post-title

Azərbaycanlıların ermənilərə paxıllıq etməyi haqqında


Təzə bardağın suyu sərin olar
                              
Atalar məsəli                                                                              

Ermənistanda baş verən hadisələrə azərbaycanlıların münasibəti çox rəngarəng oldu. Münasibətlərdə hisslər, duyğular bir-birinə qarışmışdı və bir az diqqətlə, bir az da obyektlivliklə müzakirələri müşahidə, saf-çürük edən adam azərbaycanlıların səsləndirdikləri, qələmə aldıqları rəngarəng münasibətlərdə az qala bütün hissləri görə bilərdi; paxıllıq, həsəd, qibtə, acizlik, əzilmişlik, inamsızlıq, köləlik, miskinlik, cığallıq və sairə və ilaxır. Yazılı və şifahi müzakirələrdə hər cürə fikirlər, mülahizələr, proqnozlar oxumalı və eşitməli olduq. Bəziləri yaranmış vəziyyəti fürsət kimi qiymətləndirib, fürsətdən yararlanmağı, hücum edib torpaqları nəhayət azad etməyi təklif edirdilər. Bəziləri deyirdi ki, ermənilər bic, hiyləgər xalqdı, heç vaxt bir-birlərinə əl qaldırmazlar, onlar birləşməyi bacarırlar, indi də öz oyunlarını oynayırlar, Sarkisyanla Paşinyan gizli danışıblar, Sarkisyan qəsdən hakimiyyəti Paşinyana bu cür ötürür ki, Ermənistan həm Rusiyadan, həm də Qərbdən yardım ala bilsin-zad... Bəziləri deyirdi ki, vəziyyət lap ağırlaşsa, Rusiya Ermənistana qoşun yeridəcək. Ermənistan heç vaxt Rusiyanın təsir dairəsindən çıxa bilməz. 

Sözün həqiqi mənasında köləliyin elə bir həddi var ki, kölə öz qandallarını sevməyə başlayır. Kölənin öz qandallarını sevməsini bir daha, bu dəfə başqa cürə gördüm. Ermənistandakı polislərin mitinq iştirakçılarına qarşı loyallığını, yumşaqlığını görən azərbaycanlı kölələr bu mənzərələrə mat qalır və ciddi fəxrlə deyirdilər ki, bizim polislərdən ora iki yüzün göndərsən, gedib hər şeyi beş dəqiqəyə həll edərlər. Qızların, qadınların saçından tutub sürüyərlər, əllərindəki bayraqları da alıb ayaqqabılarını silərlər, qocaları, uşaqları sümükqıran itlərə yedizdirərdilər,  cavan və kişi cinsinə mənsub etirazçıların başına ta nə oyun açardılar onu bir allah bilir. Bəziləri həqiqətən də istəyirdilər, Ermənistanda ara qarışsın, polislə mitinqçilər toqquşsun, qan su yernə axsın, kütləvi həbslər, repressiyalar olsun və beləliklə bunlar da öz siyasətə qarışmamaqlarına növbəti dəfə haqq qazandırsınlar. Əllərinə düşmüş imkandan geninə boluna istifadə edərək desinlər ki, gördünüz, mümkün deyil, ayağa qalxsaq, bizdə də belə olacaq, Rusiya imkan verməz regionda dəyişiklik baş versin filan ... Bəziləri, daha obyektiv, daha ədalətli, daha açıqfikirli adamlar deyirdi ki, düşmənlərimiz olsa da, halal olsun onlara, xalq kimi çıxıb sözlərin deyirlər, bizim kimi yatmayıblar. Yeri gəlmişkən, Ermənistanda baş verən hadisələrin sayəsində AzTv-nin qüdrətin bir daha görə bildik. Nə qədər adam “Hanı AzTv-nin RAF-ı, hanı AzTv-nin pazı, kadrlarda görünmür” deyib söhbəti zarafata saqlmaq istəsə də, AzTv-nin təbliğatından böyük əksəriyyətin öz payını götürdüyü, rəsmi təbliğatdan təsirləndiyi məlum oldu. Məlum oldu ki, demə, Ermənistanda vəziyyət heç də onlara deyilən kimi dəhşətli, vəhşətli deyilmiş. Demə, Ermənitan tam boşalmayıbmış, orda hələ adamlar qalıb yaşamaqdadır, uşaq bağçaları, məktəblər, universitetlər, təcili tibbi yardım məntəqələri, xəstəxanalar, poliklinikalar fəaliyyət göstərir. Adamların görünüşü, geyimi-keçimi də yerindədir. Aclıqdan-susuzluqdan ucdantuma hamısı bir dəri bir sümüyə dönməyiblər, cır-cındır, bit-birə içində gəzmirlər. Demə, Yerevan tam xaraba qalmayıbmış, viran olmuş binaların, evlərin üstündə bayquşlar ulamırmış, orda marketlər, kafelər, restoranlar, asfalt yollu küçələr, prospektlər var imiş və bu asfalt yollu küçələrdə, prospektlərdə müxtəlif markalı, müxtəlif ölçülü xarici maşınlar o tərəf bu tərəfə şütüyürmüş... 

...Çoxdandı azərbaycanlılar siyasətdən bu qədər danışmırdılar. Ermənistanda baş verən hadisələr xeyli vaxtdır siyasətdən danışmayan, danışmaq istəməyən adamları da siyasətdən danışmağa vadar etdi. Bu da təbiidir. Dünyanı xilas etmək çətindir, amma fərdləri xilas etmək mümkündür sözlərini bir az başqa cürə istifadə etsək, belə deyə bilərik; regionda baş verən hadisələr hamıya çatmasa da, müəyyən adamlara mütləq çatır. Hələ əgər hadisələr  müharibə şəraitində olduğun ölkədə baş verirsə, bu hadisələrə diqqət də başqa yerlərdə baş verən hadisələrə nisbətən daha çox olmalıdır. Lakin azərbaycanlılar Ermənistanda baş verən hadisələr haqqında nə qədər danışsalar da, nə qədər mənalı və mənasız, ağıllı və ağılsız, ədalətli və ədalətsiz fikirlər səsləndirsələr də, pərtliklərini heç cürə gizlədə bilmirdilər. Pərtliklərini gizlətmək üçün rəsmən canları ilə əlləşirdilər. Bu, çox miskin bir mənzərə idi. Azərbaycanlılara heç vaxt bu qədər yazığım gəlməmişdi. Azərbaycanda vəziyyət o qədər xarablaşıb ki, artıq mahir, peşəkar, abır-həyası olmayan, ən sırtıq, üzü üzlər görmüş yaltaqların belə işi çətinləşib. Azərbaycanda baş verən hadisələrə haqq və əhəmiyyət qazandırmaq, ən əsası məna vermək cəhdləri absurda çevrilir. Ürəklərində bir qram ədalət, vicdan hissi qalanlar, bir balaca utananlar, yaxud gülməli görünməkdən ehtiyat edənlər isə Azərbaycanda baş verən hadisələrə haqq və əhəmiyyət qazandırmaq, məna vermək istiqamətində daha çox əziyyət çəkirlər. Hətta onlardan bəziləri özləri üçün belə bir əcaib düstur da icad ediblər. Guya elə məsələlər var ki, o məsələlərdən söhbət gedəndə hakimiyyətlə dövləti bir - birindən ayırmaq lazımdır, guya hakimiyyət ayrıdır, dövlət ayrıdır. Guya hakimiyyət gəldi gedərdi, dövlət isə əbədidi, bizimdi, hamımızındı, gələcək nəsillərindi. Ona görə də elə məsələlər var ki, o məsələlərdən söhbət gedəndə həmrəylik nümayiş etdirməyi bacarmalıyıq, siyasi düşüncəmizdən asılı olmayaraq hakimiyyətin ətrafında birləşməliyik, bunu vətən, xalq  bizdən tələb edir. Guya bu adamların özlərinin də hakimiyyətlə hansısa problemləri var, guya hakimiyyətin hansısa fəaliyyətindən narazıdırlar, lakin bəzi əhəmiyyətli, strateji məsələlərdən söhbət getdikdə bu problemləri, narazılıqları vətən, xalq naminə unutmağa, birləşməyə hazırdılar. Bütün bu cürə fikirlər tamamilə təxəyyül məhsuludur. İnsanın ictimai-siyasi məzmunlu təlxəyə çevrilməsi doğrudan da çox pis görünürmüş. Hələ ictimai-siyasi təlxəklərin arasında bir zamanlar münasibətdə olduğun, çörək kəsdiyin, xeyirində-şərində iştirak etdiyin, xeyirində –şərində iştirak edən, bir zamanlar azadlıq, demokratiya istəyən adamları görmək lap pis hisslər yaradır. O adamlar ki, bir vaxtlar azdan-çoxdan ağılları başlarında idi, normal düşünürdülər, vicdansız deyildilər, indi isə  ictimai-siyasi məzmunlu təlxəyə çevriliblər. Siyasi düşüncələrini, mövqeyini dəyişən adamlara keçmişlərini xatırlatmaqdan, “o vaxtlar belə deyirdin, indi niyə başqa cürə deyirsən” deməkdən həmişə uzaq durmağa çalışmışam. Lakin adam həyasızlıq edib özünə haqq qazandırmaq istədikdə, məcbur qalıb bir-iki söz demişəm və hətta buna görə də sonra peşman olmuşam. 



Bəli, təəssüf ki, Azərbaycanda hakimiyyət dövlət ayrılığı yoxdur, Azərbaycanda dövlət elə hakimiyyət, hakimiyyət də elə  dövlətdir. Niyə bu adamlar vəziyyəti sadələşdirmək əvəzinə daha da mürəkkəbləşdirirlər, nəticədə həm özlərin, həm də başqaların əziyyətə salırlar. Axı hər şeyin sadəsi daha asan, daha rahat olur. Onların icad etdikləri düstur əcaib olmaqla bərabər, həm də çox saxtadır. Həqiqi düstur belədir: xalq+vətən+dövlət=hakimiyyət. Bu gün faktiki olaraq vətənpərvərlik yaltaqlığın bir işlək formasına çevrilib. Vətənpərvərlik yaltaqlıq kimi görünür. Hazırda vətəni sevmək hakimiyyəti sevmək, vətənə təriflər yağdırmaq hakimiyyətə təriflər yağdırmaq deməkdir. Ona görə ki, ikinci düstur real vəziyyəti daha çox özündə əks etdirir. 

Kölə üçün azad insan yoxdur. Kölə insanın azad ola biləcəyini ağlına gətirməkdə, ümumiyyətlə bu haqda düşünməkdə böyük çətinlik çəkir. Bir az diribaş kölələr isə daha ibdar düşünürək, insanın azadlıq istəməsini birbaşa mənfəət, xeyir axtarışı kimi qiymətləndirir. Düşünür ki, əgər bir insan azad olmaq istəyirsə, deməli burda onun mütləq, yüz faiz bir xeyiri var. Əgər insanın xeyiri yoxdusa, insan durub boş yerə niyə azadlıq istəməlidir ki? Xeyir sözü işlətdikdə elə azərbaycanlıların nəzərdə tutduğu xeyirləri nəzərdə tutmaqdayam. Diribaş kölələr ağıllarına da gətirmirlər ki, insan deyilən bir varlıq məruz qaldığı təhqirlərdən, pis davranışdan, pis idarəetmədən, rüşvətdən, korrupsiyadan bəzərək, boğaza yığılaraq günlərin bir günü küçəyə çıxıb öz haqqını tələb edərək, insana layiq bir həyat yaşamaq istədiyini dilə gətirə bilər. 

Bir sözlə, formaca müxtəlif məzmunca eyni olan azərbaycanlı kölələr ermənilərin küçələrə çıxıb bir xalq kimi ortaya mövqe qoymasını başa düşməkdə, həzm etməkdə olmazın zülm çəkdilər və çəkməkdədilər. Ermənilər azərbaycanlıların bərk-bərk sığındığı, özlərini komfort hiss etdikləri “Rusiya imkan verməz” adlı səngəri azərbaycanlıların əllərindən aldılar. Az-maz siyasətdən başı çıxan, az-maz siyasətlə maraqlanan azərbaycanlılar Ermənistanda baş verən hadisələrin əhəmiyyətini dərk etməkdədirlər. Bu adamlar ciddi, vacib bir sahədə, demokratiya sahəsində azərbaycanlıların ermənilərlə rəqabətə girə bilmədiyinin, uduzduğunun fərqindədirlər. İndən belə bu adamlara daha çətin olacaq. Çünki Ermənistandan hər gün dəyişiklik haqqında bir xəbər gələcək. Dəyişikliklər isə artıq başlayıb. Serj Sarkisyanın bir qrup yoldaşı vardı. Məktəb direktoru vəzifəsində çalışırdı. Sarkisyanla bir qrupda oxuduğuna görə rəsmən lotuluq edirdi. Deyirdi, burda mənəm, Bağdadda kor xəlifə. Qolundan tutub bayıra atdılar. Artıq gömrükdə rüşvət, süni maneələr, bürokratik əngəllər asta-asta aradan qaldırılır. Siyasi məhbuslar bir-bir azadlığa buraxılır. Savadlı, açıq-fikirli, qərbpərəst gənclər müxtəlif vəzifələrə təyin olunur. Hələ çox xəbərləri mətbuata ötürmürlər. Görünür, Paşinyanın dəstəsi çox hay-küy salmaq, çox qıcıq oyatmaq istəmir, sakitcə öz işlərini görmək fikrindədilər. 

Paşinyan işgüzar, prinsipial, nə istədiyini bilən adamdır. Əgər eyforiyadan çaşmasa, durduğu yerdə başına bir qəza gəlməsə və çox yox, ikicə il hakimiyyətdə qala bilsə, Ermənistanda xeyli dəyişikliklər baş verəcək. Əlbəttə, rəsmi təbliğat, hakimiyyətin birbaşa təsiri altında olan media orqanları, hakimiyyətyönümlü siyasi şərhçilər, ziyalılar, jurnalistlər-zad dəyişiklik haqqında Ermənistandan gələn xəbərləri gözdən salmağa, özlərinə sərf edən formada yozmağa çalışacaqlar və yəqin ki Ermənistanda hər hansı problem ortaya çıxsa, buna açıq-aşkar sevinəcəklər. 

Sevinmək demişkən, sevinmək də cürbəcür olur. Həqiqətən öz ölkəsinə demokratik ab-hava, demokratik idarəetmə arzulayan adam harda olursa olsun demokratik dəyişikliyin baş verməsinə sevinməlidir. Ermənistanda baş verən dəyişiklik, demokratikləşmə prosesi ermənilər qədər elə azərbaycanlılara da lazımdır. Məhz o səbəbdən ki, bir yerdə yaxşı şey olanda istər istəməz başqa yerdə də olur. Xüsusən qonşunun kim olması, necə yaşaması bir çox məsələlərə istədin-istəmədin həm yaxşı, həm də pis mənada öz təsirin göstərir. Güclü insan sağlam rəqabətdən qorxmur və qorxmamalıdır da. Güclü, öz istedadına, bacarığına inanan insan sağlam rəqabətin onu diri, formada saxladığını daha çox işləməyə, daha çox inkişaf etməyə məcbur etdiyini başa düşür. Zəif, dayaz, özünə inanmayan, bacarığı, istedadı olmayan insan isə rəqabətdən, başqalarının istedadından, bacarığından qorxur. Ona görə də özündən daha istedadsızların, özündən daha dayazların, özündən daha savadsızların, özündən hər mənada daha səviyyəsizlərin arasında fırlanır ki, onların fonunda bir balaca istedadlı, bacarıqlı, səviyyəli, savadlı görünə bilsin. Bu sözləri aşağı-yuxarı elə xalqlara da aid etmək olar.

Seymur Baycan

Kultura.az 
     


  

Yuxarı