post-title

Azərbaycanda islam inqilabı öncəsi tədbirlər silsiləsindən

Bir neçə gün əvvəl mətbuatda Daxili İşlər Nazirliyinin ilahiyyatçı Taleh Bağırovu həbs etməsi barədə xəbərlər yayıldı. Onun üzərindən narkotik maddə və odlu silah aşkarlanaraq götürülüb. O, dindarlar arasında iqtidarı sərt tənqid edən nitqləri ilə məşhurdur.(Youtube-da "Hacı Taleh Bağırov" yazın, onun çıxışlarını əks etdirən video çarxlarla rastlaşacaqsınız).

 

 
Dünən isə bəzi xəbər saytlarında, yayılan "Facebook" sosial şəbəkəsində müzakirələrə səbəb olan xəbər yayıldı: Azərbaycan Dövlət Neft Akademiyasında saqqalı və hicablı tələbələr dərsə buraxılmır.
 
Zamanla belə hallarla tez-tez rastlaşmışıq: orta məktəblərdə hicaba qadağa, qadağaya etiraz edən Azərbaycan İslam Partiyasının bəzi üzlərinin həbsi...
 
Azərbaycanın ictimai-siyasi həyatı ilə azdan-çoxdan maraqlanan hər kəsin etiraf etməli olduğu bir həqiqət var: hökümətin dindarlarla münasibətləri heç də həmişə birmənalı olmayıb. Ölkənin müxtəlif regionlarında hələ də-XXI əsrdə xeyli məktəbin qəzalı durumda olmasına rəğmən total məscidləşdirmə kampaniyası, prezident İ.Əliyevin vaxtaşırı islamafobiyadan "narahatlıq" ifadə edən fikirlərinə müqabil dindarların bəzən anusunda narkotik "aşkarlaması", axundu saunada tutması paradoksal görünməyə bilərdi. Amma...
Axı nə baş verir?
 
Diqqəti daha çox iki ehtimal üzərində cəmləşdirmək lazımdır:
 
1) İqtidar dindarlardan real təhlükə hiss edir və ona görə " qara məni basınca, qoy qaranı mən basım" prinsipi ilə hərəkət edir;
 
2) Ölkədə din baxımından real təhlükə yoxdur. Sadəcə cəmiyyətdə, ələlxüsus gənclər arasındakı oyanışdan diqqəti yayındırmaq niyyətindədir;
 
Avtoritar rejimlərdə dindən istifadə qayət təbii haldır. Dinin reallıqdan daha çox axirətə köklənməsi, üstəlik hüquqsuzluq, savadsızlıq dinin qol-budaq atması üçün münbit şərait yaradır. Sağ-mühafizəkar qanadı təşkil edən islamçıların Qərbə qarşı radikal münasibəti iqtidara oradan gələn istənilən təzyiq qarşısında dayanmaq gücü verməklə bərabər, ondan demokratiya, insan haqları konusunda ciddi islahatlar gözləntisində olan beynlxalq icitmaiyyətə "baxın biz olmasaq onlar olacaq" deməklə canını qurtarmağa imkan verir.
 
Ancaq işlər heç də həmişə nəzarət altında olmur. Ölkədə sivil, sekulyar kəsimə məxsus fəallara qarşı repressiv tədbirlər həyata keçirilir. Elə buna görə də fərqli düşünənlər üçün siyasi məkan yoxdur, islam zirzəmilərindən, məscid köşələrindən savayı. Məhz iqtidara qarşı müxalif əhval-ruhiyyənin bir qismi dini qruplardan gəlir. Lakin bu islamçı müxalifətin yeganə potensial mənbəyi deyil. Nəzərə alsaq ki, ölkədə müxtəlif məzhəblər mövcuddur və hər birinin fərqli mübarizə strategiyası var. Bu mənada Azərbaycanda dünyəvilik gələcək 20-30 ildə təhlükə altındadır, desək yanılmarıq.
 
Cəmiyyətdə cərəyan edən hadisələrə münasibət eyni deyil. Kimiləri bunu hakmimiyyətin tək-tük doğru addımlarından hesab edir, kimiləri isə bunun dindarları daha aqressiv edəcəyi qənaətindədir.
 
Təəssüf ki, Azərbaycanda sekulyarizmin arqumentasiya bazası zəngin deyil. Müxalifət təxminən 4-5 il əvvəl elan etdiyi "demokratiyanın zəifləməsi fonunda islamın güclənməsi" çağırışını maaləsəf unutmuş kimi görünür. Biz bunun İctimai Palatada mərhum R.Tağının xatirəsinə hörmətsizlikdə əyani olaraq şahidi olduq. Dinçi elektoratını itirmək istəməyən müxalifətin sekulyarizmin mənfəəti naminə ciddi bir iş görəcəyi düşünüləməz. Ümid qalıb ölkədə sekulyarizmdən yana olanların ciddi şəkildə kordinasiya olunmasına.Ancaq islam əleyhinə ciddi çağırışlar edənlər içlər acısı haldır ki, çox azdır, onlar da ən kiçik təzyiq qarşısında geri çəkilməli olurlar. Qısası, sekulyarizm nəfinə əldə var sıfır. 
 
Aqşin Kərimli
Yuxarı