post-title

Azərbaycanda rəssam olmaq

Azərbaycanda maraqlı rəssamlar barmaqla sayıla biləcək qədər azdır. Hətta bir zaman maraqlı olmuş, sonradan çeşitli maraq dairələrinin çevrəsinə düşüb deqradasiyaya uğrayaraq özünün öncəki bütün özəlliklərini itirmiş rəssamlar hal-hazırda çoxluq təşkil edir.

 

Bu rəssamların nə ictimai mövqeyi, nə də siyasi savadı var. Onlar SİYASƏTLƏ MARAQLANMIRLAR. Buna görə onları qınamaq olar, yaxud yox – bu ayrıca bir söhbətin qonusudur. Çevrəsində baş verənlərə qarşı heç bir mövqe sərgiləməyən bu rəssamlar başlarını aşağı salıb palitralarının üzərindəki boyalarla qurdalanaraq yaşamın onların yanından ötüb keçməsini sadəcə seyr edirlər.

Digər tərəfdən, başlarını aşağı salıb öz işləriylə məşğul olan rəssamların da ortaya maraqlı bir tablo çıxardığının şahidi olmuruq. İçi mən qarışıq, hansı önəmli bir tablo çıxarmışıq ortaya bu vaxta qədər? Yalnız bir tablomu çox önəmli sayıram, ancaq onu da başbilənlər bilib başa çıxara bilmədilər. Bu, mənim Xocalı qətliamına həsr etdiyim “Görmürəm, eşitmirəm, danışmıram” adlı tablomdur. İri həcmli kətan üzərində bir ay əlləşərək ortaya çıxardığım bu işi Xocalı qətliamı ilə bağlı olan müsabiqədə anlayan olmadı. Adını rəssam, sənət bilicisi qoymuş “sənətkarlar” bu tabloya baxıb onun Xocalı ilə heç bir əlaqəsi olmadığını söylədilər. Yəni, bizim insan Xocalı deyərkən ancaq qana bulaşaraq yerə sərilmiş insan vücudlarını görmək istəyir. Onları rəssamın mövqeyi maraqlandırmır – düzənliyə səpələnmiş ölülər, fəryad edən ana obrazı, əli silahlı qaniçənlər – bununla da Xocalı qətliamının təsviri başa çatır. Bəs bu qətliama insanların münasibəti, dünyanın münasibəti? Bunlar önəmli deyilmi?

Məşhur heykəl kompazisiyasını xatırlayırsınız: yan-yana üç meymun oturub – biri gözlərini bağlayıb, o biri qulaqlarını örtüb, üçüncüsü isə ağzını qapayıb. Görmürəm, eşitmirəm, danışmıram – bu münasibət deyilmi? Görməyənin, eşitməyənin, danışmayanın meymun olması bir təsadüfdürmü? Mənim tablomdakılar da görmür, eşitmir və danışmır, ancaq məşhur heykəl kompazisiyasından ayrıntılı olaraq, onlar bütdürlər. Afrikanın qaynar qumlarının dərinliyindən avropalılar tərəfindən tapılıb ortaya çıxarılmış bütlər.

Afrika insanlığın yaranma coğrafiyasıdır – ilk insan burada iki ayağı üstə qalxıb, əmək alətləri və silah düzəldib. Sonra çoxalıb dünyaya səpələniblər. İnsanın yaranmasının Adəm-Həvva cütlüyündən doğulmuş çolum-çocuğun insest əfsanəsinə heç bir aidiyyatı yoxdur.

Nə isə, mətləbdən uzaqlaşdım. Nədir bu gün Azərbaycan rəssamlığı? Kimdir bu gün Azərbaycan rəssamları? Sos-realizm dönəmində sovet məktəbi keçmiş rəssamları hamınız tanıyırsınız. İstər Böyükağa olsun, istər Tahir Salahov, yaxud Mikayıl Abdullayev – bunlar dar bir çərçivədə icazə verilən miqyasda bir şeyləır yaratmış rəssamlardır. Başqaları da var: mən onları dissident rəssamlar adlandıra bilməyəcəyəm - bizdə Rusiyadan ayrıntılı olaraq dissident rəssam anlayışı yoxdur - necə ki, dissident yazıçı, dissident bəstəkar anlayışı da yoxdur. Ancaq dönəminin qadağalarına qarşı çıxıb sos-realizm cərəyanından uzaqlaşan rəssamlarımız olub. Cavad Mircavad, Kamal Əhməd, Əşrəf Murad, Gennadiy Brijatyuk, Tofiq Cavad belə rəssamlardandır. Şərti olaraq Abşeron məktəbinin yaradıcıları adlandırdığımız bu rəssamlar sos-realizm çərçivəsindən qırağa çıxaraq Azərbaycanda gerçək rəngkarlığın məhv olmasının qarşısını aldılar. Soruşacaqsınız ki, bəs Səttar Bəhlulzadə? Bəli, tanıyıram, olub belə rəssam. Ancaq Səttar yenilikçi rəssam olmayıb – yeni bir söz söyləməyib rəngkarlıqda. Səttar impressionizmlə puantilizmin qarışığından bir texnika düzəldib kətanların üzərinə bir-birinə bənzəyən mənzərələr çəkən lirik bir rəssam olub. Dilində Fizulinin qəzəlləri, əlində fırça, palitrasında şirin rənglər, gözünün qarşısında da doğma yurdun təbiəti – elə budur. Bundan başqa bir şey deyil. Onun BMT-də sərgisi açılanda tamaşaçılar bir-birinin üzünə baxıb gülümsəyirdilər – yəni biz belə rəsmləri yüzilliyin əvvəllərində görmüşük. Biz Pisarronu, Söranı, Sinyakı, Van Qoqu, Moneni, Sezannı görmüşük. Belə...

Bəs bu gün nə baş verir?

Bu gün rəssamlarımız olumlu bir çərçivədə yaratmaq məcburiyyətindən uzaq olsalar da, yeniliyə köklənə bilmirlər. Bizim çağdaş rəssamlarımız az mütaliə edirlər və yaxud heç mütaliə etmirlər, ölkədə gedən ictimai-siyasi proseslərlə maraqlanmırlar. Buna görə də, onların söhbətləri çayxana səviyyəsindən o qədər də yuxarı deyil. Bunu bütün rəssamlara şamil etmirəm – tanıdığım bir neçə gerçəkdən maraqlı rəssam dostlarım var: onlar mütaliə edirlər, dünyada və Azərbaycanda gedən prosesləri yaxından izləyirlər, mövqe nümayiş etdirirlər. Onlar olumlu dairələrin təsiri altına hələ düşməyiblər. Buna görə də, onlar üçün kələfin ucunu tapmaq çox çətindir. Bu gün sifarişlə işləyən böyük bir rəssam ordusu var: onlar çeşitli məmurların, oliqarxların ailə üzvlərinin portretlərini çəkərək başlarını birtəhər girləyirlər. Ancaq bu yaradıcılıq deyil: indi balaca uşaq da bilir ki, gəlişmiş texnologiyaların sayəsində istənilən adamın fotosunu kətana çap edib üzərində azca rənglə oynamaqla adamı aldatmaq olar. Özünü aldatmaq olar. Bu gün rəssamıq az qala malyarlıq kimi bir peşəyə çevrilib.

O ki qaldı gerçəkdən yeni bir şey yaratmaq istəyən rəssamlara – bəylər və xanımlar, bu gün bizim əlləşib-vuruşub yaratmaq istədiyimizi Avropa və Amerika rəssamları keçən yüzil sürəsində artıq açıb-qapadıblar. İstər minimalizm olsun, istər dadaizm, yaxud modernizm və konseptual sənət – hamısının altından vurub üstündən çıxıblar. Biz onlardan öyrənirik – bu yaxşı, ancaq öyrəndiklərimizi gerçək, yeni bir sənətə çevirə bilirikmi? Çevirə bilmirik. Çətindir. Sual oluna bilər ki, yaxşı, bəs biz neyləyək? Fırçalarımızı sındırıb ataq, kətanlarımızı parça-parça edəkmi? Cavab verirəm: bəylər və xanımlar, öyrəndiklərimizi mütaliəmizlə bərkitməsək heç bir şeyə nail ola bilməyəcəyik. Açın baxın Avropa, Amerika rəssamlarının bioqrafiyalarına – onlar təkcə boyalarla oynamayıblar, onlar demək olar ki, heç biri emalatxanaya qapılıb qalan, yaşadığı dönəmin ictimai-siyasi həyatından xəbərsiz, mövqesiz zümrələr olmayıblar. Onlar oxuyublar, proseslərdə iştirak ediblər, bütün proseslərə öz mövqelərini bildiriblər. Onlar daim mütaliə ediblər, az qala yazarları yazarların özündən yaxşı tanıyıblar. Onlar klassik musiqini, cazı, çağdaş roku dinləyiblər və bütün bunlardan etkiləniblər. Buna görə də, onlar bu gün bizə örnəkdirlər. Buna görə də onlar yenilikçi olublar, stereotipləri yırtıb-dağıda biliblər.

Yuxarıda sadaladıqlarım baş verməyincə, bizim rəssamlar gül-çiçək, dəniz, şəlalə, nar çəkməkdən uzağa gedə bilməyəcəklər. Muğama, saza qulaq asmaqla yeni bir cərəyan yaratmaq mümkün deyil. Vaqif Mustafazadə yalnız muğama aludə olsaydı heç bir zaman belə dahi bəstəkar ola bilməzdi. Onun caz-muğam sintezləri muğamın hegemonluğunu darmadağın etdi. Niyə? Çünki Vaqif dünya musiqisindən xəbərdar idi. Vaqif internetin olmadığı bir dönəmdə öz evindəki radioda gizlincə qısa dalğalarda Amerika, Avropa radiostansiyalarını tutur, çağdaş musiqini öyrənirdi. Bəs bizə nə mane olur ki, bu boyda informasiya bolluğu dönəmində saytları açıb çağdaş rəssamlığı öyrənmirik? Rəssamların bioqrafiyalarını oxumuruq. Sadəcə palitra üzərində boya qarışdırmaqla RƏSSAM olmaq çətin məsələdir. Rəssamın içi zəngin olmalıdır ki, onun əsərləri də zəngin olsun. Nar ağacı, gül-çiçək, tar-kamança şəkli çəkməklə zəngin sənət əsəri yaratmaq  mümkün deyil.

Biz Alimin muğamından, Rəmişin gitarasından, Habilin kamançasından, Kamilin qaboyundan, Aftandilin qarmonundan, Toğrulun nar çiçəyindən, Səttarın Azərbaycan nağılından aralana bilməyəndən sonra dünya incəsənətinə inteqrasiya edib yeni sənət yarada bilməyimiz böyük bir sual altındadır.

Fərhad Yalquzaq

Kultura.az

Yuxarı