maneə mətnin özüdür - daha doğrusu Soljenitsının təfsilatlı ədəbi üslubudur. "İvan Denisoviçin bir günü" sovet ədəbiyyatında çox mühüm bir mərhələdir, lakin bundan sonra "Kolıma hekayələri" çıxdı. Varlam Şalamov bu hekayələrlə inandırıcı şəkildə göstərdi ki, düşərgə həyatını sözlərlə bəzəmədən də tamam fərqli şəkildə təsvir etmək mümkündür. Panfilovun filminin quruluş mürəkkəbliyi onun ustalığından xəbər verir, lakin bu mürəkkəb tərtibat əsərin tamlığını, bütövlüyünü ciddi dərəcədə pozur. "İvan Denisoviç" demək olar ki, ayrı-ayrı epizodlara bölünüb - "hərbi", "səhər", "zavodda", "axşam" - hər biri diqqəti digərlərindən yayındırır. "Demək olar ki" – çünki istənilən halda hər epizod qəhrəman Yankovskinin kamertonuna uyğunlaşıb. O, ən yaxşısı olmasa da, şübhəsiz, karyerasının əlamətdar rolunu oynayır. Onun üz ifadələri və plastikasındakı kiçicik dəyişikliklər həmişə son dərəcə dəqiq alınır və rejissorun ideyasına müvafiq şəkilə qüsursuz işləyir. Kinoya baxmaq üçün ikinci səbəb İnna Çurikovadır, o, kadrda cəmi bir dəqiqə yarım görünsə də, bir daha hamının yadına salır ki, ən böyük rus aktrisası odur.

Filmin özünə gəldikdə isə, bütün kəm-kəsirlərə, müəyyən yumşaltmalara baxmayaraq, onun düşərgə haqqında çəkilmiş ciddi filmlərdən biri olduğunu inkar etmək olmaz. Mətnin özü kimi, "İvan Denisoviç" də bir növ cığır açır, bu mövzuda söz söyləməyin, özü də kifayət qədər geniş auditoriya qarşısında danışmağın mümkün olduğunu göstərir. Ola bilsin, bəlkə də bu söhbətin açılması sayəsində "Kolıma hekayələri" də özünün layiqli ekran həllini tapacaq.

Yaroslav Zabaluyev

lenta.ru

Tərcümə: Elçin İmanov

Yuxarı