post-title

Rəsulzadənin Şah İsmayıl haqqında fikirləri

Bəri başdan deyim ki, mən Güntay Gəncalpın “Səfəvilər” əsərini dəstəkləməsəm də, tarixə yanaşmasını doğru hesab etməsəm də, bu əsərin yaratdığı ajiotaja görə sevinirəm.

 
 
Ona görə ki, istər “Facebook”da, istərsə də mətbuatda bu əsərdən sonra Şah İsmayıl və Səfəvilər ətrafında geniş polemikalar yaşandı. 
 
Gəncalpın bu polemikalarda Şah İsmayıl haqqında sərgilədiyi İŞİD-çi, qətliamçı, farsçı yanaşmalarını də qəbul etmirəm, bütün bunların müəllifin gəncliyini İrandakı molla rejiminin əsarətində keçirməsinə bağlayıram. 
 
Çünki orta əsrlər tarixinə bu cür yanaşsaq, Roma papalarından tutmuş, papanı qabağında diz çökdürən bizim Attilaya qədər hər kəs terrorçu, başkəsən, işğalçı, qətliamçıdır. 
 
Zira bu gün Suriyadakı rejimə də, o rejimə qarşı çıxan müxaliflərə də, orada xalqın qanı üzərində öz imperialist maraqlarını güdən Qərb dövlətlərinə də eyni məntiqlə rahatca “terrorçu” demək mümkündür. 
 
Şiəliyə gəldikdə isə bu gün müstəqil Azərbaycanda da əhalinin əksəriyyəti şiə məzhəbinə məxsusdur və onların yalnız İranın təsirinə davamlı məruz qalan müəyyən qismi farsçılığa meyillidir. Həqiqətdə isə Azərbaycan türkləri heç bir  məzhəbi həyatına yaxın buraxmayıb.
 
Şah İsmayılın qəhrəman, dövlət xadimi, şair kimi sevilməsini Sovetlərə bağlayanlar var. 
 
Əlbəttə, sovetlərə qədər nəinki Şah İsmayıl, Səfəvilər tarixi, heç Azərbaycan tarixi düz-əməlli yazılmamışdı. 
 
Sovetlər istər tariximizi istədikləri kimi yazsın, istərsə də olduğu kimi yazsın, əsas odur ki, “Azərbaycan tarixi” anlayışı məhz onların zamanında formalaşdı. 
 
Bu gün bu tarix yanaşmasının səhv olması ətrafında dartışmalar gedir. Əlbəttə, getməlidir. Müstəqil Azərbaycanda tarixşünaslıq imperiya və ideologiya maraqlarına görə deyil, obyektiv olduğu kimi yazılmalıdır. 
 
Amma yenə də bilirik ki, tarixşünaslıq siyasətə ən çox alət edilən elm olduğuna görə bu və ya digər şəkildə siyasətə alət olunur. Təsəvvür edin, Sovet dönəmində bizə kommunist kimi təqdim edilən Babək, müstəqilliyin ilk illərində millətçi kimi qarşımıza çıxdı, indi isə şiə müsəlmanı kimi haqqında bəhs olunur. Mən Babək haqqında aparılan dartışmaları da dəstəkləyirəm. Çünki bütün hallarda bu dartışmalarda elm, təfəkkür məsələləri var.   
 
Şah İsmayıla gəldikdə isə... Tarix öyünüləsi bir məsələyə çevrilməməlidir. Tarix, sadəcə, keçmişi öyrənmək, bilmək baxımından bizim üçün maraqlı olmalıdır. Çünki yaşadığımız coğrafiyanın və mənsub olduğumuz millətin keçmişini bilmək hər bir vətəndaş üçün önəmlidir. Şah İsmayıl dövlət xadimi kimi tarixdə nələr edib, şair kimi nələr təqdim edib, bunların hamısı öyrənilməli və tədqiq edilməlidir. 
 
Mənə görə isə Şah İsmayıl Azərbaycan tarixinin ən önəmli fiqurudur. Bütün tipik orta əsr hökmdarlarına xas olan xüsusiyyətlər – sınırsız gücə sahib olmaq, böyük ərazilər ələ keçirmək, diplomatik münasibətlərdə yalnız özünün maraqlarını güdmək, ətrafında olan insanlara bu gücündən faydalanmaq imkanı vermək xarakterinə malik olub. Eyni zamanda həm Qərbin, həm də Şərqin hökmdarları kimi dini siyasətə alət edərək, bu rıçaqdan da məharətlə istifadə edən, Osmanlıya qarşı bu ideoloji silahdan da yararlanan bir görüşə sahib olub. Bu ideoloji silah o qədər güclü idi ki, bu gün də Türkiyədə ələvilər uzaq keçmişin şahını rituallarında, folklorlarında yaşadırlar. 
 
Azərbaycanda dövlətin, millətin nə olduğunu bilən hər kəs Şah İsmayıla müsbət münasibət bəsləyib. 
 
Diqqət etmişəm Şah İsmayıla fərqli münasibət bəsləyənlərin əksəriyyəti məhz məzhəb girdabına yuvarlananlar olub. Halbuki, Şah İsmayılın məzhəb davası onun şəxsiyyətinin sadəcə kiçik bir hissəsidir, onun qarşı çıxdığı məzhəbin də ədalət baxımından tarixi problemləri şübhəsizdir. Ən azından Əməvi və Abbasi təfəkkürünə sahib olmaqdansa, Səfəvi təfəkkürünə sahib olmaq bir türk üçün daha doğrudur. 
 
Bizim üçün maraqlı olan digər bir məsələ Azərbaycanın son yüz ilini müəyyənləşdirən şəxslərin Şah İsmayılla bağlı düşüncələridir. Bu baxımdan Rəsulzadənin Şah İsmayıl haqqında düşüncələrini təqdim etməyi doğru hesab edirəm. 
 
Rəsulzadə “Azərbaycan mədəniyyətinin qaynaqları” əsərində yazır: “İllərdən bəri çevrələrindəki xalq kütlələri üzərində, bütün türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl şiə dövlətini qurmaq üzrə hərəkətə keçir. Avropalılarca xalis bir İran sülaləsi sayılan Səfəvi dövlətinin bu müəssisi isə həqiqətdə bir türk sufisi və azərbaycanlı bir şairdi. İstinad etdiyi qüvvət də tamamilə türk qüvvəti idi. Bu məzhəb türkmən qəbilələri, bu qüvvətin kökünü təşkil edirdi. Onun sadə bir türkcə ilə yazılan ilahiləri rəsmi hüdudların çox irəlilərində belə türk topluluqlarının ruhları üzərində müəssir olurdu. 
 
Şah İsmayılın sarayı azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şeirdə “Xətai” təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi İranın Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi. Rəsmi türk dövlətlərində misali yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi. 
 
İştə Tüfeyli adında hürufi bir şairin ona yazdığı xitabdan bir parça:   
 
Qovsalar, eldən, ulusdan qövm ilə qardaşlar, 
Dostlar düşmən olubən min atarsa daşlar, 
Haqq bilir, budur sözüm, gər yüz gedərsə başlar 
Qılmazam, vallahi, Türk-tacdarın tərkini.   
 
Bu dövrdəki şairlər yalnız “Taclı türk”ə deyil, onun da xitab etdiyi əsil türk kütləsinə müvəffəqiyyətlə xitab edə bilmək üçün türkcə yazırlardı. 
 
İdarələrini yürütmək üçün içindən yetişdikləri mühitin zövqünə uyaraq onun ağıl və vicdanına qolay bir yol bula bilmək üçün özü ilə türkcə danışırlardı. Sonralar İran ideolojisi – deyə bəllənən şiəlik bu xüsusda özlərinə mane olmurlardı. Əksinə, bu, onların türkçülüyünü gərəkləndirirdi. Türk ədəbiyyatının parlaq günəşi Füzuli bu dövrün böyük sənətkarıdır”. 
 
Şəxsən mənim üçün Rəsulzadənin bu yanaşması çox önəmlidir. Rəsulzadə həm Şah İsmayılın dini kimliyinin mənşəyini, həm əhatəsində olan tayfaların kimliyini qabardır, həm də ki onun dönəmində şah sarayındakı mühiti qeyd edir. Sovetlərin sevdirməsinə gəlincə, son 23 il ildə sovetlərin bizə sevdirdiyi bütün bütlər dağıdıldı. Bu gün yalnız marginal çevrələrdə Lenin, Stalin şəxsiyyəti bütləşdirilərək hələ də varlığını qoruyur. Şah İsmayıl, Nəsimi, Babək süni yaradılmış büt olsaydı, digər bütlər kimi onlardan da rahat imtina edərdik. Asif Ata demişkən, biz insanları da imtinalarından tanıyırıq. Kim Şah İsmayıldan imtina edirsə, o zatən imtina olunmuşlardandır... 
 
Dilqəm Əhməd
 
Kult.az
Yuxarı