post-title

Gülüstan və Türkmənçay müqavilələrinin müsbət tərəfləri

Bizim coğrafiyanın taleyində mühüm rol oynamış Gülüstan və Türkmənçay müqavilələri artıq uzun illərdir ki, “Azərbaycan xalqının ikiyə bölünməsi” kimi təqdim olunaraq, tarixi təkamülümüzdə mənfi rol oynayan hadisə kimi qiymətləndirilir və təbliğ olunur. Halbuki diqqətlə baxsaq burada bir məntiq xətası var. 

O məntiq xətası isə siyasi mənada “Azərbaycan xalqı”nın - yəni iddiaçı tərəfin məhz o müqavilələrdən doğan siyasi reallıqda yaranmasından ibarətdir.

Bəs o zamanlarda biz kim idik, adımız nə idi?

O zaman biz nəinki indi Quzey və Güney Azərbaycan adlandırdığımız ərazidə, ondan da daha geniş məkanda: Qafqaz dağlarından İraqa, İraqdan indiki Əfqanıstana qədər geniş bir coğrafiyaya əsasən yarı köçəri tayfalar şəklində yayılmış və bu coğrafiyada mühüm söz sahibi olan, amma özünü vahid xalq kimi başqalarından siyasi mənada fərqləndirməyən, buna görə də özünə xüsusi bir ad qoymağa ehtiyac hiss etməyən bir etnos idik. Başqaları isə bizim barəmizdə ümumiləşdirilmiş şəkildə söz açmaq istəyəndə adətən türk, türkmən, bəzən isə tatar kəlimələrindən istifadə edirdi. Əslində bizim də aramızdakı azsaylı savadlılar danışdığımız dilin türk dili adlanmasından xəbərdar idi. Amma dil birliyinə mənsubluq - xüsusilə də türk dilinə - onlar üçün o qədər də mühüm əhəmiyyət kəsb etmirdi. Əsrlərdir ki, mühüm kitablar ərəb və farsca yazılıb oxunur, savadlılıq - məhz bu dilləri bilmək anlamına gəlirdi.

Yaxın Şərqdə o dövrdə hələ də dominant etnos olduğumuzdan, etnik özünüqoruma mexanizmlərimizin işə düşməsinə də ehtiyac olmamışdı. Bizi türk, ya türkmən olduğumuza görə heç kim əzmir, sıxışdırmırdı. Daha mühüm siyasi kimlik -  tayfa mənsubiyyəti sayılırdı. Tayfalar özü də güclərinə görə müxtəlif idi: bəziləri hansısa dağın yaylaq hissəsinə iddia edirdisə, bəzisi böyük bir coğrafiyaya, yəni dünya siyasətinin oyunçusu olmağa iddialı idi. Bu iddiasını gerçəkləşdirən sonuncu fiqur - ətrafdakı hamının - Osmanlının, Rusiyanın, Orta Asiya və hətta Hindistanın qorxulu yuxusuna çevrilmiş Nadir şah 1747-də öldürülür və şəxsi qorxudan başqa heç bir ideyaya əsaslanmayan ölkəsi parça-parça olur: indiki İraqdan Pakistana qədər nəhəng bir coğrafiya irili-xırdalı xanlıqlara bölünür. 

Bu xanlıqların bəziləri keçmiş ölkəni yenidən, bu dəfə öz rəhbərlikləri altında qurmağa cəhdlərə başlayır; bunlardan ən uğurlu nəticəni isə, bildiyimiz kimi Qacarlar göstərir. Amma yenə də eynisi mümkün olmur, çünki xaos zamanı bölgəyə yeni oyunçu - Rusiya gəlir və keçmişdə Nadirə məxsus və indi Qacarların iddia etdiyi bir sıra torpaqları işğal edir. 

Rusiya həmin dövrdə bizim də mənsub olduğumuz Yaxın Şərqlə müqayisədə ölçüyəgəlməz sivilizasion irəliləyişə malik idi. Ruslar bura gələndə Lomonosovun ölümündən yarım əsrdən çox zaman keçmiş, Avropa mənşəli proqressiv ideyalar Dekabrist üsyanı kimi mühüm hadisələrə gətirib çıxaracaq qədər güclənmişdi. 

O dövr üçün proqressiv sayılan, hələ Avropanın özündə belə yeni-yeni oturuşan “milli dövlət” ideyası da belə ideyalardan biri idi. Bu ideya fransız mənşəli idi və bir çox Avropa - xüsusilə Avstriya, Osmanlı və Rusiya İmperiyasında yaşayan xalqların ürəyindən xəbər verird. Çexlər, polyaklar, macarlar, bolqarlar, serblər bu ideyanı rəhbər tutaraq adını çəkdiyim imperiyalardan qopmaq istəyirdilər. 

Bu ideyalardan Yaxın Şərqdə, xüsusilə də dominant, amma informasiyasız müsəlman icmasında demək olar heç kimin xəbəri yox idi. Buna görə Nadir öldürüləndə “müəyyən dilə və mədəniyyətə mənsub xalqı birləşdirən” dövlət yaratmaq ideyası xanların heç birinin ağlından keçmirdi. Xırda xanlar üçün qarşıda duran əsas vəzifə bu xaosda birtəhər mülklərini qorumaq, irilər üçün isə Nadirin imperiyasını yenidən qurmaq idi. 

Amma Rusiyaya ilhaq olan ərazi faktiki olaraq Avropa mədəniyyətinə cəlb olunduğundan, burada yaşayan əhali yavaş-yavaş mütərəqqi ideyalardan xəbər tutmağa, özlərinə bu mütərəqqi ideyaların verdiyi izah və təyinatlar süzgəcindən baxmağa, kim olduqları, haradan gəldikləri və hara/necə getməli olduqlarını müəyyənləşdirməyə başladı. Tiflis qubernatorluğunda işləyən M. F. Axundzadə Charles Darwin’in Təkamül, J. S. Mill’in Söz azadlığı nəzəriyyələrindən hali olur, Shakespeare və Puşkini oxuyur, teatr tamaşaları yazır; Moskva Universitetini bitirən H. Zərdabi geri qayıdıb qəzet nəşr edir; Qori Seminariyası məzunları isə yavaş-yavaş çoxalaraq milli ziyalı təbəqəsini yaradırdılar. 

Proses təxminən bir əsr çəkəndən sonra hələ təzə-təzə özünün kim olduğunu kəşf etməyə başlayan ziyalılar və onların hələ ki “tatar” adlanan xalqı gözlənilmədən yeni bir xaosla - I Dünya Müharibəsi ilə üzləşir. Bu müharibənin kimlik axtarışlarını sürətləndirməsini C. Məmmədquluzadənin o illərdə qələmə aldığı “Azərbaycan” adlı yazısından da müəyyən etmək olar. 1917-ci ildə klassikimiz o yazısında müəyyən edir ki, biz türkük, vətənimizin də adı Azərbaycandır və onun başqa hissələri İranla Osmanlının tərkibindədir.

Elə həmin il Rusiyada bolşevik çevrilişi baş verir və artan xaos nəticəsində növbəti 1918-ci ildə ziyalı təbəqəmiz hətta öz istəklərinə zidd olaraq (onlar bölgədə çoxluq olduqlarından erməni və gürcülərlə vahid dövlət tərəfdarı idilər) Azərbaycan adlı dövlət elan edirlər. 

Beləliklə, bizim kim olduğumuzla bağlı verilən qərarlar və onların icrası məhz “bölünməmiz” sayəsində, həm də böyük ərazidən qoparılan kiçik ərazidə baş verdi. Bu baxımdan Gülüstan və Türkmənçay müqaviləsinin doğurduğu reallıqlar həm milli kimlik axtarışlarımızı, həm də mədəni inkişafımızı sürətləndirdiyi üçün ümumilikdə müsbət hadisə kimi baxılmalıdır. Bu gün kərküklü ilə beyləqanlını, zəncanlı ilə ığdırlını birləşdirən siyasi kimliyin tərifi - Tiflisdə, Gəncədə, Bakıda və s. - Rusiya İmperiyasının şəhərlərində yaşayan intellektuallar tərəfindən verilmişdir.

Gülüstan və Türkmənçay müqavilələri olmasaydı nəinki “bölünmüş” olduğumuzdan, ümumiyyətlə hansı xalq olduğumuzdan xəbər tutmaya, ya da çox gec xəbər tuta bilərdik. 

Güneydə isə biz etnos olaraq XX əsrin ilk rüblüyünə qədər dominant vəziyyətdə qaldığımızdan, milli kimlik axtarışlarına lüzum yox idi. Oradakı milli kimlik axtarışları yalnız dominasiya əldən verildikdən - İran taxtı Pəhləvilərə keçdikdən sonra başladı.

Doğrudur, Azərbaycan bölünəndə “İran” adlı dövlət yox idi, o torpaqlar Qacarların mülkü sayılırdı. Amma Azərbaycan bölünməsəydi, biz Qacar İmperiyasının tərkibində qalaraq sonradan onların başına gələn bütün tarixi hadisələrə şərik olacaqdıq: Qacarlar səriştəsiz siyasətlərinə görə onsuz da devrilələcək, 1935-də Rza şah ölkəmizin adını rəsmən İran olaraq dəyişdirəcək, 1943-də ingilislər və sovetlər şahımızı devirib, yerinə oğlunu qoyacaq, 50-lərdə Müsəddiq hərəkatı, 60-larda Məhəmməd Rza şahın “Bəyaz inqilabı”, 1979-da İslam İnqilabı, 80-lərdə isə İran-İraq müharibəsi bizim də tariximizin bir hissəsinə çevriləcəkdi. Nə M.F.Axundzadə, nə Ü.Hacıbəyli, nə də M.Rəsulzadə tanıyacaqdıq.

Amma adı çəkilən müqavilələrin Arazdan quzeydə yaşayan əhali üçün çox mühüm bir mənfi nəticəsi də olub. Bu o dövrdə siyasi passionar kəsiminin güneyə köçməsi, siyasi laqeydlərin isə quzeydə qalması və bu müvafiq ənənələrin ötürülməsi məsələsidir.

Məsələ burasındadır ki, Türkmənçay müqaviləsinin XII bəndi bölgədə yaşayan əhaliyə istədiyi tərəfə daşınması üçün üç il vaxt tanımışdı. O zaman yad elli, yad dilli, yad dinli qüvvənin gəlməsindən narahat olan demək olar bütün siyasi həssas təbəqə müsəlman ölkəsi olaraq qalan Qacar İmperiyasına köçməyə qərar verir. Burada isə əsasən siyasi proseslərlə maraqlanmayan, kənd təsərrüfatı və köçəri maldarlıqla məşğul olan əhali qaldı. Nisbi mədəniyyət ocaqları olan şəhərlərdən böyükləri Təbriz, Ərdəbil o tayda, balacaları bu tayda qaldı. Ona görə də quzeydəki ziyalılar yazılarında əhalinin apolitikliyindən daim şikayət edir, gələcəkdə buna görə başlarına gələ biləcək problemlərlə bağlı xəbərdarlıq edirdi. Güneydə isə əhali siyasi mövqe göstərmək üçün sanki daim bəhanə axtarırdı. İrandakı bütün siyasi hadisələrdə Azərbaycan türkləri daim ən aktivlərdən biri olub - nəhayət 1945-ci ildə yaranan ilk şansdaca milli muxtariyyət tələbi qoyub.

Bölgədəki demoqrafik hərəkət tək Azərbaycan türklərinə aid deyildi. Rusların Arazdan quzeyi işğal etməsi bölgənin xristian əhalisi arasında rəğbətlə qarşılanır, erməni əhali keyfiyyət etibarı ilə müsəlman əhalinin əksinə köç etməyə başlayırdı. Siyasi aktiv ermənilər yeni şanslar arxasınca Rusiya ərazisinə daşınır, siyasi passiv ermənilər isə İranda şərab çəkməyə izn verilməsini bəs hesab edib elə oradaca qalmağa davam edirdilər.

Beləliklə Arazdan quzeydə siyasi passiv müsəlman və siyasi aktiv erməni əhalinin təmərküzləşməsi tarixin növbəti səhifələrində öz sözünü deməyə başladı. Quzeydə yaşayan türklər xalq olaraq nə 1905-06, nə 1918 mart, nə də 1988 hadisələrinə hazır olmadılar və bunun bədəlini təəssüf ki, çox ağır ödədilər.

Son olaraq belə bir nəticəyə gəlmək olar ki, o zaman özünə hələ vahid xalq olaraq baxmayan etnosun gələcəkdə ümumiləşdirilmiş milli-siyasi kimlik qazanması yolunda Gülüstan və Türkmənçay müqavilələrinin gətirdiyi reallığın müsbət və sürətləndirici rolu olmuşdur.

P.S. Yazıdan yanlış məna çıxarda biləcək şəxslər üçün də bir məsələ barədə qısa mövqe bildirməyə ehtiyac ola bilər. Məsələ budur: bütün bunlara - bizim milli kimliyimizin tapılması, mədəni səviyyəmizin qalxmasına görə Rusiyaya təşəkkür düşürmü? Düşünmürəm. Əvvəla, Rusiya bütün işğalçı qüvvələr kimi öz mənafeyi üçün Qafqaz dağlarını keçərək buralara gəlmişdi. İkincisi, bizim bütün nailiyyətlərimiz milli ziyalı təbəqəmizin fədakarlıqları ilə əldə olunub. Üçüncüsü, sonradan 70 il sürən Sovet dövrü əsas aparıcı lokomotiv olan ziyalı təbəqəmizin eybəcərləşməsinə, bir çox hallarda simasız, çürük mahiyyətlilərin xalqa ziyalı kimi təqdim olunmasına şərait yaratmaqla Rusiya İmperiyası zamanında min bir çətinliklə əldə olunan uğurların da bəzilərinə kölgə saldı. Dördüncüsü, son iki əsr boyu bizim də Rusiyaya gah özxoşumuza, gah da zorla müəyyən yardımımız toxunmuş olduğundan, çox güman ki, istifadə etdiyimiz avantajların hamısının əvəzini artıqlaması ilə ödəmiş sayılırıq.

Firudin Allahverdi

Azlogos.eu

Yuxarı