post-title

Mövcud olan hər şey amansız tənqidə məruz qalmalıdır

Karl Marks-ın Arnold Ruge-a məktubu (Sentyabr, 1843). Bu məktub Karl Marksın Frankfurt parlamentində sol qruplaşmanın başçısı, filosof və siyasətçi Arnold Ruge-a məktubudur. Məktub Marks və Arnold Ruge-un Almaniyada Marksın redaktə etdiyi “Rheinische Zeitung” qəzetinin çapına törədilən manelər ucbatından Parisdə “Deutsch–Französische Jahrbücher” adlı yeni jurnalın çapına qərar verməsi münasibətilə yazılmışdır.

 
 
Məktub 1848 üsyanlarından və Kommunist manifestosunun yazılmasından beş il əvvəl, Marksın daha çox fəlsəfi əsaslarla (nəinki iqtisadi) düşündüyü dövrə təsadüf edir. Məktubun əsas tezisi, Almaniyadakı söz azadlığı fonunda İmmanuel Kantın “Maariflənmə Nədir?” essesinin tezisləri ilə səsləşir və bu gün də cəmiyyətdə və dünyada baş verən proseslər fonunda kifayət qədər aktualdır. 
 
"Mən sevinirəm ki, fikrini dəyişib keçmişə baxmağı dayandıraraq fikirlərini gələcəyə, Parisdə yeni jurnalın çapına yönəldirsən. Yəni, Parisə, qocaman fəlsəfənin universiteti və yeni dünyanın paytaxtına. Ümid edək ki, bu pis əlamət deyildir. Labüd olan hər şey əvvəl-axır baş verir. Ona görə də, şübhəm yoxdur ki, nə qədər çətin olsa da, maneləri aşmaq mümkün olacaq.  
 
Jurnalın nə dərəcədə uğurlu olub-olmayacağından asılı olmayaraq, istənilən halda bu ayın sonuna qədər Parisdə olacağam. Buradakı (Britaniya) mühit zatən insanları təhkimçi edir və Almaniyada azad fəaliyyət üçün ümumiyyətlə imkan yoxdur. 
 
Almaniyada hər şey zor gücünə susdurulur; orada təfəkkürün anarxiyası, axmaqlığın hakimiyyəti bərqərar olmuşdur. Sürix də əmrləri Berlindən alır. Ona görə də, get-gedə aydın olur ki, həqiqətən düşünə bilən və azad beyinlər üçün yeni toplantı məkanına ehtiyac var. Mən əminəm ki, bizim planlarımız ehtiyaclarımızı ödəyəcək. Zatən real ehtiyacların ödənilməsi yalnız real nəticələrlə baş tuta bilər. Ona görə də, bu jurnal haqqında heç bir şübhəm yoxdur. Təbii, əgər buna ciddi yanaşılacaqsa. 
 
Daxili çətinliklər xarici manelərdən xeyli böyük görünür. Baxmayaraq ki, zaman məsələsində heç bir şübhəyə yer qalmayıb, əsas sual hələ də “əgər”-in üzərindədir. Nəinki islahatçılar arasında ümumi bir anarxik vəziyyət hökm sürür, hətta ayrılıqda heç kəsin gələcək barədə dəqiq fikri yoxdur. Digər tərəfdən isə, mövcud vəziyyət bizə böyük imkanlar yaradır. Biz doqmatik şəkildə addımlar atmaq əvəzinə yeni dünyanı köhnə dünyanın tənqidi üzərində qurmalıyıq. İndiyə qədər filosoflar masaları üzərindəki bütün çətinlikləri həll edib qurtarır, axmaq və xəbərsiz dünyaya isə ağzını açıb mütləq biliyin bişmiş ət kimi ağızlarına girməyini gözləyirdilər. İndi isə, fəlsəfə xeyli adiləşib. Bunun ən bariz nümunəsi elə fəlsəfi şüurun özünün nəinki xaricdən, həmçinin daxildən çəkişmələr meydanına çevrilməsidir. Amma hətta gələcəyin qurulması və uzunmüddətli nəticələrin əldə edilməsinin bizə birbaşa aidiyyatı olmasa belə, bugün nələri etməli olduğumuz kifayət qədər aydındır: Mən mövcud hər şeyin amansız tənqidini nəzərdə tuturam. O mənada amansız ki, bu tənqidlərin nə ilə nəticələnə biləcəyindən və bu tənqidlərin hakimiyyətlə yarada biləcəyi mübahisələrdən qorxmamalıyıq.
 
Ona görə də, mən doqmatiklərə qarşı bayraq qaldırmağın əleyhinə deyiləm. Əksinə, biz doqmatiklərə öz təkliflərini və mövqelərini aydınlaşdırmaq üçün yardım etməyə çalışmalıyıq. Xüsusilə kommunizm doqmatik bir ümumiləşdirmədir. Mən hansısa mümkün yaxud xəyali kommunizm haqqında düşünmürəm. Mən hazırda Kabet, Dezami, Veitlinq və digərlərinin öyrətdiyi, hazırda mövcud olan kommunizmdən danışıram. Bu kommunizm özü-özlüyündə humanist dəyərlərin xüsusi formada ifadəsidir. Bu ifadə özünün anti-tezisi – özəl mülkiyyət sistemi tərəfindən xəstəliyə yoluxdurulmuşdur. Ona görə də, özəl mülkiyyətin ləğvi və kommunizm heç bir halda eyni şey deyildir. Təsadüfi deyildir ki, kommunizm Furyer, Prudhon və digərlərinin müəllifi olduğu sosialist doktrinalarla müqayisələndirilir. Bu sosialist doktrinalar kommunizmə qarşı qoyulmuşdur və onu göstərir ki, kommunizm ümumi sosialist prinsiplərin xüsusi formalarından yalnız biridir və birtərəflidir.  
 
Elə bütövlükdə sosializm prinsipləri özü-özlüyündə həqiqi insan təbiətinin reallıqlarını nəzərə alan bir çox aspektdən yalnız biridir. Bu o deməkdir ki, biz digər aspektlərə, insanın nəzəri olaraq varlığına da eyni dərəcədə nəzər salmalı, yəni dini, elmi və digər istiqamətləri öz tənqid hədəfimizə çevirməliyik. Əlavə olaraq, biz öz müasirlərimizə, xüsusən Almanlara təsir etmək istərdik. Belə bir sual yaranır: bunu necə etməli? Danılmaz iki fakt mövcuddur. Birinci növbədə din və ikinci növbədə siyasət. Bu iki məsələ Alman xalqını ən çox maraqlandıran məsələlərdir. Biz bu iki məsələni mövcud olduqları istənilən formada öz başlanğıc formamız kimi nəzərə almalıyıq və birdən-birə hazır vəziyyətə bişirilib gətirilmiş alternativ sistemlərlə üzləşdirməməliyik. 
 
Ağıl hər zaman mövcud olsa da, heç də həmişə ağıllı şəkildə mövcud olmamışdır. Hər hansı bir tənqidçi müzakirəni istənilən nəzəri və praktik şüurdan başlaya bilər. O zaman cari reallığa aid olan formalar özləri avtomatik olaraq həqiqi reallığı özlərinin labüd və son nəticələri kimi inkişaf etdirəcəkdir. Reallıq deyəndə müasir siyasi dövlətin mövcud bütün formalarını nəzərdə tuturam. Hətta, hələ ki heç bir sistemli sosialist tələblərlə üzləşməsə belə, dövlətin təməlində ağıla çağırış mövcuddur. Lakin, siyasi dövlət bu çağırışla məhdudlaşmır. O güman edir ki, ağıl hər yerdə bərqərar olmuşdur. Məhz elə bu səbəbdən müasir dövlət hər yerdə öz ideal funksiyası və real şərtləri arasındakı ziddiyyətlərlə qarşılaşır.
 
Sosial həqiqəti dövlətin bu daxili ziddiyyətindən başlayaraq hər yerdə inkişaf etdirmək olar. Din bəşəriyyətin nəzəri mübarizəsinin qeyd dəftəri olduğu kimi, dövlət də bəşəriyyətin praktik mübarizəsinin qeyd dəftəridir. Beləliklə, dövlət öz sub specie rei publicae (respublika, dövlətin xüsusi formalarından biri olaraq) formasının hüdudları daxilində bütün sosial mübarizəni, ehtiyacları və həqiqəti ehtiva edir. Ona görə də, sosial mülkiyyət, yoxsa təmsilçilik üzərinə əsaslanmış sistemin daha yaxşı olması kimi xüsusi bir siyasi məsələni tənqid obyektinə çevirmək heç bir halda əhəmiyyətisiz məsələ deyil. Çünki bu suallar sadəcə qeyri-siyasi mənada insan tərəfindən idarəni özəl mülkiyyət tərəfindən idarəyə qarşı qoyur. Ona görə də, baxmayaraq ki, ekstrim sosialistlərin fikrincə, bu məsələ heç bir əhəmiyyət daşımır, tənqidçi kəsim nəinki bu siyasi suallarla maraqlana bilər, hətta deyərdim ki, bu onun borcudur. Tənqidçilər təmsilçilik sisteminin sosial dövlətdən üstün olduğunu araşdırmaqla praktik mənada böyük bir kəsimin marağını qazana bilərlər. Təmsilçi sistemi xüsusi siyasi formadan bəşəri, beynəlmiləl formaya qaldırmaqla və bu sistemin həqiqi mahiyyətini önə çəkməklə tənqidçilər bu böyük kəsimi öz gündəlik siyasi problemlərini aşaraq daha fundamental məsələlərə yönəltməyə təhrik edir. Çünki, bu sistemin qələbəsi, eyni zamanda həm də onun məğlubiyyətidir. 
 
Bizi siyasəti və siyasətdə iştirakı tənqid etməkdən və nəticə etibarilə həqiqi mübarizəni, bizim tənqidimizin başlanğıc nöqtəsini və bu məsələlər arasında bizim tənqidimizin rolunu müzakirə etməkdən heç nə çəkindirə bilməz. Bu üsulla biz bəşəriyyəti “Buyurun, həqiqət budur, diz çökün bu həqiqətin qarşısında!” kimi doqmatik doktrinlərlə yükləmirik. Biz dünyanın mövcud olduğu prinsiplərin özündən yeni prinsiplər yaradaraq inkişaf etdiririk. Biz insanlara “Mübarizəni dayandırın, bu mübarizə axmaqdır. Biz sizə əsl mübarizənin nə olduğunu göstəririk” demirik. Biz bəşəriyyətə sadəcə onun nə uğrunda mübarizə apardığını göstəririk. Şüur isə elə bir şeydir ki, başqa cür istəsə də, görməzdən gələ bilməz. 
Ağılın islah olunması yalnız bəşəriyyətin öz ağlından agah olması ilə, ona öz fəaliyyətinin mənasını izah etməklə və onu özünü gördüyü yuxudan ayıltmaqla nail olmaq mümkündür. Bizim bütün məqsədimiz, Feyerbaxın dinin tənqidində də dediyi kimi, özünü şüurlu şəkildə dərk edə bilən insana dini və fəlsəfi suallar verməkdən ibarətdir. 
 
Beləliklə, bizim mottomuz “varlığını dərk edə bilməyən şüurun, dini yaxud siyasi formalarda təzahur etməsindən asılı olmayaraq, doqmalarla deyil müzakirə etməklə islah olunması!”-dır. Yalnız o zaman aydın olacaq ki, dünya çoxdandır sahib olmağı arzuladığı şeyə həqiqətdə sahib olmaq üçün sadəcə şüurunu işə salmalıdır. Yalnız o zaman məlum olacaq ki, bu sadəcə keçmiş və gələcək arasında böyük zehni sərhəd məsələsi deyil, keçmişin arzularını həyata keçirmək məsələsidir. Məlum olacaq ki, bəşəriyyət yeni bir işə başlamır, çoxdan gördüyü işi artıq şüurlu şəkildə həyata keçirməkdədir. 
 
Qısası, bu mətnin mənasını belə formalaşdıra bilərik: özünü-maariflənmə (tənqidi fəlsəfə) nəticəsində cari mübarizənin və arzuların həyata keçirilməsi. Bu iş həm bəşəriyyətin, həm də bizim özümüzün məsuliyyətidir. Bu iş yalnız birlikdə baş tuta bilər. Nəticədə, bu sadəcə bir etiraf məsələsidr. Günahlarını yumaq üçün bəşəriyyət əvvəlcə bu günahların nədən ibarət olduğunu etiraf etməlidir". 
 
Mətn İngiliscədən tərcümə olunmuşdur. Orjinalı buradan oxuya bilərsiniz: https://www.marxists.org/archive/marx/works/1843/letters/43_09.htm 
 
Tərcümə: Nicat Qarayev
 
Kultura.az
Yuxarı