post-title

Boris Akunin: Krım məsələsinin miqyası

İndi heç Ukraynanın dərdini ürəyimə salmıram. Yox, yox, əlbəttə ki, Ukrayna məni qayğılandırır, nəhayətdə bu bizə qardaş ölkədir, amma onun öz yolu var, bizim öz yolumuz. Bu ölkəyə hər şeyin ən yaxşısını arzulayıram. O igidliyi və axıtdığı qanı ilə Ölkə olduğunu sübut etdi. Fikrimcə, o Krımsız da başının çarəsinə baxacaq, hər şeyi yerbəyer edəcək. Qərb Ukraynanı demokratik dəyərlərin öncülü etmək üçün əlindən gələni əsirgəməyəcək. Əminəm ki, krımlılar Ukraynadan ayrıldıqları üçün hələ başların-gözlərinə döyəcəklər.

 
 
Məni indi ən çox öz ölkəm Rusiyanın göz önündə olan gələcək aqibəti narahat edir.
 
Bizim gələcəyimiz qaranlıqdır.  
 
İstəyirəm indidən Krımın Rusiyaya gözlənilən birləşdirilməsini alovlu sevinclə qarşılayan həmyerlilərimdən (belələri isə əhalinin böyük çoxluğunu təşkil edir) soruşum: hörmətli çoxluq, bu qənimətin bizə nələrin bahasına başa gələcəyini heç düşünbsənmi?
 
Yox?
 
Rusiya silahlı qüvvələrini başqa ölkənin ərazisinə (həyasız Putin yalandan nə deyirsə desin) yeritdiyi təqdirdə, bizi aşağıdakı hadisələr gözləyir:
 
- Rusiya əvvəlcə siyasi, sonra isə iqtisadi təcridlə üz-üzə qalacaq. Pullar xaricə axıdılacaq, investisiyalar dayanacaq, bizim qazımız və neftimizi isə tezliklə başqa ölkəninki ilə əvəz edəcəklər, bu da o deməkdir ki, yanacaqdan gələn külli miqdarda gəlir birdən-birə kəsiləcək.
 
- Qəflətən artan hərbi xərclər iqtisadi geriləməyə və rublun dəyərdən düşməsinə, lap axırda onun başqa pullara konvert olunmasının mümkünsüzlüyünə gətirib çıxaracaq. Ondan sonra Antalya, Misir və Taylandla vidalaşmaq lazım gələcək.
 
- İdxal mallarının qiyməti kəskin qalxacaq, bir çoxu isə sadəcə bazardan itəcək.
 
- Ölkənin valyuta ehtiyatları ancaq bir müddətlik bəs edəcək. Maaş və müavinətləri ödəyə bilmək üçün hökümət pul çap edən dəzgahları işə salacaq. Bu isə infilyasiyaya və qiymətlərin bir az da qalxmasına gətirib çıxaracaq. Büdcədən maliyyələşən təşkilatlara verməyə bir şey qalmadığı üçün ölkə müflisləşəcək.
 
- Gün gündən geniş vüsət alan narazılığın qarşısını almaqdan ötəri, rejim daha amansız, daha qanunsuz yollara əl atacaq. İnternet məhdudlaşdırılıb, senzura ediləcək; siravi KİV-lərdən isə danışmağa dəyməz. Siyasi məhbusların sayı gündən-günə artacaq və vaxt ötdükcə bu kateqoriyada siyasətdən uzaq adamların sayı çoxluq təşkil edəcək. İstənilən etirazın cəzası veriləcək.
 
- Bəli, Putin Krım avantürasının hesabına özünə ömürlük kreslo təmin etdi. Özünü kresloya daha da möhkəm yapışdırdı. Bundan sonra, o, qorxudan istefaya gedə bilməyəcək. Ancaq ömürlük hakimiyyət çətin ki, uzun olsun. Hər kəs belə hakimiyyətin nəylə bitdiyini bilir. İflasa uğramış rejimi dəyişdirmək üçün qanuni mexanizm olmadığından, inqilab mexanizmi işə düşəcək. Çoxmillətli bir ölkədə, özü də nüvə ölkəsində inqilab isə çox qorxuludur.
 
Məqsədim nə sizi qorxutmaq, nə də bəd şeylər danışıb kefinizi pozmaqdır. Sadəcə, böyük təəssüflə deyim ki, bütün bu şeylər çox gözləniləndir, praktiki olaraq qaçılmazdır. Bizi ancaq möcüzə xilas edə bilər.
 
Bir sözlə əzizim zavallı çoxluq, səni Krımın Rusiyaya gözlənilən birləşdirilməsi münasibətilə təbrik edirəm.
 
Çevirdi: Namiq Hüseynli
 
Kultura.az
Yuxarı