post-title

İdeologiya niyə vacibdir?

Bu suala cavab vermədən əvvəl biz “İdeologiya varmı?” sualına, buna cavab vermək üçün isə “İdeologiya nədir?” sualına cavab verməliyik. Mən ideologiyanı belə tərif edirəm: Ətrafımızda baş verən tarixi hadisələri qavramaq və izah etmək üçün bizə sadə müşahidədən əlavə, müəyyən qanunauyğunluqlar lazımdır. Biz bu hadisələri müəyyən qanunauyğunluqlara əsasən izah edə bilmiriksə, deməli onlara adekvat reaksiya da verə bilməyəcəyik.

 

Əgər bu hadisələr bizə təsir edirsə və biz bu hadisələrin təsirini azaltmaq, yaxud çoxaltmaq istəyiriksə, onda reaksiya vermək vacibdir. Bu hadisələr təbiətlə əlaqəli olanda bununla fizika qanunları məşğul olur – biz təbiət hadisələrini fizika qanunlarına əsasən izah edir və onların gücümüz çatdığı qədər idarə olunmasına çalışırıq. Bunun üçün tətbiq etdiyimiz mexanizmlər də, öz növbəsində, fizika qanunlarına tabe olmalıdır. Əks halda biz uğursuzluğa düçar olacağıq.
 
Bu hadisələr cəmiyyətlə əlaqəli olanda isə vəziyyət xeyli dəyişir. Doğrudur, dəqiq elmlərdə təbiət hadisələrini izah etmək üçün bir neçə paralel (kəsişməyən) nəzəriyyələr mövcuddur, amma cəmiyyətə gəldikdə vəziyyət daha intensivdir. Belə çıxır ki, cəmiyyətdəki bir çox hadisələrə münasibətimiz müəyyən subyektiv dəyərlərə əsaslanan fərziyyələr üzərində qurulur ki, öz növbəsində bu fərziyyələr üzərində qurulan və hadisələri izah etməyə çalışan qanunauyğunluqlar (nəzəriyyələr) formalaşır. Verəcəyimiz reaksiya hadisələrin təklif etdiyimiz izahına bağlıdır. Bir haşiyə çıxım ki, bu əsla tarixi relativist mövqeyi deyil, lakin bunun bu yazıya aidiyyatı yoxdur deyə bu cümlə ilə kifayətlənməli oluram.
Beləliklə, verəcəyimiz reaksiya ideologiyadır, yaxud onu müəyyən edir.

Bəs ideologiya bugün varmı? Bu sual vacib sualdır. Çünki çoxları iddia edir ki, ideologiya yoxdur, yəni, ideologiya olmadan da praqmatik və praktiki yaşayaraq cəmiyyət mövcud ola və inkişaf edə bilər.

Deyək ki, hər hansı bir iqtisadçıdan hökümətə, məsələn təqaüdə çıxmaq yaşının müəyyən olunması istiqamətində məsləhət vermək xahiş olunur. Ondan bu yaşın azaldılması şəraitində büdcə və ÜDM-ə dəyə biləcək ziyanı hesablamaq tapşırılır. İqtisadçı araşdırma aparır və onlara “pensiya yaşını azaltmaq büdcəmizə filan qədər ziyan vurur” deyə bu addımı atmamağı məsləhət görür. Buraya qədər prosesdə, kiçik istisnalar şərtilə, hər hansı bir ideologiyanın hakim olmadığını deyə bilərik. Lakin məgər hökumətin təqaüdçülərlə bağlı hər hansı bir qərar verməsinin arxasında yalnız bu qərarın büdcəyə təsirimi maraqlandırır? Yaşlıların həyat şəraiti və bu anlayışa daxil olan bir çox şərtlər var və təqaüd siyasətinə qərar verəcək şəxsin (siyasi hakimiyyətin timsalında) ideoloji olaraq liberal, millətçi, mühafizəkar, dindar, sosialist, sosial-demokrat, anarxist, sindikalist, kommunist, proqressiv və əgər liberaldırsa, onda libertarian, sosial liberal, sindikalist (anarxist) liberal və s. olması onun hansı şərtləri daha üstün tutmasına səbəb olacaqdır. Təbii ki, bu siyasəti şərtləndirən müxtəlif xüsusi praqmatik amillər ola bilər ki, həmin şəxsin ideologiyasına zidd şərtləri daha çox nəzərə almasına səbəb ola bilər, lakin biz ümumi vəziyyətdən danışırıq. Eyni zamanda, elə ola bilər ki, bu qərarlar praqmatık şəxsi və ya hər hansı bir icma maraqlarını təmin etmək məqsədilə qəbul edilsin – yenə də, bu maraqlar sistemin təlqin etdiyi çərçivə daxilində istisnasız olaraq ümumi ideoloji diskursa söykənəcəkdir.

Bu misalı bütün oxşar vəziyyətlərə, eyni zamanda siyasi hakimiyyətə aid olmayan vəziyyətlərə köçürə bilərik – vəziyyət dəyişməyəcək.
Beləliklə, ideologiya var və onun olmamasını iddia etmək əsassızdır. Bizim fərd olaraq atdığımız istənilən addımda ya ümumi sosial sistemin, yaxud da bizim öz inandığımız dəyərlərin əksi var və əksər hallarda bu ikisinin sintezindən ibarət olur.

Lakin, ideologiyanın olub-olmaması sualı bizi öz növbəsində müəllifin hansı ideologiyadan çıxış etməsi məsələsinə qaytarır. Belə bir iddia isə, öz növbəsində, tavtalogiyadır və əsassızdır.

İdeologiya niyə vacibdir? Bu suala “əgər ideologiya varsa, o zaman onun vacib olmaması sualı mənasızdır, çünki zatən onun mövcud olmaması alternativi yoxdur” kimi cavab vermək olar. Amma bu asan cavabdır. Məsələ burasındadır ki, fərd olaraq ideologiyaya yiyələnmədikdə, davranışlarımızı sosial sistemin təlqin etdiyi ideologiyanın müəyyən etdiyi istiqamətlər şərtləndirir. İdeologiyaya yiyələndikdə isə, biz cəmiyyətdə baş verən hadisələri nəinki izah etmək üçün faydalı alətə yiyələnmiş (əks halda kimlərsə bizə hazır məhsul izah edirlər), eyni zamanda bu hadisələrə reaksiya vermək imkanı əldə etmiş oluruq. Bu imkandan [necə] yararlanmaq isə, artıq başqa müzakirənin mövzusudur.

Nicat Qarayev

Kultura.az

Yuxarı