post-title

Türklərə yaltaqlanan Azərilər

Bəli, heç bir kinayəsiz və abveaturasız türklərə yaltaqlanan Azərilər. Bir az səbirli olsanız, söyüş söyüb yazını bağlamasanız, niyəsiylə yəqin siz də razılşacaqsınız.

 
 
Fevralın 14-də Təbrizin  “Traktorsazi” futbol komandası 41 illik tarixi ərzində ilk dəfə olaraq  İran Kubokunun qalibi oldu. Bu onların tarixində bir ilk idi. Və bu xəbər an etibari ilə cənubda yaşayan Azərbaycanlıları küçələr tökdü. Küçəyə çıxan azarkeşlər komandalarının uğurunu qeyd edir, sevinirdilər. Burda diqqətimi çəkən məqamlardan biri də azarkeşlərin meydana Azərbaycan bayrağı ilə çıxmaları idi. Küçələrdə Azərbaycanca danışılır, mahnılar oxunulur, qaldırılan bayaraq isə Azərbaycan bayramı idi.
 
Mən nə millətçi, nə də tükçüyəm. Bu kimi ideyalarla mənim aramda dərin bir uçurum var. Nə zamansa dindar ola bilərəm, amam millətçi, türkçü əsla. Bu yazını yazdıran səbəb də fərqlidir. 8 yaşından futbola baxan, bütün siyasi söhbətləri bir kənara qoyub ölkəmizdə olan klublara azarkeşlik adam kimi yazıram. Futbol hər zaman mənim üçün meydançada oynanılan teatr tamaşa kimi bir şey olub. Hətta məmur balalarının sponsuru olduğu klublara belə azarkeşlik etmişəm. 
 
Amma “Traktorsazi”nin bu qələbəsi ölkəmizdə soyuq qarşılandı. Demək olar, bir neçə adamdan başqa kimsə bu haqda nə yazdı, nə danışdı. Başqa vaxt futboldan başı çıxmayan, amma adamı bezdirən qızlar da sükuta qərq olunmuşdu.
 
Bu vaxt yadıma Türkiyə çempionatı, "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" oyunları öncəsi özlərini öldürən "azarkeşlər" düşdü. On ildən artıqdır futbola baxan bir adam kimi deyə bilərəm ki, mən elə yaxın dostlar tanıyıram onların münasibətinin pozulmasına "Qalatasaray" - "Fənərbaxça" oyunu səbəb olub. Bu oyunlar üstündə bir-biriylə dalaşan, söyüşən adamlar da görmüşəm. Hətta aralarında polisə düşənlər də olub. Tam əminlikə yazıram bizim ölkədə digər problemi məsələlər "Qalatasaray"-"Fənərbaxça" oyunu kimi müzakirə edilsəydi, o problemlər çoxdan həll olunmuşdu. Bu oyunlar zamanı kafeləri dolduran adamların sayı qədər müxalifət partiyaları heç meydana adam çıxarda bilməyib. Hələ bu komandalar Avropada oynasa, işimiz daha da çətinləşir. Başlayırlar günlərlə bunu müzakirə etməyə. Soruşanda da cavablar bu olur: "Oynuyan türk komadasıdır, azarkeşlik etmək də bizim borcumuzdur". 
 
2002-ci ilin dünya çempionatını xatırlayanların yadına düşər. O zaman Türkiyə 3-cü yerə çıxmışdı, minlərlə adam Bakıda küçələrə çıxdı, üzləri yazıl formada, əllərində bayraq, tanımayan biri olsaydı elə bilərdi ölkədə inqilab baş verir. Hətta Türkiyə televiziyaları da dəfələrlə Bakıda olan azarkeşləri göstəriblər. Onların özləri də başa düşə bilmirlər ki, bu sevgi, (əgər buna sevgi demək olarsa) hardan qaynaqlanır.   
 
Əgər söhbət millətçilikdən, türkçülükdən gedirsə, bəs o zaman niyə “Traktorsazi”nin qələbəsinə sevinmədiniz? Niyə küçələrə demirəm, heç sosial şəbəkələrdə bunu qeyd etmədiniz? Yoxsa bizim bilmədiyimiz başqa hikmətlər var? Bu qədər Türkiyəyə yaltaqlanıb, onların yanında özünüzü pis vəziyyətə salmağın adı nədir?
 
Bu adamların bizdən qaçdıqları zaman da sizin onların ətəyindən yapışmanız, seriallarına baxıb ağlaşmanız, müğənilərinə görə üzünüzü cırmağınız, futboluna görə bir-birinizi söyməyinizin adı nədir?
 
Təbriz kimi siyasi vəziyyəti gərgin olan, molla rejimin əlində qalan bir şəhərdə minlərlə insan meydana çıxıb Azərbaycan deyirsə, bayrağı qaldırırsa, Bakıda olan futbol azarkeşlərinin belə susqunluğunu necə başa düşək? 
 
Türkiyəni də sevmək olar, onların futboluna baxıb, azarkeşlik etmək olar, bunlar hamısı təbii hadisədir. Amma "Traktorsazi"nin kubok qazanmasını sükutla qeyd edib, "Qalatasaray"ın adı gələndə özündən çıxan azarkeş səmimi qəbul edilə bilməz...
 
Elkin Xəlilov
 
Kultura.az
 
 
Yuxarı