post-title

Leonardo Di Kaprionun BMT tribunasındakı məşhur nitqi

İki gün öncə Nyu-Yorkda BMT-nin sammiti keçirilirdi. Sammitdə bir çox məsələlər müzakirə edildi, bir çox şəxslər çıxış etdi. Çıxışlar arasında aktyor Leonardo Di Kaprionun nitqi xüsusilə böyük marağa və rezonansa səbəb oldu. BMT-nin sülh elçisinin İqlim Dəyişikliyi ilə bağlı tarixi nitqi belə görünür BMT tribunasındakı ən gözəl çıxışlardan biri kimi uzun müddət yaddaşlardan silinməyəcək. Aktyorun nitqini azərbaycan dilinə tərcümə edərək, Kultura.az-ın oxucularına təqdim edirik.

 
 
“Zati aliləri cənab Baş Katib, xanımlar və cənablar, seçilmiş qonaqlar, təşəkkür edirəm. Mən bu gün burada olmaq şərəfinə layiq görülmüşəm. Və mən sizin qarşınıza mütəxəssis kimi deyil, bazar günü Nyu-York küçələrində aksiya keçirən 400 min nümayişçidən biri və dünyanın müxtəlif ölkələrində qlobal iqlim böhranının həll olunmasını istəyən milyonlarlarla sıravi vətəndaşdan biri kimi çıxmışam. 
 
Aktyor kimi də həyatın davam etməsində israrlıyam. Mən tez-tez saxta problemləri həll edən saxta qəhrəman obrazları yaratmışam. İnanıram ki, insanlıq da iqlim dəyişikliyi məsələsinə eyni cür yanaşıb: sanki bu, hansısa uzaq planetdə baş verən nağıldır, sanki iqlim dəyişikliyi real deyil, sanki kimsə bu problemi asanlıqla bizdən uzaqlaşdıra bilər. 
 
Ancaq mən vəziyyətin nə yerdə olduğunu çox yaxşı dərk etdiyimizi düşünürəm. Biz hər həftə yeni, qarşısıalınmaz iqlim problemlərinə şahid olur, iqlim dəyişikliyinin indi və burada olduğunu görürük. Biz quraqlığın intensivləşdiyini, okeanların istiləşdiyini, okean döşəməsindən qalxan metanın turşulaşmağa səbəb olduğunu bilirik. Biz dəhşətli metereoloji hadisələrin, tempraturun yüksəlməsinin, Qərbi Antarktikada, Qrenlandiyada buzlaqların proqnozlaşdırılandan onilliklər öncə, görünməmiş sürətlə əridiyini görürük. 
 
Bunların heç bir ritorika, heç biri isteriya deyil. Bu faktdır. Elm ictimaiyyəti, sənaye, dövlətlər bunu bilir, hətta ABŞ hərbi komandanlığı da bunu bilir. ABŞ-ın Atlantika hərbi dəniz komandanlığının rəhbəri, admiral Samuel Loklear bu yaxınlarda verdiyi açıqlamada bildirdi ki, bizim təhlükəsizliyimizi təhdid edən yeganə və ən böyük fakt iqlim dəyişikliyidir.    
 
Dostlar, bu təşkilat indi yəqin ki, bəşəriyyət tarixində başqa heç bir qurumun üzləşmədiyi böyük bir tapşırıqla üz-üzədir. Siz ya tarix yarada... ya da tarixin qarğışına tuş gələ bilərsiniz.
 
Sözün açığı, burada insanlara avtomobillərinizin işıqlarını dəyişin, ya da hibrid maşınlardan istifadə edin deməkdən uzağam. Bu fəlakət fərdlərin edəcəyi seçimlərdən daha nəhəngdir. İndi bu problemin həlli bizim müəssisələrin, dünya dövlətlərinin verəcəyi qərardan, böyük-ölçülü fəaliyyət planından asılıdır. 
 
Mən elm adamı deyiləm, heç buna ehtiyac da yoxdur. Çünki dünya elm birliyi artıq yetərincə danışıb, proqnozlar verib, əgər biz birlikdə hərəkətə keçməsək, yüz faiz məhv olacağıq. 
İndi hərəkət zamanıdır.
 
Biz karbonun buraxılmasına görə qiymət vergisi qoymalı, daş kömürə, qaza və neft şirkətlərinə dövlət subsidiyalarını azaltmalıyıq. Biz azad bazar adından ətraf mühiti çirkləndirən sənaye müəssisələrinin azadlığına son verməliyik, onlar bizim dollar vergimizə deyil, nifrətimizə layiqdirlər. Əgər ekosistem məhv olsa, onlar da məhv olacaqlar. 
 
Yaxşı xəbər odur ki, bərpa olunan enerji təkcə qazanc deyil, həm də iqtisadi siyasət üçün də faydalıdır. Yeni tədqiqatlar göstərir ki, 2050-ci ildə təmiz, bərpaolunan enerji mövcud texnologiyanın istifadəsi üçün dünya enerjisinin 100 faizini təmin edə bilər və bu, milyonlarla yeni iş yerinin açılmasına səbəb olacaq.  
 
Bu, partizan çəkişməsi deyil, bu insanlıq üçündür. Təmiz hava və su, yaşanılası iqlim heç bir ayrı-seçkiliksiz insan hüquqlarıdır. Bu problemin həlli siyasət məsələsi deyil. Bu, bizim əxlaqi borcumuz və şübhəsiz ki, yerinə yetirilməsi çətin olan borcdur.
 
Bizim sadəcə bir planetimiz var. Bəşəriyyət bizim ümumi evimizi ağlasığımaz miqyasda ağılsızcasına dağıdanda, ortaya çıxacaq nəticələri də nəzərə almalıdır. Bu planetin gələcəyinin mühafizəsi bir növ kimi bizim şüurumuz təkamülündən asılıdır. 
 
Bu, ən önəmli zaman, ən önəmli mesaj olmalıdır.  
 
Yüzlərlə nümayəndə heyəti, dünya ölkələrinin liderləri, mən həyatın davam etməsində israr edirəm. Ancaq siz yox. Bazar günü bütün dünyada insanlar öz səslərini yüksəltdilər və bu davam edəcək. İndi isə SİZİN növbənizdir, bizim bu planetdəki mövcudluq sınağımıza cavab vermək zamanınızdır... indi.
 
Sizdən rica edirəm, bu məsələyə cəsarət və səmimiyyətlə yanaşasınız. Təşəkkür edirəm”.
 
 
İngiliscədən tərcümə: Cavid Ramazanlı
 
Kultura.az
Yuxarı