post-title

Allahsız kosmos

Dostlarla kosmos haqqında çox danışırıq. Ortaq qənaətimiz budur ki, “kosmik proses bizim iradəmizdən kənar başladığına görə, deməli, prosesin özü vacibdir, biz də gərək onu izləyib həzz alaq”.

 
 
Paralel dünyalar və kosmosun “simli struktur”u haqqında danışanda da, zarafata belə bir versiya irəli sürülür ki, bəlkə də dünyamızda və bütün zamanlarda günah işləmiş adamlar, təzədən cəza olaraq Azərbaycanda doğulurlar. Yəni ölkəmiz bir cəzaçəkmə müəssisəsidir. Təsadüfə bax, illər sonra oxşar fikrə Oldos Xakslidə rast gəlmişəm: “Bizim planetimiz hansısa başqa planetin cəhənnəmidir”. Doğrudur, adam bu cəhənnəmi Azərbaycanla məhdud etməyib, bütün planetə aid edib.
 
Deməli “vacib olan prosesdir, nəticə yox”. Müəllifi bilinməyən bu hikmətli kəlam boşboğazlıq, quru təsəlli deyildir. Nəticə qeyri-müəyyəndir, proses isə fakt.
 
Atam infarkt keçirəndən sonra, ilk dəfə altı-yeddi yaşımda, ölüm haqqında düşünməyə başladım. Ətrafda hər kəs bu haqda pıçıldaşırdı – ölüm və ürək sözləri qoşa çəkilirdi. Atamla ayrılmaq istəmirdim deyə, ağlıma belə bir fikir gəldi ki, atamın oxşarı olan bir kuklam olaydı, balkonda oturaydı, əynində zolaqlı pijama, ovcunda səliqəsiz sıxılmış eynək, gözləri uzaqlara dikilmiş vəziyyətdə, səssiz-səmirsiz. Yəni atamın transsendental qatı ilə vidalaşmağa hazır idim, təki zahiri qatı həmişə mənimlə olsun.
 
Hərəkət – sirli kosmosda bizə məlum olan yeganə həqiqətdir. Heç nə bilmirik, bircə onu bilirik ki, daimi hərəkət halındayıq və heç nə itmir, ancaq şəkil dəyişdirir. Özümüzü atom kimi təsəvvür etmək çətindir. Mövcud olan hər şeyin atomdan ibarət olduğunu bilsək də çətindir. İnanclı bir dostum bir dəfə soruşdu: “Mütləq bir qüvvənin varlığına inanmaq istəmirsən? İnanıb rahatlaşmaq, böhrandan çıxmaq olar. Axtardığın hər şey gözünün qabağındadır. Hər şey ilahi iradənin təcəssümüdür”.
 
Cavabım belə oldu ki, “Mütləq qüvvəyə inanıram, lakin Quranın insana bu qədər iltifat etməyi dalağımı sancır. Quran, insanı əşrəfi-məxluqat, yaradılmışların ən şərəflisi adlandırır. Buna qıcıq oluram. Diqqət et, tək islam yox, bütün dinlər yaradılışın mərkəzinə Tanrını qoyurlar. Həqiqətdə isə mərkəzdə Yaradan yox, özünü onunla eyniləşdirən insan dayanıb. Məni karıxdıran da budur. İnana bilmərəm ki, bizim planetimizi təbiət və ahəng nöqteyi nəzərindən “daha yaxşı” etmək iqtidarında olmayan insanın, əşrəfi-məxluqat adlanmağa haqqı var. Dünyamız kainatın mərkəzi olmadığı kimi, insan da dünyanın mərkəzində deyil. Beynin təkamülü, bizim üçün kosmosun üfüqlərini genişləndirdi. Biz indi kosmosdakı yerimizi daha aydın görə və kainatın “xozein”i olmadığımızı rahatlıqla analaya bilərik”.
 
Öz fikrimdə qalıram - Allah nəyi bizdən ötrü yaradıb axı? Qalaktikanın ənginliklərində saniyəbaşı partlayan Superyeni ulduzları? Qara dəlikləri? İnsan necə kainatın mərkəzində dayana bilər ki, onun indiyədək ixtira etdiyi texnologiyalar ancaq Süd yolunun balaca bir parçasını görməyə imkan verir? Lap olsun Alfa Sentavra da bu radiusdadır. İnsan heç nədir və heç kimdir – həqiqət budur. Amma bax, insanın eqosu kosmos boydadır. Kosmos miqyasında toz zərrəsi, ən kiçik mikrob, bakteriya boyda belə olmayan insanın; bu beyinli ancaq əlahiddə həyasız, alçaq məxluqun iddiasına bax!
 
Təkamül və yaradana iman bir-birini istisna etmir. Mənim inandığım budur - təkamül ilahi aktın ən parlaq nümunəsidir. Təbii ki, Adəmin qabırğasından yaranmış, sonra da kişisini yoldan çıxarmış Həvva hekayəsi, meymunun insana təkamül etməsindən daha ağlabatandır. Bəs necə, yüz milyonlarla il davam edən, insan ağlının qavraya bilməyəcəyi müddətdə baş verən təkamülə inanmaqdansa, avraamik dinlərin hekayəsinə inanmaq daha sərfəlidir. Sizə bir sirr açım, amma heç kəsə deməyin - təkamül prosesinin uzunluğunu təsəvvür etməyə qadir olmamağımız, milyonlarla qalaktikanın heç vecinə də deyil.
 
Söhbət meymundan da getmir. İnsan ümumiyyətlə özünün xüsusi yaradılmışlığına inanmaq istəyir, nə olursa olsun. Təkamül həqiqətini qəbul etmək, eqonu ayaqlar altına almaqdır. “Necə yəni mən, insan, digər bütün canlılarla eyni sırada dayanmalıyam?! Bu ki, zapadlodur”.
 
Təkamül spiralında bir nöqtə olduğunu qəbul etmək istəməyən insan, tək hüceyrəlilərdən fillərə qədər bütün canlıların bir xətt üzrə inkişaf etdiyini, özünün isə göylərdən, cənnətdən endiyini düşünüb təsəlli tapır. “Canlılar özləri bilərlər, onlar Yerdə yaranıblar, mənim babam Adəm isə göydən, cənnətdən bura düşüb. Mən düşünə bilirəm, deməli xüsusiyəm. Mənə allahdan xəlifəlik verilib, mənə hər şey olar”.
 
Nəyə görə? İnsan adlanan bu alçaq məxluq beynini işlədə bilir deyə xəlifə olmalıdır? Allahın arxasında gizlənib, yer üzündə alçaqlıq etdiyinə görə? Beyin funksiyalarını təkamül sayəsində aşkarlayan məxluq üçün böyük şərəf deyilmi?
 
Ola bilsin nə zamansa, insanın bu müstəsnalığı və “ilahiliyi” zərurətdən doğurdu. İnkişafı stimullaşdırır, məsuliyyət yükləyir, ixtiralar üçün motivasiya verirdi. Zaman o zaman idi ki, hamı yaradan haqda danışırdı və özlərini ulduzlar, Ay və Günəşlə bəzədilmiş mavi gümbəz altında sanırdılar. Ay və Günəş isə düz səthi olan Yerin bir tərəfindən çıxıb, obiri tərəfində batırdılar.
 
Öz VIP statusuna iman edən insan, özündə hədsiz şər potensialını aşkar etdi. Müharibələr, zülmlər, axıdılan qanlar – hamısı insanın özü haqda qapıldığı “mən yer üzünün xəlifəsiyəm” inancından irəli gəlir. Allahın adı ilə başqalarının hərəkətini, düşüncəsini, azadlığını məhdudlaşdıran və bunları Allahın adı ilə, Allahın izni ilə, hətta Allahın tapşırığı ilə etdiyini iddia edən insandan iyrənci, alçağı, təhlükəlisi varmı Yer üzündə? Sözdə bütün dinlər Tanrını dərk etməyə, onu duymağa çağırırlar, amma həqiqətdə bütün dinlər insan eqosunu şişirtməklə, ona yalançı vədlər verməklə məşğuldurlar. Tanrı - dinlərin gözlə görünməyən anturajı, amorf instansiyasıdır. Ona istinad edərək hər cür alçaqlığı törətmək olar.
 
Halbuki bu gün zəka səviyyəmiz bizə imkan verir “stop” edək, “dünya xəlifəliyi” iddiasından vaz keçək. Təkamül davam edir və beynin bütün potensialından istifadə etmək bu gün imkansızdırsa, milyon illər sonra nə olcaq, biz bilmirik. Axı zaman vardı, biz bu beyni heç sıfır tam onda bir qədər istifadə edə bilmirdik, bu gün isə əldə olunan maksimum nailiyyət 10 faizdir. Yəni beynin funksiyalarına məhdudiyyət müvəqqətidir. Hər şey plan üzrə gedir və kosmik miqyasda insanın həqiqəti dərk edəcəyi an çox da uzaqda deyil. Hadisələri tələsdirib, qiyaməti süni şəkildə yaxınlaşdırmağın mənası yoxdur. Onsuz da alınmayacaq.
 
Bizə ancaq sükut içində qaxılıb prosesi izləmək və həzz almaq qalır.  
 
Əli Əkbər
 
Musavat.com
Yuxarı